“Türkiyəyə təzyiq göstərmək elə də asan məsələ deyil”- Tənzilə Rüstəmxanlı

İctimai xadim: “ABŞ Türkiyə kimi müttəfiqi itirməyi gözə ala bilirsə, alsın”

AzNews.az analitik- informasiya portalının suallarını “Azəri- Türk” Qadınlar Birliyinin sədri, görkəmli ictimai xadim Tənzilə Rüstəmxanlı cavablandırır

- Tənzilə xanım, gündəmin əsas mövzusu Türkiyə və ABŞ münasibətlərinin perspektividir. ABŞ prezidenti Co Bayden Osmanlıda 1915-ci ildə baş vermiş hadisələri “soyqırım” adlandırıb. ABŞ-ın 40-cı prezidenti Ronald Reyqandan 39 il sonra “Ağ ev”in yeni sahibinin tarixin bu şəkildə saxtalaşdırmasına nə rəvac verib?

- İllərdir ki, bu məsələdə Amerikanın mövqeyi bəlli idi. Hər zaman bir dilemma vardı: düşünürdülər ki, buna “böyük fəlakət” desinlər, yoxsa “soyqırım” ifadəsi işlətsinlər. Co Baydenin “soyqırım” ifadəsini işlətməsi, əslində, Türkiyəni illərlə göstərilən diplomatik təzyiqdən qurtardı. Qoy, Amerika prezidenti Co Bayden “soyqırım” ifadəsini nə qədər istəyirsə, işlətsin. Özləri də yaxşı bilir ki, bunun hüquqi və tarixə söykənəcək heç bir əsası, bazası yoxdur. 1915- ci hadisələrini araşdıran komissiya olub ki, həmin komissiyanın rəhbərlərindən biri İngiltərə, digəri isə Amerikadır. Onlar araşdırma zamanı türk əhaliyə edilən soyqırımın olduğunu müəyyən ediblər. Ona görə də, tarixdəerməni soyqırımının olmamasına rəy veriblər. Bunu Amerika da, İngiltərə də çox yaxşı bilir. Türkiyə dəfələrlə arxivlərin açılması ilə bağlı müraciət edib. Bütün beynəlxalq qurumları Türkiyəyə dəvət edərək, tarixçilərlə birgə arxivlərin araşdırılmasını tələb edib. Ədalətli araşdırma üçün həmçinin Ermənistanın da arxivlərinin açdırılmasını istəyib. Ermənistan bu məsələnin tarixi köklərinin araşdırılmasından həmişə qaçıb. Axı çox yaxşı bilir ki, soyqırımı ermənilər özləri törədib. Qərb isə bunu bildiyi halda, “xaçlı zehniyyət”indən qurtula bilmir. Önlərində hədəf olaraq türk- müsəlman dünyasını qoyublar. Özəlliklə, türk millətlərinin ən böyük dövləti olan Türkiyəyə basqı vasitəsi olaraq “erməni soyqırımı”nı atıblar ortaya.

- Fikrinizcə, ABŞ prezidentinin məlum açıqlaması gələcəkdə Türkiyəyə qarşı təzminat davalarının açılmasına və digər sanksiyalara səbəb ola bilərmi?

- Əslində, Co Baydenin ifadəsinin özünə hüquqi qiymət verilməlidir. Bayden ABŞ prezidenti postundan türk millətinə şər, böhtan atır. Düşünmürəm ki, bu açıqlama Türkiyəyə qarşı sanksyalara səbəb olacaq. Kimsə bunun sonuclarını gözə ala bilməz. Türkiyənin əlində də yetərincə istifadə edə biləcəyi əsaslar, vasitələr var. Yəni Türkiyəyə hansısa təzyiq göstərilməsi elə də asan məsələ deyil.

- Bilirsiniz ki, Türkiyənin rəsmi şəxsləri bununla bağlı çıxışlar, etirazlar ediblər. Ən sərt çıxışlardan birini isə Milliyyətçi Hərakat Partiyasını (MHP) sədri Dövlət Baxçalı edib. O, Baydenin bu hərəkətini “siyasi ağılsızlıq və əxlaqsızlıq” adlandırıb. Həmçinin bildirib ki, Baydenin açıqlamasından sonra Türkiyə- ABŞ münasibətləri fərqli məcraya yönəlmək riski ilə qarşılaşıb. Sizcə, bu, hansı risklərdir?

- Türkiyə bu məsələdə haqqı olan nə varsa, hamısından istifadə edəcək. Burada Dövlət Baxçalı “fərqli məcra” deyərkən onu nəzərdə tutub ki, bayaq qeyd etdiyim kimi, Türkiyənin də Amerikaya qarşı ata biləcəyi addımlar var. Türkiyə bu addımlara ən birinci İncirlikdən başlaya bilər. Uduzan yenə Amerika olacaq. Türkiyə bölgədə illərlədir ki, Amerikanın müttəfiqidir. Amerika Türkiyə kimi müttəfiqi itirməyi gözə ala bilirsə, alsın.

- Məlum açıqlamadan bir gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Co Bayden arasında telefon danışığı olmuşdu. Danışıq zamanı Bayden əməkdaşlığın güclənməsində, anlaşılmazlıqların səmərəli şəkildə aradan qaldırılmasında maraqlı olduğunu bildirib. Bu danışıqdan bir gün sonra isə Bayden məlum bəyanatla çıxış etdi. Nədən?

