Çingiz Aytmatov bir əsər üçün 5 min verdi Çingiz Aytmatov bir əsər üçün 5 min verdi

Nazim Hikməti emalatxanasına buraxmayan Azərbaycan rəssamı – Xatirə

Çingiz Aytmatov bir əsər üçün 5 min verdi

Aznews.az rəssam Cavad Mircavadovun yoldaşı Lyubov Mircavadovanın xatirələrini təqdim edir:

Tanışlıqdan əvvəl

Cavadın adını ilk dəfə Rəssamlar İttifaqında eşitmişdim. O zamanlar ittifaqda “ekskursovod” işləyirdim. Toğrul Nərimanbəyovla söhbət zamanı bizdə də Sovet ideologiyasının maraqlarına xidmət etməyən, andeqraund rəssam olduğunu öyrəndim. Ondan soruşdum ki, Cavadı necə görə bilərəm? Toğrul da istehza ilə cavab verdi ki, onunla heç mən görüşə bilmirəm, sən necə görüşəcəksən? Toğrul düz deyirdi, Cavad Rusiyadan gələndən sonra bir tanışının Buzovnadakı bağına çəkilib, 10 ildi, tərkdünya həyat yaşayırdı. Hər adamla görüşməzdi. Hətta Nazim Hikmətlə görüşməkdən də imtina etmişdi.

Nazim böyük şair, fəqət...

Nazim Hikmət Bakıya gələndə onu abstarksionist rəssamlarla tanış etməyi xahiş edir. Bir şair də Buzovnaya gəlib Cavadı dəniz qırağında tapır və Nazim Hikmətin onunla tanış olmaq istədiyini söyləyir. Cavad təklifi rədd edir, Nazim Hikməti emalatxanaya buraxmayacağını deyir.

“Səbəb?” – həmin adam soruşur.

“Bilirəm, böyük şairdir. Ancaq dünyanın başqa ölkələrini qoyub Sovet İttifaqına qaçmağını Nazimə bağışlaya bilmərəm. Bu ölkə insanların yaradıcı azadlığını məhv edir. Bizim SSRİ-dən qaçmaq şansımı yoxdur. Nazim isə Sovetlərə təşrif gətirir. Əgər başqası olsaydı bağışlayardım, amma Nazim Hikmət kimi istedadlı bir şairə bu səhvi bağışlamaram”, – Cavad deyir.

Əslində Cavad Nazim Hikmət poeziyasını çox sevirdi, “Kəllə” pyesini bəyənirdi. Nazimi Pablo Nerudadan böyük şair hesab edirdi. Elə buna görə də Nazimin Sovetlərdən sığınacaq istəməyini qəbullana bilmirdi.

O səninlə evlənməz

Qərara aldım ki, Buzovnaya gedib Cavadı tapım. Onsuz ailəmiz kasıb yaşayırdı. Tərslikdən həmən gün də cibimdə qəpik-quruş vardı. Fikirləşdim ki, Sabunçuya gedib, ordan da Buzovnaya yollanaram. Sabunçuda sürücülərə yalandan dedim ki, qohumum ölüb, təcili getməliyəm. 16 yaşlı qız uşağı idim, onlara “Cavad adlı bir rəssamla tanış olmağa görə Buzovnaya gedirəm” deyəsi deyildim...

Bax belə, sürücülərdən biri yolunun o tərəflərə olduğunu, məni də Buzovnaya apara biləcəyini söylədi.

Hava qaralanda çatdıq. Buzovnada nə qədər soraqlaşsam da, Cavadı tapa bilmədim. Onun Arif adında rəssam dostu vardı. Əvəzində onu tapdım. Arif tez-tez Cavadın yanına gedir, yemək bişirir, birlikdə yeyərdilər. Yoxsa, Cavadın əlindən heç nə gəlmirdi, heç çay süzə bilmirdi. Arif məni yolumdan döndərməyə çalışırdı ki, Cavadı neyləyirsən, çətin adamdı, hər kəslə görüşmür. Hələ zarafata da saldı: “Çaşıb ona vurularsan, amma o, səninlə evlənməz, gəl, mən evlənim”.

