- Müsahibə
- 10 Yanvar 2022 14:38
- 11 969
“Qazaxıstanda etiraz aksiyalarını Qərb şirkətlərində çalışanlar genişləndirdi”
Taleh Şahsuvarlı: “Rusiyanın bölgəyə hərbi maşınlarda girməsi Çinin qulağının tam dibində xaos yaradıb”
Demokrat.az saytının suallarını “AzNews.az” analitik-informasiya portalının baş redaktoru Taleh Şahsuvarlı cavablandırır.
- Qazaxıstan hadisələri barədə ilk məlumatlar yayıldıqdan bəri qardaş ölkədə baş verənlərlə bağlı birmənalı mövqe sərgiləyirsiniz. Etiraz aksiyaları iğtişaşlara çevrilərsə, Qazaxıstan üçün ciddi problemlər yaradacağını proqnozlaşdırmışdınız. Proqnozlarınız özünü doğruldur. Bəs, Qazaxıstanda nə baş verir?
- Açığını desəm, Orta Asiya ölkələri üzrə mütəxəssis deyiləm. Ancaq Qazaxıstan qardaş respublikadır, post-sovet məkanına daxil olan böyük ölkələrdən biridir. Bu mənada orada baş verənlərin ümumi konturlarını müəyyən etmək heç də çətin deyil. Qazaxıstanda kütləvi aksiyalar silsilə xarakter alanda artıq bu nəticəyə gəlmişdim ki, baş verənlər maye qazın qiymətinin qaldırılmasına spontan etiraz deyil. Bunu anlamaq üçün ilk növbədə Qazaxıstanın xəritəsinə baxmaq lazımdır. Azərbaycandan dəfələrlə, hətta Türkiyədən üç-dörd dəfə böyük əraziyə malik Qazaxıstanda şəhərlər arasında uzun məsafə var. Təsəvvür formalaşsın deyə müqayisə edirəm, Bərdə ilə Yevlax, Mingəçevirlə Gəncə arasında məsafə elə böyük deyil, amma Qazaxıstanda ilk aksiyanın keçirildiyi Janozenlə Almatı arasında maşınla yol aşağı-yuxarı 3 min kilometrdir. Bu yolu qət etmək üçün 50 saatdan çox vaxt lazımdır. Bəs, necə oldu ki, aralarında bu qədər uzun məsafə olan şəhərlərdə bir-birinin ardınca aksiyalar keçirildi?
- Axı indi internet əsridir, müasir kommunikasiya proqramları, sosial şəbəkələr vasitəsi ilə etirazçılar təşkilatlana bilirlər...
- Tamamilə doğrudur. Gürcüstanda, Ukraynada, “Ərəb baharı”nda biz müasir İKT-nin, sosial şəbəkələrin rolunu gördük. Qazaxıstanda da eyni metodlardan istifadə olundu. Ancaq əvvəlki təcrübələrlə müqayisədə, kütlənin təşkilatlandırılmasında müasir İKT proqramları ön yerdə deyildi və başlıca rol oynamırdı. Məsələn, məxməri inqilabçıların sevimlisi, Saakaşvilinin dostu Muxtar Ablyazova yaxın bir hüquq müdafiəçisi var- Botagöz Jardemaliye, Avropada siyasi mühacirdir. Onun "Twitter" səhifəsinə baxanda Yeni il ərəfəsində heç bir xüsusi fəallıq nəzərə çarpmır. Muxtar Ablyazovun özünü etiraz aksiyalarının təşkilatçısı elan etməsinə isə Qazaxıstan ekspertləri ikrahla yanaşırdılar. Çünki Ablyazov ictimai rəy üçün korrupsiyaya uğramış, bankdan külli miqdarda pul qaçırmış biridir. Deyirdilər ki, insanlar heç də onun sözü ilə meydana çıxmayıb. Sadəcə, o da xaricə sığınmış Ağajan Kajegeldin kimi situasiyadan yararlanmaq istəyənlərdən biri idi.
- Bəs onda proseslərin əsl təşkilatçısı kim idi? Axı meydanda konkret lider yox idi?!.
