Sahib Məmmədov: “İctimai şuralarda kampaniyaçılıq var...” - Müsahibə

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri S.Məmmədov ictimai şuralarla bağlı sualları cavablandırıb

Son vaxtlar dövlət qurumları yanında ictimai şuralara üzvlərin seçilməsi prosesi aktual hal alıb. Vətəndaş cəmiyyətinin tanınmış təmsilçiləri, müstəqil ekspertlər, media nümayəndələri səsvermədən sonra qurum yanında ictimai şuraya üzv seçilirlər.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov ictimai şuralarla bağlı sualları cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Sahib müəllim, ictimai şuralara üzvlər hansı kriteriyalarla seçilə bilir?

- Bu, 2013-cü ildə qəbul olunub 2014-cü ildə qüvvəyə minən “İctimai iştirakçılıq haqqında” qanunla tənzimlənir. Qanunun tətbiq olunması ilə bağlı Nazirlər Kabinetinin 171 və 172 saylı qərarları var. Onlardan biri ictimai şuralara vətəndaş cəmiyyəti nümayəndələri əsasnaməyə uyğun olaraq seçilir. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, eləcə də bələdiyyələrinin nəzdində tərkibi vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət iki il səlahiyyət müddət olan ictimai şuralar formalaşdırılır.

Beş qrup vətəndaş cəmiyyətinin nümayəndələri orda iştirak edə bilər. Bunlar qeyri-hökumət təşkilatları (QHT), həmkarlar ittifaqları, kütləvi informasiya vasitələri (KİV), bələdiyyələrin məhəllə komitələri və vətəndaşların təşəbbüs qruplarıdır.

İctimai şuranı yaradan dövlət orqanı tərkibi 9 nəfərdən ibarət seçki komissiyası yaradır. Bu 9 nəfərin 5-i vətəndaş cəmiyyətinin, 4-ü isə dövlət orqanının təmsilçisi olur. Daha sonra qanunvericiliyin müəyyən etdiyi vaxt çərçivəsində namizədliklər irəli sürülür. Dövlət orqanının səlahiyyət dairəsindən asılı olaraq ictimai şurada say tərkibi 5-15 nəfər arasında ola bilər.

Daha sonra namizədlərin səs verməsi üçün yenə elan verilir, QHT-lər öz nümayəndələrin göndərir. Gizli səsvermə yolu ilə ictimai şura üzvləri seçilir. İlkin mərhələdə yalnız 50 faizdən yuxarı səs toplayanlar seçilir, ikinci tur olarsa, orada sadə səs çoxluğu ilə qalan üzvlər seçilir. Sonda onlara vəsiqələr verilir, fəaliyyətə başlayırlar və qurum öz reqlamentini qəbul edir və s.

- Beş qrup vətəndaş cəmiyyəti namizəd vermədən səsvermədə iştirak edə bilərmi?

- Namizəd irəli sürən və namizədi olmayan vətəndaş cəmiyyəti qurumları səsvermədə iştirak edə bilər.

- Eyni şəxs bir neçə ictimai şurada təmsil oluna bilərmi?

- Belə bir məhdudiyyət qoyulmayıb. Yalnız bir şurada bir təşkilatın bir nümayəndəsi ola bilər. Peşəkar QHT-rin sayı az olduğu üçün dövlət orqanlarının hamısı istəyir ki, onun sıralarından müəyyən sayda tanınmış, həm də töhfə verə bilən üzvlər olsun. Amma son dövrlərdə qruplaşma yaratmağa başlayıblar. Belə ki, potensialı olmayan təşkilatlar böyük qruplar yaradırlar. Mən buna pozuntu kimi baxmıram, sadəcə olaraq bu praktikanı deyirəm. Sövdələşmələr həyata keçirilər.

Məşhur təşkilatların nümayəndələri belə oyunlara getməyi özlərinə rəva bilmirlər. Məsələn, mən heç vaxt kiməsə zəng vurub tərəfdar toplamıram, kiminləsə əvvəlcədən sövdələşib filankəsə səs ver, filankəsə vermə demirəm. Ümumiyyətlə, seçkilərə də özüm getmirəm, uzaqbaşı nümayəndəmiz iştirak edir, vəssalam. Amma bəzi təşkilatlar var ki, qapının ağzında durub səs toplayırlar, əvvəlcədən zəng edib xahiş edirlər. Ona görə də son vaxtlar bir qrup şəxslər var ki, onlar monopoliya yaradıblar. Aşkar hiss olunur ki, bütün şuraları ələ keçirirlər, yəni gülmək işarəsi də qoya bilərəm onu qarşısında.

