"Əgər media peşəkardırsa, sosial şəbəkədən fərqini hiss etdirəcək"

Bir neçə nəsil Azərbaycan jurnalistlərinin sevimli müəllimi, 31 il indiki Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində dərs demiş tanınmış media eksperti Zeynal Məmmədlinin bu günlərdə 70 yaşı tamam olur. Bu əlamətdar tarixdə Zeynal müəllimlə müsahibəni oxucuların diqqətinə çatdırır, sevimli xocamızı yubiley münasibəti ilə təbrik edir, sağlam ömür arzulayırıq.

- "Bir yazıda hər şeyi qucaqlamaq olmur". Sizin bu yanaşmanızdan çıxış edərək bugünki söhbətimizdə illərin cığırı ilə getmək istəyirəm. Ona görə də lap əvvəldən başlayaq. Nə xatırlayırsınız dünyaya göz açdığınız Güllübulaqdan?

- Mən Güllübulaqdan uşaq vaxtı çıxsam da, sonralar - məktəbdə oxuduğum dövrdə getmişəm. Oraların təbiəti çox qəribədir, dağlıq yerin nisbətən aran hissəsi. Qəribə dağları, qorxunc qayaları vardı (düşünür). Çiçəklərin, otun ətri, bir də insanların sərtliyi... Yadımda qalan bunlardır.

- Bəs jurnalist olacağınıza necə qərar verməyiniz yadınızdadırmı?

- Bakıda böyüdüyüm ərazidə çoxlu redaksiyalar vardı: "Azərbaycan gəncləri" qəzeti, "Kirpi" "Pioner", "Göyərçin" jurnalları, AZƏRTAC ... Səkkizinci sinifdə oxuyurdum. Həyətdə futbol oynayanda top təsadüfən "Azərbaycan gəncləri" qəzetinin redaktoru Cəmil Əlibəyovun üzünə dəydi. O da qulağımdan tutub məni dördüncü mərtəbəyə - qəzetin redaksiyasına qaldırdı. Dəcəllik etməyim deyə, tapşırıq verib dedi ki, otur yaz, işdən sonra oynayarsınız. Onlarda iş saat altıda bitirdi. Beləcə, yazmağa başladım, bir də gördüm üç manat, beş manat qonorar olur. O dövrdə bu, böyük pul idi. Təsəvvür elə, ən bahalı dondurma on qəpik idi. Sonralar xırda-xırda yazılarım çıxmağa başladı. O vaxta kimi mən fizika fakültəsinə getməyi düşünürdüm.

"Rejim jurnalistikanın inkişafına imkan vermir, sadəcə partiyaya əsgər yetişdirirdi"

- Nə vaxtsa bunun peşmanlığını çəkdiniz heç?

- Yox, peşman olmadım. Düzü, elə o vaxt, ilk anlardan anlayırdım ki, bizdə jurnalistika təhsilinin səviyyəsi çox aşağıdır. Yəqin ki, həmin dövrdə uşaqların mexanika-riyaziyyat fakültəsinə getmələrinə səbəb orada nisbətən parlaq müəllimlərin olmasından irəli gəlirdi. Jurnalistikada da adlı-sanlı müəllimlər vardı, amma ölkədəki rejim jurnalistikanın inkişafına imkan vermir, sadəcə partiyaya əsgər yetişdirirdi: partiya sənin əvəzinə düşünəcək, sən də onun dediyini edəcəksən. Bu məntiqlə hansı jurnalistikadan söhbət gedə bilərdi? Kitablar yox, araşdırmalar yox. Buraxılan kitablarda da Marksın, Leninin sitatlarından başqa bir şey yox. Lakin dediyim kimi, bütün bunlara baxmayaraq, həmin dövrdə yaxşı müəllimlər vardı. Məsələn, Nəriman Zeynalov. Onu heç cür unuda bilmərəm. Tələbəni Jurnalistika fakültəsinə bağlayan da elə onun kimi adamlar idi. Yoxsa ki, fakültəyə cəhənnəm əzabı kimi baxardın, ora sadəcə evdəkilərdən utandığına görə gedib-gələrdin ki, deməsinlər yarıtmadı, davam eləyə bilmədi. Həm də axı o cəsarət də olmur ki, yarımçıq buraxıb gedəsən. Amma sonra təhsilimi Moskvada davam etdirəndə gördüm ki, orada necə güclü tələbələr var. Dördüncü kursda təhsil atıb deyirdilər ki, bura mənlik deyil. Onlar güclü idilər, müstəqil idilər. Azərbaycanlı tələbə isə ailəsinin, mühitin əsiri idi.

