Köməksiz vəziyyətdə qalan qoca qadın xilas edildi

Fövqəladə Hallar Nazirliyindən əldə edilən məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1929-cu il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin eyvanına qalxaraq içəri daxil olublar. Mənzilə baxış keçirilərkən huşsuz vəziyyətdə aşkarlanmış vətəndaş hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.

AzNews.az