Nəzəriyyə beynin əzbərləmə vərdişini, praktika isə beynin yaradıcılıq qabiliyyətini göstərən amildir Nəzəriyyə beynin əzbərləmə vərdişini, praktika isə beynin yaradıcılıq qabiliyyətini göstərən amildir

Gələcəkdə görəcəyik ki, robototexnika süni intellektsiz heç nədir - İlahə Fazilova

Nəzəriyyə beynin əzbərləmə vərdişini, praktika isə beynin yaradıcılıq qabiliyyətini göstərən amildir

Sosial şəbəkələrdə təhsillə bağlı yazıların müəllifi, ITE Azərbaycanda proyekt meneceri İlahə Fazilova təhsilin praktik səviyyəyə gətirilməsi ilə bağlı AzNews.az-a müsahibə verib.

Image result for İlahə Fazilova

-Təhsilin praktik səviyyəyə gətirilməsində əsas rolu kim oynayır? Müəllim yoxsa, birbaşa Təhsil nazirliyi?

- Bu prosesin yerinə yetirilməsində hər iki tərəf, yəni həm Təhsil Nazirliyi, həm də müəllimlər əsas rolu oynayır. Hamıya məlumdur ki, istənilən sahədə islahat aparmaq üçün əvvəlcə məzmun və çərçivə hazırlanmalı, daha sonra kadrlar təlimatlandırılmalıdır.

İcazənizlə sualınıza bir az ətraflı cavab verim. İstəyirəm, təhsilin praktik səviyyəyə gətirilməsi deyəndə nəyi nəzərdə tutduğumu açıq formada izah edim. Təsəvvür edin, MBA və ya Biznesin təşkili və idarə edilməsi üzrə ali təhsil alırsınız. Amma dərslər mühazirə, seminar formatında keçirilmir, hər ay və semestrin sonunda tələbələrə marketinq, menecment, işgüzar etika, statistika, beynəlxalq hüquq və s. fənləri ilə bağlı yaddaşı yoxlamağa yönəlmiş 1-2 abzaslıq yazı yazdırılmır və kompüter arxasında hafizə yoxlayan testlər vasitəsilə imtahan aparılmır.

Düşünün ki, yuxarıda sadalananların əvəzində, hər auditoriya üçün təyin olunan qrup rəhbəri sizə təhsil aldığınız müddətdə təşkil olunan öyrənmə mühitini və bu mühitdə baş verən prosesləri izah edir: "Sizin təhsil aldığınız müddətdə biz kiçik də olsa biznes quracağıq, məsələn kitab nəşri ilə məşğul olacağıq ya hər hansı məhsulun satışını həyata keçirəcəyik, geyim mağazası açacağıq və s. Biznes istiqamətini özünüz seçəcəksiniz, bazarın analizini həyata keçirəcəksiniz, ən çox ehtiyac olan sahədə biznesinizi qurmağı planlaşdıracaq və daha sonra isə o biznesi quracaqsınız. Təhsil aldığınız məkan, həm də sizin üçün iş yeri olacaq. Bu prosesdə müxtəlif fənn müəllimləri və mən sizə istiqamət verəcək və mentorluq edəcəyik. Ehtiyac yarandığı müddətdə müxtəlif icma nümayəndələri, biznes sahəsində uğur qazanmış biznesmenlərlə görüşləriniz də təşkil olunacaq”. Sonra həmin qrup rəhbəri iki il ərzində tədris olunacaq fənlərin adlarını və materiallarını tələbələrə təqdim edir və digər fənn müəllimləri ilə birgə onlara biznesin qurulması istiqamətində müxtəlif tövsiyələr verir. Uzun sözün qısası, tələbələr işi qurmağa başlayırlar, hüquqi sənədləşmələr üçün istər-istəməz hüquq və beynəlxalq hüquq fənnini, işlərini və tabeliklərindəki işçiləri idarə etmək üçün menecment fənnini, rəsmi görüş və iclasların keçirilməsi, işçilərlə düzgün münasibətin qurulması üçün işgüzar etikanı, hazırladıqları məhsulları bazara çıxarmaq üçün marketinq fənnini, maliyə hesablamalarının aparılması üçün riyaziyyat fənini, eləcə də digər fənləri birbaşa iş prosesində öyrənirlər. Tələbələr tez-tez onlara təyin edilən pozisiyaları dəyişirlər, qrup rəhbəri isə tələbələr bir pozisiyadan digərinə keçdikdə (məsələn, menecerlikdən marketinq şöbəsinə) onların davranışlarını və bacarıqlarını müşahidə edir, qeydlərini aparır. Beləliklə, təhsil müddəti sona çatır, tələbələrin yekun qiymətləndirilməsi aparılır, onlara diplomla birgə sertifikatlar da təqdim olunur. Sertifikatlaşdırma zamanı tələbənin hansı pozisiyada daha məhsuldar olduğu nəzərə alınır və həmin pozisiya üzrə də sertifikatlaşdırılır. Eyni zamanda universiteti bitirən tələbəyə təcrübə məktubu verilir.