- Nəzərə alsaq ki, 52 dəfə dərsdən qaçmısınız, deməli, siz o əsirlər sırasında deyildiniz.

- Mən heç vaxt dərsdən qaçmamışam. Qovublar.

- Niyə?

- Müəllimə atılan atmacalara görə... Əsas səbəb müəllimlərin mənsiz özlərini daha rahat hiss etmələri idi. Mən nəsə öyrənmək istəyirdim, onlarsa istəsələr də, öyrədə bilməyəcəkdilər. Çünki soruşduğumun cavabını özləri də bilmirdilər. Dekan hər dəfə dərsə təkrar girmək üçün kağız verirdi. O kağızların sayından bilirəm 52 dəfə qovulduğumu.

- "Mənim iki arıq, daha dəqiq desəm, iki ərəsət arıq dostum olub - Vaqif İbrahimoğlu və Zeynal Məmmədli". Bu sözlər Niyazi Mehdinin gənclik illərinizdən bəhs edən bir məqaləsində oxumuşdum. Deməli, siz hələ o vaxtdan arıq olmusunuz.

- Hə, çox arıq olmuşam.

- Yeməklə aranız yox idi, yoxsa necə?

- Deməzdim aram yox idi. Amma xüsusi fərqlənən qarınqulu da deyildim. Ət yemirdim, ancaq döyülmüş ət yeyirdim (gülümsünür).

"İnanmıram ki, başqalarından fərqli gənclik yaşamışam"

- Gənclik xatirələrinizdə kimlər var?

- Tələbə olanda Moskva mühitində Niyazi Mehdi, Kamal Abdulla ilə yaxın dostluq edirdim. Həmin dostluq bu günə kimi davam edir. Onlar çox yaxın, çox dəyərli adamlardır. Vaqif İbrahimoğlu da o adamlardan biri idi. Dostlarımın arasında yaşıdlarım, məndən böyüklər, eyni zamanda məndən çox böyüklər var. O cür dostlardan Rəhman Bədəlovun, Toğrul Cuvarlının adını çəkə bilərəm. Adını çəkdiklərimin hər birindən nələrsə öyrənmişəm, sanki onlar sosial rəndə rolunu oynayıblar.

- Çılğın gənclik keçirmisiniz?

- Bilmirəm, hansı sifəti burda işlətmək olar. İnanmıram ki, başqalarından fərqli gənclik yaşamışam. Amma təbii ki, gəncliyin enerjisi bir başqadır.

"Artıq doymuş məhlul kimi idim"

- O gənclik dönəmində necə oldu ki, müəllim olmağa qərar verdiniz?

- Mən öz işimi çox sevirdim, sadəcə praktik işdə - kiçik redaktor, redaktor, böyük redaktor kimi. Bunları keçəndən sonra sanki özünü təkrarlama mərhələsi başlayır. Sovet dövrünü təsəvvür elə, istehsalat, kənd təsərrüfatı xəbərləri. Mənisə insan maraqlandırırdı. Məsələn, o vaxt "Xan əmi dedi ki...", "Bir küçənin yaşı" kimi materiallar hazırlayaraq beyinləri yuyan xəbərlərdən yayınmağa çalışırdım. Ancaq bir yerdə gördüm ki, artıq mümkün deyil. Düzdür, televiziyada irəliləmə gedirdi, amma Az.TV qəribə bir zavoda bənzəyirdi. Biz sanki tornaçı dəzgahında cihaz istehsal edirdik: standart qoyulmuşdu - 10 millimetr, nə 9 olardı, nə də 11. Bu yanaşma böyük basqı yaradırdı. Həmin vaxt təzə kafedra açılırdı. Allah Tofiq Rüstəmova rəhmət eləsin. Jurnalistika fakültəsinin dekanı idi, məni o, dəvət elədi, müsabiqə idi, sənədlərimi verdim. Televiziyada işləməyimin beş ili tamam olan gün Jurnalistika fakültəsinə keçdim.

- Neçə il müəllim işlədiniz?

- 31 il.

- Bəs niyə 32-ci il olmadı?

- Yenə bir tıxanma oldu. Əslində, ondan çox qabaq da çıxmağa dəyərdi. Təsəvvür elə, dəyişikliklər istəyirsən - fakültənin özünün studiyası olsun, burada filan işlər görəsən kimi istəklər. Bir də, yaş məsələsi vardı. Mən bundan artıq nə fayda verə bilərdim ki? Min cür başqa şeylər də ola bilər, amma mən məhz buna görə çıxdım. Artıq doymuş məhlul kimi idim.

