- Köhnə - İdman
- 28 İyun 2015 23:29
- 3 465
I Avropa Oyunlarının bağlanış mərasimi başa çatdı
Bakı 2015 I Avropa Oyunlarının rəsmi bağlanış mərasimi başa çatıb.
AzNews.az xəbər verir ki, bağlanış mərasimi Olimpiya Stadionunda baş tutub. Mərasimin əsas hissəsi geriyəsayımla başlayıb. Geriyə sayım 10-dan başlayıb və milli himnin səsləndirilməsi ilə bağlanış mərasiminə start verilib.
Geriyə sayım rəqəmlərində Azərbaycana məxsus müxtəlif bəzəkli xalçalar əks olunub. Qədimi yerlərdən Bakı şəhərinədək kəndbəkənd dolaşan xalça ilmələri stadion ekranlarında canlanıb.
Mərasimdə ənənəvi və müasir Azərbaycan mədəniyyətinin birliyi tamaşaçıların diqqətinə çatdırılıb. Tədbirin transformasiya hissəsində üç nəhəng heykəl səhnədə müşahidə olunmağa başlanıb. Bu səhnəciyin sonunda Qız qalasının divarları aralanıb və onun içərisində Alov qüllələri peyda olub. Bununla da tamaşaçılar keçmişin müasir dövrü necə formalaşdırdığının və gələcəyə hansı təsirdə təsir göstərdiyinin şahidi olublar.
Sonra idmançılar kütləvi şəkildə stadiona daxil olublar. Mərkəzi səhnə ətrafında addımlayaraq tribunalarda onlar üçün xüsusi ayrılmış yerlərə keçiblər. Məlumat üçün bildirək ki, 17 gün davam edən yarışlarda 6 mindən çox idmançı 253 medal dəsti uğrunda mübarizə aparıb. Medal cədvəlində ilk üç sırada Rusiya, Azərbaycan və Böyük Britaniya qərarlaşıb.
Daha sonra Bakı 2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qonaqları salamlayıb və tədbirin açılış nitqini söylədi. İri miqyaslı idman tədbirinin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirən Mehriban Əliyeva birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsindən qürür hissi duyduğunu deyib.
Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki də çıxış edərək yarışların yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.
Rəsmi çıxışlardan sonra tədbir müxtəlif səhnə quruluşları ilə davam edbi. Gəncliyin enerjisi bölməsində rəqqas hərəkətləri ilə səhnədə enerji qığılcımı yaradıb. Güclü enerji onun bədənindən keçərək onu daha da hərəkətə gətirib. Rəqqas bu enerjini əvvəl rəqqasəyə, daha sonra isə başqalarına ötürüb. Bu ifaçılar əllərində olan işıqlı altıbucaqlarla səhnə boyunca hərəkət edərək burada Bakı 2015-in rəmzi olan nar ağacının qrafik obrazını yaradıblar.
Daha sonra Oyunlardan əsas məqamların əks olunduğu video görüntü tamaşaçılara təqdim olundu. Bunun ardınca isə səhnədə simurq quşu möhtəşəm şəkildə canlandırıldı.
Sonrakı bölmədə stadionun üstündən tamaşaçıların üzərinə yadigar kimi saxlaya biləcəkləri yanar közlər buraxılıb. Əlli iştirakçı dövləti təmsil edən 50 uşaqdan biri Oyunların alovu ilə çırağını yandırıb və alovu başqa uşaqlarla bölüşüb. Sonra uşaqların çıraqlarını ən aşağı halqasından asdıqları nəhəng çılçıraq səmaya yüksəlib.
Daha sonra dünyaca məşhur müğənnilər Con Nyumən və Klin Banditin ifa etdikləri mahnıların sədaları altında tədbir, Bakı səmalarını bəzəyən və işıqlandıran möhtəşəm atəşfəşanlıqla başa çatıb.
Qeyd edək ki, bağlanış mərasiminə bədii rəhbərliyi Ceyms Hedli edbi. O, "Cirque du Soleil" sirkinin Şimali Amerikada və qastrol səfərlərində göstərdiyi möhtəşəm şouların bədii direktoru olub.
Mərasimin təşkilində əksəriyyəti azərbaycanlılardan ibarət 1600-dan çox könüllü iştirak edib. Eyni zamanda 17 ölkədən də könüllülər bu işə cəlb olunub. Bu tədbirin ərsəyə gəlməsi istiqamətində könüllülər 400 dəfədən çox məşq ediblər.
Mərasimin təşkilinə 28 ölkədən 300 nəfərdən çox yaradıcı heyət və 34 ölkədən müxtəlif sahələrdə ixtisaslaşmış 1000 mütəxəssis cəlb olunub.