- Müsahibə
- 8 Dekabr 2021 14:25
- 18 325
“Brüssel təşəbbüsü ABŞ-ın sifarişidir” - Cümşüd Nuriyevlə MÜSAHİBƏ
Politoloq: “Brüsseldə çalışılacaq ki, Rusiyanın əleyhinə olan qərarlar qəbul edilsin”
Politoloq Cümşüd Nuriyev AzNews.az analitik-informasiya portalına müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Soçi görüşdən sonra Putin bildirdi ki, işçi qrupu bölgədəki dəhlizlərin açılması ilə bağlı yaxın günlərdə konkret açıqlamlar verəcək. Ancaq Üçtərəfli İşçi Qrupunun dekabrın 1-də Moskvada keçirilən iclasında razılaşmaları formalaşdırmaq mümkün olmayıb. Maraqlıdır ki, Ermənistanın yenidən dəhliz məsələsindən boyun qaçırması nəyə hesablanıb?
- Dekabrın 1-də Moskvada üçtərəfli görüşdən Ermənistanın boyun qaçırmasının əsas səbəbi qarşıdan gələn Brüssel görüşünə özünü sığortalamaqdır. Məlumdur ki, Paşinyanı hakimiyyətə ABŞ gətirib. O Sorosun layihəsi kimi gündəmə gəlib. Onu hakimiyyətə gətirənlər ondan bunları tələb edirlər. O da onların fikrini bildirir. Çünki Zəngəzur dəhlizinin açılması ilə Ermənistan artıq birmənalı şəkildə Rusiyanın siyasi nüfuz dairəsinə daxil olacaq. Həmin dəhlizin təhlükəsizliyini Rusiyanın Federal Kəşfiyyat İdarəsi qüvvələri qoruyacaq. Bu da Qafqaza girmək istəyən ABŞ və Qərbin maraqlarına ziddir. Ermənilər isə zaman-zaman bu cür təxribatçı addımlar atmağa alışıblar.
- Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, Azərbaycan müqaviləyə dəhliz məsələsini daxil etməyə çalışır ki, bu da Ermənistan üçün qəbuledilməzdir.Burada Erməni tərəfinin davranışları Rusiyanın vasitəçiliyinə etiraz kimi başa düşülə bilərmi?
- Bir ölkənin Təhlükəsizlik Şurasının katibi siyasi cəhətdən bu qədər savadsızdır ki, belə bir fikir səsləndirsin. Paşinyan hakimiyyətinin siyasətçisi bundan artıq ola bilməzdi. Dəhliz həmin ərazinin ya Azərbaycanın, ya da Ermənistanın nəzarətində olması demək deyil. Əslində bu iqtisadi kommunikasiya dəhlizidir. Yəni, oradan həm dəmiryolu ilə istər yük, istərsə də sərnişin daşınması ilə təhlükəsizlik təmin olunacaq. Təbii ki, buna görə Azərbaycan Ermənistana heç nə ödəməməlidir. Burada gömrük və hansısa başqa rüsumlardan söhbət gedə bilməz. Çünki Ermənistan ərazisindən keçən yüklər sonradan Naxçıvan ərazisindən , yenidən İrəvana göndəriləcək. Bu tranzit bir dəhlizdir. Burada məcazi mənada dəhlizdən söhbət gedir. Nə dövlət sərhədi dəyişir, nə başqa bir şey.Burada əslində Qərbə mesaj verirlər ki, biz Rusiyanın burada vasitəçilik etməsinə narazıyıq.Digər tərəfdən də bunu Ermənistanın ərazi bütövlüyü ilə bağlayırlar. Bunu Ermənistanın ərazi bütövlüyü kimi qiymətləndirmək ağlasığan bir şey deyil.
- Dekabrın 15-də Brüsseldə Şərq Tərəfdaşlığı sammiti çərçivəsində İlham Əliyev və Nikol Paşinyanın görüşü planlaşdırılıb. Bu görüşün təşəbbüsü Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə aiddir. Necə düşünürsünüz, Avropa İttifaqının Brüssel görüşünün keçirilməsi təşəbbüsündə çıxış etməkdə məqsədi nədir?
- Avropa İttifaqının Brüssel təşəbbüsü daha çox ABŞ-ın sifarişidir. ABŞ birmənalı şəkildə çalışır ki, Qafqazada möhkəmlənisin. Əsas məqsədi Gürcüstandan sonra Ermənistanı da Rusiyanın siyasi nəzarətindən çıxarmaqdır. ABŞ çox gözəl bilir ki, Azərbaycan öz maraqlarına uyğun olaraq hərəkət edir.Biz balanslaşdırılmış siyasət yürüdürük. Qonşu dövlət kimi Rusiya ilə hansısa bir problemin olmasını istəmirik. Eyni zamanda öz maraqlarımızı güdürük. Ancaq Ermənistanın nə belə bir təşəbbüsü var, nə də belə bir addım ata bilir. Bu mənada Avropa İttifaqının Brüssel təşəbbüsü məhz ABŞ-ın və Qərbin, xüsusən Fransanın Qafqazda möhkəmlənməsinə xidmət edəcək bir addımdır.
- Ermənistan Brüssel görüşü öncəsi kimə güvənir?