"Anarı az qala, müdafiə naziri, ana müxalifətin lideri etmək istəyirlər, hamı Anardan nəsə umur"

- İnsanlara, hadisələrə həmişə fərqli, özünəməxsus tərzdə yanaşdığınızı görmüşük. Məsələn, Anarın Azərbaycan ədəbiyyatındakı yeri ilə bağlı dediklərinizə görə sizi anlamayan, qınayan adamlar var.

- Hamı eyni cür düşünə bilməz. Mən başqasının baxışına sayğı göstərirəm, amma fərqli baxışın da bir əsaslandırması olmalıdır. Mən niyə Anara sayğı göstərməyim? Anar o Anardır ki, mənə Mirzə Cəlili sevdirib. Az qala, dilimizin rəsmi dilə, partiya sovet dilinə çevrildiyi bir vaxtda Anar "Qobustan" jurnalı buraxırdı. "Qobustan" dərgisində görün kimlər, hansı imzalar çıxırdı. Bir də görürsən hansısa yazıçı deyir ki, Anara nə var, ata Xalq şairi, ana Xalq şairi, özü də uşaq vaxtı, biz kolxozda pambıq yığanda oyuncaq maşın sürürdü. İndi buna görə mən Anarı sevməməliyəm? Ya da deyirlər ki, Anar haqqın səsi olmalıdır. Anarı az qala, müdafiə naziri, ana müxalifətin lideri etmək istəyirlər, hamı Anardan nəsə umur. Təsəvvür edin, qaçqınlıq dövründə gələnlər Anara üz tuturdular, elə bil, Anar təcili yardımdır. Bütün bunlara dözmək sizə asan gəlməsin. O, otuz-qırx ildir, Yazıçılar Birliyinin sədridir. Yazıçılar Birliyi nədir? Qeyri-hökumət təşkilatıdır da. Bəli, orada da çoxlu problemlər var, amma Anar olmasaydı, heç indiki yaxşılar da olmayacaqdı.

"Zeynəb Xanlarova sosial terapiya rolunu oynayırdı"

- Ədəbiyyatdan, sənətdən söz düşmüşkən, Zeynəb Xanlarova sənətinə yanaşmanız da həmişə mənə maraqlı gəlib.

- Təsəvvür edin, hörmətli müğənnimiz Şövkət Ələkbərova - çox gözəl vokalı, səsi vardı, ancaq əlini pianinonun üstünə qoyub sakitcə oxuyurdu. Ya da Sara Qədimova, Rübabə Muradova. Bir tərəfdə isə Zeynəb xanım. Mən bunu əsla əvvəl adlarını çəkdiyim müğənnilərin dəyərini azaltmaq fikri ilə demirəm, amma Zeynəb xanım başqa idi. İkinci Dünya müharibəsindən sonra - əllinci illərin axırı, altmışıncı illərin əvvəli idi, artıq həyat dəyişmişdi. Həmin dövrdə birdən-birə özünün biçim verdiyi geyimlərlə, saç düzümü ilə səhnədə oynayan bir Zeynəb xanımı görürük. Aaa, bu adi insana bənzəyir ki. Zeynəb xanım birdən-birə səni həyata qaytarır. O dövr ki, çox sərt davranış normaları olan bir həyat var və bir də diriliyi, canlılığı təmsil edən, gələcəyə ümid yaradan Zeynəb.

Bu mənada Zeynəb xanım sosial terapiya rolunu oynayırdı. Onun ifasında nəsə xoşuma gəlməyə bilər, onun hansısa davranışını bəyənməyə bilərəm, amma o heç kimə bənzəmədi, özünü ifadə eləməyə çalışdı və bunu da bacardı. Məhz buna görə mən Zeynəbi çox sevirəm.

- Sizcə, doxsanların Zeynəb Xanlarovası kim idi?

- O dövrə adekvat elə bir ad ağlıma gəlmir. Necə ola bilər ki, mən bəstəkar olum, vokal ifaçısı olum, ideoloji, siyasi səbəblərdən əngəllər qaldırılsın və mən uğurlu ola bilməyim? Birdən-birə azadlıq oldu, ancaq biz böyük bir sənət görmədik. Məsələn, həmin dövrdə Gürcüstan kinemotoqrafiyası ciddi işlər ortaya qoydu, amma Azərbaycan... Düzü, mən sənətin hər sahəsində həmin vaxtlarda baş verən proseslərlə tanış deyiləm, amma istənilən halda düşünürəm ki, doxsanlarda reallıqla qarşılaşdıq. Bəzən şişirdilmiş şarları gerçək uğur kimi qiymətləndirirdik, o şarların havası alınan kimi acı reallıqla üz-üzə qaldıq. Ötən əsrin doxsanıncı illəri Azərbaycanın öz reallığını anlaması baxımından çox qiymətli illərdir.