Əvvəllər effektiv fəaliyyəti olan xeyli ictimai şuralar olub, indi daha çox kampaniyaçılıq hiss olunur. Həm də QHT-lərin potensialı 10 il bundan əvvələ nisbətən 10 dəfə aşağı düşüb. Əvvəllər bu potensial güclü idi, maliyyə resursları, təşkilatlar, üzvlər, işçilər var idi. Bu baxımdan ictimai şuraların effektivliyi aşağı düşməyə başlayıb. Amma ictimai iştirakçılığın daha 4 forması var ki, demək olar, ondan istifadə olunmur.

- Hansı formalardır?

- Mərkəzi icra hakimiyyəti orqanları qanunvericilik aktları qəbul edə bilərlər. Layihələrinin müzakirəsi, yazılı rəyin alınması, ictimai rəyin öyrənilməsi, məsləhətləşmələrin aparılması kimi proseduralar var. Deyərdim ki, ictimai şurası olmayan orqanlar bu mexanizmdən daha çox istifadə edir. Məsələn, vergi xidməti həmişə qanunvericilik aktlarına dəyişiklik edəndə, vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət ekspertləri, mütəxəssisləri dəvət edib məsləhətləşmələr aparır.

Amma ictimai şura yaradan təşkilatların bir çoxu heç bunu etmir. Bir də görürsən ki, qanunvericilik aktı qəbul olunub. Bu qanun layihəsini onlar özləri ya Nazirlər Kabinetinə, ya da Prezident Administrasiyasına hazırlayıb göndərirlər. İctimai şura üzvləri bir də xəbər tutur ki, qanun layihəsi Milli Məclisdə müzakirə olunur.

2018-ci ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun qəbul olunanda formal olaraq 2-3 nəfəri Milli Məclisə çağırdılar. Onları dinlədilər, amma təkliflərinə əməl etmədilər. Qanun qəbul ediləndən sonra nə qədər qüsurun olduğu görünür. Xüsusən əhalinin maraqlarına xidmət edən qanunvericilik məsləhətləşməlidir. QHT-lərlə bağlı qanunlar qəbul olunur, amma bu təşkilatlar qanun dərc olunandan sonra görürlər ki, belə müddəalar var. Əlbəttə, bu, yolverilməzdir.

- İctimai iştirakçılıq haqqında qanuna əsasən, ictimai şuradakı fəaliyyətinə görə üzvlərə əmək haqqı, qonorar, kompensasiya və başqa ödənişlər verilmir. Əməkhaqqı olmadan çalışmaq üzvlərin görəcəyi işin effektivliyinə təsir göstərmir ki?

- Əlbəttə, göstərir. Ötən gün biri yazıb ki, görəsən bu ictimai şura üzvlərinə paket verirlər? Gülməli məsələlərdir. 15 ilə yaxındır ki, Ədliyyə Nazirliyi yanında ictimai komitədə üzv olmuşam, yalnız öz resurslarımız hesabına xidmət göstərmişik. Əslində, təşkilat ictimai şurada işləyirsə, öz xərcini özü çəkməlidir. Amma bəzi mərkəzi icra hakimiyyəti orqanı var ki, onlar sosial sifarişlər verir və onun ətrafında daha çox ajiotaj olur. Adını çəkməyəcəm, elə mərkəzi icra hakimiyyəti orqanı var ki, onlar sifariş verdiyi üçün orada ictimai şura üzvü olmaq uğrunda mübarizə daha kəskin gedir. Sonra orada qruplaşma yaradırlar, eşidirsən ki, tenderlər udublar və s.

- Təxminən hüquq-mühafizə orqanları deyil?

- Yox, ora deyil. Son dəfə Daxili İşlər Nazirliyi yanında ictimai şuraya seçkilər keçirildi. Məncə, oranın vəsiqəsi bəzi QHT-lərə çox cəlbedici görünür (gülür). Amma mən ictimai şura üzvü olub, sonra vəsiqələri gətirib çəkməcəyə, atıram qalır orada...

