"O verilişlərdəki psixoloqlar cəmiyyətdəki problemləri körükləyirlər" - Kamil Həmidov

Psixoloq: “Qeyri-professional hazırlanan verilişlər, seriallar ailədaxili konfliktlərin artmasına səbəb olur”

Psixoloq-konsultant Kamil Həmidov son dövrlər artan şiddət, ailədaxili zorakılığın arxasında dayanan səbəblər ilə bağlı AzNews.az analitik-informasiya portalına müsahibə verib.

- Cəmiyyətdə hansı psixoloji faktorlar ailədaxili münaqişələrin artmasına səbəb olur?

- Əvvəlcə müəyyən etmək lazımdır ki, gənclər ailə qurmağa hazırdırlarmı? Ailə ilə bağlı nə qədər məlumatlıdırlar? Gənc ailələr nümunə modeli kimi öz ailələrini görürlər. Öz ailələrində yaşadıqları konfiliktlər gələcək ailəyə siraət edir. Onlar üçün bir nümunə öz ailələridir, digəri isə mediada göstərilən ailələrdir. Eyni zamanda seriallar, ailə konfiliktlərindən bəhs edən qeyri-professional hazırlanan verilişlərin ciddi təsirləri var. Burada göstərilən şiddət insanların içindəki neqativ hissələri daha çox oyadır. Hər bir insanın içində onun müsbət keyfiyyətləri ilə yanaşı mənfi deyə biləcəyimiz xüsusiyyətləri də var. Televiziya, media isə maraqlıdır ki, manşetə daha çox problemli hissəni çıxartsın. Problemli hissə çıxanda isə əgər onu izləyən nevrotik insandırsa, bu onu qıcıqlandırmağa başlayır. Axır vaxtlar daha da geniş yayılıb. Ailə dramları, xəyanət , boşanmalar tədricən öz ampluasından, aqressiyaya keçid edir. Çoxsaylı izləyicisi olan türk seriallarında nəsillər arası konflikt, ailə dramları özünü göstərir. Bu da həm böyüklər, həm də uşaqlarda aqressiv hissləri artırır. Öz televiziyamızdakı iki verilişi nümunə göstərə bilərik. Orada iştirak edən ekspertlər və psixoloqlar cəmiyyətdəki psixoloji problemləri körükləyirlər.

- Psixoloqun bu məsələyə yanaşması necə olmalıdır?

- Psixoloqun məsləhət verməyə ixtiyarı yoxdur. Psixoloq kömək edir ki, insan özü öz problemini görə bilsin. Öz probleminə daha böyük bucaqdan baxa bilsin. Orada həll olunması mümkün olan yollar da var, həll olunmayan yollar da var. Kimsə həll yolunu seçərək ona doğru addımlayır. Digəri isə hələ buna hazır deyil. Psixoloq o həlli insanın əlinə verə bilməz. Əks halda məsuliyyət məsləhət verənin üzərinə düşür. Psixoloqun işi isə problemli insana həyatı yaşamağın məsuliyyətini dərk etməyə kömək etməkdir. Həyatı yaşamaq çətin və məsuliyyətlidir. Azərbaycanda psixologiya bakalavrda tədris olunmağa başlayır. Magistrda isə ixtisaslaşma gedir. Təəssüf ki, onların içərisində ailə psixoloqları yoxdur. Klinik psixoloqlar var, onlar da çox azdırlar. Travmalarla yalnız kliniki psixoloqlar işləməlidirlər. Düşünürəm ki, orta məktəblərdə psixologiya tədris olunmalıdır. Bu sahə ilə bağlı məktəbdən başlayaraq baza formalaşmalı, adaptasiyanın olunması zəruridir. Əgər 10-11-ci siniflərdə psixologiya tədris olunarsa, bakalavrda bölünmələr gedə bilər. Ailə psixoloqu, klinik psixoloq və s.

- Bəzən düşünülür ki, ailələrdə münasibətlərin pozulmasına, şiddətin son zamanlar artmasına sosial şəbəklərdən istifadə səbəb olur. Siz bu barədə nə düşünürsünüz? Ailədaxili konfliktlərin son zamanlar çoxalmasının səbəbləri nələrdir?

- Əslində ailə münaqişələri hər zaman olub. Sadəcə bu qədər çox kütləyə çatımlılığı yox idi. Əvvəllər ailə daxili zorakılıq olduqda, gənc ailələrdə konfliktlər baş verdikdə bunu böyüklər həll etməyə çalışırdılar. Ailə kiçik komponent kimi götürülmürdü. Qayınata, qayınana, ağsaqqal, ağbirçəklər problemi qısa zaman ərzində həll edirdilər. O institut bizdə demək olar ki, sıradan çıxır. Həmin institut yoxdur ki, problemləri qısa zamanda aradan qaldırsın.

-Şəxsin böyüdüyü ailənin, aldığı təhsilin və yaşadığı travmaların şiddətə meyilli olmasında nə kimi təsirləri var?

