Polis idarəsində görülməmiş özbaşınalıq; vəzifəsindən sui-istifadə edən polislərin cinayət əməlləri Polis idarəsində görülməmiş özbaşınalıq; vəzifəsindən sui-istifadə edən polislərin cinayət əməlləri

ŞOK! Nəsimi polisində cinayətkar şəbəkə -FAKT

Polis idarəsində görülməmiş özbaşınalıq; vəzifəsindən sui-istifadə edən polislərin cinayət əməlləri



Artıq üçüncü yazıdır ki, Nəsimi Polisində baş verən qanunsuz hadisələrdən, bir nəfərin başına gələn tükürpədici özbaşınalıqdan danışırıq. Öncəki yazıları oxumayanların diqqətinə çatdıraq ki, barəsində cinayət işi qaldırılmış Ələkbər Məmmədov (ad şərtidir-A.A) redaksiyamıza gələrək, barəsində çıxarılan bütün qərarların saxta olduğunu bildirdi və dediklərini təsdiqləyən sübutları təqdim etdi. Bu materialların həqiqətən, şok effekt verəcəyini nəzərə alıb, onları dərc etmək təklifini verdik.

Razılaşdı, amma bizə məlum olan haqlı səbəblərə görə adının çəkilməsini istəmədi. Biz də saxtakarlıq və qanun pozuntularını özündə toplayan bir qovluq materialları zərərçəkmişin adını çəkmədən, hissə-hissə sizə təqdim edirik. Aidiyyəti orqanları maraqlandırarsa, bizə təqdim edilən materialları onlara verməyə və zərərçəkənin adını açıqlamağa hazırıq.

Məlumat üçün bildirək ki, zərərçəkən 07 mart 2010-cu ildə Nəsimi rayonu, "Cavadxan" küçəsi 48 ünvanında, işlədiyi "Xəzrservis" adlı firmada bir qrup şəxs tərəfindən döyülməsi, ağır bədən xəsarəti alması ilə bağlı Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə müraciət edib.

III yazı

Polis zərərçəkənin övladlarını da "saxtalaşdırıb"

Bu bölmənin müstəntiqi Seydi Quliyevin çıxardığı qərarda Ələkbər Məmmədovu döyən Ruslan Quliyev əvvəllər məhkum olunmayan şəxs kimi göstərilib, amma bizə təqdim olunan sənədlərdən görürük ki, Ruslanın məhkumluğu varmış. Təhqiqatçının niyə belə "insanpərvərlik" göstərməsi sualı isə sonrakı instansiyalarda təəssüf ki, heç kimi maraqlandırmayıb.

Yəqin ona görə ki, sonradan edilən saxtakarlıqların yanında bir nəfərin "məsumluğunu" bildirmək nədir ki. Nəsimi Rayon Polis İdarəsinin məhkəməyə təqdim etdiyi sənədlərdə daha biabırçı bir saxtakarlıq var. Məlum olur ki, müstəntiq ağlına nə gəlibsə, cinayətkarları müdafiə etmək üçün heç kimin təsəvvür belə etmədiyi saxtakarlıqlara əl atıb. Təkcə bir faktı demək kifayətdir: Nəsimi Polisindən məhkəməyə təqdim edilən sənədlərdə Ələkbər Məmmədovun azyaşlı uşağının olmadığı göstərilir. Hansı ki, bizə təqdim olunan sənədlərdən görürük ki, zərərçəkənin nəinki bir, hətta üç azyaşlı övladı var!

"Əgər mən hamını bıçaqlamışamsa..."

Zərərçəkən-şikayətçi bölmədə rastlaşdığı qanun pozuntularından danışanda adam heç cür inana bilmir. Amma əla-həzrət sənədlər adamı çaş baş salır...
Ələkbər Məmmədov danışır: "Müstəntiq məni xəsarət alan şəxs qismində ümumiyyətlə, tanımayıb, ekspert rəyimi, "Semaşko"da həkim nəzarətində olmağımı-həkim rəyini ümumiyyətlə, nəzərə almayıb-ittiham aktında göstərməyib. Əksinə məni döyən Rəşad Məmmədliyə guya, bıçaqla xəsarət yetirməyimi iddia edib. Hansı ki, 04. 05. 2010-cu il tarixli 113 saylı ekspert rəyində açıq şəkildə göstərilir ki, R.Məmmədovun əlindəki xırda zədə bıçaqla yetirilməyə xarakterik deyil. Bu sonradan-iş istintaqa göndəriləndə uydurulub. Belə ki, əgər mən doğrudan da bıçaqla kiməsə xəsarət yetirsəydim, bölmədə izahat alarkən təhqiqatçı bu barədə hansısa sual verərdi. Hətta "bıçaqlanması" iddia edilən şəxslərə də bıçaqla bağlı heç bir sual verilməyib, hansı şəraitdə, hansı formada onları "bıçaqlamağım" soruşulmayıb. O da soruşulmayıb ki, bıçaqlanan, döyülən şəxslər niyə hansısa tibb məntəqəsinə üz tutmayıb, həkim nəzarətindən keçməyib? Bundan əlavə, əgər təhqiqatçı belə bir hadisənin olduğuna inanirdısa, onda niyə hadisə yerinə baxış keçirməyib, qan izləri götürməyib, bıçağı ekspertizaya göndərməyib?"