- Meydanda konkret bir liderin və aksiyanın təşkilatçılığını boynuna götürən leqal qurumun olmaması, hələ onun təşkil olunmaması anlamına gəlmir. İstənilən siyasi hadisənin arxasında mütləq planlaşdırıcı beyinlər, maliyyə və digər rıçaqlar var. Diqqət edin: səmimi vətəndaş nəyə etiraz edir, qazın qiymətinin qalxmasına? Çox pakizə! Qazın qiyməti əvvəlkindən də ucuz edildi. Bəs, həmin vətəndaş niyə evinə dönmədi? Baxın, istənilən səmimi və sivil aksiyanın bir maksimumu var. Meydana çıxırsan, sözünü deyirsən, hökumət dinləyir. Əgər tələbi haqlı sayıb tədbir görürsə, bu, artıq son nəticədir, hətta uğurdur. Amma meydana sosial narazı kimi çıxanlar çadır qurursa, siyasi tələblər irəli sürürsə, hava limanı işğal edirsə, deməli, plan əvvəldən başqa cür olub. Bu planı tərtib edənlər indiki halda qazın qiymətini bəhanə ediblər, əgər qazın qiyməti qalxmasaydı, tamam başqa bir şey bəhanə olunacaqdı. Lap elə hansısa yol qəzasına etiraz təşkil olunacaq, prosesin məcrası yenə eyni axara, daha doğrusu, xaosa yönəldiləcəkdi. Əgər xaosun səbəbkarını tapmaq istəyiriksə, sual belə qoyulmadı ki, bütün baş verənlər kimin işinə yaradı? Prosesdən kim uddu?
- Rusiyamı?
- Əgər Rusiyanın KTMT-nin çətiri altında Qazaxıstana qoşun yeritməsini aksiyaların və iğtişaşların “məntiqi yekunu” kimi götürsək, belə görsənir. Marqarita Simonyanın və Rusiyanın bir çox diplomatlarının, ictimai rəy yaradıcılarının açıqlamalarını xatırlayanda Rusiyanın Qazaxıstana qarşı qəzəbli olması, Qazaxıstanın türk vektoruna keçidinin dayandırılması üçün hərəkətə gəldiyi göz önündədir. Amma başqa suallar da var. ABŞ və Avropa İttifaqı dövlətləri Ukraynanın üzərində bu qədər əsərkən, doğrudanmı Rusiyanın Qazaxıstana qoşun yeridəcəyini gözləmirdilər? Haradadır onların böyük büdcəyə malik kəşfiyyat qurumları, analitik mərkəzləri? Biz gözardı edə bilmərik ki, Qazaxıstanda Soros fondu fəaliyyət göstərir, aksiyaların başladığı bölgələrdə isə daha çox Qərb şirkətləri çalışır. Diqqətinizi vacib bir məqama yönəldim. Janozendə aksiyalar başlar-başlamaz Atıraudakı neft kompaniyalarının, xüsusən “Tengizşevroyl”un işçiləri küçələrə axışdı. “Chevron”, “Exxon Mobile” Qazaxıstanda fəaliyyət göstərir. Bu şirkətlərin on minlərlə əməkdaşı meydana çıxan ilk təbəqə olub, hansı ki, yaxşı maaş alırlar. Qərb kəşfiyyatının Orta Asiya kimi kritik bölgədə öz şirkətlərini başlı-başına buraxdığını, orada xüsusi xidmət orqanlarının əməkdaşlarını yerləşdirmədiyini necə düşünmək olar? Bu, sadəlövhlük olardı.
- O zaman belə düşünmək olarmı ki, prosesi Qərb başladıb, amma təşəbbüsü Rusiya ələ alıb?
- Daha çox belə düşünmək məntiqlidir ki, Qazaxıstanın xüsusi xidmət orqanları dövlətə, siyasi rəhbərliyə, hətta müstəqillik idealına xəyanət ediblər. Əks halda, bu qədər böyük təşkilatlanma işindən xəbərsiz qalmaları, vaxtında tədbirlər görə bilməmələri mümkün deyil. Bəlkə də məqsəd xəyanət olmayıb, amma elitadaxili savaşda öz əsl funksiyalarına uyğun fəaliyyət göstərə, proqnozlar, qərarlar verə, prosesə lazımi müdaxilə edə bilməyiblər. Sualınıza gəlincə, artıq bölgə ilə maraqlanan ekspertləri başqa bir məsələ düşündürür: Qazaxıstan nəhəng ərazidir, Çinin isə qulağının dibidir. Rusiyanın bölgəyə hərbi maşınlarda girməsi ilə Çinin qulağının tam dibində bir xaos ortamı yarandı. Prosesi daha çox Qərb şirkətlərində çalışanların başlatması Rusiyanın daha yaxşı işləməsidir, yoxsa Qərbin hər şeyə göz yummaqda məqsədi Çinə problem yaratmaq?
