İsa Muğanna vəfat etdi

Azərbaycanın tanınmış yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü İsa Muğanna (Hüseynov) bu gecə dünyasını dəyişib.

Bu barədə yazıçının yaxınları məlumat verib. Onların sözlərinə görə, 86 yaşlı İsa Hüseynov uzun illər idi ki, ürək xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, Azərbaycanın görkəmli yazıçısı, ssenarist və kinoredaktor İsa Hüseynov (Muğanna) 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində ziyalı ailəsində dünyaya gəlib. O, 1945-ci N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da, 4 ay sonra doğma kəndinə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Burada 4 illik təhsilini başa vurub və Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub. "Azərnəşr"də Ədəbiyyat şöbəsinin redaktoru (1952-1954), "Literaturnıy Azerbaydjan" qəzetində Nəsr şöbəsinin müdiri (1960-1964), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor (1964-1968), redaktor (1968-1974), Ssenari Şurasının üzvü (1974-1979), Azərbaycan Kinemotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb.

Ədəbi fəaliyyətə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilən "Anadil oxuyan yerdə" yazısı ilə başlayıb. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. İsa Muğannanın "Məhşər", İdeal" və s. romanları Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrindəndir.
Onun ssenariləri əsasında "26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" və s. filmlər çəkilib, əsərləri xarici dillərə tərcümə olunub. "26 Bakı Komissarı" filmi 1968-ci ildə SSRİ-nin Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını alıb.

İsa Hüseynov 2012-ci ildə AYB-nin təsis etdiyi "Nəsimi" mükafatının ilk laureatı olub.

AzNews.az