Nəsimi Polis İdarəsində daha böyük biabırçılıq

Zərərçəkənin sualları çoxdur, amma kim cavablandıracaq... Polis bölməsindəki bu rəzaləti görüb, Nəsimi Polis İdarəsinə müraciət edir, idarədə ədalətin bərpa olunacağına, onu döyən şəxslərin layiqli cəzalandırılmasına ümid edir. Sən saydığını say, göz fələk nə sayacaq.

"Bölmədə işə səhlənkar yanaşdıqlarını, qarşı tərəfdən külli miqdarda rüşvət alıb işi mənim əleyhimə saxtalaşdırıldığını görüb, yuxarı instansiyalara müraciət etdim və Nəsimi RPİ-nin rəisi M.Mikayilovun qəbulunda oldum. Həmin vaxt iş Nəsimi Polis İdarəsinin İstintaq Şöbəsinə gəlmişdi. O, iş icraatında olan Mehman Ələsgərovu çağıraraq, işin obyektiv aparılması tapşırıq verdi və hətta 19-cu bölmədə işi aparan Seydi Quliyev barədə təqdimat verilməsini istədi. Ancaq təəssüflər olsun ki, M. Ələsgərov şəxsi maraqlarını hər şeydən üstün tutaraq, 9 ay sonra məni döyən şəxslərin xeyrinə qərar qəbul etdi. Mehman Ələsgərov hər şeydən əvvəl mənim üzümə duran şəxslərin ifadələrindəki ziddiyyətləri aradan qaldırdı. İşlə tanış olsaq görərik ki, üzümə duran şəxslərin ifadələri Polis Bölməsində alınan ifadələrdən kəskin şəkildə fərqlənir və aydın görünür ki, bütün ifadələr bir ssenari ilə yazılıb. Kiçik bir misal: Bölmədə çıxarılan qərarda göstərilir ki, guya, mənim gözümdə olan xəsarət və kəllə-beyin travmam özümü qapıya çırpmağımla əmələ gəlib. Bunun inandırıcı olmadığını sezən Mehman Ələsgərov isə onlara ifadələrini bir qədər dəyişməyi məsləhət görüb. Beləliklə, Ələsgərovun aldığı izahatda qapı səsgücləndirici ilə əvəz edilib. Guya, mən onları şərləmək üçün hamının gözü qarşısında kompüterin səsgücləndiricisini götürüb gözümə vurmuşam".

Müstəntiqin və istintaq şöbəsinin rəisinin özünü ifşası

İşin materialları ilə tanış olanda belə ziddiyyətli məqamlara tez-tez rast gəlirsən. Doğrudan da məlum olur ki, müstəntiq M.Ələsgərov qarşı tərəfin bütün izahatlarını özü yazıb və aydın görünür ki, bir adamın adına yazılan izahat, üzləşmə və.s digərlərin adına kopiyalanıb. Hətta bəzi yerlərdə ifadə verən şəxslərin adları da dəyişdirilməyib.

"Hələ bu harasıdır, hadisə baş verən ofisdə video çəkiliş var. Bu çəkiliş ilkin istintaq dövründə ümumiyyətlə gizlədilməyə çalışdılar. İş İdarəyə göndəriləndən sonra, o diski işə əlavə etdirə bildim. Amma bundan sonra müstəntiq başqa yollara əl atdı. Müstəntiq aldığı ifadələri həmin görüntülərə uyğunlaşdırmağa çalışdı. Amma nə qədər uyğunlaşdırmağa çalışsa da, normal nəticə əldə edə bilməyib. Belə ki, məni günahkar qismində təqdim etməkçün əlimdə bıçaq ofisə hücum çəkdiyimi və az qala oradakıların hamısını döyməyim uydurmalarını kamera görüntüləri tamamilə təkzib edir. Amma pul Müstəntiq Ələsgərovun və istintaq şöbəsinin rəisi İlham Paşayevin gözünü elə örtüb ki, bu kadrları görə bilməyib".

Ardı var...

Azər Azəri