- Müsahibə
- 7 Aprel 2022 10:26
- 16 324
Ermənistan hakimiyyəti sülh prosesinə hazır deyil - Oqtay Qasımov
Politoloq: “ABŞ bu məsələlərdə maraqlı olduğunu nümayiş etdirməyə çalışır”
Politoloq Oqtay Qasımov AzNews.az analitik-informasiya portalının suallarını cavablandırıb.
- Brüsseldə Avropa Birliyi Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçiriləcək. Bu görüşdən gözləntiniz nədir?
- Azərbaycan və Ermənistan rəhbərlərinin bu gün Brüsseldə keçiriləcək görüşündən çox böyük gözləntim yoxdur. Çünki erməni cəmiyyəti, siyasi qüvvələri və Ermənistan hakimiyyəti sülh prosesinə hazır deyillər. Onlar daha çox havadarlarının tövsiyələri, verdiyi istiqamət üzərində hərəkət edirlər.
Görüşün əhəmiyyəti ondan ibarətdir ki, son bir ildə Cənubi Qafqaz regionunda o cümlədən Azərbaycan-Ermənistan münaqişəsində Avropa Birliyi aktiv şəkildə rol almağa çalışır. Bununla bağlı müəyyən təşəbbüslər göstərir.
Bu təşəbbüslərin nəticəsində ötən ilin dekabr ayında Brüsseldə Avropa İttifaqı prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü baş tutdu. Görüşdən sonra əsasən humanitar məsələlər, o cümlədən regionda kooperasiya və əməkdaşlığın inkişafı ilə bağlı bəyanatlar eşitdik. Bundan əlavə sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması , bölgədə sülh mühiti yaradılmasında Avropa Birliyinin buna öz töhfəsini verəcəyi ilə bağlı fikirlər səsləndirildi. Bu gün keçirilən görüşdə bu formada bəyanatalar eşidə bilərik.
Bu görüşdə hansısa ciddi sənədlərin imzalanacağını düşünmürəm.
- Azərbaycanın sülh təkliflərinə Ermənistan tərəfindən müsbət mesajlar eşidilir. Paşinyanın sülh ritorikasının arxasında nə dayanır?
- Ermənistan tərəfindən müsbət münasibət kimi görünsə də, bu aldadıcı manevrdir. Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan tərəfindən verilən təkliflərin məqbul hesab etdiklərini bildirməklə yanaşı, ona əlavələrin olunmalı olduğunu bildirir. Xüsusilə Qarabağ ermənilərinin hüquqları, status kimi məsələləri bura əlavə etməyə və prosesin ATƏT-in Minsk Qrupu çərçivəsində aparılması ilə bağlı təkliflər səsləndirilir. Hansı ki, ATƏT-in Minsk Qrupu formatında prosesin aparılması Azərbaycan tərəfindən qəbul edilməzdir. Azərbaycanın bu məsələyə birmənalı mövqeyi var.
Paşinyan ikili oynamaqda davam edir. Onun sülh prosesinə hazır olmaqla bağlı verdiyi bəyanatı ilə bərabər, biz onun başqa bəyanatlarını da eşidirik.
Bu Zəngəzur dəhlizinin açılması ilə bağlı onun mövqeyi idi. O Azərbaycanın mövqeyini şübhə altına almağa çalışırdı, hansı ki, Azərbaycan bu məsələ ilə bağlı dəfələrlə birmənalı mövqe nümayiş etdirib.
Digər ikinci və ən təhlükəli məsələ Paşinyanın 10 noyabr bəyanatının 4-cü maddəsini özünə uyğun improvizasiya edib, onu şərh etməsi oldu.
O bildirdi ki, Qarabağda erməni hərbi birləşmələrinin və qeyri-qanuni silahlı dəstələrin qalması ermənilərin təhlükəsizliyi üçündür. Əgər oradan çıxarlarsa, Qarabağda yaşayan ermənilərin həyatı təhlükədə ola bilər.
Səsləndirilən bu cür bəyanatlar iki ölkə arasındakı sülh prosesinə çox ciddi zərbə vura bilər.
