"Aparılan siyasət gənclərin irəli çəkilməsi ilə yanaşı yeni düşüncənin prosesə qatılmasıdır" "Aparılan siyasət gənclərin irəli çəkilməsi ilə yanaşı yeni düşüncənin prosesə qatılmasıdır"

Bədrəddin Quliyev: “Mən təkamül yolunu məqbul hesab edirəm”

"Aparılan siyasət gənclərin irəli çəkilməsi ilə yanaşı yeni düşüncənin prosesə qatılmasıdır"

Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev müsahibə verib.

AzNews.az Teleqraf.com-a istinadən müsahibəni təqdim edir:

- Bədrəddin bəy, seçki öncəsi vəziyyəti necə qiymətləndirirsiniz?

- Azərbaycanda növbədənkənar parlament seçkilərinin kçirilməsi zənnimcə, yeni bir baxışın, yeni bir siyasi sistemin əsasını qoyacaq. Ölkə daxilində atılan addımlar, övbədənkənar parlament seçkiləri əslində bir çoxlarının qiymətləndirə bilmədiyi formada ölkə daxilində inqilablar deyil, təkamülə əsaslanan irəliləmək yoludur. Bu, yeni prosesin başlanğıcıdır. Bu prosesə cəmiyyət üzvlərinin hazır olub-olmadığı ayrı mövzudur. Əsas odur ki, köhnə kadrlar, SSRİ dən qalma nomenklatura nəsil dəyişikliyi ilə üzləşib. Nəsillər dəyişməli, yeni nəsil yeni keyfiyyətlə ortaya çıxmalıdır. Bu təbii prosesdir. Köhnə sistemin ətalətini çevik sistem əvəz edir. Bu seçkilərlə bağlı mənim müəyyən təkliflərim var.

- Konkret hansı təklifləri nəzərdə tutursunuz?

- Əlbəttə, mən öz baxışlarımı ifadə edirəm. Əgər biz parlament seçkilərinə gediriksə, yaxşı olardı ki, parlamentli respublika yolunu tutaq. Bu sistemə uyğun olaraq parlamentdə indiki halda Yeni Azərbaycan Partiyası özünün baş nazirni irəli sürə bilər. Yəni əsas üstünlük baş nazirlik institutuna verilə bilər. Seçkilərdən sonra referendum keçirilə bilər. Diqqət etsəniz, görərsiniz ki, qonşu Gürcüstan, habelə düşmən Ermənistan da bu sistemə keçid edib. Yeri gəlmişkən, qeyd edim ki, 1918-ci ildə yaradılan Demokratik Cümhuriyyətimiz də parlamentli respublika modelində olub. Biz müstəqilliyimizi qəbul edəndə açıq bəyan etmişik ki, Xalq Cümhuriyyətinin varisiyik. Bu varislik parlamentar üsul-idarəyə daha çox uyğun gəlir. Mən arzu edərdim ki, seçkilərdən sonra bu məsələ gündəmə gəlsin. Eyni zamanda proporsional seçki sisteminə qayıdılsın. Həmçinin arzu edirəm ki, fevralda keçiriləcək seçkilər Azərbaycanın imicinə müsbət mənada təsir etsin. Azərbaycanın bu proseslərdə udması, güclü olması hamımıza lazımdır. Baxın, biz ilin son ayını yaşayırıq. Avropa Birliyi ilə təhlükəsizlik mövzusunda əməkdaşlıq edilir, saziş imzalanması ətrafında müzakirələr aparılır, ölkəmizin Ümumdünya Ticarət Təşkilatına qoşulması məsələsi var. Bu seçkilər Azərbaycanın uduşuna işləyə bilər. Biz Avropa və dünya ilə yeni iqtisadi əlaqələrimizin qurulması, TANAP layihəsinin həyata keçirilməsi ərəfəsindəyik. Həm Rusiya, həm də İrana qarşı sanksiyaların baş verdiyi məqamda bölgənin coğrafiyası dəyişir. Və yeni siyasi sistem yaranır. Biz bu yeni sistemdə demokratik dəyərlərimizlə öz yerimizi tapa bilərik. Mən arzu edərdim ki, ölkəmizdə keçirilən seçkilər milli birliyə gətirib çıxarsın. Bizim üçün qanunun aliliyi, ərazi bütövlüyümüz və vətənimizin qorunması, beynəlxalq qurumlar tərəfindən tanınan dövlət sərhədləri çərçivəsində ərazi bütövlüyümüzü təmin etmək şansı olsun. Yəni seçkilər bu baxımdan implus versin. Demokratiya və güc amili bizim üçün vacibdir. Ölkə daxilində də vətəndaş cəmiyyətinin inkişafı baş verməli, vətəndaş sülhü olmalıdır. Təkamül əsasında inkişaf prosesi getməlidir.

- Demək istəyirsiniz ki, seçki bu baxımdan xüsusi əhəmiyyətə malikdir?

