“Rusiya diqqəti Ukraynaya yönəldərək zərbəni Qazaxıstana vurdu” - MÜSAHİBƏ

"Qazaxıstanın gələcəyini xarici əsgərlər müəyyən etməyəcək"

Qazaxıstan hadisələri ilə bağlı AzNews.az analitik-informasiya portalının suallarını politoloq Oqtay Qasımov cavablandırır:

- Cənab Qasımov, Qazaxıstanda sosial problemlərə etiraz görüntüsü ilə başlayan kütləvi etirazlar daha da şiddətləndi. Görünən odur ki, baş verənlər heç də sosial narazılıqdan doğan etirazlar deyil. Bu prosesin arxasında nələr dayanır?

- Qazaxıstanda son günlər baş verən etiraz aksiyalarının səbəbi kimi sıxılmış qazın qiymətinin artırılması göstərilsə də, sonrakı mərhələdə göründü ki, bu etiraz aksiyaları təkcə qiymət artımından qaynaqlanmır. Etirazların başqa səbəbləri də var. Hökumət tərəfindən etirazçıların tələbləri qəbul edildi. Qazın qiyməti endirildi. Bununla bərabər, qazın qiymətinin qaldırılmasında ittiham olunan zavod direktoru vəzifəsindən çıxarılaraq həbs edildi. Qazaxıstan Nazirlər Kabineti tam tərkibdə istefaya göndərildi, amma aksiya iştirakçıları bundan sonra öz fəaliyyətlərini daha da genişləndirərək aqressiv şəkildə davranmağa, bir çox vilayətlərdə və şəhərlərdə xaos yaratmağa başladılar. Bu hərəkətlər onu göstərdi ki, baş verənlər yalnız sosial-iqtisadi durumun ağırlığı ilə bağlı deyil. Qazaxıstandan yayılan məlumatlarda bildirilir ki, artıq hökumət və təhlükəsizlik qüvvələri prosesləri nəzarətə almaq üçün ciddi əks tədbirlər həyata keçirirlər. Həm Almatı Beynəlxalq Hava Limanı, həm şəhər administrasiyası və digər dövlət qurumları tamamən nəzarət altına alınıb. İğtişaşların qarşısı alınmaq üzrədir. Hesab edirəm ki, bu məsələlər Rusiyanın maraqlarına cavab verən məsələlərdən qaynaqlanır.

- Baş verənlərin Rusiya ilə əlaqəsi nə qədərdir: Rusiyanın Qazaxıstana qarşı qəzəblənməsinə, mövqe tutmasına səbəb olan amillər nələrdir?

- Rusiya son illər Qazaxıstanın apardığı nisbi də olsa müstəqil siyasətdən xoşlanmırdı. Digər tərəfdən qazax xalqının özünü dərk prosesinin getdiyi və qazax xalqının milli dövlət ideologiyasını formalaşdırmağa başladığı proseslər Rusiya tərəfindən heç də xoş qəbul edilə bilməzdi. Qazax dilinə dövlət statusunun verilməsi, onun dövlət qurumlarında işlədilməsi, kiril əlifbasından imtina edilərək latın qrafikasına keçirilməsi ilə bağlı verilmiş qərarlar Rusiyanı qıcıqlandıran amillər idi. Bundan əlavə, Qazaxıstan son illər türk dünyasında önəmli rol oynamağa başlamışdı. Nursultan Nazabayevin təşəbbüsləri ilə Qazaxıstanda müxtəlif tədbirlər, simpoziumlar keçirilirdi. Qazaxıstan bir növ türk dünyasının əsas mərkəzlərindən biri rolunu oynamağa başlamışdı. O cümlədən Nursultan Nazarbayevin təşəbbüsü ilə Türküstan şəhərinin salınması, Turan Universitetinin yaradılması, türk dövlətləri ilə əlaqələrin genişləndirilməsi Rusiyanın xoşuna gələn məsələlərdən deyildi.

Noyabrın 12-də adını “Türk Dövlətləri Təşkilatı”ı kimi dəyişən birliyin yaradılmasında Qazaxıstanın aktiv rol alması Rusiyanın narazı qaldığı əsas məqamalardan idi. Bu baxımdan ən az son 5 ili götürsək, həm Rusiya Prezidenti Vladimir Putinin dilindən, həm Rusiya siyasi elitasının öndə gələn isimləri və ekspertləri tərəfindən Qazaxıstana qarşı müxtəlif ərazi iddiaları səsləndirilmişdi. Bu hadisələr başladıqdan sonra Rusiya sosial şəbəkə seqmentində aparılan təbliğata, Rusiya Dövlət Televiziyasında Qazaxıstandan olan, ictimaiyyətin tanımadığı nümayəndələrin efirlərə çıxarılması kimi nüanslara diqqət edək. Əsas amil Rusiyadır.

