“Lavrovun açıqlaması Kremlin artan narazılığının göstəricisidir” -Rəşad Bayramov

"Yaxın Şərqdə davam edən gərginlik və qlobal güc mərkəzləri arasında artan rəqabət fonunda Cənubi Qafqazda da siyasi balansın sürətlə dəyişdiyi danılmaz faktdır. Xüsusilə Rusiya–Ermənistan münasibətlərində müşahidə olunan kəskin ritorika regionda uzun illər mövcud olmuş asılılıq modelinin ciddi şəkildə sarsıldığını göstərir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanın həm Avropa İttifaqı ilə yaxınlaşma cəhdlərini, həm də Avrasiya İqtisadi İttifaqı çərçivəsində imtiyazlardan yararlanmaq siyasətini tənqid etməsi Moskvanın artan narazılığının açıq ifadəsi kimi qiymətləndirilə bilər. Əslində, Moskva üçün Ermənistanla bağlı əsas problem təkcə institusional seçim deyil, daha çox geosiyasi loyallıq məsələsidir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

Qeyd edək ki, Yaxın Şərqdə baş verən hadisələrin yaratdığı geosiyasi gərginlik Cənubi Qafqaza da təsirsiz ötüşmür. Son aylarda Rusiya ilə Ermənistan arasında münasibətlərdə müşahidə olunan fikir ayrılıqları daha açıq müstəviyə keçib və tərəflər arasında qarşılıqlı etimadın zəiflədiyi hiss olunur. Moskvanın bu məsələdə mövqeyi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son açıqlamalarında da özünü göstərib. O, Ermənistanın eyni vaxtda həm Avropa İttifaqı ilə inteqrasiyanı dərinləşdirmək, həm də Avrasiya İqtisadi İttifaqının imkanlarından faydalanmaq siyasətinin davamlı olmayacağını vurğulayıb. Lavrovun bəyanatı Kremlin İrəvandan daha konkret xarici siyasət kursu gözlədiyinə işarə kimi qiymətləndirilir.

Siyasi şərhçi bildirib ki, Rusiya uzun illər Ermənistanı Cənubi Qafqazda formalaşdırdığı təhlükəsizlik sisteminin əsas sütunlarından biri hesab edib.

"Lakin son dövrdə İrəvanın Qərblə əlaqələri genişləndirməsi, Avropa İttifaqı ilə siyasi dialoqu dərinləşdirməsi və eyni zamanda Rusiya yönümlü inteqrasiya platformalarında qalmağa davam etməsi Kremlin baxışında “ikili oyun” kimi dəyərləndirilir. Lavrovun sərt bəyanatları da məhz bu etimad böhranının təzahürü kimi görünür. Rusiya üçün Ermənistanın qırmızı xətləri keçməsi ilk növbədə təhlükəsizlik sahəsində alternativ axtarışlar, Rusiya hərbi-siyasi təsirindən uzaqlaşma meylləri və Qərb institutlarına inteqrasiya cəhdlərinin sistemli xarakter alması ilə bağlıdır. Xüsusilə son illərdə Ermənistanın KTMT ilə bağlı sərgilədiyi mövqe, Rusiya sülhməramlı missiyasına münasibətdə tənqidi yanaşmaları və alternativ təhlükəsizlik tərəfdaşlıqlarına açıq mesajlar verməsi Moskvanın narahatlığını daha da artırıb. Baş nazir Nikol Paşinyanın mümkün referendumla bağlı açıqlamaları isə müəyyən mənada Putinin çağırışına cavab kimi dəyərləndirilə bilər. Məlumdur ki, məhz Putin Ermənistan hakimiyyətinə Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirilməsi barədə mesaj vermişdi. Paşinyan da öz növbəsində bəyan etmişdi ki, ölkənin Aİ-yə üzvlük məsələsi referendum mərhələsinə çatarsa, bu məsələ xalqın iradəsinə təqdim olunacaq. Ümumilikdə isə Ermənistanın ictimai-siyasi müstəvidə daha açıq şəkildə Qərb inteqrasiyası yolunu seçməsi təkcə Rusiya ilə münasibətlərin yenidən formalaşması deyil, həm də Cənubi Qafqazda qüvvələr nisbətinin ciddi şəkildə dəyişməsi demək olacaq. Belə bir ssenaridə Moskvanın iqtisadi, siyasi və təhlükəsizlik təsir mexanizmləri zəifləyə, Ermənistan isə yeni xarici siyasət modelinə keçid mərhələsinə daxil ola bilər. Lakin bu prosesin özü də kifayət qədər risklidir. Ermənistanın coğrafi mövqeyi və mövcud təhlükəsizlik reallıqları onu çoxşaxəli balans siyasəti yürütməyə məcbur edir. Tam Qərb inteqrasiyasına yönəlmiş kurs Rusiya ilə münasibətlərin daha da gərginləşməsi ilə yanaşı, regional təhlükəsizlik risklərini də artıra bilər. Digər tərəfdən, Avropa İttifaqı ilə inteqrasiya prosesi uzunmüddətli institusional transformasiya tələb etdiyindən, bu istiqamət qısa müddətdə nəticə verən siyasi seçim hesab olunmur. Buna görə də Ermənistanın qarşısında duran seçim sadəcə “Şərq və ya Qərb” dilemması deyil. Söhbət daha çox təhlükəsizlik təminatları, iqtisadi asılılıqlar və geosiyasi manevr imkanları arasında optimal balansın tapılmasından gedir".

Rəfiqə Namazəliyeva,

AzNews.az