- Köhnə - Hadisə
- 28 Dekabr 2013 12:49
- 2 477
Ordumuzun şəhid olan əsgəri dəfn edildi
APA-nın məlumatına görə, dünən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan, 1995-ci il təvəllüdlü Sərxan Vaqif oğlu Qasımov bu gün doğulduğu Ağstafa rayonunun Dağ Kəsəmənli kəndində torpağa tapşırılıb.
Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor V.Məmmədov, əsgərin xidmət etdiyi hərbi hissə və birləşmə komandanlığının nümayəndələri, rayon İcra Hakimiyyətinin başçısı və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, dekabrın 27-də ermənilər Tərtər rayonunun işğal altındakı Çaylı kəndi yaxınlığındakı mövqelərindən üzbəüz mövqelərimizi atəşə tutublar. Nəticədə Silahlı Qüvvələrimizin əsgəri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsi tərəfindən 5 yanvar 2013-cü il tarixində hərbi xidmətə çağırılan 1995-ci il təvəllüdlü Sərxan Vaqif oğlu Qasımov döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiyinə görə əsgər Sərxan Vaqif oğlu Qasımov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
AzNews.az