Praktik işlərə 10-15 il sonra başlanacaq Praktik işlərə 10-15 il sonra başlanacaq

ABŞ Rusiyanı Aya buraxmır - Helium-3 uğrunda IV dünya savaşı başlayır

Praktik işlərə 10-15 il sonra başlanacaq

Enerji məsələləri üzrə ekspert Avtandil Məmmədov Yenicag.az-a müsahibə verib.

AzNews.az həmin müsahibəni təqdim edir:

– Avtandil müəllim, ötən gün dünya mediası ABŞ-ın Avropa Birliyi, Kanada, Yaponiya, BƏƏ ilə birlikdə Ayda yeni layihəyə başladığı haqqında yazdı. Kosmosun yeni “fəth layihəsi”ndə Rusiya yoxdur. Sizcə, ABŞ Ayda konkret nə axtarır?

– Bildiyim qədərilə bu hazırlıq mərhələsidir. Amma yaxın 10-15 ildə biz Ayda faydalı qazıntıların aşkarlanması üzrə praktik işlərin başlandığının şahid ola bilərik. Ehtimal edirəm ki, Ayda bu nəhəng xərcləri doğrulda biləcək yeganə faydalı qazıntı Helium-3-dür. Adi Heliumdan fərqli olaraq Helium-3 istilik monüvə enerjisində fövqəladə əhəmiyyəti olan yüngül izotopdur. Yerdə Helium-3 az olsa da, Ayda onun ciddi ehtiyatı var.

– Kosmosdakı çalışmalar, konkret olaraq Aydakı faydalı qazıntıların işlənməsi hansı hansısa beynəlxalq normalarla tənzimlənir?

– Bu sahəni tənzimləyəcək tək beynəlxalq sənəd BMT-nin 1979-cu ildə qəbul etdiyi Dövlətlərin Ayda və digər səma cismlərində fəaliyyəti haqqında Sazişdir. Sazişin 4-cü maddəsində deyilir ki, Ayda araşdırmalar aparılması və Ay səthinin işlənməsi bütün bəşəriyyətin mirasıdır və iqtisadi və elmi inkişafından asılı olmayaraq bütün ölkələrin rifahına və maraqlarına xidmət etməlidir. Maraqlı məqam ondan ibarətdir ki, Sazişi ratifikasiya edən və ya ən azından imzalayan 16 dövlətdən, Fransa xaric, heç birinin uzaq gələcəkdə belə Ayda tədqiqat aparmaq üçün iqtisadi və texnoloji gücü yoxdur. Yalnız Fransanın müstəqil, ya da hansısa layihələr çərçivəsində Ayda çalışmalar aparmaq perspektivi var. Fransa isə Sazişi imzalasa da onu ratifikasiya etməyib. ABŞ, Rusiya, Çin, Yaponiya, Böyük Britaniya… bu ölkələrindən heç biri həmin Sazişi imzalamayıblar. Ona görə də ABŞ-ı Ayı tək istismar etməkdə günahlandırmaq olar, amma əldə ciddi hüquqi əsas olmadan bu, ABŞ-a qarşı olan qüvvələr üçün “yaxşı” təbliğat sayıla bilər.

– Demək, beynəlxalq normalar və konvensiyalar olmadıqda ortaya xaos çıxır.

– Bəli. Mən bir qatı qlobalist kimi düşünürəm ki, bu gün bir çox problemlərin kökündə bəşəriyyətin inkişafının, onun qlobal, transmilli fəaliyyəti bu inkişafı nizamlaya biləcək normaları üstələməsi dayanır. Milli qanunvericilik beynəlxalq normalara uyğun olduqda müəyyən qayda-qanun yaratmaq mümkün olur. Məsələn, ABŞ-la Rusiya Beynəlxalq Cinayətlər Məhkəməsinin Roma Əsasnaməsini ratifikasiya etsəydilər, insanlığa qarşı Xocalı qətliamını törədən şəxslər digər kütləvi qətllər törədən məxluqatlar – Radko Mladiç, Radovan Karaciçlə bir yerdə həbsxanada çürüyərdilər, indiki kimi tələbələrə mühazirə oxumazdılar.

