Bu zavod ölkəni 100 faiz şprislə təmin edəcək – Fotolar

"Biz kiçik bir laboratoriya olaraq fəaliyyətə başladıq və artıq paytaxtın aparıcı klinikalarından biriyik"

“Diamed-Co” şpris istehsalı zavodunun yaranmasından bir il ötür. Pirallahı Sənaye Parkında yerləşən zavod şpris istehsalı sahəsində nəinki Azərbaycanda, Cənubi Qafqazda ən böyük istehsal müəssisəsidir və əczaçılıq sənayesinin inkişafı və dəstəklənməsi, əczaçılıq məhsullarının idxalından asılılığın azaldılması, əhalinin tələbatının ödənilməsində yerli istehsalın təşviqi və istehsal sahəsində əhalinin məşğulluğunun artırılması istiqamətində böyük işlər görüb.

Zavodun təsisçisi Aytən Quliyeva sosium.az-a müsahibə verib.

AzNews.az həmin müsahibəni təqdim edir:

DOSYE: Aytən Quliyeva Azərbaycan Dövlət İqtisad Universitetini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsini bitirib. İqtisad elmləri üzrə fəlsəfə doktoru olan A.Quliyeva 20 ildən artıqdır sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Azərbaycanın ilk özəl klinikası – “Baku Clinic”in təsisçisidir. Ötən il yaradılan “Diamed-Co” şpris istehsalı zavodunun layihə müəllifi və təsisçisi olan xanım sahibkar dəfələrlə dövlətimizi beynəlxalq miqyaslı tədbirlərdə və simpoziumlarda təmsil edib.

– “Diamed-Co” şpris istehsalı zavodunun fəaliyyətə başlamasından bir il ötür. Nəyə nail oldunuz və qarşıda hansı planlarınız var?

– Azər müəllim, əvvəlcə onu qeyd edim ki, 1999-cı ildə Azərbaycanda ilk dəfə olaraq özəl tibb mərkəzini – “Baku Clinic”i təsis etmişəm. Biz bu işə kiçik laboratoriya kimi başlasaq da, hazırda “Baku Clinic” paytaxtın aparıcı klinikalarından biridir və 220 personalı ilə ölkə əhalisinin xidmətindədir. Bütün bunları qeyd etməkdə məqsədim bu sahədə uzun illik təcrübəyə malik olduğumuzu xatırlatmaqdır.

Görəndə ki, qeyri-neft sektorunun inkişafı və yerli istehsal müəssisələrinin yaradılması ilə bağlı Cənab Prezident İlham Əliyev çoxsaylı sərəncamlar verir, çağırışlar edir, qərara gəldiik ki, biz də bu prosesdən kənarda qalmayaq. Şpris istehsalı zavodunu qurmaq üçün hərəkətə keçdik və bu istiqamətdə fəaliyyətə başladıq. Baxmayaraq ki, bu sahə çox çətin sahədir və yüksək məsuliyyət və dəqiqlik tələb edir, biz zavodun layihəsini hazırlayıb, İqtisadiyyat Nazirliyinə təqdim etidk. Layihə çox yüksək qiymətləndirildi və nəticə etibarilə Azərbaycan hökuməti ilə müştərək “Diamed-Co” şpris istehsalı zavodunun əsasını qoyduq. Bilirsiniz ki, Möhtərəm Prezident İlham Əliyev zavodun açılışını etdi və işə saldı. Dövlət başçısı öz tövsiyyələrini verdi və dövlətimizin hər zaman bizim yanımızda olacağını söylədi.

Artıq zavodun fəaliyyətə başlamasının bir ili tamam oldu. Yeri gəlmişkən, fürsətdən istifadə edib, zavodun ərsəyə gəlməsində zəhməti olan hər kəsi bu münasibətlə təbrik edirəm. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, bu böyük uğurdur və necə ki, Azərbaycanda ilk dəfə olaraq özəl tibb mərkəzini biz qurduq, tibbi istehsal zavodunun da birincisini yaratmaq bizə qismət oldu. Zavod tam olaraq Almaniya və İsveç texnologiyası əsasında qurulub. Yaxın zamanlarda bizim şrpislər pandemiya ilə bağlı ölkəmizin adından humanitar yardım olaraq xaricə göndərildi.

– Hazırda müəssisədə işçi qüvvəsi nə qədərdir və idxala nisbətdə yetərli qədər məhsul istehsal edə bilirsinizmi?

