Vəhhabinin evindən 47 patron tapıldı- YENİLƏNİB

Dekabrın 11-də Sumqayıtda baş vermiş silahlı münaqişədə iştirak etmiş iki şəxs tutulub.

AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 27-də Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 11-də Sumqayıtda baş vermiş silahlı münaqişədə iştirak etmiş şəhər sakinləri Elçin Əkbərov və əvvəllər məhkum olunmuş Vüqar Abdullayev tutulublar.

V.Abdullayevin evinə baxış zamanı oradan baraban tipli tapança, 47 ədəd müxtəlif çaplı patron, 2 bıçaq, 1 ədəd dəmir dəyənək, qanunla qadağan olunmuş müxtəlif məzmunlu 134 ədəd dini ədəbiyyat və 81 disk aşkar edilərək götürülüb.

Qeyd edək ki, dekabrın 11-də saat 20:30 radələrində Sumqayıt şəhərinin 10-cu mikrorayonunda yerləşən "Çay evi"ndə ekstremist təmayüllü "xəvarici"lərlə "Sələfi" təriqətinə mənsub bir qrup şəxs arasında fikir ayrılığı zəminində münaqişə baş verib, nəticədə şəhər sakinləri Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri alıblar. Daha sonra "Çay evi"nin qarşısında davam etdirilən mübahisədə qumbara və avtomat silahdan istifadə edilib. Bu zaman hadisə iştirakçılarından Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev qəlpə yaraları alıb, avtomat silahdan atılmış güllələr yaxınlıqdakı mənzilə və hərəkətdə olan avtomobilə dəyib, xəsarət alan olmayıb.

Xatırladaq ki, indiyə qədər bu silahlı insidentə görə 15-dən çox insan saxlanılıb.


***
12:35

Sumqayıtda dini qruplaşmalar arasında baş verən silahlı insidentlə bağlı daha bir nəfər saxlanılıb.

Sumqayıt şəhər Polis İdarəsindən verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıtda "Vəhhabilər"inin lideri kimi tanınan, 1979-cu il təvəllüdlü İlkin Əkbər oğlu Əkbərov həbs edilib. O, dekabrın 11-də Sumqayıtda "xəvarici"lərlə "sələfi"lər arasında baş vermiş silahlı münaqişənin əsas təşkilatçılarından biri olub. İ. Əkbərovdan xeyli sayda silah-sursat və qadağan olunmuş dini ədəbiyyat götürülüb.

Bununla da, tutulanların sayı 14-ə çatıb.

Hazırda həmin hadisənin digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, dekabrın 11-də Sumqayıtda "xəvarici"lərlə "sələfi"lər arasında baş vermiş silahlı münaqişə nəticəsində şəhər sakinlərindən Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri, Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar.(apa)