- Bəli, mən gələcəkdə bələdiyyə institutunun gücləndirilməsi, onların səlahiyyətinin artırılması, habelə böyük şəhərlərdə mer seçkilərinin keçirilməsi tərəfdarıyam. Ümid edirəm ki, bu istiqamətdə də islahatlar həyata keçiriləcək. Beləcə cəmiyyətdə istedadlı, intellektual, savadlı və qabiliyyətli insanlar seçki yolu ilə prosesdə iştirak edə bilər. Məncə, bu prosesdə iştirak etmək və onu dəstəkləmək lazımdır. Mənim arzum budur. Eyni zamanda Milli Məclisdə deputat sayının artırılması barədə də düşünülə bilər. Məsələn, 125 deyil, 150 və ya 175 deputat ola bilər. Yəni parlamentar sistemə keçidlə ölkənin bütün problemləri parlamentdə müzakirəyə çıxarıla, fərqli partiyalar fikirlərini söyləyə bilər. Beləcə inqilablar deyil, müzakirələr yolu ilə məsələlər müzakirə edilər, seçki mədəniyyəti inkişaf edər. Mən arzu edərdim ki, prosesin davamı bu formada olsun.

Konkret seçkilərə gəldikdə deyim ki, bir var ziddiyyətlər, bir də var problemlərin müzakirəsi və təkamül yolu. Mən təkamül yolunu daha məqbul hesab edir, bunun mərhələli şəkildə aparılmasını münasib sayıram. Həmçinin regionda, dünyada gedən prosesləri, starteji maraqları nəzərə alaraq, həm Azərbaycan iqtidarı, həm də müxalifəti birlikdə olmalı, milli və dövlətçilik maraqları baxımından proseslərdə vahid mövqedən çıxış etməlidir. Millət olaraq biz nə qədər qarşıdurma və ziddiyyətlərə getsək, bir o qədər parçalanacağıq. Bizi birləşdirən, bir ortaya gətirən məqamları tapmalı və bunun üzərinə getməliyik. Bu da bizim dövlətləşməyimiz, millətləşməyimizdir. Daxildə problemlərimizi həll etdikcə, bizi daxildən parçalamaq çətin olar. Əksinə, taleyiklü problemlərimizin üzərinə daha inamlı gedə və onu həll edə bilərik. Yəni milli təhlükəsizlik konsepsiyasına, ölkənin starteji yol xəritəsinə, millətimizin maraqlarına uyğun olaraq dünya siyasətində baş verən proseslərdə yerimizi tapmağımız vacibdir.

Bizim Qarabağ kimi problemimiz var və onun həlli üçün potensialımızı, gücümüzü ortaya qoymalıyıq.

- Son dövrlər sanki dünyada türk toplumunun da gücü və hadisələrə təsir imkanları artır. Bu nədən xəbər verir?

- Əslində fikrimi onunla tamamlamaq istəyirdim ki, bizim milli hədəflərimiz var. O taylı, bu taylı milli məsələmiz var. Regionun coğrafiyası dəyişir, şərait yetişir. Son dövrlər türk dünyası ilə əlaqələr qurulur. Əvvəl deyirdik, “bir millət, iki dövlətik”. İndi 6 dövlətik, hələ bu birlikdə müşahidəçi statusunda başqa ölkələr də təmsil olunur. Türk dünyasının rolunun getdikcə artması, əlaqələrin qurulması müşahidə edilir. Azərbaycanın özü türk dünyasının bir körpüsünə çevrilib. Həm iqtisadi, həm siyasi əlaqələr, türk dünyasının getdikcə birləşməsi və dünya siyasətində rolunun artması var. Biz bir millət olaraq bu prosesdə iştirak etməliyik. Buna da milli birlik yaratmaqla gedə bilərik. Cəmiyyəti irəli aparmalı, dünyada daha da güclü olmağımıza şərait yaratmalıyıq. Bunun bir yolu da seçkilərdən güclü çıxmaq, imicimizi möhkəmlətmək, demokratik ənənələrə sadiq qalmağımızdan keçir.

- Qarşıdan parlament seçkiləri gəlir. Siz, seçkilərdə iştirak edəcəksinizmi?

- Əslinə qalsa, aparılan siyasət gənclərin irəli çəkilməsi ilə yanaşı yeni düşüncənin prosesə qatılmasıdır. Odur ki, bu prosesdə iştirak edərək, biz də öz töhvəmizi vermək istəyirik.

Cümhuriyyət Xalq Partiyası olaraq dəfələrlə müraciət edərək, qeydiyyata alınmağa çalışdıq. Ancaq bu məsələ həllini tapmayıb. Yəni dövlət qeydiyyatından keçə bilməmişik. Seçkilərdə partiya kimi iştirak edə bilməsək də, hamı bilir ki, bizim öz partiyamız var və faktiki onun adı ilə seçkilərə qatılırıq. Hazırda müttəfiq partiyalarla mənim namizədliyimi dəstəkləməklə bağlı danışıqlar gedir. Hakim Yeni Azərbaycan Partiyası namizədlər siyahısını elan etdikdən sonra mən buna uyğun olaraq, hansə dairədən namizəd olacağıma qərar verəcəyəm.

AzNews.az