- Kreml və Pekin Vaşinqtona qarşı maraqlarını uzlaşdırırsa, Rusiyanın Qazaxıstana hərbi girişi Çinə niyə problem yaratsın?
- Qazax xalqı öz müstəqilliyini qorumağa çalışacaq, bölgədə anti-Rusiya, hətta anti-Çin ovqatı güclənəcək. Bu, fizikadakı “təsir əks təsirə bərabərdir” qanununun sosial təzahürüdür. Yaranan xaos ilk növbədə Çini narahat etməlidir. Çünki bizim də dəstəklədiyimiz “Bir kəmər-bir yol” layihəsinin ideya müəllifi Pekindir.
- Bəs bu qədər olub-bitənlər qaşısında, Qazaxıstanın müstəqil dövlət kimi varlığının təhlükə ilə üzləşdiyi məqamda Nursultan Nazarbayev niyə susur?
- Qazaxıstanda nə qədər dövlətin səfirliyi varsa, həmin dövlətlərin hər biri, ən azından əksəriyyəti Nazarbayevin harada olduğunu, məncə, dəqiq bilir. Məsələ ondadır ki, Qazaxıstanda proseslərin nəzarətdən çıxmasına əsas səbəb elitadaxili savaş, hakimiyyət uğrunda saray mübarizəsində tərəflərdən birinin- Nazarbayevdən xilas olmaq istəyən Qasım Comərd Tokayevin Moskvadan geopolitik dəstək alması olub. Nazarbayev prezident kürsüsündən getsə də, hökumət və real rıçaqlar onun nəzarətində idi. Tokayev “xalqın tələbi ilə” hökuməti istefaya göndərdi, Nazarbayevi də Təhlükəsizlik Şurasından kənarlaşdırdı. Bu, faktiki olaraq, saray çevrilişi idi. Nazarbayev indi devrilmiş vəziyyətdədir. Onunla həm “Qoca, get” deyən, heykəlini yıxan küçə, həm faktiki hakimiyyət, həm də geopolitik güclər arasında açıq ziddiyyətlər var. Belə bir şəraitdə onun nə isə etməyə, vəziyyəti dəyişməyə taqəti qalmayıb. Ancaq Nazarbayev təcrübəli fiqurdur, əgər həyatını qoruya bilsə, müəyyən mərhələdən sonra sükutu pozacaq. İndi mətbuat katibinin onun adından danışması və ya danışdırılması konyuktur xarakter daşıyır. Qazaxıstan milli təhlükəsizlik nazirliyində yüksək vəzifə tutan qardaşı oğlu həbs olunubsa, bu, hər şeyi açıq ifadə edir.
- Suallardan biri də budur ki, məgər Qazaxıstan ordusu yox idi ki, Qasım Comərd Tokayev KTMT-dən hərbi yardım istəyirdi?
- Əgər hər şey elə bunun başında deyildisə, deməli, Qazaxıstan ordusunda əsas söz sahibi Tokayev deyil. Əgər Tokayev rahatlıqla Nazarbayevi Təhlükəsizlik Şurasından çıxara bildisə, deməli, ordu həlledici məqamda Nazarbayevin göstərişlərini də qəbul etməyib. Maraqlı məqamlardan biri də budur ki, general Murad Bektanov ötən ilin avqustunda nazir postuna təyin edilmişdi. 5 yanvarda hökumətin istefaya göndərilməsindən sonra həmin vəzifəni müvəqqəti icra edir və rəsmi açıqlamalara görə, Şoyqu ilə kontaktdadır.
- Rusiya siyasətçiləri bildirirlər ki, Qazaxıstanda vəsiyyət sabitləşdiksən sonra, KTMT qoşunları geri qayıdacaq. Bəs, Qazaxıstan özünü hansı vaxta bərpa edə bilər?
- Əlbəttə, hər kəs arzu edir ki, Qazaxıstan vəziyyətdən ən qısa zamanda çıxsın, heç bir xarici qoşuna ehtiyacı qalmasın. Amma bu, heç də asan məsələ olmayacaq. Prosesdə xarici faktorları, o cümlədən hərbi faktoru kənara qoysaq, yanvarın əvvəllərində başlanan aksiyalar təkcə özəl sektora 100 milyard dollardan çox zərər vurub. Yüzlərlə insan həlak olub, minlərlə həbs olunan var. Dövlət qurumları, rabitə, nəqliyyat, hətta zəruri tələbat malları satan mağazaların fəaliyyəti iflic olub. Ölkədə hakimiyyət, hətta sistem böhranı var.
