- Köhnə - İdman
- 27 Aprel 2015 20:13
- 2 831
1-ci Avropa Oyunlarının məşəli Naxçıvana gətirildi
Xəbər verdiyimiz kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda, Atəşgah məbədində alovlandırdığı “Bakı-2015” ilk Avropa Oyunlarının məşəlini ilk məşəlçiyə verməsi ilə məşəlin Azərbaycanın 60 regionuna 48 günlük səyahəti başlayıb.
"Bakı-2015" ilk Avropa Oyunlarının məşəli aprelin 27-də Naxçıvana gətirilib.
Naxçıvanda məşəl ümumilikdə 4,1 kilometr məsafə qət edəcək.
AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, məşəl əvvəlcə Naxçıvan Beynəlxalq Hava Limanından "Duzdağ" mədəninə, oradan da "Əshabi-kəhf" ziyarətgahına aparılıb.
Hazırda birinci Avropa Oyunlarının məşəli Naxçıvan şəhərinin Koroğlu meydanına gətirilir. Məşəl Cəlil Məmmədquluzadə küçəsi ilə Heydər Əliyev Sarayının qarşısından Naxçıvan şəhərinin mərkəzi meydanına aparılacaq. Burada isə möhtəşəm Alov festivalı təşkil olunacaq.
Xatırladaq ki, məşəl səyahətinə 150 yaradıcı komanda, 132 nəqliyyat vasitəsi və 1000-dən çox məşəlçi cəlb olunub. Estafetdə "Bakı-2015"in ulduz elçiləri də iştirak edəcəklər. Məşəl səyahəti ərzində 15 şəhər və rayonda - Naxçıvan, Lənkəran, Cəlilabad, Sabirabad, Horadiz, Quzanlı, Bərdə, Gəncə, Şəmkir, Mingəçevir, Şəki, Qəbələ, Şamaxı, Quba və Qobustanda Alov festivalları keçiriləcək.