– Bir məqama diqqət çəkmək istəyirəm ki, bizim məhsullar Avropa protokollarına mütənasibdir və iynə ucları Yaponiyanın Nipro, xammal isə İsveçrənin İnyos şirkətlərinə məxsusdur.

Hazırda dörd çeşiddə məhsul istehsal edirik və bunlar 2, 5, 10 və 20 qramlıq şprislərdir. İllik istehsal gücümüz 150 milyon ədəddir. Halbuki statistik araşdırmalara görə, Azərbaycanın illik şpris tələbatı 130 milyon ədəddir. Bu günə qədər 35-40 faiz gücümüzlə çalışmışıq. Qarşıdakı aylarda isə 100 faiz gücü ilə çalışmağı hədəfləyirik. Artıq iki növbəli iş rejiminə keçidi təmin etmişik və hazırda 51 işçimiz fəaliyyət göstərir. Yaxın zamanlarda onların sayını 150-yə qaldırmağı düşünürük. Sizə adi bir nümunə çəkim: Almaniyanın tamamilə eyni texnologiya əsasında istehsal etdiyi şprislər apteklərdə 1 manata satıldığı halda bizim istehsal etdiyimiz şprislər 8-10 qəpik civarındadır.

– Koronavirus pandemiyası əczaçılıq sənayesinin inkişafını qaçılmaz edir. Digər hansı sahələrdə fəaliyyəti nəzərdə tutursunuz?

– Bütün dünyada qəbul olunub ki, şpris əhalinin sağlamlığının təhlükəsizliyinə xidmət edir. Hazırda ikinci layihə üzərində işləyirik ki, bunun adı Həyati əhəmiyyətli serrum istehsalı zavodu olacaq.

Bildiyiniz Natrium xlorid, Ringer və bütün bu qəbildən olan məhlulları istehsal edəcəyik. Məlum olduğu kimi, adını çəkdiyim məhlullar həyati əhəmiyyətlidir və yaxın bir il ərzində bu layihəni həyata keçirməyi nəzərdə tuturuq. Eyni zamanda “Diamed-Co” şpris istehsalı zavodu olaraq çeşid sayını artırmağı planlaşdırırıq. Bu sıraya insulin iynələri, cərahiyyədə istifadə olunan vazofikslər, vakumlu kəpənək iynələri və s. aiddir ki, təxminən üç ay sonra onların istehsalına başlayacağıq.

Rusiya, Gürcüstan və digər qonşu ölkələrə də məhsul satmaq planlarımızdandır. Çünki Gürcüstanda zavod yoxdur, Rusiya isə 65 faiz məhsulu xaricdən idxal edir. Bu istiqamətdə bazar araşdırmaları davam edir və yəqin ki, gələn il məhsullarımız xarici bazara çıxarılacaq.

Zavodumuz və istehsal etdiyimiz məhsulların keyfiyyətinə gəlincə, İSO sertifikatlarının hər ikisini əldə etmişik. Bunlardan biri istehsal, digəri isə məhsul üçündür. Bir sahibkar olaraq apardığım müşahidələrə rəğmən deyə bilərəm ki, son illər Azərbaycanda istehsal müəssisələrinin sayında ciddi artım var və prosesin bu şəkildə inkişafı Azərbaycanın idxaldan asılılığını əhəmiyyətli dərəcədə azaldacaq.

– Azərbaycanda ilk özəl tibb mərkəzinin yaradılması sizin adınızla bağlıdır. Cəmiyyətdə instrumental və laborator müayinələrin səhihliyinə inam niyə azdır?

– Etiraf etmək lazımdır ki, bəzi sahələrdə müəyyən problemlər var və dediyiniz məsələ də bu sıradadır. Qeyd etdiyiniz məsələ əsasən kadrların peşəkarlıq səviyyəsi ilə bağlıdır. Adi bir misal deyim: 5-6 il öncəyə qədər Azərbaycanda plastik və estetik cərrah təhsili alan mütəxəssis yox idi. Və yaxud çox önəmli bir sahə – radiologiya sahəsində kadr çatışmazlığı mövcud idi.