- Qazaxıstan olaylarına münasibətdə Türkiyə və Azərbaycanın mövqeyi adekvat oldumu?
- Türkiyə və Azərbaycan üçün hər bir türk dövləti xüsusi önəm daşıyır. Qazaxıstanın və Nazarbayevin Türkiyə üçün, Azərbaycan üçün bir ağırlığı vardı. Bu ağırlığı Türkiyə Rusiya ilə münasibətlərinin istiləşməsi prosesində, Azərbaycan isə 44 günlük savaş zamanı dərindən hiss etdi. KTMT-də Ermənistana üz bozardacaq bir türk dövlətinin və liderinin olması önəmli idi. “Zəngəzur dəhlizi” ilə bağlı məsələdə də Qazaxıstan maraqlı tərəfdir. Görün iş nə həddə çatıb ki, simvolik də olsa, Ermənistan ordusunun bölmələri Qazaxıstana yeridilib. Harada yaşamasından, hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq bilincli bir türk üçün bundan böyük təhqir ola bilməz. Türkiyə və Azərbaycanın ən böyük xidməti o olar ki, Qazaxıstanın özünü maksimum tez bərpa etməsinə, toparlanmasına dəstək versin. Odur ki, səbrli, təmkinli və hərtərəfli hesablanmış mövqe tutmalıyıq. Bəzən soruşurlar ki, Tokayev nə üçün türk dövlətlərini köməyə çağırmadı? Bunun hərbi baxımdan reallığını bir tərəfə qoysaq, adam xalqa doğma dilində belə müraciət etmədi...
- Qazaxıstan olaylarından Azərbaycanın çıxaracağı bir dərs varmı?
- Dərs yox, amma müəyyən nəticələr, əlbəttə, var. Post-sovet məkanında narıncı qalstuk dəbdə olanda, Azərbaycan müxalifəti eyni rəngə büründüsə, deməli, var. İlk növbədə Azərbaycan cəmiyyəti tam yəqinlik hasil etməlidir ki, bir yerdən kabab iyi gəlirsə, orada heç də quzu şişə çəkməyiblər. Demokratiya və rifah toplumu istehsal gücü ilə birbaşa bağlıdır, daha yaxşı yaşamaq istəyirsənsə, daha çox istehsal edəcəksən. Küçədə qışqırmaqla olmur bu işlər. Bilmədiyin, dərk etmədiyin prosesə daxil olmaqla, özünü də yandırarsan, dövləti də. Obrazlı desək, qazaxlar, sadə etirazçı qazaxlar küçəyə saqqal dalınca çıxmışdılar, bığlarını da qoydular. Deməli, kütlə olmayacaqsan, kütlənin təşkilində iştirak etməyəcəksən. Dövlət isə ilk növbədə “sosial lifti” açıq saxlamalıdır. Bunun Azərbaycanda çox yaxşı örnəkləri var, məsələn, prezidentin köməkçisi Hikmət Hacıyev. Yaxud “Yüksəliş” müsabiqəsi bilikli kadrların yüksək vəzifələrə yolunu açırsa, bu ənənəni davam etdirməliyik. Qazaxıstanda ciddi problemlərdən biri bu idi ki, kadrlar idarəçiliyə yol tapmadığı üçün özünü sistemdənkənar hiss edirdi. İslahatlar cəmiyyətin ən dərin qatlarında belə hiss olunmalıdır. Nəhayət, dövlət öz avtoritetini, xarakterini qorumalıdır. “Fəlakət dəllalları”na meydan verməməli, şantaja boyun əyməməlidir. Bu gün bəziləri dövləti sosial şəbəkələr üzərindən şantaj edir. Yaxud dövlətin güc strukturları - DİN, DTX, MN hədəfə alınır. Buna yol vermək olmaz. Qazaxıstan olaylarından çıxaracağımız ən böyük nəticə isə budur ki, xalqla dövlət başçısı arasındakı etimad körpüsünü sonadək qorumalıyıq. Bizim ən önəmli döyüş postumuz indi budur. Biz müstəqil dövlət olaraq nəyə nail olmuşuqsa, sabitlik hesabına, prezidentin sabitliyi tərəqqiyə çevirmək kursu sayəsində nail olmuşuq. İlham Əliyevin liderliyi ilə bu günə qədər cəmiyyət və dövlət olaraq ancaq uğur, zəfər qazanmışıq. Yola davam etməli, hər cür macəraçılıqdan uzaq durmalıyıq.