“Prezidentin fərmanı ciddi siyasi mesajdır” - Tofiq Zülfüqarov

“Ermənistana demək lazımdır ki, Zəngəzur dəhlizini açmırsınızsa, özümüz açarıq!”

Prezident İlham Əliyev sistemli bir ardıcıllıqla postmüharibə gedişlərini davam etdirir. Onun işğaldan azad edilən torpaqlarla və bərpa prosesi ilə əlaqədar, o cümlədən 44 günlük Vətən müharibəsinin ortaya çıxartdığı yeni gerçəkliklərdən ölkəsi naminə faydalanmaq üçün verdiyi bütün fərman və sərəncamlar strateji mahiyyətli, konseptual yüklüdür. İlham Əliyevin sərəncam və fərmanları hədəfi dəqiq vuran mərmi kimidir. Lakin bu ‘’mərmilər’’ dağıtmaq üçün deyil, Azərbaycanın gələcəyinə yol açmaq, onu daha təminatlı etmək və böyütmək üçün nəzərdə tutulub.

Belə bir uzun hədəfli addımlardan biri də “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmandır. Bu fərmanla da Azərbaycan diplomatiyası yeni bir mərhələ yaratmış olur! Zəngəzur dəhlizinin ardınca gündəmə və dövlətin hədəfinə Şərqi Zəngəzur iqtisadi zonası adı ilə (bu zona Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarını birləşdirəcək) bütövlükdə Zəngəzur iddiası çıxarıldı! Şərqi Zəngəzur ifadəsi varsa, demək ki, Zəngəzurun bütün istiqamət üzrə bölgüləri, tarixi torpaqlarımız olan Zəngəzur hədəfə alınıb! Prezidentin fərmanında başqa bir böyük və tarixi addım da var: Xankəndi şəhəri yeni yaradılan “Qarabağ iqtisadi rayonu”nun tərkibinə daxil edilib. Qarabağ iqtisadi zonasında Xankəndi ilə yanaşı Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları da olacaq. Fərmanın iqtisadi və geoiqtisadi önəmi öz yerində.

Yeri gəlmişkən, separatçı ermənilər, hətta Ermənistandakı bütün təsisatlar Prezident İlham Əliyevin verdiyi tarixi fərmandan yaman narahat olublar. Məsələn, erməni türkoloq Varuzhan Geqamyan Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanını şərh edərkən deyib ki, “Şərqi Zəngəzur iqtisadi rayonu” o deməkdir ki, Qərbi Zəngəzur da var: “Türkiyə və Azərbaycan Ermənistan ərazisi olan Süniki (tarixi Zəngəzurun bir parçasıdır) ələ keçirmək istəyirlər’’.

Bu mövzuda sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla danışdıq.

- Tofiq bəy, Prezidentin tarixi Şərqi Zəngəzurla bağlı fərmanı, sizcə, daha hansı istiqamətləri hədəfləyir?

- “Adlar müharibəsi” bəzən qəribə formalar alır. İndi ermənilər Zəngəzur adından qorxurlar. Amma yadıma gəlir ki, mən Latviyada səfir olanda ermənilər bir restoran açmışdılar və adını da “Zəngəzur” qoymuşdular. Haradasa 12 ilin söhbətidir. O vaxt onlar hətta Zəngəzur adını özlərinin coğrafi adları kimi istifadə ediblər, “Sünik” sonradan gələn bir addır. Bu baxımdan Zəngəzur coğrafi məfhumunun, bölgənin adının bərpası çox vacibdir. Ermənilər özləri də buranı Zəngəzur kimi qəbul ediblər və onlar üçün yad söz deyil. Onlar bizim torpaqlarımızda bu sözlə böyüyüblər. İkincisi, təbii ki, fərmanda iqtisadi zona kimi göstərilir. Amma biz başa düşməliyik eyni zamanda işarə edilir ki, bu bölgə iqtisadi baxımdan birbaşa blokadada olan Naxçıvana aid eyni iqtisadi məkandır. Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycan tərəfin çalışmaları onu göstərir ki, bu, eyni iqtisadi məkandır və Azərbaycan onu vahid bir zona kimi qəbul edir. Hesab edirəm ki, bu, iqtisadi dillə verilən ciddi siyasi mesajdır.

