Peşəkar kikboksçular paytaxtımızda - VİDEO

Bakı daha bir mötəbər yarışa ev sahibliyi edəcək.

Bu gün Sərhədçi Olimpiya İdman Kompleksində Heydər Əliyevin 90 illiyinə həsr olunmuş peşəkar kikboksçular arasında döyüşlər keçirələcək. Turnirdə Azərbaycan yığmasi ilə dünyanın seçmə kikboksçuları nəyə qadir olduqlarını göstərəcəklər.

Yarışöncəsi isə turnirdə mübarizə aparacaq idmançılar, eləcə də Federasiya rəsmilərinin iştiraki ilə mətbuat konfransı keçirilib.

Konfransda iştirak edən Azərbaycan Kikboks Federasiyasının prezidenti
Adil Əliyev döyüşlərdə idmançılarımızın yüksək nəticə əldə edəcəklərinə inandığını bildirib. Daha sonra isə, peşəkar kikbokçsular tərəzi üzərinə çıxaraq çəkilərini müəyyənləşdiriblər. Sayca 3-cü dəfə təşkil olunan turnirdə Azərbaycanı Zabit Səmədov, Eduard Məmmədov və Pərviz Abdullayev başda olmaqla, 12 peşəkar kikboksçu təmsil edəcək. 91 kq-dan ağır çəkidə mübarizə aparan "Mauqli" ləqəbli Zabit Səmədovun rəqibi serbiyalı Draqan Jovanovic olacaq.

Çəkisi 63 kq-dək olan kikboksçuların döyüşündə Eduard Məmmədov rusiyalı Yaqub Bersanukayevlə üz-üzə gələcək. 73 kq-da isə Azərbaycanı beynəlxalq rinqlərdə təmsil edən Pərviz Abdullayev döyüşəcək. Kobra ləqəbli idmançının rəqibi ruminiyalı Konstantin Pastnikius olacaq. Azərbaycan və dünya yığma komandaları arasında döyüşlər saat 20-də Sərhədçi Olimpiya İdman Kompleksində baş tutacaq.(anspress)



AzNews.az