– Sözsüz ki, yeni sahələrin yaranması onlarla bağlı hüquq normaları yaradılmasının vacibliyini də ortaya çıxarır. Mən söhbətimizə qayıtmaq istəyirəm – Helium-3 niyə bu qədər önəmlidir?

Bu gün dünyada istehsal olunan elektrik enerjisinin 16 faizi atom elektrik stansiyalarının payına düşür. İnkişaf etmiş sənaye ölkələrində nüvə enerjisinin potensialı da yüksəkdir. Fransa 78 faiz, Yaponiya 40 faiz göstəricilərlə dünya nüvə energetikasının liderləridirlər. Çağdaş nüvə energetikasında iki önəmli məqam var – dinc və hərbi nüvə texnolojiləri arasında çox yaxın bağlantı və AES-nın tullantılarının emalı ilə bağlı ekoloji məsələlər. Bütün bunlar təbii uran əsasında (CANDU tipli reaktorlar) və ya az zənginləşdirilmiş Uran-235-ə əsaslanan nüvə enerjisinə xas məsələlərdir.
Məsələn, Çin kimi sənaye nəhəngi tələb olunan enerjinin yalnız 4,9 faiz kimi cüzi bir hissəsini AES-lərdə istehsal edir. İnkişaf planları da nəhəng sayılmaz, çünki Çinin nüvə tullantılarını basdırmaq üçün tələb olunan milyon kilometrlərlə istifadə edilməyən əraziləri yoxdur. Belə bir durumda ortaya nüvə energetikasının başqa bir növü – sintez, yəni istilik nüvə energetikası çıxır. Hələlik dünyada bir dənə də olsun istilik nüvə enerjisi ilə işləyən reaktor yoxdur. Sadə dillə desək, nüvə sintezində temperaturu 100 milyon dərəcə S-dən yuxarı plazma əmələ gəlir. Həmin plazmanı stabilləşdirmək, onu sabit hala gətirmək, özünü zəncirvarı sintez reaksiyasının qaynağına çevirmək üçün bir növü toplaya biləcək material yoxdur. Maqnit tutçuları isə əldə edilə biləcək enerjidən daha çox enerji mənbəyi tələb edir.
Sintez reaksiyasının özü də başqa bir problemdir. Bugün edilən cəhdlər məhz deyterium (²H – hidrogenin ağır izotopu) və tritium (³H- hidrogenin digər ağır izotopu) iştirak edəcəyi sintez üzərində qurulub. Bu reaksiya isə nəhəng miqdarda neytron ayrılmasına səbəb olmaqla çox ciddi və aşılmaz təhlükə qaynağıdır.

İndi bir çox layihələrdə məqsəd qoyurlar ki, neytronların yox, protonların ayrılması ilə nəticələnən istilik nüvə reaksiyaları üzərinə qurulmuş reaktor yaratsınlar. Çünki protonlar ətraf mühiti radiasiyaya uğratmır, və proton axınını bir başa elektrik enerjisinə çevirmək mümkündür. Bu tip sintez reaksiyalarında ən əlverişli izotop Helium-3-dür: Yəni deyterium (²H) + Helium-3. Təəssüf ki, Helium-3 Yerdə çox azdır. Ayda isə onun çox ciddi ehtiyatları var. Əgər həmin ehtiyatların işlənməsi mümkün olsa, nəhəng enerji qaynağı əldə edilmiş olacaq. Müqayisə üçün deyim ki, 1 ton Helium-3 enerji potensialına görə 20 milyon ton neftə bərabərdir.

– ABŞ bu gün hasilatını azaltmaqdan başqa gündəliyi olmayan, nəhəng karbohidrogen ehtiyatlarına baxmayaraq hansı ehtiyacdan Helium-3 axtarışına çıxıb? Sizcə, bu, qəribə deyilmi?