- Siz bir müddət öncə demişdiniz ki, rəsmi Bakı tarixi torpaqlarını geri istəməli, ərazi iddiasını rəsmən irəli sürməlidir. Bugünlərdə isə bildirmisiniz ki, bir sıra məsələlər həllini tapmadığı üçün sülh müqaviləsinin imzalanmasına qarşısınız və ərazilərin qaytarılması məsələsi rəsmən gündəmə gətirilməlidir.

- Tarixi ədalətin bərpası baxımından bu addım atılmalıdır. Bu, qeyri-ədalətli məsələdir ki, 100 il öncə qanunsuz olaraq kommunist-bolşevik hakimiyyəti ermənilərə bu əraziləri verib. Üstəlik, 100 il ərzində bizim əhaliyə qarşı mərhələ-mərhələ etnik təmizləmələr aparılıb. Orda axırıncı bir neçə kənd var idi ki, sonuncu etnik təmizləmələr elə oradan başlayıb. Qafandakı toqquşmalar nəticəsində oradakı insanlar Sumqayıta yerləşdilər o zaman. Yəni ilk hadisələr Qafandan başlayıb. Sumqayıt hadisələrində dəfələrlə səslənən bir fikir var idi ki, Qafandakı cinayətlər, təzyiqlər nəticəsində ilk qaçqınlar yarandı, Sovet İttifaqının qanunlarına zidd olan əməllər baş verdi. Fakt budur ki, vaxtilə bizim ərazilərimizi ermənilər ələ keçirib və bundan sonra baş verən hücumlarda əsas platsdarm kimi oradan istifadə olunub. Digər tərəfdən də bu, ədalətdən uzaq bir məsələdir.

- Bəs beynəlxalq qanunlar buna nə deyir?

- Baxın, görün, məğlub olan, kapitulyasiya etmiş tərəfin siyasi gündəmində hansı mövzudur? Qarabağ! Qarabağ Azərbaycan ərazisidir, dünya bunu tanıyıb, Azərbaycan əsgəri möhür qoyub, amma ermənilər səhərdən-axşamadək Qarabağdan danışırlar. Hətta qanunlar qəbul edirlər ki, Qarabağa guya filan qədər maliyyə ayırırlar. Bəs bu nədir? İndi anormal bir vəziyyət yaranıb. Azərbaycan hərbi, iqtisadi baxımdan Ermənistandan qat-qat güclüdür, geopolitik baxımından de-fakto Azərbaycan-Türkiyə birliyi mövcuddur... Yəni Ermənistanın qarşısında bir tərəfdən 84 milyonluq Türkiyə var: iqtisadi baxımdan ən güclü 20, hərbi baxımdan 8 ölkədən biri. Digər tərəfdə də Azərbaycan. Ancaq balaca bir Ermənistan, vur-tut 1,5 milyon əhali var, ya yoxdur, bizə və Türkiyəyə ərazi iddiaları irəli sürur. Anormallıq göz qabağındadır. Deməli, Ermənistan bizim ərazi bütövlüyümüzü tanımayanda avtomatik olaraq öz ərazi bütövlüyünü sual altına qoyur. Sən mənim sərhədimi tanımırsansa, mən sənin sərhədini haradan ölçüm?

- Ermənistan konstitusiyasındakı Türkiyəyə qarşı ərazi iddialarını, gerbindəki Ağrı dağının əksini də buraya əlavə etmək olar...

- Onlar cəfəng fikirlərdir. Amma ortada tarix var. Bu yaxınlarda baş verənlərdən söhbət gedir, 100 il bundan əvvəl. Məsələlər hamısı göz qabağındadır. İndi biz siyasi yollarla çalışırıq bunları məcbur edək, bizim ərazi bütövlüyümüzü tanısınlar. Bu, anormallıq deyil? Hesab edirəm ki, biz öz gücümüzü, geopolitik vəziyyətimizi nəzərə alaraq, tam başqa bir mövqedən çıxış etməliyik. Ən azı ictimaiyyət səviyyəsində digər mövzuları gündəmdə saxlamalıyıq, mənim təklifim budur.

