- Müsahibə
- 8 Aprel 2022 10:09
- 12 699
Ailə bizim üçün dövlətin əsasıdır - Bahar Muradova
Mənim üçün əsas məsələ harada olmağından asılı olmayaraq sənə tapşırılan işin öhdəsindən gəlməyə çalışmaqdır
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın SİA-ya verdiyi müsahibəni təqdim edirik:
- Keçdiyimiz günlərdə cənab Prezident İlham Əliyev sizi 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi. Bu ordenin əhəmiyyətini necə dəyərləndirirsiz? Sizcə orden Milli Məclis yoxsa Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində gördüyünüz işlərə görə verilib?
- Təbrik üçün təşəkkür edirəm. Mən hər şeydən əvvəl cənab Prezidentə, möhtərəm Ali Baş Komandana, Azərbaycanın və regionun lideri İlham Əliyevə öz dərin təşəkkürümü bildirirəm. Xüsusilə Novruz bayramı ərəfəsində təltif olunmaq mənim ücün iki qat əlamətdar oldu. Qeyd etməliyəm ki, yüksək mükafatın üzərimə qoyduğu məsuliyyəti dərindən hiss edirəm. Düşünürəm ki, cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən böyük siyasətin içərisində kiçik bir yer tutmaq, bu günümüz və gələcəyimiz naminə reallaşdırılan işdə iştirak etmək və bunun da müqabilində mükafatlandırılmaq bir insan üçün çox böyük bir işdir. Əslində mən bunu növbəti bir etimad kimi qəbul edirəm. Odur ki, bundan sonrakı fəaliyyətim zamanı da üzərimə düşən işləri layiqincə yerinə yetirməli, dövlətimiz, xalqımız və onun mənafeyi üçün hansı sahədə fəaliyyət göstərməyimdən asılı olmayaraq, cənab Prezidentin vurğuladığı kimi vəzifəni imtiyaz deyil, məsuliyyət olaraq qəbul etməliyəm.
Bu gün həmçinin Ümummilli Liderimiz Heydər Əliyevi böyük minnətdarla yad edir, xatirəsi qarşısında ehtiramla baş əyirəm. Yüz minlərlə fəal Azərbaycan qadınlarını yüksək dövlət vəzifələrində, ali seçkili orqanlarda, onun rəhbərliyində təmsil etmək mənə Heydər Əliyev şəxsiyyətinə olan inamım və onun həyata keçirdiyi xilaskarlıq missiyası nəticəsində qismət olub. Hər zaman çalışmışam ki, şəxsimə göstərilən etimada və inama layiq olum.
Bir daha sizə təşəkkür edir, bundan sonra da Ümummilli Liderimizin müəyyən etdiyi,cənab Prezidentin cox böyük qətiyyətlə reallaşdırdığı Azərbaycana xidmətin Heydər Əliyev Yoluna sadiq qalacağımı bəyan edirəm.
- Məsuliyyətdən danışdız. Sizcə Milli Məclisdə vitse-spiker olmaq daha məsuliyyətli və çətindir yoxsa Komitə sədri olmaq?
- Bilirsiniz mənim üçün əsas məsələ harada olmağından asılı olmayaraq sənə tapşırılan işin öhdəsindən gəlməyə çalışmaqdır. Mən eyni bir dairədən 4 çağırış Milli Məclisin deputatı olmuşam. Bunun hətta bir çağırışı belə qismət olsaydı mən bunu özüm üçün böyük fəxarət və qürur hissi ilə hər zaman vurğulayacaqdım. Amma 4 çağırış Azərbaycan Parlamentinin üzvü seçilmək, 125 nəfərdən biri olmaq və nəhayət onun rəhbərliyində təmsil olunmaq, bu vasitə ilə də beynəlxalq miqyasda fəaliyyətə cəlb olunmaq, Azərbaycanı mötəbər beynəlxalq təşkilatda təmsil edən nümayəndə heyətinə rəhbərlik etmək, ən müxtəlif platformalarda ölkəmizi təmsil edərək, onun mənafeini müdafiə etmək imkanı qazanmaq həm məsuliyyət, həm də şərəfdir. Mən bu şərəfli illərimə görə, fəxr edirəm. Dövlət Komitəsindəki fəaliyyətim isə düşünürəm ki, mənim bu günə qədər olan fəaliyyətimin davamıdır. Və onların hər ikisi də mənim həyatımın cox vacib və məsuliyyətli səhifələridir.