Bu tədris formasında fənlərin hansı ardıcıllıqla, hansı kursda keçirilməsini təsəvvür edin, tələbə qərar verir, müəllim isə sadəcə yönləndirici olur. Uzun sözün qısası, tələbənin əlinə tam (iş) verilir, o da o tamın hissələrini (lazım olan fənləri) öyrənir.

Bu tədris formasında:

Universitetin qazancı: əlavə gəlir və özünümaliyyələşdirmək üçün müxtəlif bizneslərin yaradılması, növbəti tələbə qəbulu ilə bu işin mütəmadi davamı.

Tələbənin qazancı: birbaşa iş bazarının tələbinə uyğun hazırlığı, iş təcrübəsi, ən əsası səriştəyə yiyələnməsi.

İş yerlərinin qazancı: peşəkar, sərbəst qərar qəbul edən və iş yerlərinin tələblərinə uyğun işçilər.

Cəmiyyətin qazancı: işsizliyin azalması, təhsilə marağın artması, təhsilin real həyata kadr hazırlaması, "diplom xatirinə oxuma"nın aradan qaldırılması.

Sonuncu aldığım təhsil MBA üzrə olduğu üçün istər-istəməz o haqda düşünəsi oldum və “mən necə daha yaxşı öyrənə bilərdim?” sualı ətrafında belə öyrənmə mühiti təsvir etdim. Qeyd edim ki, bu formada təhsil dünyanın bir çox ölkələrində həyata keçirilir.

Təhsilin praktik səviyyəyə gətirilməsi də məhz belə bir sistemi özündə ehtiva edir. Praktika hafizənin yoxlanılmasına yönəldilmiş tapşırıqların icrasını özündə əks etdirməməlidir, praktika öyrənmə prosesinə və metoduna çevrilməlidir. Təhsil məhz praktika əsasında aparılsa, istər şagirdləri, istərsə də tələbələri cəmiyyətin və dövrün tələblərinə uyğun mütəxəssis kimi hazırlaya bilər.

-Təhsil alanları gələcəyin peşələrinə hazırlamaq üçün pedoqoqların üzləşdiyi başlıca problemlər hansılardır?

