Bakıdakı dünya çempionatının xərclərini iştirakçılar ödəyəcək

İyunun 5-9-da Bakıda velosiped idmanının BMX növü üzrə təşkil olunacaq dünya çempionatı (DÇ) ilə əlaqədar bu gün mətbuat konfransı keçirilib.

Oxu.Az xəbər verir ki, tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) I vitse-prezidenti, Avropa Velosipedçilər Birliyi (UEC) Rəhbər Komitəsinin üzvü, DÇ-nin keçirilməsi ilə bağlı yaradılmış İşçi Qrupunun rəhbəri Sahib Ələkbərov və DÇ-nin yarış direktoru Teodor Fişer iştirak edib.

S.Ələkbərov qeyd edib ki, dünya çempionatının Azərbaycanda keçirilməsi ölkəmizin daha da tanıdılması və idmanın inkişafı baxımından olduqca önəmlidir:

“Yarışda dünyanın 47 ölkəsindən 1500-dən çox idmançı iştirak edəcək. Bakıda beynəlxalq standartlara cavab verən idman infrastrukturu yaradılıb. Bu, yalnız mənim deyil, dünyanın ən tanınmış idmançı və mütəxəssislərinin fikirləridir”.

S.Ələkbərov vurğulayıb ki, BMX Trekinin yerləşdiyi Veloparkın öz tarixçəsi var:

“Stadionun inşa olunduğu Velopark Bakının üç əsas girişindən biri olan cənub-qərb girişində yerləşir. İndi çoxları bunu bilmir, əvvəllər bu ərazilərdə daş karxanaları olub. Stadionun yeri isə ən aşağı hissədə olduğundan ətraf dağlardan gələn yağış və qrunt suları burada toplanır və yay ayları istisna olmaqla bu ərazi həmişə bataqlıq olurdu. Külək əsəndə isə toz-duman qalxır və xoşagəlməz bir mənzərə yaranırdı.

Azərbaycanın hər bir guşəsinin, xüsusilə də paytaxt Bakının abadlaşdırılması üçün misilsiz işlər görmüş Ümummilli Lider Heydər Əliyev ötən əsrin 70-ci illərinin əvvəllərində bu ərazidə park salınması barədə qərar verdi. Qanlı göldən bura su çəkildi, Badamdar tərəfdəki yüksəklikdə böyük su çənləri qoyuldu, ordan da su öz axarı ilə borular vasitəsilə aşağı hissəyə yönləndirilərək suvarma üçün istifadə edildi.

Onu da vurğulamaq istərdim ki, bu işlər dövlət vəsaiti ayrılmadan iməcilik yolu ilə həyata keçirilirdi və Ulu Öndər Heydər Əliyevin özü də bu iməciliklərdə şəxsən iştirak edərək nümunə göstərirdi.

50 il əvvəl Ümummilli Lider Heydər Əliyevin öz əlləri ilə əkdiyi şam və zeytun ağacları bu gün də ərazidə qalmaqdadır. Həmin ağacların yanındakı, üstündə kiril əlifbası ilə onun kim tərəfindən əkildiyini göstərən lövhələri biz bu gün də qoruyub saxlayırıq. Lakin çox təəssüflər olsun ki, ötən əsrin 90-cı illərində bu park baxımsız qaldı, ağaclar suvarılmadığından onların çoxu qurudu. Ərazi ayrı-ayrı şəxslər tərəfindən qanunsuz zəbt olunaraq hasarlandı, burda evlər tikilməyə başlandı.

2005-ci il sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əraziyə gələrək buradakı qanunsuz tikililərin ləğv olunması barədə göstəriş verdi və yalnız bundan sonra həmin ərazidəki qanunsuzluqların qarşısı alındı. 2013-cü ildə biz bu ərazinin baza kimi Azərbaycan Velosiped İdmanı Federasiyasına təhkim olunması xahişi ilə ölkə başçısına müraciət etdik və o bizi dəstəklədi. Ötən beş il ərzində federasiyanın təşkilatçılığı ilə burda gözəl bir Velopark yaradılıb. Velosiped yolları salınıb, parkda 100 mindən çox ağac və gül kolu əkilib, əraziyə su çəkilib, damcı üsulu ilə suvarma və drenaj sistemləri qurulub. Fürsətdən istifadə edərək, mən bizə bu imkanı yaratmış dövlətimizin başçısına və bu işdə bizə yardımçı olanların hamısına öz minnətdarlığımı bildirirəm”.

AzVİF-in I vitse-prezidenti bidirib ki, DÇ-yə gələn idmançı və nümayəndə heyətləri xərclərini özləri ödəyəcəklər. Azərbaycan isə stadionunun yenidən abadlaşdırılması, yarışın təşkili ilə bağlı çadırların qurulması xərclərini və Beynəlxalq Velosipedçilər İttifaqına (UCI) üzvlük haqqını ödəyir.

S.Ələkbərovun sözlərinə görə, DÇ-nin bilet satışı yüksək tempdə davam edir:

“Onlardan 260-dan çoxu beş günlük biletlərdir. Bu yarışlarda biletləri adətən yerində alırlar. Bilet satışı ilə www.iticket.az saytı məşğul olur. Stadionun ətrafında bilet satış nöqtəsi yaratmışıq. Azarkeşlər biletləri həm internet vasitəsi ilə, həm də yerində əldə edə bilərlər. Stadionda azarkeşlər üçün 3500 oturacaq quraşdırılıb. Beş günlük biletləri də nəzərə alsaq, artıq 2500-dək bilet satılıb”.

DÇ-nin yarış direktoru Teodor Fişer isə yarışın yüksək səviyyədə təşkilinə görə, Təşkilat Komitəsinə minnətdarlığını bildirib:

“Azərbaycan dünya çempionatını yüksək səviyyədə təşkil edir. Bu həm Azərbaycanın, həm də idmanın təbliğinə müsbət təsir edəcək. Təşkilat Komitəsi çox böyük iş görüb. Sabahdan məşqlər başlayır. İyunun 5-də isə yarış başlayacaq və idmançılar medallar uğunda mübarizə aparacaqlar. Ayın 5-dən dünya çempionatı birbaşa canlı efirdə yayımlanacaq. İnanıram ki, Bakıda dünyanın ən yaxşı çempionatlarından biri keçiriləcək”.

O, qeyd edib ki, hava proqnozuna görə yarış müddətində güclü yağış gözlənilmir. Ancaq güclü külək olacağı təqdirdə yarışda qısa fasilə yarana bilər.

AzNews.az