FHN Sumqayıtdakı yol qəzası ilə bağlı açıqlama yaydı

Bakı-Quba yolunun 40-cı kilometrliyində "İsuzu" markalı sərnişin avtobusu ilə "Ford" markalı yük avtomobili toqquşması barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "İsuzu" markalı avtobusun təxminən 20 nəfər sərnişini xilasedicilər çatana kimi yaralı vəziyyətdə xəstəxanaya aparılıb və sürücü Vaqif Azad oğlu Behbudov isə hadisə yerində vəfat edib. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 17:19-da başa çatıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

AzNews.az