- Bu yaxınlarda “Gələcəyin peşələrinə hazırlıq üzrə dünyanın təhsil mənzərəsi” (Worldwide Educating for the Future Index) hesabatı ilə tanış oldum.Təhsil alanları gələcəyin peşələrinə hazırlayan ölkələr arasında ilk yerdə Finlandiya, ikinci yerdə isə İsveçrə gəlir. Hər iki ölkədə təhsil alanları gələcəyin peşələrinə hazırlamaq üçün dövlət siyasəti qəbul edilmişdir. Belə ki, onlar mütəmadi olaraq gələcəyin peşələrini müəyyən etmək üçün çevik strategiyalar qurur və periodik olaraq bu məsələni diqqət mərkəzində saxlayırlar. Bizdə bu sahədə vəziyyət təxmini və qısa olaraq acınacaqlıdır. Elmi sahələr bir tərəfə son 10 ildə adi istifadə etdiyimiz məişət avadanlıqlarında texnoloji inkişafın sürətini izlədiyimiz halda, nədənsə bu inkişafı dəstəkləyən məzmunu gözardı edirik. Loru dildə desəm, şagirdləri təxminən 10 il əvvəl təsdiqlənən təhsil proqramının (kurikulum) yaranmasını zəruri edən XXI əsr bacarıqlarına hazırlayırıq. Sürətli inkişaf bu təhsil proqramlarının məzmununun yenilənməsini zəruri edir. Bu hal daha çox özünü müasir dövrün tələbinə uyğun gəlməyən texniki fənlərin tədrisində biruzə verir. Riyaziyyat müəllimi kimi düstur və hesablamaları yalnız nəzəri çatdıracam, tədris mühitində hər hansı real həyat probleminin həllində şagirdlərlə birgə tətbiq edə bilməcəyəmsə (söhbət misal həllindən getmir), o fənnin şagird üçün əhəmiyyətini bəzəkli sözlərlə ifadə etməyin mənası yoxdur. Və ya informatika müəllimi kimi 1-7-ci sinfə kimi mətn redaktorunda işləmək üçün bacarıqlar formalaşdıracam, proqramlaşdırmanın tədrisini yalnız kodlaşdırmanı yazmaqla göstərəcəmsə, əyani olaraq yaratdığımız hansısa qurğuda o kodlaşdırmanın hansı işə yaradığını şagirdlərlə birgə icra edə bilməyəcəmsə, bu fənni necə müasir fənn adlandıra bilərəm? Və ya artıq bütün inkişaf etmiş ölkələrin kurikulumlarına daxil olan biotexnologiyadan söhbət açanda XX əsrin birinci yarısında rus alimi İvanovun spirt qıcqırmasını ətraflı tədqiq etməsi, fosforlu üzvi birləşmələrin əmələ gəlməsini elmi olaraq sübut etməsi, Kostiçev və Qutkeviçin mikroskopik göbələklərin köməyilə bir çox üzvi turşuların alınma texnologiyasını öyrənməsi və 1930-cu ildə praktiki olaraq limon turşusu almasından bəhs edəcəm, nəzəri məlumat verəcəm, ən yaxşı halda 1-2 sadə təcrübə nümayiş etdirəcəmsə, digər ölkələrin şagirdləri isə insan orqanizmində yaranan hər hansı problemin həlli üçün bir avadanlığın layihəsini hazırlayacaq, onun proqramını yazacaq və prototipləşdirəcəksə neynirəm bu fənni şagirdlərə boş yerə əzbərlədim?

Worldwide Educating for the Future Index (WEFFI) hesabatına görə təhsil alanları gələcəyin peşələrinə hazırlamaq üçün pedaqoqların üzləşdikləri əsas problem texnoloji inkişafın tədris proqramlarındakı məzmun və fənnin tədrisi metodikasında mövcud olan ənənəvi yanaşmalarla üst-üstə düşməməsi və EMOSİONAL ZƏKA, YARADICI DÜŞÜNCƏ və ƏMƏKDAŞLIQ kimi lazım olan üç əsas bacarıqların tədris mühitində öyrədilməməsidir.

İndi bir baxaq görək bu yanlış tanıdığımız TEXNOLOJİ İNKİŞAF nədir və sürəti necə ölçülür? Ümumiyyətlə Texnoloji inkişafın sürəti (“Dördüncü Sənaye İnqilabı" olaraq adlandırılır) - avtomatlaşdırma, süni zəka, internet, genetika elmi ilə biotexnologiya sahəsinin birləşməsi, məlumat bazalarına sürətli giriş və s. kimi əsas komponentləri özündə ehtiva edir. Əvvəlcə onu vurğulayım ki, texnoloji inkişaf bizdə fənlərin məzmununda özünü göstərmir. Hesabatda xarici dil öyrənmənin və süni intellekti sinifdə öyrənmə vasitəsi kimi istifadə etməyin əhəmiyyətinə xüsusi diqqət yönəldilir. Süni intellekt deyəndə ağlımıza yalnız süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütvi Zadə və ən yaxşı halda bir neçə nümunə gəlir. Ümumiyyətlə, süni intellekt - insanın həyatını asanlaşdıran, onun həyatda qarşılaşdığı problemləri həll edə bilən cihaza insan kimi düşünmək bacarığı proqramlaşdırmaqdır. Gün gələcək biz də görəcəyik ki, robototexnika süni intellektsiz heç nədir. Yəni, gələcəkdə cəmiyyətə, onun problemlərini həll etməyə müxtəlif missiyalar yüklənərək hərəkətləri proqramlaşdırılan, rəqs edən, qaçan robot yox, məhz gündəlik həyatda qarşıya çıxan problemləri həll edən robot lazımdır. Məsələn, məktəbin həyətini təmizləyən, şagirdləri ora zibil atmağa qoymayan proqramlaşdırılmış robot və ya cihaz. Bunun üçün isə şagirdlərdə bir çox düşüncə tərzləri və bacarıqlar formalaşdırmaq lazımdır, problemləri müəyyən etmə, real həyat problemlərinin həllinə yönəlmə və s.