Axşam Arifgildə qaldım. Səhər tezdən isə ona dedim ki, gedirəm dəniz qırağına. Əminəm ki, Cavadı orda tapacam. Arif də mənə qoşuldu və biz dəniz qırağına yollandıq.

Sürrealistik yuxudan reallığa

Dəniz qırağında nə görsəm yaxşıdır? Hündürboy, saçlarını küləyin dağıtdığı bir adam sahildə dayanıb əlində də ilan kimi burulmuş bir ağac parçası. O dəqiqə hiss elədim ki, bu, Cavaddır. Çünki mən uşaq olanda yuxuda görmüşdüm ki, dəniz qırağındayam. Üfüqdə isə ağappaq bir gəmi dayanıb. Qəfil gəmidən uzanan bir baş mənə tərəf gəlməyə başlayır. Bu baş bir az elə bil Cavad idi: saçları, gözləri, burnu - hamısı Cavada oxşayırdı. Baş mənə yaxınlaşanda ona deyirəm ki, səni nə qədər gözləmək olar? O da məftildən düzəltmə bir üzüyü qumun üstünə atıb gəmiyə qayıdır.

Deyəsən yuxum çin olurdu.

Ona yaxınlaşdım... Salamlaşıb tanış olduq... Və bir ay yarımdan sonra evləndik. Evlənəndə mənim 16, Cavadın 43 yaşı vardı. Baxmayaraq ki, Cavad məndən 27 yaş böyük idi, atam bu evliliyə “hə” dedi. Çünki o da Cavadla eyni xasiyyətdə idi, heç biri Sovet hökümətini sevmirdi.

Basdırılan heykəllər

Bir müddət elə Buzovnada yaşadıq, amma sonra şəhərə, Cavadın anasının Ələsgər Ələkbərovdakı balaca evinə köçəsi olduq. Cavadın bitumdan, betondan, qumdan hazırladığı nəhəng heykəlləri isə özümüzlə apara bilməzdik. Əslinə baxsan bizim Buzovnadan çıxmağımıza bu div heykəllər səbəb oldu. “Marksizm-Leninizm”dən dərs deyən bağ sahibi onları görüb şikayət eləmişdi ki, Cavad Sovet incəsənətinə zidd əsərlər ucaldıb. Bu heykəllərə görə onun da başı ağrıya bilərdi. Biz də çarəsizlikdən qumu qazıb o heykəlləri basdırdıq və bağı tərk edəsi olduq. Üstündən bir neçə il keçəndən sonra gedib o heykəlləri qazıb çıxarmaq istədik, ancaq bağ sahibi heykəlləri basdırdığımız yerdə üzümlük salmışdı. Qazıntı aparmağa qoymadı.

Təxminən beş il əvvəl mən yenə Buzovnaya getmişdim. Ancaq bizim o vaxt heykəlləri basdırdığımız həmən yerdə nəhəng villa tikilirdi. Tikintinin mühəndisi dedi ki, biz bura əlavə torpaq daşıyıb tökmüşük. İnanmıram, bundan sonra tapmaq mümkün ola. Heyf. Onlar Cavad yaradıcılığının mühüm bir hissəsi idilər.

Qısqanclıq davaları və çılpaq rəsmlər

Bir-birimizə qarşı ifrat dərəcədə qısqancdıq. O, həmişə özünü təmizə çıxartmağa çalışırdı: “Mənim səni qısqanmağım normaldır, gəncsən, gözəlsən. Sən məni niyə qısqanırsan?”

Mən də inadımdan dönmürdüm: “Sən dahisən, yaraşıqlısan. Bütün qadınlar sənə baxır. Ona görə qısqanıram”.

