Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Prezidenti Abdulla Şahid Azərbaycana səfərə yola düşüb Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Prezidenti Abdulla Şahid Azərbaycana səfərə yola düşüb

BMT Baş Assambleyasının Prezidenti Azərbaycan liderinə təşəkkür etdi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Prezidenti Abdulla Şahid Azərbaycana səfərə yola düşüb

İşgüzar səfərdən öncə o, “Report”un yerli bürosunun suallarını cavablandırıb.

BMT Baş Assambleyasının 76-cı sessiyasının Prezidenti Abdulla Şahidlə müsahibəsini təqdim edirik:

- Cənab Prezident, pandemiya zamanı Siz Baş Assambleyaya rəhbərlik etməklə çətin bir işin öhdəsindən gəldiniz. Bildiyiniz kimi, BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Assambleyada Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT-yə üzv dövlətlər tərəfindən qəbul edildi. COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?

- Bəli, pandemiya bütün planetə dağıdıcı təsir göstərdi və heç bir ölkəyə təsirsiz ötüşmədi. BMT-də bizim qarşımızda çoxtərəfli diplomatik münasibətləri fiziki iştirakla təmin etmək kimi çətin vəzifə qoyulmuşdu. Bu, mənim ofisimdən, ev sahibi hökumətdən, BMT Katibliyindən və Nyu-York şəhər administrasiyasından çox zəhmətli iş tələb edirdi. Bununla belə, sevinclə bildirmək istəyirəm ki, BMT artıq fiziki iştirak etməklə görüş və tədbirlərin keçirilməsi üçün tam açıqdır. Mən Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi oynadığı mühüm rol barədə tam məlumatlıyam. Prezident İlham Əliyevin 2020-ci il mayın 4-də çağırdığı onlayn sammiti xatırlayıram. O, həmin görüş zamanı Qoşulmama Hərəkatına üzv ölkələrin COVID-19 pandemiyası ilə əlaqədar dövlət və hökumət başçıları səviyyəsində BMT Baş Assambleyasının xüsusi Sessiyasının çağırılmasını təklif etdi.

Azərbaycanın təşəbbüsü BMT-yə üzv olan 150 ölkə tərəfindən dəstəkləndi. Təşəbbüsün bu geniş dəstəyi çoxtərəfliliyin vacibliyini və COVID-19-un təsirləri ilə mübarizə aparmaq üçün beynəlxalq səylərin gücləndirilməsinə dair konsensusun vacibliyini vurğuladı. Baş Assambleyanın 31-ci Xüsusi Sessiyası 3-4 dekabr 2020-ci il tarixlərində baş tutdu. Tədbirdə iştirak edən liderlər COVID-19 peyvəndinin ədalətli paylanmasını və COVAX-ı dəstəkləmək üçün resursun sürətli səfərbər edilməsinin zəruriliyini vurğuladılar; sosial və səhiyyə xidmətlərinə daha çox investisiyaların ayrılması, beynəlxalq maliyyə institutlarının və tərəfdaş ölkələrin müdaxiləsi ilə müvafiq borcun azaldılması və çox ehtiyac duyulan inkişaf yardımının təmin edilməsini bildirdilər. Bu xüsusi sessiyanın çağırılması ümumi düşmənə qarşı mübarizədə sözün birləşdiyinə əminlik mesajı verdi.

Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan pandemiya ilə mübarizədə BMT-yə üzv dövlətlərin maliyyə, humanitar və tibbi ianələrinə dəstək vermək üçün ÜST-ün “COVID-19 müraciəti” Fonduna 5 milyon ABŞ dolları məbləğində ianə verib. Bu təşəbbüs və dəstək pandemiya zamanı həmrəyliyin, insanların bir araya gəlməsinin ən gözəl nümunəsi idi. Mən həmçinin vaksinlərin bərabər paylanılması ilə bağlı Yeni İl Qətnaməsinə qoşulduğuna görə Azərbaycana xüsusi təşəkkür etmək istərdim. Qoşulmama Hərəkatının Sədri kimi 25 fevral 2022-ci il tarixində BMT-nin Baş Qərargahında çağırdığım “Universal peyvəndlənmə üçün səylərin artırılması” adlı yüksək səviyyəli tədbirdə videomüraciətlə çıxış etdiyi üçün Prezident İlham Əliyevə də təşəkkür edirəm.

- Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün böyük səylər göstərən ölkələrdən biridir. Azərbaycanın bu prosesdə əldə etdiyi nailiyyətləri necə qiymətləndirərdiniz?

- COVID-19 pandemiyası bütün sektorlar üzrə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaqda qlobal durğunluğa səbəb olub. Heç bir ölkə bu geriləmədən sığortalanmayıb. Mən bilirəm ki, BMT və onun tərəfdaşları Azərbaycanda DİM-ə nail olmaq istiqamətində çalışırlar və hökumətlə sıx əməkdaşlıq edirlər. Bu tərəfdaşlıq nəticəsində Azərbaycan dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə edən 17 DİM-i, 88 hədəfi və 119 göstəricini prioritetləşdirib. 2017 və 2019-cu illərdə iki Könüllü Milli Hesabatını (KMH) təqdim etməklə Azərbaycan 2019-cu ilədək MDB məkanında ilk olaraq iki KMH təqdim edən ölkə olub. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti, BMT-nin Azərbaycan hökumətinə göstərdiyi dəstəyin əlaqələndirilməsi üçün əsas tərəfdaş kimi fəaliyyət göstərən Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasına dair fərman imzalayıb. Son beş il ərzində Azərbaycan 2030 Gündəliyinə nail olmaq istiqamətinə sadiqliyini nümayiş etdirib.

Bu gün Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası öz dəstəyini Azərbaycan hökumətinə yönəltmək üçün BMT-nin əsas tərəfdaşına çevrilib. Eyni zamanda Azərbaycan, DİM-ləri milli səviyyədə sürətləndirmək üçün atıla biləcək konkret siyasət və proqramlaşdırma addımlarını əks etdirən MAPS (2030 Gündəliyi naminə aktuallaşdırma, sürətləndirmə və siyasətə dəstək) missiyasını həyata keçirən ilk ölkələrdən biri olub və ölkə təcrübəsini 2018-ci ildə keçirilən Dayanıqlı İnkişaf üzrə Bakı Forumunda təqdim edib. Digər məsələlərlə bərabər regional forum DİM-lərin inteqrasiyası və onların icrasını sürətləndirmək məqsədilə fəaliyyətləri müəyyən edən Bakı Prinsiplərinin qəbul edilməsi ilə əlamətdar oldu.

Bununla yanaşı, Azərbaycanda BMT-nin dəstəyi ilə interaktiv idarəetmə panelini təqdim edən, konsolidə edilmiş məlumatları toplayan, DİM-lərə doğru inkişafı real vaxt rejimində izləyən DİM-lər üzrə Milli Məlumat Portalı istifadəyə verilib.

Pandemiyaya baxmayaraq, Azərbaycan DİM 1 (Yoxsulluğa Son), DİM 6 (Təmiz Su və Sanitariya), həmçinin DİM 3 (Yaxşı Səhiyyə və Rifah), DİM 11 (Dayanıqlı Şəhərlər və icmalar) və DİM 13 (İqlim Dəyişikliyə Qarşı Mübarizə) nail olmaq istiqamətində irəliləyir.

- Cənab sədr, Azərbaycana səfərinizdə gündəminizdə hansı mövzular var?

- Azərbaycana səfərim çərçivəsində bir çox görüşlərim olacaq. Bildiyiniz kimi planetimiz bir neçə problemlə eyni anda mübarizə aparır - pandemiya, iqlim dəyişikliyi və müharibə aysberqin görünən hissəsidir. Səfərim zamanı iyunun 13-də xarici işlər naziri Ceyhun Bayramovla görüşmək imkanım olacaq. Biz Baş Assambleyanın gündəliyindəki məsələləri, eləcə də BMT-də qarşımızda duran əsas məsələləri müzakirə edəcəyik.