"Cəmiyyət ziyalı dediyi adamın boynuna elə ağır yüklər qoyur ki..."

- Zeynal müəllim, ziyalı kimdir?

- Bu söz alınma sözdür, "ziya" - "işıq" deməkdir. Türklər aydın deyirlər, əvvəllər işıqla bağlı "münəvvər" də deyirdilər. Qərbdə intelligentdir, yəni onlarda bu anlayış ağılla bağlıdır. Bizdə nəsə sanki ziyalının başqa missiyası var. Mənim gözümdə ziyalı intellektual əməklə məşğul olan, ağlı ilə pul qazanan adamdır.

- Amma cəmiyyət ziyalıdan qəhrəmanlıq tələb edir.

- Elə söhbət də ondan gedir. Ada baxın, ad bunu tələb edir. Sanki qaranlığı işıqlandırmaq onun borcudur. Cəmiyyət ziyalı dediyi adamın boynuna elə ağır yüklər qoyur ki... Bu, on doqquzuncu əsr Rusiyasının ortaya atdığı bir şeydir. Biri var, mən aristokrat olum, böyük pullarım olsun.Tolstoyun hər halda imkanı vardı ki, gəlirindən xalqa versin. Bəs, maaşa işləyən adam tələbənin təqaüdünü necə verə bilər?

"Anar ssenari verdi, ehtiyacı olmaya-olmaya pul aldı",- deyirlər. Bəs yaxşı, sən nə yazmısan, çıxar ortaya görək, çıxar, ictimailəşdir, indi ki, sosial şəbəkələrdə bunu eləmək rahatdır. Yoxsa bunu da Anar qoymur? Niyə əlini açıb, ancaq bir yerdən umursan?

- Bəs çarə nədir?

- Sərbəst bazar. Azərbaycanın halal varlıları bilinməlidir. O varlılar ki, vergisini verir, üstəlik də xeyriyyə ilə məşğul olur. Beləcə, yaradıcı adam da üz tutacaq həmin istiqamətə. İndi gedib kimə deyə bilərsən ki, mənim belə bir ssenarim var, onu maliyyələşdir. Anara? O da maaş alandır. Mədəniyyət Nazirliyinə? Nazirlik bürokrat qurumdur. İstər-istəməz kimə nə versə, hay-küy olacaq. Niyə biz Azərbaycan cəmiyyətindəki rəsmi milyonçuların kimliyini bilmirik?

- Tutaq ki, bildik, o milyonçu bir ssenaristə hamilik edəcəkmi?

- Sənin ustalığın da işini əsaslandırmağındadır. Sənin əlində elə bir iş var ki, ona pul, şöhrət gətirəcək. O cür pullu adamların bir çox hallarda şöhrətə də ehtiyacı olur. Əgər halal qazanırsa, vergisini verirsə, qorxmadan pulu verəcək. Amma indi pulu verəndə də qorxa-qorxa deyirlər ki, heç kim bilməsin, mən vermişəm. Bax, bu mühit dəyişməlidir.

- Sosial şəbəkə dediniz. Necə düşünürsünüz, sizcə, sosial şəbəkələr mətbuatın əhəmiyyətini azaltmır ki?

- Əgər media peşəkardırsa, sosial şəbəkədən fərqini hiss etdirəcək. Çünki bunun üçün bəlli qaydalar var. Sosial şəbəkə hamını müəllifə çevirir, amma peşəkar mediada hamı müəllif ola bilməz. Sən orada kütlənin reaksiyasını görə bilərsən, ancaq müəyyən istisnalar xaric, sən sosial şəbəkələrdə dərin bir analiz görə bilməzsən.

- Bəs mediaya olan güvən problemi?

- Əgər mediaya güvənsizlik varsa, bu, medianın problemidir. Peşəkar media üçün də bazar sərbəst olmalıdır ki, o, maliyyəsini hər hansı bir fonddan yox, bazardan alsın. Əsl yarış onda bilinəcək.

- Siz sosial şəbəkələrdən istifadə etmirsiniz. Vaxt azlığına görə, yoxsa?

