Ötən gün erməni radikallar Azərbaycanın Parisdəki səfirliyinin binasına basqın ediblər Ötən gün erməni radikallar Azərbaycanın Parisdəki səfirliyinin binasına basqın ediblər

Səfir: Azərbaycan səfirliyinin təhlükəsizliyi ilə bağlı Fransanın etinasız yanaşması davam edir

Ötən gün erməni radikallar Azərbaycanın Parisdəki səfirliyinin binasına basqın ediblər

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevin APA-ya müsahibəsi

- Məlum olduğu kimi, ötən gün erməni radikallar Azərbaycanın Parisdəki səfirliyinin binasına basqın etdilər. Səfirlik əvvəlcədən rəsmi şəkildə təhlükəsizliyin təmin olunması ilə bağlı Fransanın hüquq-mühafizə orqanlarına müraciət etmişdimi?

- Öncədən qeyd edim ki, bu, Azərbaycanın Fransadakı səfirliyinin bu cür təxribatlara və hücumlara məruz qalması ilə bağlı ilk fakt deyil. 2017-ci ildən bəri biz təhlükəsizliklə bağlı bütün səviyyələrdə Fransa hökuməti qarşısında məsələ qaldırmışıq ki, Azərbaycan səfirliyi və Azərbaycan Mədəniyyət Evi qorunmur. Halbuki Fransanın Bakıdakı səfirliyi qarşısında stasionar post uzun müddətdir ki, var. Biz belə bir postun yaradılmasını istəsək də, 2017-ci ildən bəri bu məsələyə etinasız yanaşılır. Bu məsələ ilə bağlı heç bir ciddi addım atılmayıb, ciddi reaksiya verilməyib. Bizə hər zaman bildirilib ki, “narahat olmayın, əgər nəsə baş verərsə, səfirliyin yerləşdiyi kvartalda səyyar post var, mühafizə orqanlarına məxsus avtomobil ətrafda olur və nəsə baş verəcəyi təqdirdə, səyyar posta zəng edin, onlar gələcək və heç bir problem olmayacaq”. 2020-ci ildə Vətən Müharibəsi zamanı bu məsələ yenə yaşandı, erməni diasporunun üzvləri dəfələrlə səfirliyin önünə gələrək səfirliyin binasına ziyan vururdular. Qeyd etdiyim kimi, həmin vaxt da biz bu məsələni qaldırmışdıq və eyni cavabı almışdıq. Artıq bu, sanki ənənəyə çevrilib. Biz Fransa tərəfinə - Xarici və daxili işlər nazirliklərinə, polis idarəsinə təxminən 50-yə qədər nota və məktub yazmışıq.

- Sonuncu dəfə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı nə vaxt müraciət etmişdiniz?

- Avqustun 17-də də biz növbəti yazılı notanı göndərdik. Çünki Azərbaycanın Londondakı səfirliyində baş verən hadisədən sonra biz bir daha Fransa Xarici İşlər Nazirliyinin diqqətinə çatdırdıq ki, səfirliyə qarşı hücumlar var və bu, nəinki Londonda, həm də Fransada var. Səfirliyimizin poçtuna təhdid məktubları gəlib. Bütün bu hallar görülür və Fransada radikal qruplar “Daşnaksütun” və ASALA ilə bağlı biz Fransa tərəfinə faktlarla vəziyyəti izah etmişik. Göndərdiyimiz yazılı notalarda bunlar öz əksini tapıb. Bu notamıza da əvvəlki cavab verildi: “Narahat olmayın, həmin ərazidə səyyar post var, əgər ehtiyac olsa, siz onlara müraciət edərsiniz”. Amma təəssüflər olsun ki, bu dəfə də eyni hal yaşandı. Aksiya sentyabrın 18-də yerli vaxtla saat 14:20-də başladı, erməni diasporunun 150-yə qədər nümayəndəsi səfirliyin binasının önünə gələrək zorakılıq aktları törətməyə başladı. Biz polisə zəng etdik və yalnız 14:50-da polis avtomobili əraziyə gəldi.

Dünən baş verən insident zamanı səfirliyin binasının qıfılı, qapısı sındırılıb, səfirliyin binasına, pəncərələrə, eyvana yumurta və daş atılıb, bir sözlə, səfirliyin binasına ziyan vurulub. Bütün bunlara biz 30 dəqiqə ərzində məruz qaldıq. Və qeyd edim ki, polis gəlsə də, insidentin qarşısının alınmasında faktiki rol oynanmadı.

- Səfirliyin əməkdaşları arasında xəsarət alan olub?

- Səfirliyin əməkdaşları arasında xəsarət alan yoxdur. Səfirliyin binasına girmək üçün cəhd olsa da, onlar buna nail ola bilmədilər. Xatırladım ki, dünən bazar günü idi. Səfirliyin növbətçi əməkdaşı bu cəhdə qarşı müqavimət göstərdi və qapını bağladı. Aksiya iştirakçıları ərazidə bir saat müddətində qalıblar və öz cəhdlərinə nail olmadıqdan sonra getməyə məcbur olublar.

- Fransa tərəfindən məsələyə hər hansı reaksiya verilib?

- Hazırda səfirliyin vəkilləri günahkarların məsuliyyətə cəlb olunması və dəymiş ziyana görə kompensasiyanın alınması üçün müvafiq hüquqi tədbirlər görür. İnsidentdən sonra prefekturadan məhkəmə katibi, faktları araşdıran şəxs gəldi. O, səfirliyin binasına vurulan zərərlə bağlı faktları topladı, şəkilləri çəkdi və insidentin nəticələri ilə bağlı faktları qeydə aldı. Biz bu vandalizm aktını törədən erməni terror təşkilatının qanuni yolla məsuliyyətə cəlb olunması üçün iddia qaldıracağıq. Həmçinin çalışacağıq ki, vurulan ziyana görə ya bu təşkilat, ya da Fransa hökuməti bizə kompensasiya ödəsin.

Eyni zamanda, Fransa XİN və Daxili İşlər Nazirliyi qarşısında səfirliyin təhlükəsizliyinin təminatı ilə bağlı məsələ qaldıracağıq.

AzNews.az

image description image description image description image description