"Rusiya bizim əleyhimizə Minsk Qrupunun dili ilə danışacaq" - Gündəmi Oqtay Qasımovla müzakirə edirik

AzNews.az analitik- informasiya portalının suallarına eks-prezident Əbülfəz Elçibəyin köməkçisi, politoloq Oqtay Qasımov cavab verir

- Cənab Qasımov, ötən gün Azərbaycan Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəsi Xarici İşlər Nazirliyinə dəvət edilib. Görüşdə Aİ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Ermənistana səfəri çərçivəsində David Babayanla görüşməsinə etiraz ifadə edilib. Bu, adekvat addımdırmı?

- Təbii ki, Azərbaycan Xarici İşlər Nazirliyi çox haqlı olaraq Avropa İttifaqqının Bakıdakı nümayəndəsini çağırıb və öz etirazını rəsmi şəkildə bildirib. Düşünürəm ki, bu çox doğru addımdır. Çünki, Aİ-nın nümayəndəsinin İravandakı separatçı rejimin “xarici işlər naziri” deyilən terrorçu ilə görüşməsi qəbuledilməzdir. Bu həmçinin Aİ- nın əvvəllər Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul etdiyi sənədlərin prinsiplərinə ziddir. Belə addımların atılması Avropa İttifaqına heç də xoş münasibət formalaşdırmır. Aİ-nın nümayəndələrinin bu cür hərəkətləri tək bizim ölkə ilə məhdudlaşmır. Bir vaxtlar, Aİ-nın nümayəndəsi Gürcüstanda da belə bir addım atmışdı. Separatçı Abxaziyanın dırnaqarası rəhbəri ilə görüşmüşdü. O zaman Gürcüstan sərt şəkildə buna etirazını bildirdi. Bunun nəticəsində də həmin şəxs tutduğu vəzifədən istefa vermişdi. Azərbaycan belə ittifaqların ikili standartlarını qəbul etmir. Bu qəbulolunan hal deyil. Eyni zamanda bildirim ki, Xarici İşlər Nazirliyi ilə bərabər digər qurumlar da bu kimi hallara öz sərt reaksiyalarını göstərməlidirlər. Xoş haldır ki, Azərbaycan Xarici İşlər Nazirliyi buna dərhal adekvat reaksiya verdi.

- Sizcə, sözügedən etrazın nəticəsi nə olacaq? Yəni, həmin şəxs barədə hansısa ölçü götürülə bilərmi?

- Açığı, son dövrlər, xüsusilə də ikinci Qarabağ Savaşından sonra beynəlxalq təşkilatların fəaliyyətində ardıcıl və prinsipiallıq motivləri xeyli dərəcədə səngiyib. Düşünmürəm ki, Azərbaycanın etirazlarından sonra təşkilat həmin şəxs barədə nəsə tədbir görsün. Sadəcə olaraq, bu tip təşkilatlara göstərməliyik ki, belə məsələlər diqqətimizdən qaçmır və bizim üçün olduqca həssas məsələdir. Belə məsələlərə bizim sərt etirazlarımız olmalıdır və olacaq.

- Maraqlıdır, ərazi bütövlüyümüzə qarşı düşmən ölkədə əsassız gözləntilər yaradan belə görüşlərə, ümumulikdə Avropa İttifaqına etirazları daha hansı formada etmək mümkündür?

- Həm ictimaiyyət, həm siyasi partiyaların nümayəndələri Aİ-nın mərkəzi ofisinə, o cümlədən Bakıdakı nümayəndəliyinə sivil etirazlar bildirə bilərlər. Bu işdə siyasi, ictimai təşkilatlar fəal olmalıdırlar.

- Azərbaycan artıq post-münaqişə mərhələsinə qədəm qoyub. Bu dövr ölkəmiz üçün hansı imkanlar açacaq?

- Azərbaycan bölgədə sabitliyin, sülhün, əmin-amanlığın və qarşıdurmaların aradan qaldırılmasının tərəfdarı kimi çıxış edir. Bir neçə gün öncə, bilirsiniz ki, dövlət başçısı, cənab İlham Əliyev də Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğunu dedi. Ermənistan tərəfindən isə hələ ki konkret addımların atılması müşahidə olunmur. Azərbaycan bundan sonrakı dövrlərdə azad olunmuş ərazilərdə bərpa işlərini, həmçinin regional ikitərəfli əməkdaşlığın inkişafında maraqlı olduğunu nümayiş etdirir və buna hazır olduğunu bildirir.