- Sizcə, Rusiyanın "Yeni SSRİ” yaratmaq ideyasını Qazaxıstandan başlayaraq həyata keçirməyə çalışması fikri nə dərəcədə doğrudur?

- Məsələ ilə bağlı səsləndirilən iddialardan biri də budur. SSRİ-nin yaradılmasının 100 illiyi Rusiya tərəfindən çox böyük yanğı ilə qeyd olunur, onlar o dövrün xiffəti ilə yaşayırlar. Putin SSRİ-nin dağılmasını beynəlxalq miqyaslı qlobal fəlakət adlandırıb. Rusiya bəzi addımlar ataraq keçmiş imperiyanı müəyyən formada bərpa etməyə çalışır. Təəssüf ki, 2020-ci ildə Belarusun tamamən Rusiyanın nəzarəti altına keçməsindən sonra Rusiyanın növbəti hədəfi Ukrayna və Qazaxıstandır. Ukrayna məsələsində kollektiv Qərblə üz-üzə gələn Rusiya diqqəti Ukraynaya yönəldərək zərbəni Qazaxıstana vurdu. İğtişaşlar baş verdi, tələblər yerinə yetirilsə də, aksiyaçılar daha da radikallaşdılar. Dövlət qurumlarına, strateji obyektlərə hücumlar edildi. Aksiyaçılara silahların paylanması, onların konkret olaraq strateji obyektlərə yönləndirilməsindən aydın olur ki, bu aksiyaların arxasında hansısa böyük güc dayanır. Qənaətimə görə, bu güc Rusiya xüsusi xidmət orqanlarıdır.

- Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində Nursultan Nazarbayevin ölkənin Təhlükəsizlik Şurasının sədri vəzifəsindən kənarlaşdırıldığını söyləyib. Bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirib. Məgər Nazarbayev TŞ-nın ömürlük sədri deyildi?

- Kəsə izah budur: Ölkə daxilində xaos yaradan Rusiyanın məqsədlərinin həyata keçməsinin qarşısında duran Nazarbayevi hakimiyyətdən tam uzaqlaşdıraraq öz məqsədlərinə nail olmaq istəyirlər. Burada əsas vasitələrdən biri kimi KTMT adı ilə Rusiya ordusunun Qazaxıstana yeridilməsi məsələsi idi. Bununla da Rusiya istəyinə nail oldu. Təəssüf ki, Qazaxıstanın dövlət başçısı Tokayev belə bir müraciət etdi. Dekabrın 28-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü zamanı Putinlə Nazarbayev arasında görüş olub. O görüşdən sadəcə olaraq bir cümləlik məlumat yayıldı. Bildirilidi ki, Vladimir Putin Nazarabayevə Avrasiya İqtisadi İttifaqının yaradılması ideyası ilə bağlı təşəkkürünü bildirib. Ancaq müxtəlif ehtimallar var. Bu ondan ibarətdir ki, Rusiya Qazaxıstanda öz rolunu daha da artırmaq üçün Qazaxıstanın Rusiya-Belarus ittifaqına qoşularaq İttifaq dövlətlərdən olmasını təklif edib. Bu təklif Nazarbayev tərəfindən qəbul edilməyib.

- Qeyd etdiyiniz kimi, Tokayev etirazların yatırılması üçün KTMT-yə müraciət etdi. Baş verənlərin məhz KTMT-yə müraciət üçün hesablandığını demək olarmı?

