Hər gün inqilab baş vermir - Misir Ərəb Respublikasının səfiri

Bu inqilabdan sonra Misirdə hər şey dəyişdi

AzNews.az “AzPolitika.info-ya istinadən Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Adel İbrahim Ahmedlə müsahibəni təqdim edir:

-Cənab səfir, müsahibəyə Misirin bugünkü vəziyyəti ilə başlamaq istərdim. 2011-ci ildə baş verən hadisələrdən 8 il ötür, bu müddətdə ölkədə hansı dəyişikliklər baş verib, 8 ilin əsas nailiyyətləri və problemləri kimi nələri qeyd edərdiniz?

-Bildiyiniz kimi 25 yanvar 2011-ci ildə Misirdə inqilab baş verdi və ölkədə dəyişikliklər oldu. Ən önəmlisi seçkilər keçirildi. Bilirsiniz ki, belə dövrlərdə qeyri-sabitlik olur. Bunun da nəticəsində “Müsəlman Qardaşları” təşkilatı hakimiyyətə gəldi. Həmin dövrdə “Müsəlman Qardaşları” təşkilatı geniş şəkildə fəaliyyət göstərirdi və bunun nəticəsi olaraq, seçkilərdə çox yer qazandı.

Ancaq vəziyyəti düzəltmək üçün Misir xalqı 30 iyun 2013-cü il inqilabını etməyə məcbur oldu. Bu inqilabdan sonra Misirdə hər şey dəyişdi, Konstitusiya qəbul edildi, yeni parlament və yeni Prezident seçildi. Bu dövrdən sonra indiyə kimi Misirdə baş verən siyasi və başqa proseslərin hamısı demokratik şəraitdə həyata keçirilir - istər parlament seçkiləri, istərsə də Konstitusiyaya dəyişikliklər olsun. Bu seçkilərdə təxminən 22-25 milyon seçici iştirak edir. Bu göstərici Misir üçün böyük rəqəmdir. Çünki, bundan əvvəlki mərhələlərdə seçicilərin siyasi fəallığı az olub. Bütün bu sadaladıqlarımı sualınızın girişi olaraq diqqətinizə çatdırdım. Əsas sualınıza - Misirin hazırkı vəziyyətinə gəlincə, Misirdə artıq sabitlikdir. Misir bütün baş verən neqativ hallara artıq qalib gəlib, onların aradan qaldırılmasına nail olub. Misir istər siyasi, istərsə iqtisadi, istərsə də maliyyə cəhətdən bunların hamısını həll yollarını axtarıb tapıb.

-Sözünüzdən belə qənaətə gəlmək olar ki, “Təhrir” meydanındakı etirazlara yol açan səbəblər tam ardan qaldırılıb. Amma bütün bunlara baxmayaraq, ara-sıra etiraz aksiyaları da baş verir...

-25 yanvarda baş verən inqilabın birinci səbəbi siyasi müstəviyə aid idisə, ikinci səbəb cəmiyyətdə ədalətsizliyin olmasıydı. Üçüncü səbəb isə 30 il hakimiyyətdə qalmaq idi. Bundan sonrakı vəziyyət necə olacaqdı? Bu da bəlli deyildi. Yuxarıda qeyd etdiyim kimi, 2013-cü ildən sonra artıq bu səbəblərin hamısı öz həllini tapmağa başladı: Konstitusiya qəbul edildi, Misir dövlətinin həyatında olan bütün problemlər demokratik yolla həllini tapmağa başladı. Bura onu da əlavə etmək istəyirəm ki, yeni inqilabdan sonra bunların hamısı aradan qaldırılıb, 5 faiz iqtisadi artım olub. Misirin inkişafına dəstək məqsədi ilə Beynəlxalq Maliyyə Fonduyla razılaşma əldə olunub. Yolların inşası, digər sahələrdə inkişaf artıq nəzərəçarpacaq dərəcədə özünü göstərməkdədir. Misirə gələn turistlərin sayı 15 milyona çatıb.

-Misirdə prezident Əbdül Fəttah əs-Sisinin ölkənin idarə olunması, iqtisadi inkişafla bağlı yeni yanaşmasını qeyd edirlər. Bu yeni yanaşma nəyi ehtiva edir?

-Bunların bir neçəsini artıq mən qeyd etdim: siyasi inkişaf, parlamentin seçilməsi, başqa partiyaların demokratik şəkildə bu siyasi prosesdə iştirak etməsi, yeni Prezidentin seçilməsi və s. Bununla yanaşı onu da qeyd etmək istəyirəm ki, Misirdə artıq bu proseslərdə hər bir qurum sərbəst şəkildə iştirak edir, yeni partiyalar artıq demokratik şəkildə öz fəaliyyətlərini davam etdirir, seçkilərə qatılır. Dövlətdə olan bütün strukturların hamısı yeni formada öz fəaliyyətlərini davam etdirir.

-Bir az əvvəl dediniz ki, birinin 30 il hakimiyyətdə olması artıq yetər və bundan sonra nə olacağı da məlum deyildi. Yaxın keçmişdə Misirdə iki böyük dəyişiklik baş verib. Yəni “bundan sonra nə olacağı məlum deyildi” fikrini söyləməklə yeni inqilab təhlükəsinin ola biləcəyinimi demək istəyirsiniz?