- Sahib müəllim, “İctimai iştirakçılıq haqqında” qanun 2013-cü ildə qəbul olunsa da, ictimai şuraların yaranmasının indi aktuallaşması maraq doğurur...

- Qanun o dövr üçün aktual idi. O vaxt əksər dövlət orqanı bunu yaratmadı. Görünür indi bir göstəriş var, ona görə bu intensivləşib. Amma artıq o qanun işlək deyil, dövrünü başa vurub. Yəni, bu mexanizmin ciddi effektiv deyil. İctimai şuraların əksəriyyətində ictimai şura üzvlərindən toy generalı kimi istifadə olunur. Məsələn, tədbirlər keçirdilir, çağırıb onları qabaq sırada otuzdururlar və bundan sonra dur, çıx get.

Mən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədriyəm. Təmsil olunduğum ictimai şuralarda biz tam sərbəstik. Rəhbərliyi dəvət edib istənilən məsələləri müzakirə edə bilərik. Amma bizim özümüzdə aktivlik o qədər güclü deyil. Özümü tənqid edirəm. Hiss edirəm ki, aramızda fəallıq kifayət qədər yüksək deyil, halbuki Komitə imkan daxilində bizə hər cür şərait yaradıb.

Maaş-filan heç nə yoxdur. Hərə bir yerdən bir tikə çörək axtarışındadır. Çoxları təmənnasız fəaliyyətə vaxt ayırmaq istəmir. Maraqlıdır ki, ictimai şuraya seçilməyi hamı istəyir, amma sonra orada işləməyə, vaxt, bilik sərf etməyə heç kəs can atmır. Elə istəyirlər ki, adları, bir də vəsiqələri olsun.

- Bu halda onlara hansısa cəza tətbiq olunurmu?

- Reqlamentdə nəzərdə tutula bilər. Tutaq ki, dalbadal bu qədər iclasa gəlməsə, üzvlükdən azad oluna bilər. Son nəticədə bu, ictimai fəaliyyətdir, maksimum cəza nə ola bilər ki... Hesab edirəm ki, ictimai nəzarət üçün yeni mexanizmlər fikirləşmək lazımdır. Qənaətimcə, ictimai nəzarəti həyata keçirən şuraların formalaşmasında həmin orqanlar iştirak etməməlidir.

Amma bundan əvvəl Azərbaycanda ən böyük problem QHT-lərin çökməsidir. Qalanlar gizli maliyyələşmə ilə anti-Azərbaycan fəaliyyət göstərən təşkilatlardır. Demək olar ki, dövlət platformasında olan, çirkli pullarla işləməyən QHT-lər artıq yoxdur, yalnız adları qalıb. Əgər QHT sektorunun ictimai iştirakçılığı 10 il bundan əvvəlki kimi olsaydı, bu, çox effektiv olardı. Amma indi zəifdir.

Tənqid etmirəm, mənim özüm də bir neçə şurada təmsil olunuram. Hətta universitetlərdə də şuralar var. Təmsil olunduğum UNEC ictimai şurasında xeyli proseslərdə iştirak edirik. Hətta tələbələrin apelyasiya şikayətinə rektorların iştirakı olmadan özümüz baxırıq. Məsələn, gedə bilməsək də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tədbirlərə dəvət edir. Eləcə də əlilliklə bağlı şikayətlərin baxılmasına dəvətlər olur ki, gedib proseslərə müdaxilə edə bilərik.

İllərdir ki, Ədliyyə Nazirliyinin cəzaçəkmə müəssisələrinə xəbərdarlıq etmədən, vəsiqəni göstərməklə getmək mexanizmi də var. Demək də olmaz ki, bütün bunlar tamamilə effektiv olmayan mexanizmlərdir. Sadəcə islahata ehtiyac var.

- Sahib müəllim, ictimai şuraların nə effektli olacağı demək mümkündür, nə də əksini. Sizcə, effektivliyi artırmaq üçün hansısa məbləğdə maaş tətbiq etmək olarmı?