Rəssamların əksəriyyəti öz xanımlarından naturaçı kimi istifadə edirlər. Rembrandtın əksər əsərlərində arvadı ona poz verib. Qadınını çılpaq çəkən rəssamlar da az olmayıb. Etiraf edim ki, Cavad da bir neçə dəfə mənim çılpaq rəsmimi çəkib. Hətta bir dəfə hardasa yaşıl rəngli, tor kalqotka görmüşdü. Borc-xərc edib onu mənə aldı və o kalqotkayla çılpaq rəsmimi çəkdi. Sual verə bilərsiniz ki, bəs o tablolar hardadır? Cavad onların hamısını məhv edib. O deyirdi ki, məni naturaçıdan çox, öz qadını kimi çəkir. Buna görə də istəmir, kimsə bu rəsmləri görsün.

Cavadın üstünə atılan üçlük

Tezliklə oğlumuz Xəzri anadan oldu, dolanmaq bir az da çətinləşdi. Axı Cavad Rəssamlar İttifaqının üzvü deyildi, nə sərgisi keçirilirdi, nə də sifarişlər gəlirdi. O zaman Yaradıcılıq Fondu deyilən təşkilat vardı, onun vasitəsi ilə rəssamlar kolxoz-sovxozlara gedib divar rəsmləri, plakatlar çəkirdilər. Bu, bir rəssam üçün, xüsusən Cavad kimi rəssam üçün ən qəbuledilməz iş sayılırdı. Ancaq Cavad razılaşmağa məcbur idi. Yoxsa ac qalardıq. Bölgələrə gedəndə adətən məni də özü ilə aparırdı. Rəngləri seçməkdə, palitranı hazırlamaqda kömək edirdim, arada onunla birlikdə şəkil də şəkirdim. Təki işlərini tez bitirib öz yaradıcılığına qayıda bilsin. Ondan soruşanda ki, Lyubaya rəssamlığı sən öyrətmisən, cavab verirdi: “Quyuya su tökməklə quyu dolmaz, Lyubanın anadangəlmə rəssamlıq bacarığı olmasaydı, mənim öyrətməyimin faydası toxunmayacaqdı”.

Yaradıcılıq Fondunun sifarişlərini yerinə yetirsə də, qazandığımız məvacib ailəmizin dolanışığına yetmirdi. Cavad İttifaqın üzvü olmadığına görə ona adətən ucuz sifarişlər verirdilər. Dolanışığımızın çətinliyinə görə Cavadın anası Zeynəb xanım həmişə bizə maddi yardım edirdi.

O, bizim evliliyimizi istəmirdi. Oğluna deyirdi ki, Lyuba 27 yaş balacadır, sənin kimi qocanı neyləyir, bir az oynayıb atacaq: “Sən kimə lazımsan; axsayırsan, korsan. Məndən başqa, heç kəs sənə yiyə duran deyil”.

Qayınanam oğlunun məni istəməyini, mehribanlığımızı görüb yaman qısqanırdı. Ən çox da Cavad mənə ev işlərində kömək edəndə hirslənərdi.

Bir dəfə Cavad yenə pul istəyəndə anası hirslə onun üstünə bir üçlük tulladı. Cavad pulu yerdən götürüb dedi: “Zeynəb, çox sağ ol”.

Bu hadisədən sonra anasının yardımlarından imtina edən Cavadın qarşısında iki yol qalmışdı: ya ölmək, ya da Rəssamlar İttifaqına üzv olmaq.

O, 1976-ci ildə ittifaqa üzv oldu. Ancaq bundan sonra da vəziyyətimiz düzəlmədi. Eyni çətinliklər davam edirdi.

Ölümdən əvvəlki addım

Bir dəfə evdə oturmuşduq. Maddi vəziyyətimiz əvvəlki kimi pis idi. Evdə yeməyə quru çörək belə yox idi. Mən hələ kətandan, boyadan danışmıram. Cavad mənə dedi ki, artıq dözə bilmirəm, özümü öldürmək istəyirəm. Ona acıqlandım ki, belə demə, özünü öldürsən, səndən sonra mən də yaşamayacam, qoy oğlumuz tək böyüsün.

Bir qədər toxtayıb dedi onda televizoru aç, bəlkə klassik musiqi verirlər, qulaq asıb fikrimizi dağıdarıq. Televizoru açanda nə görsək yaxşıdır! Ekranda qıyıqgöz bir adam göstərirlər, diktor isə danışır: “Çingiz Aytmatov Bakıda səfərdədir...”