Onun bir hissəsi parlamentdə keçib, indi isə hökumətdə təmsil olunuram. Əgər parlamentdə biz qanun yaradıcılığı ilə məşğul idiksə, Azərbaycanı beynəlxalq aləmdə təmsil edirdiksə, seçicilərin problemləri ilə məşğul olurduqsa, indi burada konkret fəaliyyət sahəsi üzrə işlər görmək, problemlərin həllinə çalışmaq, vətəndaşların üzləşdikləri çətinlikləri aradan qaldırmaq üçün dövlət proqramları ilə müəyyən olunan öhdəlikləri yerinə yetirmək, digər qurumlarla birgə problemli mövzular üzrə inkişafa nail olmaq, müəyyən edilmiş səlahiyyətlər çərçivəsində öhdəliklərimizi yerinə yetirməliyik. Ona görə də bunları biri-birindən ayırmadan mənə tapşırılan vəzifələriin öhdəsindən gəlməyə çalışıram.
Amma bu o demək deyil ki, biz bütün hallarda vəzifə və öhdəliklərimizi tam şəkildə yerinə yetirə bilirik. Amma hər halda biz davamlı olaraq, bu sahədə olan çətinlikləri aradan qaldırmağa və uğurlu işlərə imza atmağa çalışırıq.
- Bahar xanım, Komitənin işlərindən danışdız. Bəs hazırda Komitənin qarşısında duran ən böyük məqsəd və vəzifə nədir?
- Yenə də bildirim ki, bu sahə prioritet bir sahədir. Azərbaycanın dövlət siyasətində özünəməxsus yeri var. Bilirsiniz ki, ailə məsələləri, qadın hüquqlarının inkişafı, xüsusilə çətin və həssas təbəqələrdən olan şəxslərlə bağlı işlərin görülməsi, eyni zamanda onların sosial və iqtisadi cəhətdən gücləndirilməsi, həmçinin mənəvi dəyərlər, uşaqların müdafiəsi, xüsusilə erkən yaşda inkişafı məsələləri bu gün Dövlət Komitəsinin fəaliyyətinin əsas prioritet istiqamətlərindəndir. Əlbəttə ki, dövlətin bu sahədəki siyasətini həyata kecirmək və digər qurumların fəaliyyətini əlaqələndirmək də bura daxildir. Söylədiyim kimi kifayət qədər də problemli sahədir və hər gün işə yenidən başlamağı tələb edir.
- Qədimdən bəri Qərb xalqları ilə müqayisədə ailə Azərbaycan üçün ali dəyər olub. Bəs Dövlət Komitəsinin pəncərəsindən Azərbaycan ailəsi necə görünür?
- Əgər bu məsələyə dəqiq yanaşsaq, hər bir xalq, millət üçün ailə və onun mənafeyi hər şeydən üstündür. Çünki insanın ən yaxın çevrəsi ailəsidir. İnsanın uşaqlıqdan bəri inkişaf etdiyi mühit də məhz ailədir. Çünki uşaq ailədə nə mənimsəyirsə, cəmiyyətdə də özünü o cür formalaşdırır. Düşünmürəm ki, biz bu sahədə digər xalqlardan daha üstün və yaxud da daha fərqliyik. Təbii ki, hər bir xalqın özünəməxsus ənənələri və dəyərləri var. Eyni zamanda yanaşmalar da fərqlidir. Bu baxımdan bəli, bizim özünəməxsusluğumuz var. Bizim üçün ailə mərkəzi yerdə dayanır və bütün mənafeyimiz, maraqlarımız ailə ilə toqquşur və kəsişir. Odur ki, buradakı harmoniya, rahat mühit cəmiyyətdə də rahatlığı şərtləndirir. Bu baxımdan biz ilk növbədə ailəyə bağlıyıq. Əlbəttə ki, cəmiyyətin əsas nüvəsinin məhz ailə olduğunu heç kim inkar edə bilməz. Odur ki, ailə ilə cəmiyyət arasında böyük bir bağlılıq var. Bu baxımdan biz hansı pəncərədən baxırıqsa, baxaq bu bizim üçün dəyişmir. Yəni ailə bizim üçün müqəddəsdir. Təbii ki, müəyyən istisnalar da var. Zamanın gətirdiyi yeniliklər bu dəyərlərə yeni yanaşmaları da ortaya qoyur. Eyni zamanda ailə bizim üçün dövlətin əsasıdır. Həqiqi mənada ailə hər birimizin qalasıdır.