- Bilirsiniz ki, Xarici işlər naziri Ceyhun Bayramovun xarici media da bir yazısı dərc olundu. Yazıda üçtərəfli bəyanatın məcburi köçkünlərin BMT- nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında öz yurdlarına qaytarılmasını əks etdirən müddəaya da müasibət bildirilib. Nazir bu razılaşmanın regionda yeni reallıq və imkanlar yaradacağını diqqətə çatdırıb. Hər kəsi maraqlandıran sual isə budur: bizim məcburi köçkünlər nə zaman yurdlarına dönəcək?

- 10 noyabr anlaşmasında konkret müddəalar var və burada qeyd olunub ki, öz yaşayış yerini tərk etmiş insanlar məcburi köçkünlər olaraq yurdlarına dönməlidirlər. Onlar BMT-nin qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında öz yerlərinə qayıtmalıdır. Təəssüf ki, biz bunu reallıqda müşahidə etmirik. O baxımından ki, rus sülhməramlılarının birbaşa dəstəyi ilə təxminən 52 min erməni Xankəndinə qayıtdığı halda, hələlik Azərbaycanın azad olunmuş ərazilərinə, yaxud Azərbaycanın hazırda hərbi nəzarətində olmayan yaşayış məntəqələrinə bir nəfər də olsun azərbaycanlı köçkün qayıtmayıb. Yəni sözügedən təşkilatın- BMT-nin fəaliyyətini görmürük. Məncə,Xarici işlər naziri Ceyhun Bayramov məsələni doğru istiqamətdə qaldırıb. 44 gündə bilirik ki, Azərbaycan ordusu tərəfindən BMT- nin 30 ildir yerinə yetirilməyən qətnamələrinin icrası təmin edilib. Ona görə də düşünürəm ki, BMT aktiv şəkildə bu prosesdə iştirak etməli, Azərbaycana dəstək verməlidir. Bu, birtərəfli olmamalıdır o baxımdan ki, yalnız erməni millətindən olan şəxslərin hüquqları deyil, eyni zamanda Azərbaycan əhalisinin də hüquqları nəzərə alınmalı və təmin olunmalıdır.

- Diplomatik açıqlamalarda razılaşmanın icrasında Rusiya və Türkiyənin töhfələrinin diqqətə layiq olduğu deyilir. Yəni bu ölkələrinin zəmanəti ilə Cənubi Qafqaz regionunda çoxdandır ehtiyac duyulan sülh və sabitlik təmin ediləcək. Hadisələrin gələcək inkişafı məhz bu istiqamətdəmi olacaq?

- Qafqazda əsas faktora çevrilən Türkiyə amilini mütləq nəzərə almalıyıq. Bu prosesin gedişi, Azərbaycan- Rusiya münasibətləri ilə bərabər, Rusiya- Türkiyə münasibətlərinə də əhəmiyyətli dərəcədə təsir edəcək. İki ölkə arasında, bilirsiniz ki, bir çox sahələrdə yüksək səviyyədə əməkdaşlıq olsa da, dünyanın və regionun bir çox bölgələrində hər iki dövlətin maraqları bir- birinə ziddir. Bu həm Suriya, həm Liviya probleminə baxışda özünü göstərir. Hətta, Qarabağ məsələsində sözügedən ölkələr əməkdaşlıq etsələr belə, problemə baxışda ciddi fərqlər özünü biruzə verir. Bu münasibəti həmçinin Ukraynadakı vəziyyətə də aid etmək olar. Ümumiyyətlə, regionda sülhün, əməkdaşlığın olması üçün hər iki dövlət arasındakı münasibətlər önəm daşıyır.

- Sülhməramlılar tərəfindən aparılan davamlı siyasət nəticəsində erməni mənşəli vətəndaşların Qarabağda məskunlaşması gələcəkdə fəsadlar törədə bilərmi? Axı biz onların doğrudan da Qarabağ mənşəli ermənilər olub-olmamasını bilmirik?!.

- Azərbaycan ermənilərin Qarabağda ən yüksək səviyyədə hüquqlarının qorunacağını həmişə bildirib. Azərbaycan buna hazırdır və indiki halda apardığı siyasətin əsas prioritetlərindən biri də Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyasını mümkün qədər sürətləndirməkdir. Bu bizim dövlətin siyasətidir və onun təmin olunması vacibdir. Buna baxmayaraq, bununla bağlı həm Ermənistanda yaşayan ermənlər, həm də Qarabağda yaşayan ermənilər tərəfindən müsbət yanaşmanı müşahidə etməmişik. Nəhayət, ermənilər də qarşılıqlı addım atmalıdır. Əks halda, bu, Azərbaycanın humanist mövqeyinə Ermənistanın şovinist baxışı kimi yozulacaq və cavabsız qalmayacaq.