- Nəyə görə İQ səviyyəsi zəkanın əsas ölçü vahidi hesab olunur?

- İQ ilə bağlı belə bir məşhur fikir var: “İntellektual zəka (İQ) insanların universitetə, akademik biliklərin öyrənilməsinə, Emosional zəka (Emotional İntelligence – Eİ və ya EQ) isə həyata və işə başlaması üçün lazımdır.”

Ümumiyyətlə bir çox ölkələrdə uğurlu iş təcrübəsi olanlar arasında psixoloqlar araşdırmalar aparıblar. Araşdırmalar nəticəsində məlum olub ki, iş prosesində orta İQ-yə malik insanlar yüksək İQ-yə malik insanlardan daha bacarıqlı olurlar. Bu fikir İQ-nün həyatda uğur qazanmanın əsas təməl səbəbi olduğu ilə bağlı fikirləri təbii ki, alt-üst edir. İşdə və həyatda uğur qazananların 90%-i emosional zəkası yüksək olan insanlardır. Bizdə belə araşdırmalar mövcud olmasa da, hər kəs məncə belə nümunələrə kifayət qədər rast gəlib. Ümumiyyətlə, emosional zəka bizim davranışlarımızı, müxtəlif situasiyalarda hisslərimizi necə idarə edə bildiyimizi, sosial problemləri necə qarşıladığımızı və onları həll etmək üçün hansı tərzdə qərarlar verdiyimizi müəyyən edir. İş həyatında emosional zəka fərdin ünsiyyət qurmasına, karyera və şəxsi hədəflərə çatmağına yardımçı olur. Emosional zəka həm də stresi azaltmaq üçün pozitiv istiqamətdə duyğuları yönəltmə, başqalarına qarşı empati qurma, çətinliklərin öhdəsindən gəlmə və mübahisələri rahat idarəetmə bacarığıdır.

Əslində iş həyatında bacarıqlı olan insanların sirrlərinin tək İQ ilə əlaqəli olmadığını Michael Beldoch 1964-cü ildən araşdırmağa başladı. Daha sonra bu dalğa bir çox psixoloqların fikirlərinə təsir etdi. Aşağıda bəzi fikirləri qeyd edirəm:

“İQ yalnız akademik uğur gətirəcək, həyatın digər sahələrində, yəni qazanılan akademik biliyin praktikada tətbiqində isə özünü doğrultmayacaqdır”. (Robert Sternberg, psixoloq)

“Bir insanın təzyiqlərin və problemlərin öhdəsindən gəlmə vərdişlərinin olması üçün emosional və sosial zəkaya malik olması vacibdir”. (D-r Reuven Bar-On, psixoloq, 1980)

“Emosional zəka insanın öz hisslərini anlaması, başqalarının hisslərinə empati ilə yanaşması və həyatlarını zənginləşdirmək üçün hisslərini tənzimləmək qabiliyyətinin olmasıdır.” (D-r Daniel Goleman, psixoloq, Harvard universitetinin müəllimi, 1995)

Emosional zəkanın iş, şəxsi, təhsil həyatında əhəmiyyəti və onu inkişaf etdirməyin yolları haqqında ən yaxşı ədəbiyyat Daniel Goleman-ın "Emosional zəka" kitabıdır. Bizim dildə tərcüməsi təəssüf ki, yoxdur. Artıq dünya təcrübəsində işəgötürənlər işçinin işə götürülməsi prosesində emosional zəkanı ölçən müxtəlif testlərdən istifadə etməyə başlayıblar.

- Şagirdlər hər hansı bir fənn üzrə yaradıcı təfəkkürü inkişaf etdirmək üçün ilk olaraq nəyə diqqət yetirməlidirlər?

- Şagirdlərdə hər hansı fənn üzrə yaradıcı təfəkkürü inkişaf etdirmək üçün ilk növbədə dövrün tələbini izləmək, bu tendensiyanı izləyən çevik kurikulumlar yaratmaq, fənnin məzmunu ilə yanaşı tədris metodikasını dəyişmək, şagirdlərə fərdi yanaşaraq onların potensialını üzə çıxarmaq və məhz o istiqamətdə inkişaf etdirmək lazımdır.

