Bu insanlar ancaq məlumatsız şəxslərin yanında özlərini məşqçi kimi təqdim edə bilər. Bu insanlar ancaq məlumatsız şəxslərin yanında özlərini məşqçi kimi təqdim edə bilər.

Həmin məşqçilər şou-biznes nümayəndələridir - Təyyar Vəliyev

Bu insanlar ancaq məlumatsız şəxslərin yanında özlərini məşqçi kimi təqdim edə bilər.

AzNews.az bodibildinqçi Təyyar Vəliyevlə müsahibəni təqdim edir.

- Özünüzü təqdim edin.

- Mən Təyyar Vəliyev, 1988-ci ildə Bakı şəhərində anadan olmuşam. Azərbaycan Dövlət Neft Akademiyasının Standartlaşdırma və Sertifikatlaşdırma ixtisasını bitirmişəm. Məşqçi kimi artıq 5 ildir fəaliyyət göstərirəm. Hal hazırda isə “Exteme Fitness Club”da fəaliyyət göstərirəm.

- Nəyə görə bodibildinq?

- Mənim uşaqlığım idmanla keçib. Əvvəllər trenajor zallarına getməyəndə belə dostlarımla özümüz məşğul olurduq. Görürdüm ki, bədən daha yaxşı formaya düşür, görünüş olaraq da daha yaxşı görünür. Bizdə bu idman növü çox inkişaf etmədiyi üçün xarici modelləri gördük, onlardan motivasiya aldıq. Daha sonra isə həm məşq etməyə, həm də bu işi daha yaxşı öyrənməyə başladıq. Çünki, burda təkcə məşq yox, yediyin yeməyin, istirahətin, etdiyin hərəkətlərin düzgünlüyü də çox vacibdir. Belə belə özümüzü inkişaf etdirdik və hələ də yeni nələrsə öyrənməyə, inkişaf etməyə çalışırıq.

- Yarışlara qatılırsınız?

- Bəli, artıq iki ildir yarışlara da qatılıram. 2017-ci ildə fitness kateqoriyasında respublika ikincisi oldum. 2018-ci ildə Azərbaycanda və Türkiyədə yarışlara qatıldım. Azərbaycanda respublika birincisi olsam da, Türkiyədəki yarışda finala çıxa bilmədim.

- Yarışlara necə hazırlaşırsınız?

- Yarışa hazırlıq iki etapdan ibarətdir. Birinci böyümə, ikinci quruma. Birinci etapda qidalanma rejimi artırılır, istirahətə çox vaxt ayrılır, çəki yığmaq üçün karbohidrat dəyərini artırır. İkinci etapda isə bədəndəki yağ faizini azaltmağa başlayır. Bunun üçün də adi məşqlərlə yanaşı kardio məşqlərin sayını artırır, karbohidratı günbəgün azaldır. İnsan enerjisini karbohidratdan alır, karbohidrat azaldıqca bizim enerjimiz, gücümüz azalmağa başlayır. Buna baxmayaraq da məşqləri saxlaya bilmərik, çünki qarşıda yarış var. Buna görə də çətindir. Yarışın son həftələri su içməyi belə azaldırıq. Hətta yarışa bir neçə saat qalmış su içməyi tamamilə kəsirik. Bir neçə saat dediyimiz 1-2 saat deyil. Bu adamdan adama dəyişir. Elə atlet var 25 saat, eləsi var 3 saat susuz qalır. Digər idman növlərindən bizim fərqimiz ondadır ki, biz il boyu öz üzərimizdə çalışmağa məcburuq. İradəmizlə mübarizə aparırıq, baxırsan, hamı istədiyini yeyir, biz il boyu dietdə oluruq.

- Azərbaycanda bu idman növünə olan diqqət sizi qane edirmi?

- Bizdə bu idman növünə maraq digər ölkələrdəki kimi deyil. Dediyim kimi mən respublika ikincisi və sonra respublika birincisi oldum, bunun qarşılığında mənə “Bodibildinq və Fitness” federasiyası tərəfindən heç bir maddi mükafat verilmədi. Məndən 10-15 il öncə çıxan idmançılarımız, atletlərimiz də var ki, onlara da mənim kimi heç bir maddi mükafat verilməyib. Bizim mükafatlarımız yalnız sertifikat və diplomdur. Amma bu idman növü olduqca çox pul tələb edir, xərclərimiz çox olur. Normal bir insan gün ərzində 2-3 dəfə yemək yeyirsə, biz yarış hazırlığı zamanı gün ərzində 5-6 dəfə yemək yeyirik. Bəzən bu da kifayət etmir, qida əlavələri qəbul edirik. Bunların hər birini etmək də pul tələb edir. Biz bu pulu yalnız məşqçi kimi fəaliyyət göstərərək əldə edirik. Digər öıkələrdə hər bir atletin öz sponsorları var. Hərəsi bir firmanı reklam edir və onlar atletin yarış hazırlığını qarşılayır, ona maddi dəstək verirlər. Onların sırf fikirlərini yarışlara, məşqlərə yönəldir. Bizdə isə həm yarışa hazırlaşırıq, həm pul qazanmağa çalışırıq.

- İdman görünüş üçündür, yoxsa sağlamlıq?

- İdman ilk növbədə sağlamlıq üçün lazımdır. Sağlam olmadıqdan sonra o görünüş heç kimə lazım olmur. İdmanı düzgün şəkildə etsən, sağlam və daha fit bədənə sahib ola bilərsən. Bəzi insanlar var ki, idmanı düzgün şəkildə etmədən yaxşı bədən quruluşuna sahib olmaq üçün bəzi dərman vasitələrindən istifadə edir. Hansı ki, o dərmanlar bir müddətdən sonra sağlamlıq üçün böyük problemlər yarada bilir. Buna görə də birinci sağlamlıq, daha sonra görünüş. Kim nə qədər desə də, görünüş vacib deyil, bu, belə deyil. Heç kim üçün yox, sırf özün üçün bunu etmək lazımdır. Ən azından geyindiyin geyim üstündə yaxşı görünəcək, bədəninə baxanda kompleskin olmayacaq.

