“Bu dəfə də Ermənistanın revanşist xülyaları boşa çıxdı” - MÜSAHİBƏ

Əhməd Abbasbəyli: “Son baş verənlər Ermənistanın bu nümayişkaranə addımlarının heç bir nəticə verməyəcəyini sübut etdi”

“Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli AzNews.az analitik-informasiya portalına müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Son zamanlar Ermənistanın atəşkəsi pozduğunun, genişmiqyaslı təxribatlar törətdiyinin şahidi oluruq. Ermənistan tərəfinin gərginliyi artırmaqda məqsədi nədir?

- Sözsüz ki, burada müəyyən məqsədlər və eyni zamanda maraqlı tərəflər var. Bunun üçün ilk növbədə Ermənistan tərəfinin daxilindəki proseslərə diqqət yetirmək lazımdır. Həmçinin Ermənistana təsir edən xarici dövlətlər, beynəlxalq qüvvələr də mütləq nəzərə alınmalıdır. Birinci məsələ ondan ibarətdir ki, Ermənistanın daxilində vəziyyət çox gərgindir. Nikol Paşinyanın qərbyönümlü siyasətçi olması daxildəki vəziyyətin gərgin olmasına şərait yaradır.

Digər tərəfdə isə Rusiyanın yanında duran, uzun müddət Ermənistan hakimiyyətində olan, korrupsiyaya bulaşmış, Azərbaycana qarşı böyük cinayətlər törətmiş bir dəstə durur ki, bu dəstənin də məqsədi məhz bu proseslərdən bəhrələnməkdir. Bu kimi hallardan istifadə edərək yenidən hakimiyyəti ələ almağa çalışırlar. Lakin Ermənistanda keçirilən seçkilər göstərdi ki, ermənilər bu klanı dəstəkləmir. Onlar tamamən məğlub olublar.

Paşinyan baxmayaraq ki, müharibədə uduzmuşdu, ancaq qərb yönümlü siyasətçi kimi seçkilərdə qalib gəldi. Bu onu göstərdi ki, Ermənistan əhalisi həm müharibə istəmir , həm də daha çox qərbə yönümlü siyasətin tərəfdarıdır. Paşinyan sülh müqaviləsinin bağlanması , delimitasiya və demarkasiya prosesini uzadır. İlham Əliyev də dəfələrlə vurğulayıb ki, Azərbaycan tərəfi sülh müqaviləsinin imzalanmasını istəyir. 10 noyabr bəyanatında göstərilən bütün müddəalar həll edilməlidir. Bir il ərzində Azərbaycan dövləti səbrlə bu proseslərin həllini tapmasını gözləyib. Biz öz üzərimizə düşən bütün öhdəlikləri yerinə yetiririk. Lakin Ermənistan tərəf öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Müxtəlif bəhanələrlə bu məsələləri uzadır. Müxtəlif təşkilatların, ayrı- ayrı dövlətlərin dəstəyinə nail olmaq üçün zaman qazanmağa çalışır. Bu gün erməni cəmiyyətində ikili bir fikir var. 8 noyabr İrəvanda keçirilən seçkilərdə də belə fikirlər səsləndirilirdi ki, Rusiya bizə kömək etməli, yanımızda olduğunu göstərməlidir, ya da başqa dövlətlərə müraciət etməliyik. Maraqlısı budur ki, digər dövlətlər dedikdə , rəsmi dairələr tərəfindən deyilməsə də, erməni analitiklərinin çıxışında ABŞ, Fransa və İranın adı çəkilir.

Düşünürlər ki, bu cür hərəkətlərlə bu qüvvələri cəlb edib, hər hansı bir üstünlük əldə edə bilərlər.

Ermənistanın təxribatları artırmaqda məqsədi tərəfdaş axtarmaqdır. Məqsədli şəkildə buna çalışır.

- 15 noyabr Ermənistan prezidenti Armen Sarkisyan Arşak Karapetyanı müdafiə naziri vəzifəsindən azad edib və baş nazirin təklifi ilə bu vəzifəyə Suren Papikyanı təyin etdi. Çox keçmədən Ermənistan Azərbaycan dövlət sərhədi istiqamətində atəşkəsi pozdu. Yeni nazir təyin edildikdən sonra vəziyyətin gərginləşməsinin səbəbləri nələr ola bilər?

- Keçmiş müdafiə naziri ilə bağlı həm erməni, həm rus, həm də bizim mətbuatda müxtəlif müzakirələr oldu. Paşinyanın çıxışında eyhamlar oldu ki, Karapetyan müdafiə naziri olduqdan sonra tez-tez Moskvaya səfərlər edir. Arşak Karapetyanın Moskva səfərlərindən sonra aydın oldu ki, o Ermənistan hökümətindən daha çox Rusiyanın tapşırıqlarını yerinə yetirməyə çalışır. Karapetyan müdafiə naziri təyin olunduqdan sonra bir çox təxribatçı addımlar atıb. Qarabağa və Xankəndiyə səfərlər edib. Bu məsələlər vəziyyətin gərginləşməsinə doğru işarələr idi.

