“Bank of Azerbaijan” “Garant Holdinq”dən çıxarıldı

Azərbaycanın bank sektorunda böyük paya malik olan "Bank of Azerbaijan"ın başının üstünü qara buludların alması ilə bağlı son vaxtlar mediada dərc olunan materialların ardı-arası kəsilmir.

"Qafqazinfo" xəbər verir ki, elə bir qədər əvvəl Samir Feyruzov adlı bank müştərisinin redaksiyamıza ünvanladığı şikayət məktubu saytımızda yayımlanmışdı. Məktubda müştəri banka qoyduğu 90 min depozitini geri ala bilmədiyini demişdi.

Hətta müştəri bankdan onu Hafiz Məmmədovun adı ilə hədələdiklərini də qeyd etmişdi.

Bu arada olan "Bank of Azerbaijan"la bağlı daha bir məlumat redaksiyamıza daxil olub. Məlumata görə, indiyədək bank fəaliyyət göstərdiyi Nəqliyyat naziri Ziya Məmmədova məxsus "Garant Holdinq"in binasındakı ofisindən çıxarılıb. Belə ki, bu günlərdə bankın baş ofisi Hafiz Məmmədova məxsus "Baghlan Group"un yerləşdiyi Həsən Əliyev 24 ünvanındakı binaya köçürülüb.

Onu da vurğulayaq ki, baş ofislə yanaşı bankın filiallarının da yerləşdikləri binaları tərk etdiyi bildirilir.

Məlumat üçün bildirək ki, bankın səhmlərini böyük hissəsi "Bağlan Group"un rəhbəri, Nəqliyyat naziri Ziya Məmmədovun şəriki "Hafka" ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədovun oğlanlarına məxsusdur: Məmmədov Kənan Hafiz oğlu 21,817.500 AZN (43.63%) Məmmədov Sənan Hafiz oğlu 21,817.500 AZN (43.63%) Məmmədov Mübariz Məcid oğlu 6,030.000 AZN(12.07%) NEM Holdinq 335.000 AZN(0.67%) Bankın Müşahidə Şurasının sədri də elə Hafiz Məmmədovdur.

Artıq "Bank of Azerbaijan"ın tam olaraq Hafiz Məmmədovun nəzarətinə keçdiyi və Ziya Məmmədovla yollarının ayrıldığı görünür.

Yuxarıda qeyd etdiyimiz kimi, son vaxtlar "Bank of Azerbaijan" çətin günlərini yaşayır. Bu Mərkəzi Bankın sədri Elman Rüstəmovun açıqlamasında da öz əksini tapmışdı. Baş bankir bildirmişdi ki, "Bank of Azerbaijan"ın müvəqqəti likvidlik problemi var.

Baş verənlər və dərc etdiyimiz yazılarla bağlı "Bank of Azerbaijan"ın mövqeyini də işıqlandırmağa hazırıq.

AzNews.az