Hərbi Polis İdarəsində ajiotaj - Aslan Aslanovun kadrları təşviş içində

Sabiq müdafiə naziri Səfər Əbiyevin kirvəsi, vəzifədən uzaqlaşdırılan kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanovla bağlı AzNews.az-a daha bir maraqlı məlumat daxil olub.

Sabiq müdafiə naziri Səfər Əbiyevlə qohumluq əlaqəsindən istifadə etməklə orduda "nəzarətçi" funksiyasını yerinə yetirən Aslan Aslanovun vəzifədən çıxarılmasından sonra Müdafiə Nazirliyi Hərbi Polis İdarəsində vəzifə tutan bəzi şəxslər arasında ajiotaj yaradıb.

Xəbəri bizimlə bölüşən mənbənin dediklərinə görə, bir neçə gün əvvəl A. Aslanovla yaxın əlaqələri ilə tanınan Hərbi Polis İdarəsinin Şəmkir şöbəsinin rəisi Murad Muradov qeyd olunan postdan çıxarılıb. Onun bu vəzifədən uzaqlaşdırılması Aslan Aslanov tərəfindən təyin olunan həmkarları tərəfindən ciddi siqnal kimi dəyərləndirilib.

Artıq idarənin Qazax, Gəncə, Zaqatala, Kürdəmir, Lənkəran, Qusar və Yevlax rayon şöbələrinin rəisləri də təşvişə düşüblər, özlərinə yeni dayaqlar axtarırlar. Bildirilir ki, adı çəkilən rayonların Hərbi Polis İdarələrinin rəhbərlərini məhz Aslan Aslanov təyin etdirib.

Hərbi Polis İdarəsinin yeni rəisi, polkovnik Füzuli Salahovun Müdafiə Nazirliyi sistemindən deyil, Daxili Qoşunlardan gətirilməsi Aslan Aslanovun kadrlarının şebhəsiz vurulacağını göstərir.

Mənbəmiz deyir ki, adıçəkilən hərbi polis şöbələrinin rəisləri A. Aslanovun qarşısında çəkdikləri "əziyyət"in qarşılığını görmədən işdən çıxarılacaqlarından çox narahatdırlar. Bu isə onların vəzifədən getməmələri üçün yeni yollar aramalarına səbəb olub.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi, polkovnik Bəbir Həsənov bir müddət əvvəl vəzifəsindən azad edilib. Bu vəzifəyə isə polkovnik Füzuli Salahov təyin edilib. F. Salahov əvvəllər Sərhəd Qoşunlarında hərbi hissə komandiri, daha sonra Daxili Qoşunlarda idarə rəisi vəzifəsində çalışıb.

Məhəmməd
AzNews.az