- Ailə dəyərlərini vurğulayarkən, müasirlikdən danışdız. Nəzərə alsaq ki, 21-ci əsrdə yaşayırıq və texnologiyalar yetərli qədər inkişaf edib. Lakin hazırda bəzi ailələrdə kişilər xanımlara sosial şəbəkələri qadağan edirlər. Bunun əxlaqi dəyərlərə zidd olduğunu düşünürlər. Bu məsələni siz necə dəyərləndirirsiniz?
- Mən düşünmürəm ki, bu yalnız bizdə belədir. Başqa ölkələrdə də bununla əlaqədar hadisələrin baş verdiyinin şahidi oluruq. Azərbaycanda da bu hadisələr istisna deyil. Hər kəsin inkişafın yeni təzahürlərinə münasibəti fərqli ola bilər. Bu da fərqli qaydada özünü büruzə verə bilər. Amma düşünmürəm ki, bu kütləvi xarakter daşıyır. Çünki hazırda hər kəs sosial şəbəkələrin zərərləri ilə yanaşı, cəmiyyətə faydalı tərəflərindən də yararlana bilirlər. Bu bir təfəkkür məsələsidir. Hətta sosial şəbəkə olmasaydı belə, bu cür məsələlər başqa konteksdən də baş verə bilərdi. Hansı ki, tarixən də bu belə olub. Bəzi halda bu bəhanə kimi, digər halda isə səbəb kimi çıxış edə bilər. Mən bunu ümumilikdə aparıcı bir hal kimi qəbul etmirəm. Hətta sizin söylədiyiniz hallarda təkcə kişilər deyil, xanımlar tərəfindən də oxşar yanaşmalar ola bilər.
- Konstitusiyada insan hüquqları və azadlıqları təsbit olunub. Bəs Azərbaycanda insan hüquqları ilə bağlı əsas problem nədir?
- Bilirsiz problemsiz cəmiyyət yoxdur. Cəmiyyətin bütün sahələrində inkişaf varsa, deməli problem də var. İnkişaf heç də həmişə problemləri birdəfəlik həll edə bilmir. Hüquqlar isə aydın və konkretdir. İstər konvensiyalarda müəyyən olunmuş, istərsə də bizim milli qanunvericiliyə daxil edilmiş hüquqlar qanunla qorunur, müdafiə olunur. Ona əlçatanlığı təmin etmək üçün müvafiq işlər görülür. Bu sahədə xüsusilə də son illərdə Azərbaycan böyük bir inkişaf yolu keçib. Əlbəttə ki, problemlər də var. İlk öncə bu hüquqların dərk olunması məsələsi ilə bağlıdır. Fərdlərin bunu qəbul edərək yerinə yetirməsi istiqamətində də müəyyən problemlər mövcuddur. Lakin bu birmənalıdır ki, hüquqların təminatçısı Azərbaycan dövlətidir və o bunun üçün lazım olan, bütün işləri görür.
Problemlər uzun illər bizdə Dağlıq Qarabağ adlandırılan indi artıq tarixin arxivinə göndərilən məsələ ilə bağlı idi ki, bu gün biz onu öz gücümüzlə həll etdik. Lakin bu o demək deyil ki, burada pozulmuş hüquqların hamısı bərpa olunub. Hazırda biz bu səbəbdən ev-eşiyindən didərgin düşən, yaxınlarını, doğmalarını itirən, uzun illər öz yurdundan kənarda yaşamağa məhkum olanların hüquqlarının təmin edilməsi istiqamətində işlər görürük.
O cümlədən, cəmiyyət həyatında ən müxtəlif sahələrdə təmsilçilik və iştirakçılıqla bağlı bərabərliyin pozulduğunu görə bilərik. Biz daha çox qadın hüquqları ilə məşğul olduğumuz üçün, onların həyatın bütün sahələrində təmsil olunması ilə bağlı üzləşdiyi problemlər haqqında danışa bilərik. Odur ki, bu problemlərin hüquq çərçivəsində öz həllini tapması istiqamətində işlər görürük. Amma qeyd etmək lazımdır ki, bu davamlı və bitməyən bir prosesdir. Lakin unutmaq olnaz ki, insanların hüquqları ilə yanaşı, vəzifə və öhdəliklərini də bilmələri və yerinə yetirmələri də olduqca önəmlidir.