- Amerikada güclü erməni diasporası var. Osmanlı dönəmində ora gedən ermənilər Amerikada seçicidirlər. Onlar Baydenin seçki kampaniyasına maddi cəhətdən dəstək veriblər. Bu, boşuna deyil. Ermənilər təkcə Baydenə deyil, bütün Amerika prezidentlərinə namizəd olanda pul ötürüblər. Buna qarşılıq isə “soyqırım” ifadəsinin işlədilməsini istəyirdilər. “Erməni soyqırımı” ifadəsi Baydenə səs vermiş erməni mənşəli ABŞ vətəndaşlarına verilmiş vədlərdən biridir. Emənilər bu dəfə həmin sözü ABŞ prezidentinə dedizdirdilər.

- Hər kəsə maraqlıdır, Türkiyə və ABŞ arasında olan gərgin münasibət Qarabağda atəşkəsin davamlılığına və sülh prosesinə təsirini necə göstərəcək?

- ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrlərdən biridir. Digər həmsədr ölkələr kimi o da Qarabağın işğal altda qalmasına, dağıdılmasına göz yumub, şərait yaradıb. Ermənistan terrorçularının vandallıqları beynəlxalq qanunu heçə sayan o dövlətlərin gözlərinin qarşısında baş verib. Özlərinin qəbul etdikləri qərara hörmət etməyiblər. Ermənistanı etdikləri əməllərdən geri çəkilməyə məcur etməkdənsə, Qarabağın viranə qoyulmasına göz yumublar. Düşünürəm ki, həmin ölkələr Qarabağ barədə nəyisə müzakirə etmək üçün mənəvi haqlarını itiriblər. Bu məsələdə artıq onlar hansısa güc deyillər. Bu gün reallıqdan çıxış etsək, Qarabağ məsələsinə təsir edən iki xarici güc var. Biri Türkiyə, biri də həm Azərbaycan, həm də Ermənistanla qonşu olan Rusiyadır. Onlar artıq anlaşıblar. Artıq Amerika və Fransanın nə istədiyi önəmli deyil.

- ABŞ-ı narahat edən məsələlərdən biri də elə Türkiyənin məhz geopolitik rolunun güclənməsi deyilmi?

- Bəli, regionda Qarabağ problem həll olundu və Türkiyənin Qafqaza ayağı açıldı. Bölgədə Türkiyə- Rusiya əlaqələrinin genişlənməsi, münasibətlərin qurulması Amerikanı narahat edir. Türkiyənin Suriyada, İraqda apardığı antiterror əməliyyatları, Ortaq Şərqin Türkiyəni söz sahibi olaraq dizayn olunması Qərb dövlətlərinin zehniyyətini və o cümlədən Amerikanı ciddi narahat edir. Onlar bunu istəmir. Amerika əxlaqsız münasibət ortaya qoyub. Ən azından Türkiyə illərlədir ki, onun ən sadiq strateji müttəfiqdir. Türkiyə həm də NATO ölkəsidir. Bütün bunları nəzərə almadan, Amerika Türkiyəyə qarşı belə bir addım atır. Bunu türk milləti, türk dünyası qəbul etməz. Türkiyə isə dövlət olaraq bunu heç qəbul etməz. Mənə elə gəlir ki, Türkiyə belə bir addımların cavabını verə biləcək gücdədir və öz yolundan dönməyəcəkdir. Soyqırımların qarşısının alınması ilə bağlı qəbul edilmiş Cenevrə konvensiyası var. Konvensiyanın maddələrinin heç biri 1915- ci il hadisələri ilə uzlaşmır. Amma Qarabağda törədilən Xocalı soyqırımı konvensiyanın maddələrinə tam uyğundur. Əgər səmimdirlərsə, bu məsələdə prinsipiallıq göstərsinlər. İlk növbədə isə, öz tarixlərini müzakirə etsinlər.

- Məlum bəyanatla bağlı Azərbaycan prezidenti, cənab İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana birlik mesajı verib. Ölkəmizin başçısı ABŞ prezidentinin bəyanatını “tarixi səhv” adlandırıb. Həmçinin Azərbaycanın digər rəsmi şəxsləri də məsələyə öz münasibətini gecikdirməyib. Danışıqların əksəriyyətində tarixi həqiqətlərin təhrif olunduğu vurğulanıb.

- Prezidentin bu yanaşması və mövqeyi tamamilə doğrudur. Yəqin müşahidə edirsiniz ki, sosial şəbəkələrdə insanlarımızın sözügedən bəyənata reaksiyası Türkiyənin bayrağına bürünmək oldu. Profillər qırmızı rəngə boyandı. Hər kəs Azərbaycan və Türkiyə həmrəyliyi nümayiş etdirdi. Azərbaycanı, Türkiyəni sevən, Qarabağ müharibəsində Türkiyənin dəstəyini qiymətləndirən hər kəs həmrəylik nümayiş etdirdi. Sevindirici haldır ki, millətimiz tərəddüd etmədən, birmənalı şəkildə qardaş ölkəyə dəstək nümayiş etdirdi. Siyasi partiyalar da Türkiyəni dəstəklədilər. Azərbaycan dövlətinin həm siyasi, həm ictimai qurumları Türkiyənin yanında olduqlarını göstərdilər. Onu qeyd etmək istəyərdim ki, Türkiyə- Azərbaycan dostluğu sadəcə kağız üzərində bir anlaşma deyil, bizi bağlayan böyük tariximiz, qan yaddaşımız var. Bizi bir- birimizə qəlblərimiz, kədərlərimiz və sevinclərimiz bağlayır. Bu bağları qoparmağa heç kəsin gücü yetməyəcək. Biz həm dövlət, həm millət olaraq Türkiyənin yanındayıq. Bu, qürurvericidir və belə də olmalıdır.

Şəlalə BABAYEVA,

AzNews.az