- Tokayev tərəfindən rus ordusunun Qazaxıstana çağırılmasından belə çıxır ki, o, Rusiyanın tələblərini qəbul edir. Bu prosesin gələcəyi ilə bağlı bir şey söyləmək çətindir. Digər bir önəmli məqam var ki, bunu da nəzərdən çıxarmaq olmaz. Bu, son 30 ildə Qazaxıstanda milli düşüncəli nəsillərin yetişməsi və bu nəsillərin müstəqil dövlətdə yaşamağa öyrəşməsidir. Onlar hansısa kənar ordunun ölkələrinə daxil olması ilə rahatlıqla barışmayacaqlar. Bu baxımda Qazaxıstanda baş verən hadisələrin 1990-ci ilin yanvarında Bakı hadisələri ilə müəyyən oxşarlıqları var, xüsusən rus ordusunun ölkə ərazisinə guya iğtişaların, ekstrimist hərəkətlərin qarşısının alınması məqsədi ilə gətirilməsi istiqamətində. Ancaq 1990-cı ildə Azərbaycana gələn rus ordusu Azərbaycan xalqı tərəfindən qəbul edilmədi. Azərbaycan öz müstəqilliyini əldə etdi. Düşünürəm ki, artıq Qazaxıstanda da xalqın xüsusən də gənc nəslin mili şüuru kifayət qədər inkişaf edib. O baxımdan hesab edirəm ki, Qazaxıstan dövləti gələcəkdə təməli on illər əvvəl qoyulmuş yolla davam edəcək.

- Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingenti Qazaxıstanda vəzifəsini icra etməyə başlayıb. Rus qoşunlarının Qazaxıstana girməsi “Bir kəmər, bir yol” layihəsinə necə təsir edəcək?

- Heç bir təsir etməyəcək. Çünki Rusiya ilə Çinin münasibətləri kifayət qədər dinamik inkişafdadır. Hər ikisi kollektiv Qərbə qarşı dayandıqlarını bəyan edirlər. Hesab etmirəm ki, Rusiya bu layihənin gerçəkləşməsinə qarşı çıxa bilər. Bu mümkün olan məsələ deyil.

- Türkiyənin proseslərdən kənarda qalmasının, aktiv iştirak etməməsinin səbəbləri nələrdir?

- Qazaxıstanla Türkiyə arasında olduqca uzaq məsafə var. Eyni zamanda Azərbaycandan fərqli olaraq, Türkiyənin Qazaxıstanda siyasi təsir imkanları çox deyil. Rusiya ilə Türkiyənin müxtəlif cəbhələrdə üz-üzə gəlməsi məsələsi də var. Türkiyə Liviya, Suriya, Cənubi Qafqaz, Şərqi Aralıq dənizində Rusiya ilə rəqabətdədir. Rəsmi Ankara da hesab edir ki, bu bölgəyə Rusiyanın təsir imkanları daha çoxdur. Bu ərazilər ən azı son 150 ildə Rusiyanın təsir zonasında və nəzarətində olub. Bu baxımdan Türkiyənin təmkinli diplomatiya sərgilədiyinin şahidi oluruq.

- Bundan sonra Qazaxıstanda hansı proseslərə şahidlik edə bilərik? Baş verənlərin ölkənin müstəqiliyinə necə təsiri olacaq?

- Yəqin ki, yaxın zamanda iğtişaşlarla bağlı araşdırmalar başladılacaq. İstintaq komitəsinə Tokayev tərəfindən göstərişlər verilib. Prosesə qatılmış kifayət qədər insanların cəzalandırılacağı gözlənilir. Tokayev dövlət qurumlarında artıq müəyyən dəyişikliklərə başlayıb və bu davam etdiriləcək. Rusiya bütün dünyaya, o cümlədən ABŞ-yə Orta Asiya məsələsində heç bir tərəfə güzəştə getmək fikirində olmadığını göstərməyə çalışır. Əfqanıstanı tərk etdikdən sonra Amerikanın bölgədə rolu xeyli zəifləyib. Rusiya yaranan boşluqları doldurmaqda iddialıdır.

Ancaq əsas məsələ Qazaxıstanın gələcəyi ilə bağlıdır. Qazax xalqı müstəqil dövlət qurub. Bütün nöqsanlara baxmayaraq uğurlu model seçib. Qazaxıstanda mümkün olacaq açılımlar və islahatlar aparılıb. İnvestorlar ölkəyə cəlb olunub. İnanıram ki, xüsusilə dünyanın müxtəlif univeristetlərində təhsil alan gənclərin və milli düşüncəli insanların sayəsində Qazaxıstan dövləti öz milli xəttində də, Türk Dövlətləri Təşkilatında da aktiv rolunu oynamağa davam edəcək. Qazaxıstanın gələcəyi milli, demokratik, müasir dövrün tələblərinə cavab verən nəsillər tərəfindən müəyyən olunacaq. Hansısa xarici qüvvənin əsgərləri tərəfindən deyil.

Şəbnəm Zahir