Səfərim çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova ilə də görüşəcəyəm. Bu, keçmiş parlament sədri kimi mənim də səbirsizliklə gözlədiyim görüşdür. Parlamentlər qanunverici orqan kimi çoxtərəfliliyin gücləndirilməsində mühüm rol oynayır. Mən spikeri BMT Baş Assambleyasının müzakirə etdiyi məsələlərlə bağlı parlamenti həssaslaşdırmağa təşviq edəcəyəm. Həmçinin BMT-də qaldırdığım genderlə bağlı təşəbbüslər, o cümlədən siyasətdə qadınlara qarşı zorakılıq və təqiblərə diqqət yetirən Qadının Statusu üzrə Komissiyanın işi çərçivəsində çağırdığım xüsusi tədbir haqqında məlumat verəcəyəm.

Səfərim zamanı Azərbaycan Diplomatik Akademiyası kimi tanınan ADA Universitetində gənclər və akademiklərlə də görüşüm olacak. Tədbir ADA Universiteti və Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Səfərim ərzində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreevanın rəhbərliyi altında təşkilatın Azərbaycanda fəaliyyət göstərən agentlikləri ilə də görüşəcəyəm və onların reallaşdırdıqları layihələr haqqında ətraflı məlumat alacağam.

- Hamımız bilirik ki, Siz prezidentliyinizi “Ümid Prezidentliyi” (Presidency of Hope) adlandırmısınız. Necə düşünürsünüz, üzv dövlətləri ümidlərinə doğru istiqamətləndirə bildinizmi?

- Bəli, Prezidentliyimin mövzusunu “Ümid” seçdim, çünki, COVID-19 pandemiyasının pik dövründə, dağıntıların hər tərəfə hakim olduğu zamanda bu sözün pozitiv enerjisinə inamım güçlü idi. Əminəm ki, planeti narahat edən problemlərin həlli yolları beynəlxalq ictimaiyyətin əl-ələ verərək, fikir ayrılıqlarını bir kənara qoyub, ümumi məqsədə doğru çalışmasından keçir. Yalnız birləşəndə daha güclü oluruq. Beynəlxalq əməkdaşlıq nəticələr verir və BMT kollektiv fəaliyyətin tərəfdarı olmaq və heç kimin geridə qalmamasına əmin olmaq üçün ön sıralarda olmalıdır. Bildiyiniz kimi, Ümid Prezidentliyim dövründə üzərində çalışdığım beş əsas prioritetim vardı - pandemiyadan xilas olmaq, davamlı şəkildə yenidən qurmaq, planetin ehtiyaclarına cavab vermək, hamının hüquqlarına hörmət etmək və BMT-ni canlandırmaq. Bundan əlavə, mənim məqsədlərimdən biri də, gənclərin çoxtərəfli proseslərdə iştirakını artırmaq olub. Bu baxımdan, kifayət qədər təmsil olunmayan ölkələrin gənc diplomatlarına çoxtərəfli sistemin işini təcrübədən keçirmək şansı verən bir proqram hazırlamışam. İlk dəfə olaraq, biz BMT-yə üzv dövlətlərinin dəstəyi ilə “ÜMİD” adı altında Baş Assambleyanın Təqaüd programını yaratmağa təşəbbüs etdik. Bu təqaüdün proqramının təşəbbüskarı olmaqla üzərimizə çox böyük bir məsuliyyət götürdük və ümid edirəm ki, bu layihə Baş Assambleyanın gələcək Prezidentinin rəhbərliyi altında davam etdiriləcək. Eyni zamanda, bu ayın əvvəlində mən BMT-də çalışan anaların körpə övladlarını bəsləməsi üçün yeni laktasiya otağı aça bildim, həmçinin əvvəllər mövcud olan səkkiz otağı təmir etdirdik. Bu yerlər nümayəndə heyətlərində, katiblikdə işləyən valideynlər, həmçinin BMT-yə gələn qonaqlar üçün vacibdir. Bu, mənim çox qürur duyduğum bir layihədir və mən BMT sisteminə və üzv dövlətlərə dəstəyə görə son dərəcə minnətdaram.