- ATƏT-in Minsk Qrupunun son bəyanatı da sanki erməni revanşizmini körükləmək səciyyəsi daşımırmı?

- Sonuncu bəyanat Azərbaycan cəmiyyətində narahatlıqla bərabər, çox ciddi şəkildə etirazlar doğurdu. Minsk Qrupu özünü 27 illik fəaliyyəti ilə hörməti olmayan quruma çevirmişdi. Son bəyanatla onlar özlərinin həmin prosesdə iştirak etdiklərini göstərmək istəyirlər. Amma görünən odur ki, Rusiya özünün hərbi qüvvələrini Qarabağa yerləşdirəndən sonra, artıq xeyli dərəcədə öz istəyinə nail olub. Bundan sonrakı dövrdə Rusiya bizim əleyhimizə birbaşa deyə bilməyəcəyi fikirləri Minsk Qrupunun dili ilə deməyə çalışacaq. Bu baxımdan Minsk Qrupunun fəaliyyətinin yenidən canlandırılması kimi fikirlər diqqət edirsinizsə, daha çox Rusiya tərəfindən səsləndirilir.

- Belədirsə, Minsk Qrupuna yeni ölkələrin daxil edilməsi yaxşı olmazmı?

- Minsk Qrupu format kimi özünü doğrultmur və bu tipli çoxtərəfli formatların nə qədər fayda gətirəcəyini, açıq deyim ki, qiymətləndirmək çox çətindir. Çünki, müsbət nəsə demək olmur. Bizim üçün ən uyğun olanı sözü gedən formatda Türkiyənin aktiv şəkildə rol alması, Türkiyə- Rusiya münasibətlərinin yüksək səviyyədə qalması, əməkdaşlığın inkişaf etdirilməsidir. Bu bizim maraqlarımıza daha çox uyğundur. Düzü, bir çox ölkələrin regiondan heç xəbərləri də yoxdur. Məsələn, indiyədək neytral hesab etdiyimiz Almaniyanın son dövrlərdəki açıqlamaları və parlamentində anti- Azərbaycan əhval-ruhiyəsinin yer alması, əsassız ittihamlarını müşahidə edəndən sonra Minsk Qrupunun tərkibinə yeni Qərb dövlətlərinin daxil edilməsi nə dərəcədə effekt verəcək? Minsk Qrupunda o zaman dəyişiklik ola bilər ki, geopolitik şərtlərdə müəyyən dəyişikliklər olsun, beynəlxalq hüquqa hörmət artsın.

- Hərbi Qənimətlər Parkında yaradılan erməni əsgərlərinin maketləri müharibənin necə getdiyini canlı olaraq parka gələnlərə göstərir. Amma bu, bir az da olsa bəzi liberalistlər tərəfindən qıcıq və mübahisəli məsələ kimi qarşılanır. Nədən?

- Bizim uşaqlarımız bu tarixi bilməlidirlər və görmədilər ki, torpaq uğrunda necə savaş gedib. Ordakı erməni əsgərinin maketlərinin olması qeyri-adi şey deyil. Dünyanın bir çox ölkələrində müharibədən sonra yaradılan muzeylərdə bu tipli eksponatlar nümayiş etdirilir. İkinci dünya müharibəsinin bitməsindən sonra Moskvada parad keçirildi və faşist Almaniyasının simvolları ayaqlar altına atıldı. Dünyada, rus cəmiyyətində buna hansısa etiraz olmadı ki? Bu məslələrə etiraz etmək, özünü yalançı insan haqlarının keşikçisi kimi göstərməyə ehtiyac yoxdur. Biz düşmənimizlə savaşmışıq, torpaqlarımızı şəhidlərimizin qanı hesabına azad etmişik, dünyaya beynəlxalq hüquq səviyyəsində savaş apara bildiyimizi sübut etmişik. Buna etiraz edən insanlar nə üçün 44 günlük müharibə zamanı Azərbaycan ordusunun heç bir mülki obyekti vurmadığını qeyd etmirlər? Baxmayaraq ki, ermənilər bizim şəhərlərimizi atəşə tutdu, dinc sakinlərimiz həlak oldu. Azərbaycan əsgəri mülki şəxsləri hədəfə alıb, cinayətə getmədi. Parkın açılmasına ehtiyac vardı, bu, bizim şanlı tariximizdir. Düşmənin obrazını əks etdirən isə maketdir, ermənini gətirib orada təhqir etməyiblər ki? Bu da insanlarda vizual təsəvvür yaratmaq üçün edilib. Bu işi ərsəyə gətirən sənətkarlara mən öz adımdan təşəkkürümü bildirirəm!

Şəlalə BABAYEVA,

AzNews.az