Bu yaxınlarda Fərrux kəndi ətrafında Azərbaycan Silahlı Qüvvələri mövqeylərini dəqiqləşdirməsi prosesinə reaksiya verən Ermənistan Müdafiə nazirliyi bu faktların araşdırılacağı kimi bəyanatlar səsləndirdi.
Bu Ermənistanın hələ də sülhə hazır olmadığını, revanşist ritorikanın qaldığını göstərir.
- Yekun sülh üçün bu platformanın əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycan regionda sülhün bərqərar olunmasına uyğun bütün varinatlarda müzakirələri aparmağa hazır olduğunu nümayiş etdirir.
Hansı platforma beynəlxalq hüquqlu BMT qətnamələrini əsas tutacaqsa, ölkələrin ərazi bütövlüyü prinsiplərinə hörmət edəcəksə, və bu istiqamətdə Ermənistana təzyiq edəcəksə, o platforma bizə uyğun sayıla bilər.
Əgər Avropa İttifaqı Şurası Ukrayna-Rusiya müharibəsi şəraitində məsələlərə beynəlxalq hüquq çərçivəsində baxarsa, nəzərə almalıdır ki, Ermənistan bütün dünyanın Rusiyanın Ukraynaya təcavüzünə qarşı durduğu bir dövrdə özünün 4 ədəd “SU-30” qırıcı təyyarələrini Ukraynaya qarşı döyüş üçün Rusiyaya göndərib.
O zaman məsələyə daha obyektiv baxmalı və beynəlxalq hüququ müdafiə etməlidir. Ermənistanı bölgədə sülhə əngəl olan bir faktor kimi neytrallaşdırmağa çalışmalıdır. Bu məsələ ilə bağlı ABŞ tərəfi də Ermənistana vəziyyəti gərginləşdirməməyi tövsiyə edib.
- Aprelin 5-də Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Antoni Blinkenin Prezident İlham Əliyev və N.Paşinyan arasında telefon danışığı baş tutub. O Brüsseldə Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında liderlər səviyyəsində keçiriləcək görüşə ABŞ-nin önəm verdiyini bildirib. Görüşdən əvvəl ABŞ-dan gələn zəng necə şərh edilə bilər?
- ABŞ bölgədə gərginliyin olmasını istəmir. Halhazırda dünyanın başı Rusiyanın Ukraynaya təcavüzünə qarışdığı vaxtda bölgələrdə əlavə gərginlik ocağının yaranmasında maraqlı deyil.
Kollektiv Qərb, o cümlədən ABŞ və Avropa Birliyi çalışır ki, Cənubi Qafqazda Rusiyanın təsir imkanlarını mümkün qədər azaltsın.
Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə özlərinin vasitəçilik rollarını artırsınlar.
Bu baxımdan Antoni Blinkenin həm İlham Əliyevə, həm də N. Paşinyana zənglərini bu mövqedən dəyərləndirərdim. ABŞ bu məsələlərdə maraqlı olduğunu nümayiş etdirməyə çalışır.
Həmçinin , Azərbaycan Prezidenti fürsətdən istifadə edərək, ABŞ qarşısında Birinci Qarabağ savaşında ermənilər tərəfindən qətlə yetirilən və bu günə qədər də taleyi məlum olmayan 3890 nəfər azərbaycanlının taleyi , Ermənistandan həmin məzarlıqların yerləşdiyi yerlərin göstərilməsi məsələsini qaldırıb.
Hesab edirəm ki, Blinkenin zəngi kifayət qədər önəmlidir. Bu göstərir ki, ABŞ bölgədə sülhün bərqərar olunmasında maraqlıdır. Ancaq bu məsələ o zaman həllini tapar ki, ABŞ qeyd etdiyimiz prinsipləri və beynəlxalq hüquqa , BMT qətnamələrinə hörmət olaraq , ATƏT-ın Minsk Qrupunun həmsədri kimi Ermənistana sülh müqaviləsini imzalamaqda təzyiqlər göstərsin.
Şəbnəm Zahir