Cavad bunu eşidən kimi səsinə ciddiyyət verib dedi: “Ölməmişdən qabaq bir addım da atmalıyıq, bu da alınmasa, onda ölərik”.

Və biz geyinib-keçinib yollandıq Çingiz Aytmatovun görüşünə.

Çingiz Aytmatovun şah qapısı

Cavad Çingizin yaradıcılığının heyranı idi, onun manqurt mifi, əsərlərinin dərinliyinə hopmuş qədim türk-şaman ruhu Cavada da doğma gəlirdi. Bu baxımdan onun sovetlərə xidmət göstərməyini qəbul edə bilmirdi. Bir dəfə Çingizin özünə də bu barədə sual verdi: “Böyük sənətkarsan, sənə deputat olmaq lazımdır?”

Çingiz də: “Asanlıqla çap olunmaq üçün mənə bu lazımdır”, - deyə izah elədi.

Onu deyirdim axı. Girişdə xeyli adam vardı. Çoxu kitab imzalatmaq üçün dayanmışdı. Biz izdihamı yarıb içəri keçdik. Nəhayət, böyük yazıçının qəbuluna düşdük və Cavad əsərlərinin slaydını göstərdi. Çingiz əsərləri görüb heyrətə gəldi. Emalatxanaya gəlib onlara canlı-canlı baxacağını söylədi.

Səhəri gün Çingiz Aytamtov emalatxanaya təşrif gətirdi. O, sanki sehirli ölkəyə düşmüşdü. Heyranlığını gizlədə bilmirdi. Bu görüşdən sonra Azərbaycanda hər kəsə Cavaddan bəhs edir, belə bir dahidən xəbərsiz olduqları üçün onları qınayırdı.

Aytmatov Cavadın bir neçə əsərini alıb özü ilə Moskvaya apardı. Yadımdadır, əsərin birinə 5 min rubl vermişdi. Bu pulla o vaxt iki maşın almaq olardı. Bizimsə üç min rubl borcumuz vardı. Bu məbləğ bizi məişət kollapsından çıxardı.

İlk sərgi

“Çingiz olayı”ndan sonra Cavada münasibət bir qədər dəyişdi. Hələ 1985-ci ildən onun fərdi sərgisini keçirməyi planlaşdıran Rəssamlar İttifaqı gecikirdi. Çingiz Aytmatovun Cavad Mircavadov yaradıcılığına olan ehtiramından sonra işlər sürətləndi: 1987-ci ildə Vəcihə Səmədova adına salonda ilk sərgisi oldu. Növbəti sərgi isə Moskvada keçirildi. Sonra sərgilər muncuq kimi bir-birinin arxasına düzüldü.

Sovqatla gələn şöhrət

Cavad 1988-ci ildə insult keçirmişdi, ruhi vəziyyəti də yerində deyildi. Hər şeyi unudurdu. Psixoloq yanına getməyi məsləhət görəndə cavab verdi ki, məni dəli hesab edirsən?

Biz sonradan öyrəndik ki, unutqanlığı infarkta görə deyilmiş, beyin hüceyrələri ölməyə başlayırmış.

Qəribəydi, maddi vəziyyətimiz düzəlməyə başladığı dövrdə onun səhhəti pisləşməyə başladı. Şöhrət əliboş gəlməmişdi, özü ilə xəstəlik də gətirmişdi. Artıq Cavadın əsərləri alınır - ən çox da əcnəbilər alırdı - tez-tez sərgiləri keçirilirdi. İnanmayacaqsınız, onun pərəstişakarları arasında Kolumbiya yazıçısı, Nobel mükafatı laureatı Qabriel Qarsiya Markes də vardı.

Markes üçün hədiyyə

1987-ci il idi. Evdə oturmuşduq. Varşavadan zəng gəldi. Danışan Çingiz Aytmatov idi. Cavadın səhhəti yaxşı olmadığına görə yerinə mən cavab verdim. Çingiz dedi ki, yaxın günlərdə Markes Varşavaya gəlir, ordan birlikdə Moskvaya uçacaqlar: “Siz də gəlin, orda Cavadı Markeslə görüşdürüm”.