- Cəmiyyətin bütün sahələrində qadınların təmsil olunmasının vacibliyini vurğuladız. Bəs Bahar xanım ailəsində də vitse-spikerdir?
- Bəli, mən nə vaxtsa müsahibələrimdən birində belə bir ifadə səsləndirmişəm. Belə baxdıqda hər bir xanım öz ailəsinin vitse-spikeridir demək olar. Bizdə bir qayda olaraq kişilər ailə başçısı kimi qəbul olunur. Xanımlar isə daha cox ailə məsələləri, uşaqların tərbiyəsi ilə məşğul olur. Düzdür, yaxşı olardı ki, bütün digər məsələlərdə də qadın da, kişi də eyni dərəcədə məsuliyyət daşısın. Amma nə qədər çalışsaq da uzun illər ərzində formalaşmış bu təbii bölgüləri tam aradan qaldıra bilmirik. Lakin qeyd etmək lazımdır ki, sürətli inkişaf və onun həyatımıza gətirdiyi dinamika bu sahəyə də öz təsirini göstərməkdədir.
- Adətən vəzifədə olan şəxslər olduqca soyuqqanlı olurlar. Bəs siz də soyuqqanlısız? Bunun gündəlik həyatınızda mənfi və ya müsbət tərəfləri ilə qarşılaşırsınız?
- Soyuqanlı olmaq o, demək deyil ki, ətrafda baş verən hadisələrə qarşı biganə və laqeydsən. Bəlkə də insanın məsuliyyət yükü burada daha çox rol oynayır. Onun şəxsi xarakteri, vərdişləri, istəkləri burada artıq arxa plana keçməlidir. Ümumi maraq, ümumi iş tələb edir ki, bəzən lazımi qədər soyuqqanlı olmaq üçün öz emosiyalarını idarə edəsən. Əks halda müəyyən problemlər yarana bilər. Hər bir halda soyuqqanlı olmaq işdə daha məsuliyyətli olmağımızın təminatıdır.
- Aprelin 11-də cənab Prezident İlham Əliyevin 2018-ci ildə Prezident seçilməsindən 4 il ötür. Bu illər ərzində Komitə hansı işlər görmüş və hansı yeni lahiyələrə imza atmışdır?
- Bilirsiniz, məncə bu illəri yalnız Komitənin fəaliyyəti ilə əlaqədar dəyərləndirmək düzgün olmazdı. Bu dövr Azərbaycan dövlətinin, xalqının, bütövlükdə regionun, hətta dünyanın həyatını dəyişdirən illər olub. Bu həm Azərbaycanın özündə, həm də dünyada gedən proseslərə bağlıdır. Bu 4 il ərzində ölkəmizdə və regionda baş verən dəyişikliklərin bir qismini Azərbaycan öz gücü ilə əldə etdi. Cənab Prezident o vaxt erkən seçkilərə gedərkən bir çoxumuz hələ təsəvvür etmirdik ki, bu hansı hədəflərə yönəlmiş bir addımdır. O tarixdən keçən illər də göstərdi ki, bu qərar inkişafa mane olan bir sıra problemləri aradan qaldırmaq, ən əsası Qarabağ məsələsinin həllinə nail olmaq üçün cənab Prezidentin çoxdan hazırladığı, nəyi, nə vaxt, necə edəcəyini müəyyənləşdirdiyi proqramın icrası üçün idi. Bu Prezident seçkiləri bitdikdən dərhal sonra atılan ilk addımlardan da bəlli oldu. Ölkədə ciddi struktur və kadr islahatları aparıldı. Parlament erkən seçkilər nəticəsində yenidən formalaşdı, eyni zamanda bir çox sahələrdə də islahatlar aparıldı. Bütövlükdə Azərbaycanın bütün siyasi və ictimai həyatı müsbət mənada yeniləndi.
Ölkədə yeni qüvvələr nisbəti, daha doğrusu yeni siyasi konfiqurasiya yarandı. Ölkədə bütün siyasi partiyalar kiçik istisnalarla dövlətin, ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında birləşərək milli gücümüzün yenidən formalaşmasına öz töhfəsini verdi.