Bu yaxınlarda rastıma çıxan iki situasiyanı nəzərinizə çatdırmaq istəyirəm. Ətrafımda müşahidə etdiyim iki valideyn (İbtidai təhsil səviyyəsi və ümumi orta təhsil səviyyəsində təhsil alan şagirdlərin valideynləri) bir neçə gündür ki, iş saatından sonra evdə övladlarına ev tapşırığı kimi verilən rəsm əsərlərini çəkməklə məşğul idilər. İbtidai təhsil səviyyəsində Ana dili fənnində tədris olunan "Turpun nağılı" mövzusunda prosesi əks etdirən rəsmi, ümumi orta təhsil səviyyəsində isə Azərbaycan dili və ədəbiyyat fənni üzrə Milli Qəhrəmanımız Mübariz İbrahimova həsr olunan mövzuda isə Mübariz Qəhrəmanovun portretini əks etdirən rəsmi çəkmək şagirdlərə tapşırıq olaraq verilmişdi. (Fakt iki müxtəlif məktəbdə qeydə alınıb).

Bir sinifdə orta hesabla 25 nəfərdən ibarət şagird olduğunu düşünsək, sadə məntiqə əsasən bu şagirdlərin hər birində müxtəlif intellekt növü üzrə bacarıqların (istedadların) olduğunu nəzərə alsaq, niyə görə hamı rəsm çəkməyə, yəni vizual intellektin inkişafına yönəlməlidir? Məsələn, mən saatlarla əlimdə fırça əyləşsəm ən yaxşı halda çəkəcəyim rəsm gülən üz (smayl) rəsmi ola bilər. Başqa sadə məntiqə əsasən niyə mənim verbal-linqvistik, məntiqi-riyazi, bədən-kinestetik və ya musiqi-ritmli intellektim güclü olduğu halda, mən qəbul etdiyim informasiyanı öz intellektimə uyğun deyil, məhz rəsm çəkməklə təsvir etməliyəm? Məncə, bu haqda ciddi düşünməyə dəyər. Çünki, bu yanaşma şagirdlərin məsuliyyəti öz üzərindən atması, tapşırıqlarını valideynlərinə işlətməsi və informasiyanı öz istədiyi kimi çatdırmaq istəyindən məhrum olması ilə bərabər, onlarda dərsə həvəs və motivasiyanı da öldürür, eyni zamanda yaradıcı düşünməsinin qarşısını alır.

Nəzəriyyə beynin əzbərləmə vərdişini, praktika isə beynin yaradıcılıq qabiliyyətini göstərən amildir. Nəzəriyyədən praktikaya keçid ən çox şagird tapşırıqlarında özünü göstəririr.

-Nəyə görə gələcəyin peşələrinə uyğun bacarıqlar sinif mühitindən kənarda formalaşdırılır?

- Yuxarıda qeyd etdiyim “Gələcəyin peşələrinə hazırlıq üzrə dünyanın təhsil mənzərəsi” (Worldwide Educating for the Future Index) hesabatında deyilir ki, gələcəyin peşələrinə uyğun bacarıqlar sinif mühitindəki öyrənmə prosesindən kənarda formalaşdırılır. ABŞ və İngiltərədə dərs saatları bitdikdən sonra müxtəlif klubların, dərnəklərin rolu xüsusi ilə qeyd olunub. Bu klubların faydaları xüsusi ilə aztəminatlı ailələrin yaşadığı bölgələrdə mövcud olan məktəblərin performasında müşahidə olunub. Bu klub və dərnəklər məktəblərdə fəaliyyət göstərir, yəni nə isə layihə hazırlamaq istəyən və ya mühəndislik bacarıqlarını inkişaf etdirən şagird pullu kurslara deyil, məktəblərində mövcud olan bu kurslara gedir.

Hesabatda həmçinin deyilir ki, 2016-ci ildə nəşr olunan araşdırmaya görə bu fəaliyyətə qoşulan uşaqların akademik bacarıqları, sosial, emosional və davranış qabiliyyətləri getdikcə yüksəlməyə doğru gedib.

Bu sadəcə nümunələrdən və xarici ölkə təcrübələrindən biridir. Bəzi ölkələrdə gələcəyin peşələrinə hazırlıq təhsil proqramının tərkibinə daxildir və dövrün, cəmiyyətin tələbinə uyğun mütəmadi olaraq yenilənir.

Səidə Vahid

AzNews.az