- Qətiyyən. Dolayı olmalıdır. Bizdə xarici maliyyələşmə ancaq gizli yolla həyata keçirilir. Azərbaycan QHT-ləri təxminən 30-40 milyon dollar məbləğində gizli pullar alırlar. Təbii ki, onların fəaliyyəti də gizlidir və bir çox hallarda anti-Azərbaycan xarakterli çıxışlar edirlər. 2013-cü ildən QHT-lərin xarici maliyyələşdirilməsi məhdudlaşdırıldı. O zaman dövlət donor qismində çıxış etməli idi. Hazırda ölkəmizdə 13 dövlət orqanı və ya təsisatı qrant verə bilir. Onlardan bəziləri ixtisaslaşmış donorlardır, bəziləri nazirliklərdir. Açığını deyim ki, nazirliklərin qrant proqramları o qədər də şəffaf deyil. Ümumiyyətlə, maliyyə resurslarına çıxış imkanı azdır.

Bir nümunə çəkim, ötən il rəhbəri olduğum Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının illik büdcəsi 8 min manat olub, bu il sıfırdır. Halbuki vaxtilə bizdə böyük qrantlar olurdu, illik büdcəmiz 60-70-80 min manatı keçirdi. Bununla müəyyən işçi qüvvəsi, ofis, ekspertlər saxlaya bilmişik. Yeganə təşkilatıq ki, BMT-nin veb səhifəsində 26 hesabatımız var. Vaxtilə hazırladığımız hesabatlar Parisdə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (OECD) nəşr olunub. Beynəlxalq təşkilatlar bu hesabatlara istinadlar edirdi. Beyin mərkəzi kimi hesabatlar hazırlayırdıq, amma indi bunları edə bilmirik, çünki resurs yoxdur.

Əgər ictimai şuranın üzvü olmağa görə hansısa qurum sənə pul verəcəksə, bu zaman sən ondan asılı olan bir orqana çevriləcəksən. Artıq müstəqillik itir. Amma dövlət QHT-lərə müxtəlif vasitələrlə və şəffaf mexanizmlərlə qrantlar verməlidir. Əgər xarici maliyyələşmə məhdudlaşdırılıbsa və gizli üsullarla üçüncü ölkələrə keçirilibsə, dövlətdə olan kommersiya qurumları donor şəklində çıxış etməlidir. QHT-lərə ən azı 200-300 milyon manat vəsait ayrılmalıdır ki, onlar potensialını bərpa edə bilsinlər.

2006-cı ildə Ədliyyə Nazirliyində ictimai komitənin üzvüyük. O vaxtı hətta xarici donorlardan qrant alıb ictimai komitənin fəaliyyətin maliyyələşdirirdik. Tutaq ki, Salyan rayonunda 5 saylı cəzaçəkmə müəssisəsinə gedirdiksə, öz hesabımıza ezamiyyə xərclərini ödəyirdik. İndi resurs yoxdur, heç kəs haradansa qazandığı 5 manat pulu gətirib təşkilata qoyub təmənnasız işlərə xərcləyə bilməz. Problem burdadır, bunu dövlət fikirləşməlidir.

- Sizcə, formal xarakter daşıyan şura üzvlərinin fəaliyyəti mərkəzi icra hakimiyyətlərinin iş prinsipinə fayda verəcəkmi?

- QHT-lər zəifləyir. Mərkəzi icra orqanlarının bir çoxu ictimai şura üzvlərini kompüter avadanlığı ilə təchiz edir. İctimai şuralara iş otağı, hətta rayona gedəndə avtomobil, yaxud ezamiyyə xərcləri də verə bilərlər. Qanunvericilik buna məhdudiyyət qoymur. Onların bilavasitə ictimai şuraları maliyyələşdirməsi düzgün deyil. Amma dövlət daxilində dolayısı ilə QHT-lər, ictimai birliklər və ictimai şuraların subyekti olan təşkilatlar hansısa bir resurslara malik olmalıdır ki, təmənnasız fəaliyyət göstərə bilsinlər.

QHT sektorundakı məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı təşəbbüslər var. Amma deyərdim ki, məhdudiyyətlər aradan qaldırılsa belə, 10 il əvvəlki QHT sektoru olmayacaq. Cənubi Qafqazın ən güclü vətəndaş cəmiyyəti Azərbaycanda idi. Onlarla beyin mərkəzləri var idi ki, indi onların adı qalıb, özləri yoxdur. Son 10 ildə onların hesabatları yoxdur, hər hansı bir beynəlxalq tədbir keçirmir və s. Təbii ki, çökən QHT sektoru içərisində ziyanlıları da var idi, faydalıları da. Amma buna baxmadan hamısına məhdudiyyət qoyuldu. Zərərlilər sonradan gizli maliyyələşmə fəaliyyətinə keçə bildi, hesabatlıların hamısı məhv oldu.