-Birincisi, heç kim gələcəyi görə bilməz. İkincisi, belə qənaətə gəlmək olur ki, hər gün inqilab baş vermir. Tarixə nəzər salsaq görərik ki, inqilablar müəyyən vaxt aralığından sonra olur. Bizə baxdıqda, üç ildə iki inqilab baş verdi. Xalq da görür ki, siyasi, iqtisadi cəhətdən inkişaf, irəliləyiş, yenilənmə var. Bir müddət lazımdır ki, bu proseslərin onları qane edibetmədiyi aydınlaşsın. Buna görə də inqilab ola biləcəyini demək çətindir.

-Cənab səfir, son illər müsəlman dünyasında çox böyük bölünmələrin şahidiyik. Təəssüf ki, İslam ölkələri arasında sanki “soyuq müharibə” gedir. Misir bu məsələlərdə hansı mövqedən çıxış edir?

-İslam dünyasında bölünməyə səbəb bəzi İslam dövlətlərinin dindən siyasi məqsədlə istifadə etməsi və başqa ölkələrin daxili işlərinə qarışmasıdır. Bunun da səbəbkarları hər kəsə məlum olan bəzi dövlətlərdir.

-Niyə bu ölkələrin adlarını çəkmirsiniz?

-Oxucular üçün çox aydın olduğundan ölkə adlarını qeyd etməyə ehtiyac yoxdur.Hansı dövlətdə problemlər, qeyri-sabitlik varsa, həmin dövlətlərin müxtəlif qruplaşmalara dəstək verdiyini görəcəksiniz.Misir dindən siyasi məqsədlə istifadə etmək fikrini rədd edir. Bilirəm ki, Azərbaycan da eyni siyasəti yürüdür.

-Misir müsəlman sivilzasiyasının maarif, mədəni, elm mərkəzlərindən biri kimi tanınır. Qahirə universitetləri isə müsəlman dünyasının ən nüfuzlu təhsil ocaqları kimi qeyd edilir. Müasir dövrdə Misir bu statusunu qoruyub saxlaya bilirmi?

-Bildiyiniz kimi Misirdə təhsil sahəsi hər zaman inkişaf edib və yüksək səviyyədə olub. Universitetlərimiz dünyada hər zaman reytinqli ali məktəblər kimi qəbul edilib. İslam dünyasının ən qədim universitetlərindən biri olan Əl-Əzhər Universitetinin də özünəməxsus yeri, nüfuzu var. Ümumiyyətlə, təhsil sahəsindəki islahatlara Misir hökuməti çox önəm verir, bu sahəni diqqətdə saxlayır. Bununla yanaşı Misirdə özəl təhsil sistemi də inkişaf edir. Qahirədə yeni paytaxt İnzibati İdarəetmə Mərkəzi salınır. Orada böyük bir məhəllədə dünyanın tanınmış universitetləri özləri üçün artıq yer götürüb. 2-3 il ərzində Misir böyük bir təhsil mərkəzinə çevriləcək.

-Azərbaycan-Misir əlaqələrini necə xarakterizə edərdiniz? İkitərəfli əlaqələrin inkişafı üçün daha nələr etmək vacibdir?

-İki ölkə arasında əlaqələr çox yüksək səviyyədədir. Burada müəyyən maneələr də mövcuddur, bunlardan biri birbaşa hava reysinin olmamasıdır. Bu da müəyyən sahələrin inkişafına mənfi təsir göstərir.

-Bu maneələri aradan qaldırmaq üçün nə kimi təşəbbüslər var?

-Təşəbbüslər olub, bilrisiniz ki, birbaşa hava nəqliyyatı vardı. Azərbaycan Hava Yolları ilə danışıqlar aparılıb, birbaşa hava reysi açılacaqdı, müəyyən səbəblərdən dayandırılıb. Şarm əş-Şeyxə də birbaşa reyslər açıldı, bir müddət davam etdi, yaxşı da nəticə göstərdi. Müəyyən səbəblərdən o da dayandırıldı. Bir çox səbəbləri qeyd edə bilərəm. İki il əvvəl ölkələr arasında Birgə Hökumətlərarası Komissiyanın Qahirədə iclası keçirildi.

Növbəti komissiyanın iclasının keçirilməsi gözlənilir. Ən önəmlisi, Misirin Xarici İşlər naziri Azərbaycanda səfərdə olub. Burada bir sıra mühüm görüşlər keçirib. Görüşlərin nəticəsi olaraq, nazir yenidən Azərbaycana gəlmək niyyətində olduğunu deyib. Hər iki tərəfdən əlaqələr öz tempi ilə inkişaf edir.

-Cənab səfir, bəs Qarabağ münaqişəsinin həllində Misir Azərbaycana hansı formada dəstək verir?

-Misir Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Misir Qarabağ probleminin sülh, danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Biz Orta Şərqdə müharibələri, onun nəticələrini görmüşük. İstər siyasi, istər də iqtisadi olsun, bütün cəhətlərdən ziyan görən xalq olur.

AzNews.az