Yeganə Hacıyeva: “Cənubi Qafqazla bağlı fikir formalaşdırılmasında əsas sima Azərbaycan Prezidentidir” Yeganə Hacıyeva: “Cənubi Qafqazla bağlı fikir formalaşdırılmasında əsas sima Azərbaycan Prezidentidir”

“Ermənistanda cəmiyyət Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlərə inanır”

Yeganə Hacıyeva: “Cənubi Qafqazla bağlı fikir formalaşdırılmasında əsas sima Azərbaycan Prezidentidir”

Politoloq Yeganə Hacıyeva AzNews.az analitik-informasiya portalının suallarının cavablandırıb:

- Azərbaycan və Ermənistan arasındakı son baş verən prosesləri necə xarakterizə etmək olar?

- Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Ermənistan və Azərbaycan liderləri ilə regionda yaranmış vəziyyətə dair telefonla danışıqlar apardıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan dekabrın 15-də Brüsseldə Aİ-nin “Şərq Tərəfdaşlığı” sammitində görüşməyə razılaşıblar.

Rusiya sərhədlərin müəyyənləşməsi ilə bağlı hər iki tərəfi güzəştlərə çağıraraq vasitəçilik missiyasını yenə də təkbaşına üzərinə götürdükdən, Prezident Vladimir Putinin “Valday” klubundakı çıxışında sərhədlə bağlı xəritənin Rusiya Baş Qərargahında olduğunu bəyan etməsindən sonra proses sanki qismən tormozlandı.

Daha öncə Moskvada üçtərəfli görüşlə nəzərdə tutulurdu noyabrın ilk ongünlüyündə və nəzərdə tutulan bu görüş heç bir tutarlı səbəb göstərilmədən ertələnmişdi.

Daha sonra isə Ermənistanda daha çox “Soros uşaqları”ndan olan yeni müdafiə nazirinin təyinatı ilə sərhəddə gərginlik qarşıdurma səviyyəsini aşdı, ağır silahlar işə düşdü.

Bundan sonra isə Aİ-nin vasitəçiliyi ilə görüş razılaşdırıldı. Müşahidələrə görə, Paşinyan danışıqlar prosesinin Rusiyanın inhisarından çıxmasında maraqlıdır. O, danışıqları Rusiya formatından çıxarmağa və ATƏT Minsk Qrupuna daşımağa, Rusiya və Türkiyənin rolunu azaltmağa və vaxt qazanmağa çalışır.

Lakin bu görüşdən öncə Putin-Əliyev-Paşinyan görüşü noyabrın 26-da Soçidə təyin olundu ki, bu görüşü növbədən kənar hesab etmək olar, çünki daha öncə buna aid heç bir məlumat yox idi.

Məsələ ondadır ki, 44 günlük Vətən müharibəsindən sonra proseslərə təsir edən tək işlək format üçtərəfli razılaşmadır.

Rusiya da bu üçtərəfli razılaşmada de-yure tək, de-fakto isə iki qarant ölkədən biridir. Proseslər Azərbaycan-Türkiyə, Rusiya- Ermənistan mövqelərinin ətrafında müzakirə olunur, həlli yolları tapılmağa cəhd edilir: Yəni nəzəri olaraq hətta fikirləşsək ki, ATƏT-in Minsk Qrupu bir formada sərhəd və delimitasiya-demarkasiya məsələlərinə cəlb olunur, bu format yararsız, işlək olmayan bir format olacaq.

Necə ki, 30 il ərzində nizamlanma missiyası heç nəyə yaramadı, eləcə də bu format da heç nəyə yaramayacaq. Bu, Ermənistana və şəxsən baş nazir Nikol Paşınyana zaman qazandıracaq.

- Necə düşünürsünüz, Ermənistan sərhəddə gərginliyi artırmaqla nəyə nail olmağa çalışır?

- Sərhəddə gərginlik Azərbaycan tərəfinin rəsmi təbliğatının sındırılmasına hesablanıb. Çünki 44 günlük Vətən müharibəsindən sonra regionda maraqlı dairələr bölgədə dəyişikliklər, yeniliklər, ümumiyyətlə, bölgənin gələcəyi ilə bağlı ancaq və ancaq Azərbaycan Prezidentinin nitqindən səslənən mesajlara inanır və etibar edirlər.

Bu, Ermənistanın özündə də belədir, cəmiyyət baş verənlərlə bağlı Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlərə inanır, bu fikirləri arqument olaraq hökumət qarşısında səsləndirir və s. Bir sözlə, Cənubi Qafqazla bağlı fikir formalaşdırılmasında əsas sima Azərbaycan Prezidentidir.

- Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə Soçi görüşü keçiriləcək. Soçi görüşündən gözləntiləriniz nələrdir ?

- Soçi görüşündə 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmalarının müddəalarının həyata keçirilməsi, dinc həyatın bərqərar edilməsi, iqtisadi münasibətlərin bərpası, Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması istiqamətində real addımların atılması haqqında qərarlar veriləcək.

- Dekabrın 15-də Brüsseldə isə Şərq Tərəfdaşlığı sammiti çərçivəsində İlham Əliyev və Nikol Paşinyanın görüşü də planlaşdırılıb. Bu görüşün təşəbbüsü Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə aiddir. Brüssel görüşü nə vəd edir?

- Brüsseldə Prezident Əliyev və Paşinyanın görüşündən böyük nəticə gözləməyə dəyməz. Bu görüşü, sadəcə, Avropa İttifaqı ”Şərq Tərəfdaşlığı" sammiti çərçivəsində bu proqramın iki üzv dövlət rəhbərlərinin görüşü kimi qəbul etməliyik.

Amma bu görüş Azərbaycan və Ermənistandan çox Avropa İttifaqına görüntü üçün vacibdir. Aİ növbəti dəfə bir qlobal oyunçu statusunu təsdiqləməyə, Cənubi Qafqazdakı proseslərə təsir imkanlarını tam itirmədiyini, bu imkanların hələ də mövcud olması görüntüsünü verməyə çalışır.

- Rusiya Avropa İttifaqını qabaqlayaraq tərəflər arasında konstruktiv sənəd imzalanmasına nail ola bilərmi?

- Belə bir sənədi ancaq və ancaq Rusiyanın nüfuz və təsiri ilə imzalamaq mümkün olacaq. Aİ-nin lider ölkələrinin, ümumiyyətlə, Aİ-nin bir siyasi təsisat olaraq Cənubi Qafqazdakı proseslərə ciddi təsir mexanizmi mövcud deyil. Proseslərə təsir mexanizmi mövcud olmayan Aİ Azərbaycan və Ermənistan arasında konstruktiv sənədin imzalanmasına necə nail ola bilər? Hansı şərtlərlə? Hansı alətlərlə? Müsbət cavab vermək mümkün deyil.

Əgər Aİ Ermənistana kredit-qrant formasında hədiyyə etdiyi 2,6 milyard, Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində 1,6 milyard maliyyə ayırmaqla təsir rıçaqlarını formalaşdırdığını düşünürsə, çox yanılır, çünki bu belə deyil.

Azərbaycana gəlsək, 44 günlük Vətən müharibəsində davranışlarına görə Aİ ilə Azərbaycan arasında dəyişən məqamlar var və Aİ Ermənistanın könlünü almağa çalışdığı kimi eyni yanaşmanı Azərbaycana da sərgiləməli və Azərbaycanla münasibətlərdə 44 günlük Vətən müharibəsi zamanı ədalətsiz mövqeyini kompensasiya etməlidir.

Şəbnəm Zahir