- Xarici təcrübədə ictimai şura formaları varmı?

- Oxşar modellər çoxdur. Azərbaycandan yaxşı olanı da var, pis olanı da. Məsələn, Avropada QHT-lər ən çox sosial sifarişlər yerinə yetirirlər. Dövlətin sosial yükünün təxminən 60-70 faizi QHT-lərin üzərinə düşür. Belə ki, uşaq reabilitasiya mərkəzləri, serebral iflic uşaqların reabilitasiya mərkəzi, daun sindromlu, yaxud autizm xəstəliyi olan uşaqların mərkəzi, ahıllar evi, insan alveri, məişət zorakılığı, heyvan sığınacaqları kimi nəzarət fəaliyyətinin hamısı QHT-lərin payına düşür. Dövlətin keçirdiyi tenderin qalibi olan QHT-lər bu işləri icra edir və onların büdcəsi milyardlarla ölçülür.

İllər əvvəl Macarıstanda QHT-lər belə xidmətlərə görə dövlətdən 3,5 milyard avroluq sifariş almışdı. Söhbət Azərbaycan qədər əhalisi olan dövlətlərdən gedir.

Təcrübə göstərir ki, günərzi qayğı mərkəzlərinin QHT-lərə verilməsi həm ucuz başa gəlir, həm də 3 ildən bir tender keçirib dəyişdirilə bilir. Bundan əlavə, vətəndaş iştirakçılığı təmin olunur.

Azərbaycanda məhdud imkanlarla məişət zorakılığı qurbanlarına yardım edən QHT-lər çox çətinlik çəkir. Əvvəllər xaricdən maliyyələşə bilirdilər, indi stabil deyil, gah pul olur, gah olmur. Halbuki bu, dövlətin yüküdür, QHT-lər onu üzərinə götürür. Ümumiyyətlə, çox dərin problemdir. Bununla bağlı hökumətə təkliflər hazırlayıb vermişik.

- Təkliflərə baxılırmı?

- Cavab olur. Bəyənilir, amma icra məsələsi gecikdirilir. Bəzi orqanlar əlində olan səlahiyyətləri başqaları ilə bölüşmək istəmir. Dəfələrlə olub ki, dövlətin balansında olan reabilitasiya mərkəzlərinin tender yolu ilə QHT-lərə verilməsi məsələsi qaldırılıb, amma müzakirə səviyyəsindən o tərəfə keçməyib.

Milli Məclis heç olmasa, beş-altı ixtisaslaşmış QHT-ni büdcə müzakirələrinə dəvət etmir. Buna görə də Azərbaycanda dünyada ən aşağı reytinqli ölkələr sırasındadır. Buna görə də parlamentdə ictimai iştirakçılıq sıfır səviyyəsindədir.

İctimai iştirakçılıqda formal tərəflər çoxdur. Buna baxmayaraq ictimai şuraların olması lazımdır. Sadəcə ciddi islahata ehtiyac var. Xüsusən hesabatlı QHT-lərin potensialı artırılmalıdır. Dövlət bunu etməsə, sonradan mənfi nəticələrlə üzləşəcək. Dövlət eyni zamanda xaricdən gizli maliyyələşmə mexanizmlərinin aradan qaldırılması üçün hərəkətə keçməlidir. Çünki bu artıq dövlətin təhlükəsizliyini təhdid edir. Elə fondlar var ki, veb səhifələrinə Azərbaycanda Tərtər, Nardaran, Gəncə kimi xüsusisi işlər adı altında layihələri maliyyələşdirir. Məqsədləri ölkə daxilində dini-etnik, yaxud sosial zəmində qarşıdurma yaratmaqdır. Bunu maliyyələşdirənlər Amerika fondlarıdır.

- Ölkəmizdə gizli maliyyələşən təşkilatlar çoxdur?

- Onları iki qrupa bölmək olar – yumşaq və sərt təsir donorları. Sərt təsir donorları “National Endowment for Democracy” (NED), adətən dövlət əleyhinə layihələri maliyyələşdirir. Yumşaqları da var ki, onlar dövlətlə əməkdaşlıq edirlər. Bəzən yumşaqlar daha təhlükəli olur, nəinki sərtlər./Teleqraf.com