Fikrimcə, Vətən Müharibəsi zamanı cəbhədən təxribat xarakterli məlumatlar yayan, “WarGonzo”nun jurnalisti Semyon Peqov yenidən Qarabağa gəlib reportaj hazırlaması vəziyyətin gərginləşməyə doğru getdiyini göstərirdi. Ümumi mənzərəyə baxdıqda bu gərginləşmə gözlənilən idi. Amma bu dəfə də Ermənistanın revanşist xülyaları boşa çıxdı. Azərbaycan ordusu öz gücünü bir daha göstərdi. Rəsmi xəbərlərdən bilindiyi kimi, Ermənistan tərəf kifayət qədər itki verib. Son baş verənlər Ermənistanın bu nümayişkaranə addımlarının heç bir nəticə verməyəcəyini sübut etdi. Göstərdi ki, 10 noyabr bəyanatında vurğulanan bütün müddəalər yerinə yetirilməlidir. Əks təqdirdə , Ermənistan üçün çox acınacaqlı nəticələr verə bilər.

- Sərhəddə baş verən hərbi toqquşmalarda kimlərin və hansı qüvvələrin maraqları var?

- Düşünmürəm ki, Qarabağla bağlı Rusiya bizim əleyhimizə ciddi bir addım atsın. Rusiyanın özünün ciddi problemləri var. Bura ABŞ və Rusiya münasibətlərindəki gərginləşməni, Qara dənizdə , Belarusiya-Polşa sərhəddində , Ukraynada-Dombasda və.s baş verənləri qeyd etmək olar. Bundan başqa Fransanın, İranın burada maraqları var. İran bəyanatlar verməklə nəsə etməyə çalışır. Bu da xoşagəlməz hallardan biridir. Ancaq bu gün bütün dünya qəbul edir ki, Türkiyə regiondadır və bu prosesdə iştirak edir. Ərazi problemləri olan, ərazi bütövlüyü pozulan ölkələr Azərbaycanı nümunə göstərir. Azərbaycanı güc mərkəzi kimi tanıyıb, Azərbaycanla hesablaşırlar. Azərbaycan bu gün maraqlıdır ki, Ermənistanla sülh bağlasın və münasibətlər qursun. Belə olduqda Ermənistan, Azərbaycan və Türkiyənin iqtisadi təsir dairəsinə çevriləcək. Əslində bu Ermənistan əhalisi üçün də yaxşı haldır. Çünki bununla əhalinin maddi rifahi artmış olacaq. Təbii ki, bu siyasi baxımdan digər dövlətləri qane etmir. Çünki Ermənistan Azərbaycan və Türkiyənin təsiri altına düşmüş dövlətə çevriləcək. Şübhəsiz ki, bu halın baş verməməsinə çalışan dövlətlər az deyil.

- Qeyd etdiyiniz kimi Ermənistan bir çox məsələlərin həllini gecikdirir. Sərhədlərin delimitasiya və demarkasiyası məsələsində , 10 noyabr bəyanatının şərtlərinin həllindən boyun qaçırır. Ermənistan bununla nəyə nail olmağa çalışır?

- Yaxın zamanda Rusiya, Azərbaycan və Ermənistan liderləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli görüşün keçiriləcəyi gözlənilirdi. Ancaq bu görüş təxirə salındı. Bunun səbəbləri açıqlanmasa da , məlumdur ki, Ermənistan tərəfi bunu istəməyib. Ümumiyyətlə Ermənistan höküməti dəqiq qərarlar verməkdən çəkinərək , müxtəlif bəhanələrlə vəziyyəti dəyişməyə çalışır. Eyni zamanda Ermənistan cəmiyyəti açıq şəkildə bilir ki, onların ordusu Azərbaycan ordusu qarşısında zəifdir. Ermənistanın yeganə çıxış yolunu Rusiya və digər dövlətlərdə axtarır ki, bu dövlətlərlə Azərbaycana siyasi təzyiqlər etsin. Lakin hər cəhdləri belə uğursuzluqla nəticələnir. Bəzi siyasi qüvvələr Rusiyanı Ermənistana açıq şəkildə dəstəkləmədiyinə görə qınayırlar. Rusiyanı hərbi cəhətdən Ermənistanı müdafiə etməməkdə günahlandırlar ki, siz öz öhdəliklərinizə, Kollektiv Təhlükəsizlik Müqaviləsinin şərtlərinə əməl etmirsiniz. Ancaq Azərbaycan tərəf Ermənistanın ərazisinə hücum etməyib ki, Rusiya bu məsələlərə müdaxilə etsin. Rusiya da Azərbaycana qarşı bu cür addımlar atmaq fikirində deyil. Nəzərə almaq lazımdır ki, prosesdə Türkiyə faktoru da var.

- N.Paşinyan noyabrın 17-də Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduqlarını bildirib. O qeyd edib ki, tammiqyaslı danışıqlar prosesinin bərpasından danışırıq və bu prosesə cəlb olunmuşuqsa, deməli, məqsədimiz də sülh müqaviləsi imzalamaqdır. Sülh müqaviləsi hansı halda imzalana bilər?

- Paşinyanın sülh müqaviləsinin bağlanmasına razı olması əslində çox ciddi bir siyasi addım olar. Çünki bununla Azərbaycanın ərazi bütövlüyünü tanımalı, Qarabağla bağlı hər hansı bir iddiası olmamalıdır. Bu məsələ konkret olaraq öz həllini tapmalıdır. 10 noyabr bəyannaməsinə uyğun olaraq Zəngəzur dəhlizinin açılması tam həllini tapmalıdır. Zəngəzur dəhlizinin açılmasına tək Azərbaycan yox, Rusiya, Türkiyə də maraqlıdır. Həmçinin sülh müqaviləsinin bağlanması sərhədlərin delimitasiya və demarkasiyası ilə eyni zamanda aparılmalıdır. Ermənistan tərəfin bu istiqamətdə vaxt uzatmağa çalışmağı mənasızdır. Bu proseslərin əvvəl-axır öz həllini tapması lazımdır.

Şəbnəm Zahir