- Sizin yanaşmanıza görə, indiki şərtlər daxilində Ermənistanla sülh müqaviləsinin imzalanması bu ölkənin əl-qolunu aça bilər, eləmi?

- Təbii. Çox sadə bir məntiqdir: sən mənə hədə-qorxu gələndə mən də səni beşqat artıq hədələyəcəyəm. Bunlar döyülüblər, əziliblər, dünya qarşısında biabır olublar, amma susmurlar, səhərdən-axşamadək Qarabağdan danışırlar.

- Təkcə bu da deyil, son günlər Kəlbəcər və Tovuz istiqamətindən atəşkəsi pozdular, Ağdam istiqamətində isə gizirimizi yaraladılar.

- Atəş nöqtələrini birmənalı şəkildə qarşılıqlı atəşlə darmadağın etmək lazımdır ki, bizə tərəf baxanda ehtiyat etsinlər, nəinki güllə atsınlar, bu məsələ gündəmdə olmalıdır. Təcrübə göstərib ki, onlar sözü başa düşmürlər, gücü başa düşürlər. Biz nəyə görə müdafiədə olmalıyıq? Güc bizdə, qanun bizdə, hücumu davam etdirməliyik, vəssalam!

- Sözünüzə qüvvət, bir vaxtlar erməni tərəfin əcaib bir iddiası var idi. Dağlıq Qarabağın hüdudlarından kənardakı əraziləri “təhlükəsizlik zolağı” adlandırırdılar. Məntiqlə Azərbaycana təhlükəsizlik zolağı daha çox lazımdır, Qərbi Zəngəzurun timsalında, razılaşırsınız?

-Təbii. 10 noyabr bəyannaməsində açıq göstərilib ki, orda dəhliz açılmalıdır. Biz artıq 8 aydır gözləyirik, daha nəyi gözləyirik? Ermənistana demək lazımdır ki, Zəngəzur dəhlizini açmırsınızsa, özümüz açarıq! Burada bəzən belə fikirlər də səslənə bilər ki, bəs Prezident sülh müqaviləsindən bəhs edir. Biz başa düşməliyik ki, mən dediyim təklifdən qabaq bu fikir səslənməlidir. Yəni biz sülh təklif etmişik, siz rədd etmişiniz. İndi isə məntiqlə tam başqa yanaşma gündəmə gələ bilər. Yəni biz hər şeyi etdik, sülh istəyimizi göstərdik, Şuşada həm Türkiyə, həm Azərbaycan prezidenti tərəfindən çağırış edildi ki, ağlınızı başınıza yığın, xalqlarımıza sülh daha çox xeyir gətirə bilər! Bu çağırışlardan sonra da onlar başlayıblar ki, Qarabağ belə gəldi, filan milyon göndəririk, daha nə.

- Bu məsələlərlə bağlı elə 7 iyulda Paşinyanı qəbul edən Putinin və ümumən Rusiyanın, yaxud KTMT-nin mövqeyi nədən ibarət ola bilər?

- Birincisi, gəlin yaxşı başa düşək, Rusiyanın mövqeyində heç bir dəyişiklik olmayacaq. Ermənilərin ən böyük istəyi budur ki, ruslar gəlib onları müdafiə etsinlər, bu, baş verən deyil. Nə KTMT üzvləri, nə də Rusiya buna getməz. Ən azı indiki mərhələdə bu, mümkün deyil. Təkcə Türkiyənin yanımızda olmasına görə yox, ümumiyyətlə, Rusiya Ermənistana öz münasibətini dəyişib. Bu vəziyyəti geri qaytarmaq mümkün deyil, ermənilər istəsələr də. İkincisi, əgər biz bu təhlili davam etdirsək, başa düşməliyik ki, Rusiya-Qərb qarşıdurması Ermənistan ictimaiyyətində davam edir. Bu baxımdan nə Qərb indi Ermənistanın yanında olmağa hazırdır, nə də Rusiya. Odur ki, indi bizimçün ən əlverişli məqamdır.

- Bir daha Şərqi Zəngəzura qayıdaq. Bu məsələnin geosiyasi əhəmiyyəti nədən ibarət ola bilər, Azərbaycana hansı dividentləri olacaq?

