Döyülən jurnalist zərərçəkmiş kimi tanındı

Avqustun 21-də bir qrup şəxs tərəfindən döyülmüş naxçıvanlı jurnalist İlqar Nəsibov yalnız bu gün Naxçıvan şəhər Polis İdarəsinə dəvət edilib və zərərçəkmiş kimi tanınıb.

"Qafqazinfo" xəbər verir ki, o, 2 saat ərzində baş verənlər haqqında ifadə verib. "Mənə deyiblər ki, mən zərərçəkmiş kimi tanınmışam və fakt üzrə CM-in 127.1-ci maddəsi ilə cinayət işi açılıb. Bu, yüngül bədən xəsarətləri yetirilməsini nəzərdə tutan çox yüngül maddədir", deyə İlqar Nəsibov Turan-a bildirib.

Xatırladaq ki, Nəsibov Naxçıvanda Demokratiyaya Dəstək Resurs Mərkəzinin ofisində bir neçə şəxs tərəfindən döyülüb. Onun qabırğaları, burnu, almacıq sümükləri qırılıb, çoxsaylı xəsarətlər yetirilib. Həkimlər üzünə ona yaxın tikiş qoyub və güclü beyin silkələnməsi olduğunu qeydə alıb. O, bir gözündə görmə qabiliyyətini qismən itirib.

AzNews.az