Çingiz Cavadın Markes sevgisini bilirdi, onların yaradıcı dünyası eyni idi, hər ikisi mifik obrazlar yaradırdı.

İzah elədim ki, səhhəti yaxşı deyil, ona görə gələ bilməyəcyik. Cavad qərara aldı ki, sevimli yazıçısı ilə görüşmək nəsib olmasa da, ona bir tablosunu göndərsin, göndərdi də.

“Yanğın” adlı başqa bir tablosunu isə yazıçı Artur Miller almışdı.

Dərviş ölümü, yolda

Cavadın həmişə üç arzusu vardı: “Dərviş kimi yolda ölüm, yayda ölüm, özü də gündönümü vaxtı, 22 iyunda. Bir də öləndə yanımda iki qadın - bətnindən çıxdığım və bətninə sahib çıxdığım - olsun”. Arzuladığı kimi də oldu hər şey: 1992-ci ildə Cavadın Danimarkada sərgisi keçirilmişdi. Kopenhagen-Moskva qatarı ilə qayıdırdıq. Qatarda səhhəti yaman ağırlaşdı, yoldaca keçindi, 24 iyunda, gündönümündən iki sonra. Və yanında mən vardım – bətninə sahib çıxdığı qadın.

Aytmatov məsləhəti

Cavad layiqli qiymətini alıbmı? Məncə, yox. Sağlığında məhrumiyyətlər görsə də, prinsiplərindən heç vaxt əl çəkmədi. Bir dəfə Çingiz Cavada məsləhət verməyə çalışdı ki, olmazmı elə edəsiniz həm hökümətlə münasibətiniz normal getsin, həm də işləriniz qaydasında olsun? Cavad da ona cavabında “Mən guya axmağam, məgər bunu bilmirəm? Sadəcə həyat prinsiplərim sənin kimi eləməyə imkan vermir” dedi.

Cavad belə adam idi. Nə şöhrət, nə rahatlıq üçün heç vaxt prinsiplərindən vaz keçmədi.

Muzey intizarı

Bax, görürsünüzmü, bu mənzildə hər tərəfə Cavadın əsərlərini düzmüşəm. Ona aid nə varsa göz bəbəyim kimi qorumağa çalışıram. Baxın, o vaxt yaşadığımız evin qapısı da durur, saxlamışam. Evə oğru girməsin deyə qapıya dəmir barmaqlıqları Cavad öz əlləri ilə vurmuşdu. İşi qurtarandan sonra da gülə-gülə dedi: “Vəssəlam, krest. Lap SSRİ-yə oxşadı. İndi heç kəs keçə bilməz”.

Şüşə sandığa paltarlarını yığmışam. Küncdə gördüyünüz divar parçasında isə Cavadın əl izləri qorunur. Fikir verirsinizsə, orda iki cür əl hərəkətləri var: İş ürəyincə gedəndə boyalı əllərini dairəvi hərəkət etdirərək divara sürtürdü; ürəyi istəyən kimi getməyəndə isə əllərini yuxarıdan aşağı yaxırdı. Həmin divarı da köhnə evdən qoparıb gətirmişəm. Bu da əl yazıları, palitrası...

Cavadın tablolarını isə satmıram. Bu əsərləri, əşyaları - hamısını Cavadın muzeyi üçün qoruyuram. Nə vaxtsa muzey yaransa, ora verəcəyəm.

Hərdən mənə sual verirlər ki, Cavadı tez-tez xatırlayırsan? Onu necə xatırlaya bilərəm ki, heç vaxt başımdan çıxmır. Düzdür, Cavad 26 ildir, fiziki olaraq yoxdur, ancaq mənə elə gəlir ki, onun ruhu hər zaman ətrafımda dolanır. Onsuz bir anım da keçmir. Lap çox darıxanda isə pəncərədən uyuduğu məzarlığa baxıram. Burdan görünür...

Və başlayıram Cavadla danışmağa...

Mirmehdi Ağaoğlu

© AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description