Zərdab İH-nin yeni tikilən binası çat-çat oldu – Başçı zəlzələdən danışdı

Bu gün ölkə ərazisində qeydə alınan zəlzələdən sonra Zərdab Rayon İcra Hakimiyyətinin binası çat-çat olub.

Bunu AzNews.az-a açıqlamasında sözü gedən rayonun icra başcısı Lütfəli Babayev bildirib. O, zəlzələ baş verən anlarda iş otağında olduğunu deyib: "Oturduğum icra hakimiyyətinin binası yerindən oynadı. Zəlzələ öz fəsadlarını göstərib. Təxminən 4,5 gücündə zəlzələ olub. Hazırda mən ərazidəyəm".

L.Babayevin sözlərinə görə, hazırda icra hakimiyyətinin aparat rəsmiləri kəndlərə ezam olunub: "Ölüm faktı qeydə alınmayıb. Məktəb və baxça binalarında, yerli nümayəndələr yoxlamalar aparır, harada uçuq, dağıntı varsa dəqiqləşdiriləcək".

Məlumat üçün bildirək ki, bu gün Azərbaycanın bir neçə rayonunda zəlzələ qeydə alınıb. Zəlzələnin episentrdə 7 bala qədər, respublikanın ətraf rayonlarında 6-5-4 və 3 bala qədər hiss olunub.

Qeyd edək ki, rayonun icra hakimiyyətinin yeni inzibati binası 2009-cu ildə istifadəyə verilib.

Bahar RÜSTƏMLİ
AzNews.az