Bildiyim qədər bu il qeyd etdiyim ixtisaslar üzrə Azərbaycan Dövlət Tibb Universitetinin ilk məzunları buraxılacaq. Bizim iqtisadiyyatımız bir dönəmdə o qədər sürətlə inkişaf etdi ki, istər dövlət, istərsə də özəl tibb sektoruna aid klinikalar ən müasir və ən bahalı avadanlıqlarla təhciz edildi. Lakin bütün bu avadanlıqları işlədə bilən, peşəkar vərdişlərə malik kadr çatışmazlığı bizi məcbur edir ki, xaricdən mütəxəssislər dəvət edək. Hazırda “Baku Clinic”də radioloq türk uzmanıdır. Biz bu həkimi məcburiyyət ucbatından gətirdik.

Digər bir səbəb qiymətlərlə bağlıdır. Misal üçün bizdə həyata keçirilən Maqnit Rezonans Tomoqrafiya (MRT) müayinələrinin qiyməti 130 AZN, Türkiyənin “Acıbadem” klinikasında isə 700 evrodur. Təxminən 10 dəfəyə yaxın fərq var. Təbii ki, bu qədər qiymət fərqi bizi bəzi xərclərə qənaət etməyə vadar edir.

– Məhsulların keyfiyyətindən danışdıq. Gəlin detallara keçək. Bəlkə nümunə göstərəsiniz…

Aytən xanım iki şprisi müqayisə edir. Bunlardan biri Çin istehsalı olan, digəri isə “Diamed-Co” şpris istehsalı zavodunun istehsal etdiyi şprislərdir. Çin istehsalı olan məhsul qara rezinlə mühafizə olunur.

“Diamed-Co”-nun şprislərində isə bu yoxdur. Aytən xanım qeyd edir ki, qara rezinlər ovxalanır və qana qarışmaq, təhlükə riski var. Bu səbəbdən Avropa protokollarına görə, məhsullar bu rezinin iştirakı olmadan istehsal edilməlidir. İynə ucluqlarına gəlikdə isə sahibkar xanımın sözlərinə görə, hər bir şpris çeşidinə görə (2,5,10, 20 qramlıq), fərqli iynə ucluqları ilə təhciz olunmalıdır. Bizim bazarda isə bütün şprislərə eyni iynə ucluqları yerləşdirilir ki, bu qətiyyət yolverilməzdir və beynəlxalq normativlərə ziddir. Çox təəssüf ki, bizim bazarda da saxta şpris və iynələr olub. Ancaq hazırda onların sayında ciddi azalma var.

– Azərbaycanda ilk özəl klinikanı yaradan, ilk əczaçılıq zavodunun əsasını qoyan Aytən Quliyevadan eşitmək maraqlı olardı: Uğur formulu nədir?

– Yəqin diqqət yetirdinizsə, müsahibənin əvvəlində bildirdim ki, biz kiçik bir laboratoriya olaraq fəaliyyətə başladıq və artıq paytaxtın aparıcı klinikalarından biriyik.

Kimsə düşünürsə ki, bütün bu uğurlar asan yolla əldə olunub, yanlışlığa yol verir. Mənim qənəatimə görə, uğur formulu yoruldum demədən çalışmaqdan, uğursuzluğa məruz qaldığın zaman geri çəkilməməkdən keçir. Ən böyük uğur başladığın prosesi sona qədər aparmaqdan, əzmkarlıqdan və gərgin səy göstərməkdən ibarətdir. Təsəvvür edin, mən gənc yaşlarımdan həm sahibkar kimi çalışır, elmi fəaliyyətimi davam etdirir, eyni zamanda ailəmlə, övladlarımla məşğul oluram. Bütün bunları paralel aparmaq hər nə qədər çətin olsa da, mümkündür. Mən buradan üzümü gənclərə tutub demək istəyirəm ki, bir yola çıxdılarsa, qətiyyən geri addım atmasınlar və ən əsası təkcə nəzəri biliklərlə kifayətlənməsinlər, təcrübə qazanmağa çalışsınlar.

Sonda Aytən xanım bildirir ki, ölkəmizdə həyata keçirilən islahatlar Azərbaycan vətəndaşlarının qarşısında yeni imkanlar açır və artıq bu islahatların nəticələrini hər birimiz öz gündəlik həyatımızda hiss edirik: “Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti əminliklə söyləməyə əsas yaradır ki, Azərbaycanı regionun lider, dünyanın isə önəmli dövləti olaraq qarşıda daha böyük nailiyyətlər gözləyir və yəqin ki, bu gedişlə idxaldan asılılığımız tam şəkildə aradan qalxacaq”.

image description image description image description image description image description image description image description image description image description