- Bəzən belə fikirlər səslənir ki, guya İran Zəngəzur dəhlizinə qarşıdır, mən buna inanmıram. Çünki məntiqə zidd məsələdir. Bundan qabaq sərhədi qoruyan kim idi: rus sərhədçiləri. İran da bunu qəbul edirdi. İndi İran üçün təhlükə var ki, rus sərhədçiləri gedər və əvəzində qərbyönümlü Paşinyanın hansısa dostları gələcək. İran məgər bu təhlükəni hiss etmir? Məgər İran bilmir ki, Ermənistandakı səfirlikdə 2500 Amerika diplomatı var? İşçilərinin sayına görə dünyada ikinci səfirlikdir. Bu, hamısı bəllidir. Odur ki, bu baxımdan Azərbaycanın Zəngəzura nəzarəti ələ alması İran üçün heç nəyi dəyişməyəcək. 100 km-lik sərhəddən sonra daha 40 km-ə nəzarət etməyimiz İran üçün böyük problem yaratmayacaq. Sərhədin o tayında da bizim soydaşlarımız yaşayır.

- Amma İran rəsmiləri bir neçə dəfə iddia ediblər ki, Ermənistanın ərazi bütövlüyü Tehran üçün qırmızı xətdir. Bəs bu mövqeyə nə deyirsiniz?

- Yox, hesab edirəm ki, o bəyanatlar kiminsə tərəfindən təhrif olunub. Çünki məntiqi baxımdan Ermənistanın ərazi bütövlüyünün İran üçün qırmızı xətt olmasının heç bir əsası yoxdur. Bu mövqe ən azı İranda yaşayan azərbaycanlılar tərəfindən qəbulolunmaz reaksiyaya səbəb olar. Odur ki, İran hakimiyyəti buna getməz.

- Bəs Şərqi Zəngəzurla bağlı fərmanın icrası Qarabağdakı separatçıların kökünün kəsilməsi istiqamətində hansı rol oynaya bilər? Əlavə edək ki, Xankəndi, Xocavənd, Xocalının yer aldığı Qarabağ iqtisadi zonası da yaradılıb və bu da mühüm fərmandır...

- Mən də hesab edirəm ki, reinteqrasiya prosesində artıq gecikən iki məsələ var. Birincisi, təhlükəsizlik mövzusu sonadək həll olunmayıb. Yəni vaxtilə ermənilər tərəfindən qeyri-qanuni yaradılmış birləşmələr tərk-silah olunmalıdır, birmənalı şəkildə! Həmçinin müvəqqəti təhlükəsizlik qüvvələri yaradılmalıdır, amma Azərbaycanın büdcəsi hesabına! Yəni təhlükəsizlik baxımından vəziyyət dəyişməlidir. İkincisi, iqtisadi baxımdan biz başa düşməliyik ki, oradakı iqtisadi mühit addımbaaddım Ermənistandan qoparılıb Azərbaycana keçirilməlidir. Bu prosesi gecikdirmək olmaz! Orada Azərbaycan manatı olmalıdır, Azərbaycan vətəndaşlığını qəbul edən insanlara pensiya verilməlidir və sair. Bu baxımdan biz bu zonaya yad ərazi kimi yanaşmamalıyıq. Bura da bizim ayrılmaz hissəmizdir və biz buraya nəzarət etməliyik.

- Tofiq bəy, necə bilirsiniz, Zəngəzur ideyasının rəsmi səviyyədə ortaya çıxarılması strateji planlara daxildir, yoxsa hazırkı məqamda Ermənistanı hansısa güzəştlərə vadar etmək məqsədi daşıyır?

- Məncə, bu, strateji baxışdır. Biz taktiki baxımdan imkan verdik və Putin tərəfindən də bu fikir söylənilib ki, xalq sizə yenidən etibar edib, seçib. İndi gəl, lazım olan işləri gör, o yan-bu yanı yoxdur. Əvvəl deyirdi ay haray, məni asarlar, kəsərlər! İndi isə bu problem yoxdur. Proseslər daha sürətlə getməlidir. Mən əminəm ki, bu proseslər iqtisadi formada olsa belə, onları ciddi siyasi nəticələri olacaq. Ondan əvvəl həm təhlükəsizlik, həm də iqtisadi baxımdan hansısa addımlar atılmalıdır. (Musavat.com)