Hərbi ekspert: “Qalib ordunun Silahlı Qüvvələr gününü bütün xalq bayram edir" Hərbi ekspert: “Qalib ordunun Silahlı Qüvvələr gününü bütün xalq bayram edir"

“Onlar vətənin ikiqat vətəndaşlarıdır”- Emin Həsənli

Hərbi ekspert: “Qalib ordunun Silahlı Qüvvələr gününü bütün xalq bayram edir"

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin” sədri Emin Həsənli AzNews.az analitik- informasiya portalına müsahibə verib. Müsahibəni təqdim edirik.

- 26 iyun Azərbaycan Silahlı Qüvvələri günüdür. Bu günün Azərbaycan tarixində əhəmiyyəti nədən ibarətdir?

- 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Xalq Cümhuriyyəti (AXC) cəmi 23 ay yaşamasına baxmayaraq, bu qısa müddətdə böyük işlər görmüşdü. Bu işlərdən biri də ordu quruculuğu sahəsində görülən tədbirlərdir. AXC yarananda Azərbaycanda "milli ordu" deyilən anlayış yox idi. Ordusuz dövlət yaşaya bilməz. AXC hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yaradıldı. Bu qərar şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu. 1991-ci il oktyabrın 9-da Milli Ordunun yaradılması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi. Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.

Azərbaycan Silahlı Qüvvələri Cümhuriyyət ordusunun varisidir.

Bu gün bizim üçün çox əzizdir. 26 iyun ümumxalq bayramıdır. Digər peşə bayramlarından fərqli olaraq, ordu günündə bütün xalq bayram edir. Ona görə ki, dövlətin müstəqilliyinin qorunması üçün onun Silahlı Qüvvələri çox vacibdir. Mən Silahlı Qüvvələr günü münasibətilə bütün xalqımızı təbrik edirəm. Şəhid analarının əllərində öpürəm. Qazilərimizə uzun ömür can sağlığı azrulayıram. Azərbaycan ordusuna daima qələbə yaraşır. Biz hər zaman qalib gələcəyik. 44 günlük müharibədə böyük millətin, böyük övladı olduğumuzu sübut etdik. Müharibə bunun möhürüdür. İlk dəfə qələbədən sonra ordu gününü qeyd edirik.

- 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu və Ali Baş Komandan İlham Əliyev sözün əsl mənasında rəşadət göstərdi. O günləri necə xatırlayırsınız?

- 44 günlük Vətən müharibəsi onu göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Azərbaycan dövləti güclü dövlətdir. Bizim güclü ordumuz var. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız, ordumuz böyük qələbə əldə etdi. Bütün dünya gördü ki, Azərbaycan xalqı haqq işi uğrunda bir bayraq altında birləşdi. Azərbaycan xalqı, xaricdə yaşayan Azərbaycanlılar, dünya türkləri , dost ölkələr bu haqq savaşında Azərbaycana mənəvi dəstək oldu.

Azərbaycan xalqı bir nəfər kimi səfərbər olaraq bu döyüşlərə başladı. Həm ön cəbhədə, həm də arxa cəbhədə şücaətlə mübarizə apardı. Azərbaycan əsgəri qürurumuz üçün şərəfli günlər yazdı. 44 günlük müharibə, Azərbaycan tarixinə qızıl hərflərləyazıldı, Azərbaycan öz ərazi bütövlüyün bərpa etdi. Dosta, düşmənə onu göstərdik ki, Azərbaycan dövləti müstəqillikdən və ərazi bütövlüyündən heç zaman güzəştə getməyəcək. “Minlərlə can qurban oldu”, “ Səndən ötrü can verməyə cümlə hazırıq”, “Hüququndan keçən əsgər” himnimizdə əks olunan bu sözlər şəhidlərimizi, qazilərimizi xatırladır. İkinci Qarabağ Müharibəsində, vətən uğrunda can verməkdən, döyüşməkdən qorxmayan igidlərimiz yaşamaq hüquqlarından keçərək, şanlı zəfər tarixi yazdılar.

- Müharibə iştirakçılarına dövlət qayğısı ilə bağlı çox ciddi addımlar atılır, qərarlar qəbul olunur. Bu qərarlar hərbiçilər arasında necə qarşılanır?

- Şəhid və qazilərimizə daim hörmət və ehtiram göstərilir. Hesab edirəm ki, hər zaman bu cür də olacaqdır. Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətinin ən çətin anlarında belə şəhid ailələrinin problemləri ilə məşğul olurdu. Onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması,Qarabağ əlillərinin maşınla təmin edilməsinə çalışırdı. Daha sonra İlham Əliyev onlara prezident təqaüdü verilməsi, övladlarının təhsil haqlarının dövlət hesabına təmin edilməsi haqqında qərar qəbul etdi. Müharibə iştirakçılarının müayinə, müalicə işləri Azərbaycan dövləti tərəfində qarşılanır. Sözsüz ki, bu gələcəkdə də bu cür olacaq. “YAŞAT ” Fondu bu kateqoriyadan olan ailələrin digər problemlərinin həllini öz üzərinə götürüb. Onların sağlamlıq problemləri, ailə-məişət problemləri sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində çalışılır. Azərbaycan dövləti hər zaman şəhid ailələrinə,qazilərə dəstək göstərir. 1 milyona yaxın məcburi köçkünə, Böyük Vətən müharibəsi, Əfqanıstan, Çernobil müharibəsi iştirakçıları, Xocalı soyqrımının qurbanları, Qarabağ müharibəsindəşəhid və əlil olmuş insanlara qayğı dövlətin sosial siyasətində önəmli yer tutur. Bunlar Azərbaycanın sosial yönümlü dövlət olduğunun göstəricisidir.

-Azərbaycan Respublikası Prezidenti Silahlı Qüvvələrinin hərbi qulluqçularının medalla təltif edilməsi haqqında sərəncam imzalayıb. Bu da dövlətin müharibə iştirakçılarına göstərdiyi ehtiramın nəticəsi deyilmi?

- Bəli, Cənab Prezidentin imzaladığı sərəncamla Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər,Xocavənd, Ağdam, Suqovuşanın azad olunması uğrunda döyüşənlər medalla təltif olundu. Hərbiçilərimiz , “Azərbaycan bayrağı ordeni ”, “Qarabağ”ordeni , “Zəfər ordeni” , “Rəşadətə görə medalı” , “Vətən Müharibəsi Qəhrəmanı” medalı ilə təltif olunublar. Bu hərbiçilərimizə verilən qiymətdir,Azərbaycan dövlətinin onlara ehtiramıdır. Prezident tərəfindən verilən medallar hərbiçilərimizə ana südü kimi halaldır. Onlar vətənin ikiqat vətəndaşıdır. Onlar Azərbaycanın ən ağır günüdə silaha sarılıb,torpaqlarını işğaldan azad etdilər. Azərbaycanın müstəqilliyinin əbədi olması üçün canlarından keçdilər. Hərbiçilərimizin fəaliyyətinin yüksək qiymətləndirilməsinin , gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından da çox böyük önəmi var.

Şəbnəm Zahir

AzNews.az