- Köhnə - İdman
- 15 Dekabr 2017 20:17
- 5 778
"Mövsümün ən baxımlı yarışı Bakıda baş tutdu" - Kris Medland (Fotolar)
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) yerli jurnalistlər üçün Formula 1 yarışı ilə əlaqədar dekabrın 13-14-də "Sürətin nəbzini tut - 2" adlı ikigünlük praktiki təlim təşkil edib.
AzNews.az xəbər verir ki, iki gün ərzində idman yarışlarının işıqlandırılmasında yüksək peşəkarlıq nümayiş etdirən, böyük beynəlxalq təcrübəyə malik mütəxəssislər azərbaycanlı həmkarlarına Formula 1 dünyasında baş verən ən son yenilikləri, məlumatları bölüşdülər.
Təlimin əvvəlində BŞH-nın Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirdi ki, Formula 1 yarışı ilə bağlı xəbərlər yerli mediada getdikcə daha peşəkar səviyyə çatır və bunda jurnalistlər üçün keçirilən xüsusi təlimlərin böyük rolu da danılmazdır:
"Biz hər ötən il Azərbaycan mediasında Formula 1 haqqında daha dolğun, daha məzmunlu və daha maraqlı xəbərlərə, məqalələrə rast gəlirik. Bu keyfiyyət artımı nəzərə çarpacaq dərəcədə hiss olunur. Ümid edirəm ki, "Sürətin nəbzini tut!" adlı, britaniyalı mütəxəssislərin iştirakı ilə keçiriləcək təlimin ikinci buraxılışı da bu baxımdan öz müsbət nəticəsini verəcək".

Təlimin ilk günündə Sky Sports və BeIN Sports kanallarında çalışmış jurnalist, peşəkar avtoidman şərhçisi Kristofer Medland yerli media nümayəndələri üçün Formula 1 yarışının qaydaları, Liberty Medianın yeni mövsüm üçün nəzərdə tutduğu yeniliklər barədə ətraflı məlumat verdi. Həmçinin, jurnalistləri maraqlandıran sualları cavablandırdı.
Günün sonunda isə Kris təlim iştirakçılarına kiçik test tapşırıqları da təqdim etdi. Bununla, yerli media nümayəndələri Formula 1-in yeni mövsümü üçün nəzərdə tutulmuş yeni qaydaları hansı səviyyədə yadda saxladıqlarını yoxlamış oldular.
Nüfuzlu media orqanlarında çalışmış Kris təlim ərzində iyunda baş tutmuş Azərbaycan Qran Prisinin uğurlu və yaddaqalan keçdiyini, hətta bunun son mövsüm ərzində ən baxımlı yarış olduğunu da bildirdi.
Apreldə Bakıda baş tutacaq növbəti yarışda hava şəraitinin bir qədər soyuq, hətta yağışlı ola bilmə ehtimalını şərh edən Kris bildirdi ki, bu səbəb yarışa daha da maraq və həyəcan qatacaq.

Təlimin növbəti günündə isə beynəlxalq təcrübəyə malik multimedia mütəxəssisi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) İdman Jurnalistikası Proqramının rəhbəri Den Meyson apreldə keçiriləcək növbəti Azərbaycan Qran Prisində jurnalistlərin daha yaradıcı, operativ və keyfiyyətli materiallar hazırlaması üçün onlara təlim zamanı əyani materiallar təqdim etdi, qazanılmış yeni bilikləri Multimedia programları vasitəsilə jurnalistlərin sınaqdan keçirməsinə şərait yaratdı.

Xatırladaq ki, ötən il ilk dəfə baş tutan "Sürətin nəbzini tut!" təlimi 24-25 yanvar 2017-ci il tarixlərində keçirilib. Təlimi uğurla başa vuran 22 iştirakçıya BŞH, ADBTİA və Dan Mason Media Şirkətinin birgə sertifikatı təqdim olunub.
Fəridə Abdullayeva
AzNews.az