BDU-nun özü güllələnən, arvadı həbsə atılan rektoru

İqtisadi siyasət sahəsində ilk azərbaycanlı professoru dörd dəfə istintaq edirlər, ancaq təslim olmur.



Vəziyyəti belə görən istintaq, 3 nömrəli metodun tətbiqinə, yəni işgəncələrə keçir.

Balabəy Cabbar oğlu Həsənbəyov həbs ediləndə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-red.) rektoru idi.

Ümumiyyətlə,1937-ci ildə Azərbaycan Dövlət Universitetinin rektoru olmuş dörd görkəmli ziyalı - Tağı Şahbazi, Maqsud Məmmədov, Məmmədkərim Ələkbərli, Balabəy Həsənbəyov ən ağır cəzaya - güllələnməyə məhkum ediliblər.

1899-cu ildə Gəncə şəhərində anadan olmuş Balabəy Həsənbəyov Moskvada Qırmızı Professorlar İnstitutunu bitirib. Vətənə döndükdən sonra respublikanın elmi həyatında yaxından iştirak edib. 1920-ci illərdə partiya, dövlət orqanlarında çalışıb.

Professor B.Həsənbəyov qısa müddətdə görkəmli iqtisadçı alimlərdən birinə çevrilib. O, alim, yaxşı maarif təşkilatçısı kimi Azərbaycanın hüdudlarından kənarda da tanınan, qəbul edilən şəxslərdən olub. 1936-cı il mart ayının 30-da Azərbaycan KP(b)P Mərkəzi Komitəsinin birinci katibi M.C.Bağırovun imzaladığı qərarla Azərbaycan Şura Ensiklopediyası iqtisadiyyat və kənd təsərrüfatı şöbəsinə redaktor təyin edilib. Onun fəaliyyətinin son dövrü Azərbaycan Dövlət Universiteti ilə bağlıdır.

B.Həsənbəyov rektor olmaqla yanaşı, həmçinin ADU-da siyasi iqtisad kafedrasına başçılıq edib. 1937-ci il yanvarın 28-də Azərbaycan SSR XDİK Dövlət Təhlükəsizlik İdarəsi tərəfindən professor, ADU-nun rektoru B.Həsənbəyov saxta ittihamlarla həbs olunub. Guya o, "əksinqilabi trotskiçi təşkilatın üzvü olub RK(b)P-yə və Sovet hökümətinə qarşı mübarizə vasitəsi kimi hökümət əleyhinə silahlı üsyan hazırlanmasında iştirak etmiş, mədəni cəbhədə ziyankarlıq işi aparmış, terrorun tərəfində durmuşdur".



Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin dekanı, görkəmli tarixçi, Qırmızı Professorlar İnstitutunun məzunu, professor B.N.Tixomirov həbs edildikdən sonra ciddi işgəncə verdilər və Həsənbəyovun əleyhinə ifadələr aldılar. Bu ifadələrdən birində göstərilir ki, B.Həsənbəyov əksinqilabi trotskiçilərdən Tağıyev, Bədəlbəyli, Nikolayev, Safranoviç və digərlərini himayə etmiş, 1936-cı ildə Marksizm-Leninizm İnstitutunun işçilərinin və tələbələrinin partiya iclasında əksinqilabi trotskiçi kimi çıxış etmişdir. Bundan başqa, guya XDİK-ə məlum olmuşdur ki, rektor universitetdə millətçi əhvali-ruhiyyəli şəxslərdən - Ağamir Məmmədov, Heydər Verdiyev, Abdullayev və başqalarından ibarət bir dəstə düzəltmişdir. Beləliklə, bu ittihamları əsas götürən Azərbaycan SSR XDİK-in Dövlət Təhlükəsizliyi İdarəsinin (DTİ) müstəntiqi, leytenant M.Şer tərtib etdiyi arayışda göstərirdi ki, "B.C.Həsənbəyov həbs edilməli və Azərbaycan SSR CM-in 72,73-cü maddələri üzrə cinayət məsuliyyətinə cəlb olunmalıdır ".

1937-ci il yanvarın 29-da birinci istintaq keçirilib. Həsənbəyova "ənənəvi" sual verilib:

Sual: "İstintaqa aydın olmuşdur ki, siz əksinqilabi millətçi təşkilatın üzvüsünüz. Bunu etiraf edirsinizmi? "

Cavab: "Mən heç vaxt heç bir əksinqilabi millətçi təşkilatın üzvü olmamışam. Həmişə əksinqilabi millətçiliyə qarşı mübarizə aparmışam ".

Müstəntiq B.Həsənbəyovun cavabları ilə kifayətlənməyib, ona yeni bir sual verib.