- Zorakılığın əsasında təbii ki, bir neçə nüans yatır. Qeyd olunan məqamlar burada böyük rol oynayır. Bu da damla-damla yığılaraq məişət zorakılığına, ciddi nəticələrə səbəb olur. Münasibətlərdə savad səviyyəsi də önəmli rol oynayır. Söhbət təhsildən yox, dünyagörüşündən gedir. Bizdə təhsil hazırda dünyagörüşünün üzərində formalaşmayıb. Bizim təhsilimiz şəxsiyyətyönümlü vətəndaş yetişdirmir. Bizdə təhsil yanlız uğurlu olmağın vacib olduğunu öyrədir. Uğurlu olmaq başqa bir şeydir, şəxsiyyət olmaq başqa. Şəxsiyyət müsbət keyfiyyətlər tələb edir. Uğur isə nəticə tələb edir. Yəni bal topla, universitetə gir. Bu kimi hallarda narsistlik, özünə vurğunluq duyğusu ön plana çıxır. Bu da bütün neqativ halları arxasınca gətirir. Aytən Niftəliyeva və qızının ölümü ilə bağlı hadisəni izləyəndə də görürük ki, cütlüklər təzə ailə quran vaxtda da onların arasında ciddi münaqişələr baş verib. Şiddət olmasına baxmayaraq münasibətləri davam edib. Biz bu münasibətlərə asılı münasibətlər deyirik. Bu sevgi deyil, bağlı olmaqdır. Kişinin də boş hissəsi var qadının da, onlar bir-birilərinə lazım olan boşluqları doldurmaq üçün əlaqəyə girirlər. Bu da gələcəkdə bu cür şiddətə və digər neqativ hallara çevrilir. Adətən şiddət göstərən insanların özlərinin uşaqlıqda yaşadığı travmaları olur. Ata-ana münasibətlərinin, onların uşağa qarşı münasibətlərinin sağlam olmaması, uşağın həmin dövrdə zorakılığa məruz qalması nəticəsində həmin şəxslər şəxsiyyət pozuntusu yaşayır. Həmin insanların içində boşluq yaranır. Bu da bütün neqativ halları arxasınca gətirir. Yəni bu səbəblər kompleks halındadır. Zəncirvari formada arta-arta davam edir.

- Zorakılığa meyilli insanları əvvəlcədən necə müəyyən edə bilərik? Əlamətləri nələrdir?

-Danışaraq. Əgər insan özünə vurğundursa, eqosentrizm varsa, özünü mərkəzə qoyursa, insan həddindən çox yalan danışırsa, qısqanclıq, şübhəçilik çoxdursa, bu əlamətlər şiddətə meyilli olduğunu göstərə bilər. Bu insanların dediyi ilə etdiyi üst-üstə düşmür. Bunu ayırd etmək çox çətindir. Bəzən baxırsan ki, ziyalı, aristokrat adamdır, amma bu onun fiziki görkəmidir. Biraz danışandan sonra görürsən ki, xaricdəki ilə daxildəkinin arasında harmoniya yoxdu. Deməli, nə isə düz getmir. Psixoloqlar bunu bədən hərəkətlərindən müəyyən əlamətlərlə sezə bilirlər. Ancaq digər insanlar gərək danışsınlar, ünsiyyətdə olsunlar. Hər iki tərəfin də dünya görüşü geniş olmalıdır. Əgər insan seçim edə bilmirsə, o zaman yanlış addım atacaq. Nəticədə seçə bilmək məsələsinə gəlib çıxırıq ki, insan üçün ən önəmli faktor seçməkdir. Bunun üçün insanın seçim etmək imkanları geniş olmalıdır. Cəmiyyət elə qurulmalıdır ki, insanlar daim seçimlər edə bilsilər. Fərd olaraq götürsək, bir insanın ən aparıcı tələbatı seçim etməkdir. Digərlər onun arxasınca gəlir. Seçim etməyi bacarmaq inkişafın əsas təminatıdır. Əgər sənin seçim etmək üçün imkanın yoxdursa, məhduddursa, seçə bilmirsən. Seçimlər çox olanda fürsətlər əmələ gəlir. Fürsət olur ki, sən burada uğur qazana biləcəksən, burada sənin işin səmərəli olacaq, burada atdığı addım harasa aparıb çıxaracaq.

- Qeyd etdiniz ki, mətbuatda bu xəbərlərin yayımlanması insanlarda aqressiyanı artırır. Bəs bu mövzular necə ictimailəşdirilməlidir?

- Məsələ ondadır ki, bu mövzuları həddindən çox ictimailəşdirirlər. İstər ailə zorakılığı ilə bağlı, istərsə də intiharlarla bağlı keyfiyyətli müzakirələr getmir. İntihar xəbərlərini verməyin də yolları var. Əks halda bu “Verter effektinə” çevrilir. Höte “Gənc Verterin İztirabları” əsərini yazandan bir müddət sonra intiharlar çoxalmağa başladı. Kütləvi intihar halları başladıqdan sonra kitabın satışı qadağan olunur. Xaricdə bu istiqamətdə müzakirəni ekspertlər, mütəxəssislər edirlər. İntiharların, zorakılıq hadisələrinin arxasında bir siqnal var. İlk növbədə bu səbəbləri öyrənmək, düzgün müzakirə istiqamətində işlər görməyə çalışırlar. "Nə etmək lazımdır?" sualına hərtərəfli formada cavab tapmağa çalışılır.

-Şiddətin, ailədaxili konfliktlərin azalmasının həlli yolu nə ola bilər?

- Çətin sualdır, cəmiyyətdə kompleks işlər görülməlidir. Cəmiyyətin təhsil səviyyəsi, dünyagörüşü səviyyəsi artmalıdır. Bunlar baş vermədikcə, bu tip deqredasiya halları davam edəcək. Belə halların baş verməməsi üçün təhsil dünyagörüşünə, sekulyarizmə söykənməlidir.

Şəbnəm Zahir