Kürdəmirdə birinci sinif şagirdini maşın vurdu

Kürdəmir rayonunda piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib.



APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 12:00 radələrində Bakı-Qazax yolunun Kürdəmirin Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sığırlı kənd orta məktəbinin birinci sinif şagirdi, 2008-ci il təvəllüdlü Səfərova Rəvanə Ramil qızı dərsdən çıxaraq evə gedərkən Bakı-Qazax yolu ilə hərəkətdə olan minik avtomobili ilə vurulub. Müxtəlif bədən xəsarətləri alan Rəvanə Səfərovanı onu vuran maşının sürücüsü Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən qızcığazın vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

AzNews.az