- Ermənilərin daha çox Fransanın diktəsi ilə oturub durduqlarını demək olar. Çünki mart ayında Fransada seçkilər olacaq. Fransa Prezidenti E. Makron erməni kökənli olduğu, həmçini erməni diasporasının maliyyə yardımından istifadə etdiyinə görə bu kimi addımlar atmağa çalışır. Ancaq düşünürəm ki, burada hazırda əsas məqsəd Makronun hakimiyyətə gətirilməsi deyil. Daha çox ABŞ-ın Qafqaz siyasətinin tərkib hissisdir.
- Brüssel görüşündən gözləntiləriniz nələrdir: Azərbaycanla Ermənistan arasında növbəti görüşdə əsas müzakirə mövzusu hansı istiqamətlər ola bilər?
- Əslində, Brüssel görüşündə müzakirə olunacaq yeni mövzu yoxdur. Üçtərəfli bəyanatda Azərbaycanın maraqları tam təmsil olunur. Bəyanatda, həm sərhədlərin delimitasiyası və demarkasiyası, həm sülh müqaviləsinin bağlanmasına Azərbaycanın razılığı və yeni kommuniksiya dəhlizinin açılması ilə bağlı Azərbaycanın maraqları var. Brüssel görüşündə bu məsələlər masaya yatızdırılacaq. Təbii ki, ABŞ-ın ayrı-ayrı siyasətçilərinin yenidən ATƏT-Minsk Qrupunun həmsədrliyini reanimasiyadan çıxarıb, diriltməyə çalışması və “Dağlıq Qarabağ” , yəni “status” məsələləri gündəmə çıxır. Düşünürəm ki, bu daha çox Ermənistan ictimaiyyətinə hesablanmış bir şeydir. Onlara da aydındır ki, Rusiya bunu istəmir, çünki sonuncu bəyanatda “Dağlıq Qarabağ” adlı termin yoxdur. Rusiya artıq Azərbaycanın xarici siyasəti ilə razılaşır. Bu artıq reallıqdır.
- Prezident İlham Əliyev dekabrın 6-da Qubanın Qonaqkənd qəsəbəsində yeni inşa olunan Mədəniyyət Evində yaradılan şəraitlə tanışlıqdan sonra qəsəbə sakinləri ilə görüşü zamanı Ermənistana çağırış etdi. Bildirdi ki, "Bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq?” İlham Əliyevin bunu çağırışını necə qiymətləndirmək olar?
- Bəli, ölkə başçısı bildirdi ki, bizə dəqiq tarix versinlər, Zəngəzur dəhlizi nə zaman açılacaq. Bizim maraqlarımız təmin olunduğuna görə Ermənistanla heç bir problemimiz yoxdur. Xatırlayırsınızsa, hələ müharibə zamanı İlham Əliyev Ermənistandan tarix istəmişdi. O vaxt ermənilər tarix vermədi , belə olduqda Azərbaycan ermənilərə çox ağır başa gələn bir qələbə qazandı. Azərbaycan Prezidenti dəfələrlə deyib ki, biz güclə də olsa, Zəngəzur dəhlizini əldə edəcəyik. Ermənistan başa düşməlidir ki, Azərbaycan Prezidenti güc hakimiyətinə daha çox arxalanır, iradə hakimiyyəti də Azərbaycanda çox güclüdür. Başqa sözlə , İlham Əliyevin tapıntılı siyasətdən yararlandığını da nəzərdən qaçırmaq olmaz.
- Brüssel görüşündə Zəngəzur dəhlizinin açılma tarixi müzakirə oluna bilərmi?
- Ola bilər ki, Brüsseldə Zəngəzur dəhlizi ilə bağlı müzakirələr olsun. Ancaq bu məsələdə Qərbin təkid edəcəyinə inanmıram. Çünki Qərbin Türkiyəyə olan münasibəti də məlumdur. İran və ABŞ nə qədər pərdəarxası münasibətlər qurmağa çalışsalar da, çox ciddi problemləri var. Bunların ən çox qəbul etmədiyi məsələ Rusiyanın Zəngəzur dəhlizi vasitəsi ilə həm Aralıq dənizinə , həm də Fars körfəzinə çıxış eldə etməsidir. Ona görə də Brüsseldə bu məsələnin müsbət həll olunacağı inandırıcı görünmür. Ola bilər ki, bu məsələ də danışıqlar masasına yatızdırılsın. Ancaq özünü doğruldacaq, ya yox bunu proqnozalaşdırmaq çətindir. Həm Ermənistan rəhbərliyi siyasətçi deyil, həm də Qərbin maraqlarının nə olacağı bilinmir. Çünki Qərbin planlaşdırdığı maraqları, Soçi görüşündə Putin bir növ alt-üst etdi. Ona görə Brüsseldə çalışılacaq ki, Rusiyanın əleyhinə olan qərarlar qəbul edilsin. Həmçinin mən inanmıram ki indiki şəraitdə Azərbaycan Prezidenti Rusiya ilə hər hansısa qarşıdurmanın tərəfdarı olsun. Lakin bütün hallarda inanıram ki, Azərbaycan Prezidenti danışıqlarda ancaq Azərbaycanın maraqlarına uyğun hərəkət edəcək. Çünki İlham Əliyev bunu dəfələrlə sübut edib.
Şəbnəm Zahir