Sual: "Əksinqilabçı milətçilərdən kimləri tanıyırsınız? "

Cavab: "Rəsmi mənbələrdən mənə məlum idi ki, milli təmayülçülüyə görə V.Xuluflu, Əyyub Xanbudaqov, Həbib Cəbiyev, Möhsüm Qədirli, S.Əfəndiyev, B.Talıblı həbs olunmuşlar ".

Bu cavab müstəntiqi qane etmədiyindən ondan istintaqdan gizlənən, azadlıqda qalan adamlardan kimləri tanıdığını soruşmuşdu. B.Həsənbəyov isə öz növbəsində, "Mən gizlənən əksinqilabi millətçilərdən heç kəsi tanımıram... heç bir qeyri-leqal əksinqilabi iş aparmamışam və bunu mənə on milyonlarla adam desə də, inanın ki, yalandır ", - deyə cavab verib.

Birinci istintaqdan 12 gün sonra, 1937-ci il fevralın 10-11-də ikinci istintaqı keçirən müstəntiq B.Həsənbəyova təzyiqi daha da artırib. O, keçmiş rektoru inadkarlıq edərək istintaqı aldatmaqda, səmimi olmamaqda, müqavimət göstərməkdə ittiham edib: "...Siz düz danışmırsınız və istintaqı aldatmağa cəhd edirsiniz. İstintaqa müqavimət göstərməyin və istintaqı məcbur etməyin ki, sizi digər ifşa olunan müttəhimlərin ifadələri ilə ifşa etsin. Məsləhət görürəm ki, hərəkət tərzini dəyişib səmimi olasınız, həqiqəti söyləyəsiniz ".

Cavab: "...Mən istintaqı aldatmıram və bildiklərimin hamısını söyləyirəm ".

Sonra müstəntiq "SSRİ-də elm cəbhəsinin vəziyyətilə bağlı əksinqilabi trotskiçi görüşlər barədə sizə kim demişdir? " deyə soruşub. İstintaq materiallarından aydın göründüyü kimi, B.Həsənbəyov təmkinini pozmadan bu suala da: "Xatırlamıram. Belə ki, bu cür görüşlər haqqında mənə heç kim bir söz deməyib " - cavabını verib.

1937-ci il aprelin 5-də növbəti istintaq zamanı müstəntiq ona axtarış zamanı evindən əksinqilabçı Trotskinin əsərlərindən götürülmüş sitatlar tapıldığını söyləyib və onun kim tərəfindən yazıldığını, hansı məqsədlə evində saxladığını soruşanda, o, cavabında demişdi: "Özüm yazmışam... Bunlar mənə 1931-ci ildə yazdığım "Azərbaycanda işçi qüvvəsinin təkrar istehsalı problemi " adlı elmi işim üçün lazım olmuşdur ".

Müstəntiq:

"Cavabınız bizi qane etmir... Bizə məlumdur ki, siz 1936-cı ilin əvvəllərində Marksizm-Leninizm İnstitutunda keçirilən partiya yığıncağında xalqımızın rəhbəri Leninə və Stalinə qarşı əksinqilabi çıxışlar etmisiniz. Bunu boynunuza alırsınızmı? "

Cavab:

"Rədd edirəm"

Və nəhayət, beşinci istintaqda 3 nömrəli metodun (işgəncə) təsiri ilə B.Həsənbəyov özünün günahkar olduğunu "etiraf edib".

1937-ci il oktyabrın 11-də B.Həsənbəyovun işi ilə bağlı SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının iclası keçirilib. Müttəhim son sözdə cəzasının yüngülləşdirilməsini istəyib. İttihamçısız və şahidlərsiz keçən bağlı məhkəmə iclasında universitetin rektoru, professor B.Həsənbəyov ən ağır cəzaya – güllələnməyə məhkum edilib.

İstintaq materiallarında B.Həsənbəyovun ölüm hökmünün 1937-ci il sentyabrın 12-də Bakı şəhərində yerinə yetirildiyi haqqında arayış var.

1956-cı il aprelin 7-də B.Həsənbəyovun işi ilə əlaqədar çıxarılan hökmün ləğv edilməsi haqqında qərar SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasına təqdim edilir.

Onun işinə yenidən baxılmış, Hərbi Kollegiyanın 1937-ci il oktyabrın 11-də cıxardığı hökm 1956-cı il sentyabrın 15-də ləğv edilmiş və cinayət tərkibi olmadığına görə iş xətm olunmuşdu.

Professorun həyat yoldaşı Həsənbəyova-Blinova Antonina İvanovna SSRİ MİK-nin qərarına əsaslanaraq vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 9 aprel 1938-ci il qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 15 oktyabr 1937-ci ildən hesablanmaqla 867 №-li orderə əsasən 8 il müddətinə azadlıqdan məhrum edilib. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 6 mart 1956-cı il qərarına əsasən Həsənbəyova-Blinova Antonina İvanovnaya bəraət verilib.(kulis.az)