Bu uçuşların da cavabı olacaq Bu uçuşların da cavabı olacaq

İran münasibətlərin normallaşmasında maraqlı deyil - Turab Rzayev

Bu uçuşların da cavabı olacaq

11 martda İran İslam Respublikasına məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib. Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub.

Bununla bağlı İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub.

AzNews.az analitik-informasiya portalının mövzu ilə bağlı suallarını siyasi şərhçi Turab Rzayev cavablandırır:

- İran sərhədboyu uçuş həyata keçirməklə nə mesajı verməyə çalışır?

- İranın bu hərəkətləri birbaşa təxribatdır. Bu hərəkətlər göstərir ki, İran əslində münasibətlərin yenidən normallaşmasında maraqlı deyil. Çünki biz vaxtaşırı olaraq İranın ya dövlət qurumlarının, ya qeyri hökumət təşkilatlarının, ya da SEPAH-a bağlı olduğu bilinən saytları tərəfindən Azərbaycanın Ermənistanla sərhədlərinin qırmızı xətt kimi göstərildiyi videolar hazırlandığını görürük. Azərbaycan əleyhinə çağırışların şahidi oluruq. Bunun üzərinə İran 2 dəfə Azərbaycan sərhədində hərbi təlim keçib. Hətta birində Araz çayını keçməyi məşq edib. Azərbaycan ünvanına həm dövlət adamlarından, həm dövlətə bağlılığı bilinən ictimai-siyasi fəallardan, bloqerlərdən, mətbuat nümayəndələrindən daimi hücumlar olur. Eyni zamanda İran mediası daim Azərbaycanı hədəf alır. Bütün bunların fonunda İran tərəfi, xüsusi olaraq Əli Əkbər Vilayəti normallaşma ilə bağlı bir neçə dəfə siqnal versə də, Azərbaycan sərhədində uçuşların həyata keçirilməsi onu deməyə əsas verir ki, İran bu məsələdə səmimi deyil, normallaşmağa maraqlı deyil. Maraqlı olsaydı, Azərbaycanın uzatdığı sülh əlini, zeytun budağını qəbul edərdi.

- Növbəti belə təxribat baş tutarsa, hansı tədbirlər görüləcək?

- Azərbaycan bunlara adekvat cavab vermək hüququnu özündə saxlayır. İranın Qafanda konsulluq açması da təsadüfi deyil. Həmin ərəfədə Azərbaycanın İsraildə səfirlik açması, İranla Ermənistan arasındakı hərbi müttəfiqlik səviyyəsinə gələn yaxınlaşmaya cavab olaraq Azərbaycan Parlamentindən 30 deputatın imzası ilə İsrail prezidentinə cavab məktubu göndərilməsi, İsrailin Azərbaycana dəstəyi, Azərbaycanın İranla sərhəddə hərbi təlimlər keçirməsi, ikinci dəfə hətta buraya Türkiyənin də əlavə edilməsi, birlikdə İranla həmsərhəd üç rayonda təlimin baş tutması bizim cavablarımız idi. Hətta sonuncu qeyd etdiyim təlimdə Azərbaycan ponton körpü ilə necə çay keçmək lazım olduğunu göstərdi. Əlbəttə, uçuşların da cavabı olacaq. İran tərəfi unutmasın ki, onların əvvəlki təxribatları, Azərbaycan sərhədlərini pozmaları, dənizdə gəmilərimizə hücum etməsi məhz türk şahinlərinin Bakı səmasında İrana cavab verməsi ilə yekunlaşmışdı. Bundan sonra İran tərəfi geri addım ataraq bu uçuşları yığışdırmışdı. İndi yəqin ki, bu addımlara biz nota verəcəyik. Xarici İşlər Nazirliyində təlimatlandırma olacaq, etiraz bildiriləcək. Bu hərəkətlər dayanmasa, Azərbaycan tərəfi yenə adekvat cavab verəcək. Bizim bu məsələdə geri çəkilmək kimi bir planımız yoxdur.

- Bəzi sosial şəbəkə hesablarında 2001-ci ilin iyulunda İranın Azərbaycanın hava sərhədini pozmasından sonra 24 avqustda Bakı səmasında İrana göz dağı verən türk jetləri paylaşılır və bir növ tarixi xatırlatma edilir. 22 il sonra buna yenidən cəhd olarsa, türk jetlərini yenə Azərbaycan səmasında görə bilərikmi?

- Əlbəttə ki, tarix özünü təkrarlamaqda mahirdir. Rəsmi Bakı qarşı tərəfin təxribatlarını sakitliklə izləyir. Bizə təmkin lazımdır, bölgədə yeni bir müharibəyə ehtiyac yoxdur. Azərbaycan dövləti həm regional, həm də qlobal olaraq sülh tərəfdarıdır. İran tutduğu mövqedə israrlı olarsa, Azərbaycan digərlərinə olduğu kimi bu sabotajlara da uyğun cavabı verəcək. Hətta mümkündür ki, 44 günlük müharibə dövründə olduğu kimi türk qırıcılarının bir neçəsi gəlib Mingəçevirdə və yaxud fərqli Azərbaycan şəhərində yerləşsin. Bununla da qarşı tərəfə mesaj açıq-aydın çatacaq.

Rəşid QARAYEV