- Bəzi məşqçilər var ki, heç bir yarışlarda iştirak etməsələr də, çox məşhurdurlar. Siz yarışlarda iştirak edirsiniz, bu işlə peşəkar məşğul olsanız da o qədər də tanınmırsınız. Bunun səbəbi nədir?

- Bunun səbəbi reklamdır. Hər bir məhsulun, hər bir işin ilk növbədə reklamı olmalıdır, kütləyə işləmək lazımdır. Bizdə tək bu sahədə deyil, çox sahədə belədir ki insanlar özlərini inkişaf etdirmək istəmir. Öz ixtisasları, öz peşələri belə olsa qaldıqları yerdə qalırlar. Həmin insanların çoxu heç öz işlərini düzgün bilmirlər, bacarmırlar. Öz işini yaxşı bilməyən adamlar digər sahələrə də elə yanaşır. Kütlə nəyə, kimə qaçırsa, onlar da ora qaçır. Həmin şəxslərin çoxu reklama görə tanınır, onlar demək olar ki, şou biznes nümayəndələridir. Onların yanına gedən tələbələr də bir müddətdən sonra nəticə almadıqlarını gördükcə qaçacaqlar, necə ki qaçırlar. Mən üzdə çox görünməsəm də bu günə kimi, tələbə ilə bağlı problemim olmayıb. Heç vaxt tələbə axtarışında olmamışam, həmişə tələbələrim məni axtarıb, tapıb. Heç bir tələbəm də məndən narazı qalıb 2-ci aydan məşqi buraxmayıb. Tələbələrimin 70%-i qalıcıdır.

- Nəyə görə bir müddət idmanla məşğul olan adamlar özlərini daha sonra məşqçi hesab edirlər?

- Bunun səbəbi insanların bu barədə az məlumatlı olmağıdır. Bəzi məşqçilər var ki, öz paylaşımlarını sosial şəbəkələrdə reklam edirlər. Araşdırıb görürsən ki, bu adam nəinki düzgün məşq elətdirə, düzgün məşq edə bilmir. Amma insanlar onu görür deyə onun yanına qaçmağa çalışırlar. Təbii ki, bu insanlar ancaq məlumatsız şəxslərin yanında özlərini məşqçi kimi təqdim edə bilər.

- Azərbaycanda bodibildinq​ inkişaf edirmi?

- Son 4-5 ildə Azərbaycanda bu sahə durmadan inkişaf edir. Gənclərin marağı bu sahəyə artır. Əvvəl rayonlara, bölgələrə gedəndə bir idman zalı tapmaqda çətinlik çəkirdik. İndi hansı rayona gedirik, görürük ki, bir məhlədə iki idman zalı var. Çünki, gənclər bunu istəyir, tələb edir.

- Qida əlavələri, yəni proteinlərlə bağlı çoxlu miflər var. Deyirlər zərərlidir, onu qəbul etdikdə xəstəliklərə tutulmaq riski artır. Bu, nə qədər düzgündür?

- Protein Azərbaycan dilində zülal deməkdir. Zülal da bizim yediyimiz qidaların 70-80%-nin tərkibində var. Həmin zərərli olduğu deyilən proteinləri Səhiyyə Nazirliyi təsdiqləyir, satışına icazə verir. Bu necə zərərli ola bilər ki? Biz o proteini içməyə məcbur deyilik. Məşq edən insanın zülal norması var, çəkinin 2, 2.5 misli zülal qəbul etmək lazımdır. Misal üçün 80 kiloqramlıq bir insan gün ərzində 160-200 qram zülal qəbul etməlidir. Əgər bu insan normal qidalarla bu zülalı qəbul edə bilirsə, niyə də protein içsin? Protein tozunun digər qida əlavələrindən üstün cəhəti qana daha tez qarışmasıdır. Biz zülalı daha çox ətdən alırıq. Ətdən aldığımız zülal qana 2 saata və daha gec qarışır. Amma toz halında olan protein onun konsentratından asılı olaraq 30-40 dəqiqəyə qana qarışır.

- Çəki atmaq üçün azca da olsa tez-tez yemək lazımdır, yoxsa gündə 2-3 dəfə?

- Bu mövzuda bir neçə araşdırma var. Bəzi araşdırmalar gün ərzində az-az, amma tez-tez yeməyin insanı arıqlatdığını, bəziləri isə yemək saatları arasında vaxtı uzatmağın çəkini azaltmağa kömək olduğunu deyir. Az-az amma tez-tez yediyimiz zaman metobolizma güclü işləyir, maddələr mübadiləsi nə qədər sürətli olarsa, həzm prosesi nə qədər sürətli olarsa, biz daha az yağlanarıq. Amma qidalanma arasında vaxt nə qədər çox olsa böyümə hormonu qalxır. Və yenə də yağ yandırıb, arıqlamış oluruq. İki üsuldan da istifadə etmək mümkündür.

- Gənclərə nələr demək istəyərdiniz?

- Gənclərə demək istəyirəm ki, idmanla məşğul olsunlar. Formada qalmağa, sağlam olmağa çalışsınlar. Gedib hansısa çay evində oturub qəlyan çəkməkdənsə, hardasa oturub spirtli içki qəbul etməkdənsə, daha sağlam vərdişlərə yiyələnməyə çalışsınlar. Sağlamlıqlarını qorumaq şərti ilə formada qalsınlar.

Nigar CƏFƏR

AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description image description