– Mən belə düşünmürəm. Bayaq vurğuladım ki, praktik işlərə 10-15 il sonra başlanacaq. Böyük ehtimalla, Helium-3-ün işlənməsi ilə sənaye əhəmiyyətli istilik nüvə reaktorlarını 30-40 il sonra yaratmaq mümkün ola bilər. Yəni, ABŞ-ın bu gün başladığı cəhdlər 30-40 il sonra nəticə verə bilər. Bu, belə nəhəng layihə üçün o qədər də böyük zaman sayılmaz. Belə demək mümkünsə, bu gün ABŞ dünya nüvə enerjisi sektorunun yeni dönəminin təməlini atır.

– Aydan Helium-3-dən başqa Yerin diqqətini çəkən hansısa başqa maddələr də varmı?

– Digər maddələrdən Yerdə də yetərincə var. Əsas Helium-3-dür. Unutmaq olmaz ki, kimyəvi tərkibinə görə Ayla Yer kəskin fərqlənmir, çünki 4,5 milyard il öncə Yerdən daha kiçik səma cismi ilə toqquşub ayrılana qədər Ay da Yerin bir parçası idi. Bu toqquşma nəticəsində ayrılan parça milyard illər içərisində qravitasiya gücü ilə sferik forma alıb və biz ona Ay deyirik.

– Maraqlıdır, bir zamanlar Yerin bir parçası olan Ayda necə olub ki, Yerdə olmayan Helium-3 var? Bu barədə ciddi araşdırmalara rast gəlmisinizmi?

Məsələ burasındadır ki, Günəş sistemində çox dəqiq çalışan bir istilik nüvə reaktoru var – Günəş. Orada daimi sintez reaksiyası gedir, ancaq Günəşdə gedən istilik nüvə reaksiyaları bir qədər mürəkkəbdir. Dəmirdən başqa bir çox maddələr həmin sintezdə iştirak edir. Günəş üzərində istilik nüvə reaksiyasında iştirak edən əsas element hidrogendir. Hidrogen sintezdə iştirak edəndə Helium-3 də daxil heliumun bir neçə izotopu yaranır.
Bütünlükdə Günəşin təqribən 25 faizi heliumdur. Ayda atmosfer yoxdur. Atmosfer olmadığından milyardlarla ildir ki, Günəşdən hidrogen və heliumun yüngül atomlarının (izotoplarının) axını Ayın səthinə çatır və onlar Ayın səthində toplanır. Yeri atmosfer qoruyur, o səbəbdən də helium yüngül izotop şəklində Yerə çatmır. Ay səthində alınan 1 ton kütlədən yalnız 10-12 milliqram Helium-3 almaq mümkündür. Bu həcm yerdəki ilə müqayisəyə gəlməz dərəcədə çox olsa da, hesab edirəm ki, onun əldə edilməsi üçün Ayın səthindən götürülən kütlə Yerə gətirilmədən orada emal olunmalı, Yerə isə emal olunmuş. Helium-3 gərir ilməlidir. Yaxın 5-10 ildə bunun baş verəcəyini gözləmək yersizdir.

– Helium-3-ün maddi dəyəri nəqədərdir, hələlik onunla işləyən termonüvə reaktorları yoxdursa, bu maddə harada istifadə olunur?

– Təxmini dəyər bir litr üçün 2000-2200 dollar civarındadır. Helium-3-dən ində əsasən tibbdə – Maqnit Rezonans Tomoqrafiyasında istifadə edilir. Neytron detektorların istehsalında da Helium-3-ə böyük ehtiyac var. Yəni hava limanında gördüyümüz bütün skanerlər, nüvə məhsulları istehsal edən zavodların mühafizə sistemlərindəki avadanlıqlar… bunların hamısının hazırlanmasında Helium-3-dən istifadə olunur. Yəni Helium-3 bu gün bizi nüvə terrorundan qoruyur və müalicə edir. Gələcəkdə isə o, bizim enerji qaynağımız ola bilər.