Peterburqda azərbaycanlılar arasında atışma

Polis silahlı qarşıdurmanın səbəblərini aydınlaşdıra bilmir



Peterburqda azərbaycanlılar arasında atışma baş verib. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Şəmkirlilər öz aralarında olan problemləri silahlı qarşıdurma yolu ilə çözmək qərarına gəliblər. Yerli polis silahlı qarşıdurmanın hansı səbəbdən baş verməsinə aydınlıq gətirə bilməsə də ehtimal edilir ki, əvvəlki cinayətlərlə baş verənlər arasında əlaqə var.

Belə ki, bu oktyabrın 11 də Nevski rayonundakı kafedə baş verən atışma ilə Vsevolojsk rayonundakı atışma arasında əlaqənin olduğunu düşünürlər. Kafedə baş verən atışmada 2 silahlı stol arxasında əyləşən 3 gəncdən birinə 5 dəfə atəş açaraq aradan çıxmışdı. Nəticədə 31 yaşlı Adəm Quliyev yerindəcə keçinmişdi.

Bu hadisədən 3 gün əvvəl isə, 5 azərbaycanlı müxtəlif dərəcəli güllə yaraları ilə xəstəxanaya yerləşdirilib. Onlar xəstəxanaya özləri gəlsələr də polislə əməkdaşlıq etmək istəməyiblər. Bildiriblər ki, məsələ daxilidir və polisin müdaxiləsinə ehtiyac yoxdur.

Sadiq Musa
AzNews.az