- Buna ehtiyac hiss eləmirəm. Həm də sosial şəbəkələr üçün xeyli vaxt lazımdır.

"Bir günahın cəmiyyətə verdiyi fayda daha ağır gəlirsə, onda o günaha batırsan"

- Jurnalistika təhsili nə qədər vacibdir?

- Ümumiyyətlə, iki şeyə o sahənin təhsili mütləq lazımdır: hüquq və tibb. Bu, bütün dünyada belədir. Qeyri sahələri isə özün də öyrənə bilirsən. Jurnalistika da həmçinin. Jurnalist etikası ilə bağlı təlimlərsə mütləq lazımdır, yaxud da qısamüddətli kurslar. Məhz jurnalistika təhsilinə gəldikdə isə əksinə, görürəm ki, başqa ixtisaslardan gələnlər öz ixtisası ilə bağlı nəsə hazırlayanda işin bilicisi kimi yanaşır, daha yaxşı materiallar hazırlayırlar.

- Sizə ən çox nə qədər rüşvət təklif olunub?

- 200 min. Hər adamın alınma qiyməti var (gülümsəyir).

- O pulu hansı halda götürmək olardı?

- Əgər mənim doğma bir adamımın xilası üçün 200 min lazım olsaydı, mən günaha girib o rüşvəti ala bilərdim. Bilirsən, sən birmənalı şəkildə yox deyə bilmirsən. Məsələn, mən o pulu alıb, Həsən bəy Zərdabini xəstəlikdən qutara bilsəydim, o rüşvəti götürərdim. Sən bu günahı niyə edirsən? Tərəzi üsulu. Bir günahın cəmiyyətə verdiyi fayda daha ağır gəlirsə, onda o günaha batırsan. Əlbəttə ki, günahın bədəlini də özün ödəməlisən. Sən pulu alıb Zərdabinin həyatını xilas eləsən belə, işinə xəyanət etdiyin üçün cəzanı çəkirsən. Daha o 200 mini alıb, özün üçün gizlətmirsən.

- Övladlarınızın heç biri jurnalist deyil, eləmi?

- Oğlum jurnalistikanı bitirib, amma indi jurnalist kimi çalışmır. Mən övladlarımın seçimlərinə qarışmamışam.

"Sevgiyə inanmayanlar heç demokratiyaya da inanmırlar"

- Ancaq həyat yoldaşınız jurnalistdir.

- Həyat yoldaşımla eyni kursda oxumuşuq. Bəlkə də, jurnalistikada qalmağıma səbəb o oldu, söhbət işdən yox, təhsildən gedir.

- Deməli, xanımınız da sizə jurnalistikanın hədiyyəsidir. Bilirəm ki, sevib-evlənmisiniz, sevgiyə inanan adamlardansınız.

- Mən sevgisiz evlənə bilməzdim. Hardasa oxumuşdum ki, sevirsən sevgilindir, münasibət pisləşərsə, çox yaxın dostundur, sonra yoldaşındır, tanışındır. Ən pis halda sevgi azalsa belə, sayğı qalır. Amma sevməyəndə nə qalır, sevməyəndə necə olur? Birdən o kimisə sevdi, ya sən kimisə sevdin?

- Bəs sevgi qarın doyurmur deyənlər necə?

- Onu deyən adamlara qətiyyən hörmət eləmirəm. Onlar sevgiyə inanmadıqları kimi bir çox şeyə də inanmırlar. Onlar heç demokratiyaya da inanmırlar (gülümsünür).

- Bir yetmiş il də versəydilər, onu da bu Zeynal Məmmədli kimi yaşayardınız?

- Bəli. Çünki istəsəm də başqa adam ola bilməzdim...

Bir qeyd dəftərçəm var - "Zeynal müəllimin dediklərindən". Elə bir dərsimiz olmayıb ki, o dəftərə nəsə qeyd eləməyim.

Mən o adamın dediklərini kəlmə-kəlmə əzbərləmişəm. Mən o adamdan təkcə bu peşənin sirlərini yox, həm də bu peşəni sevməyi öyrənmişəm. Mən o adamdan ləyaqətli yaşamağı öyrənmişəm.

Düzgün zamanda qarşımıza çıxan düzgün adamlar həyatın bizə ən böyük hədiyyəsidir. Çox şanslıyam ki, tale mənə qarşı səxavətli davranıb, yolum Sizdən keçib. Çox, lap çox yaşayın, Zeynal müəllim!..

Aytac SAHƏD,

525.az