Günel Səfərova: "Ermənistan qəbul etməlidir ki, regionda söz sahibi Azərbaycandır" - MÜSAHİBƏ

Ötən gün BMT Təhlükəsizlik Şurası Laçın-Xankəndi yolunun guya "bağlanmasından” sonra yaranmış "humanitar böhran”ın müzakirəsi üçün iclas keçirib. Müzakirələr Azərbaycan diplomatiyasının parlaq qələbəsi ilə yekunlaşıb.

AzNews.az Vətəndaş Tədqiqat və inkişaf İctimai Birliyinin sədri Günel Səfərova ilə sözügedən mövzu ilə bağlı müsahibəni təqdim edir.

- BMT-nin Təhlükəsizlik Şurasının fövqəladə iclası İrəvanın dünyaya “humanitar böhran” kimi təqdim etməyə çalışdığı Azərbaycanın Qarabağ bölgəsində son vəziyyətlə əlaqədar Ermənistan tərəfindən çağırılmışdı. Günel xanım görüşü necə dəyərləndirirsiniz?

- BMT Təhlükəsizlik Şurası beynəlxalq sülh və təhlükəsizliyə məsul olan əsas ali orqandır. Ermənistanın BMT Təhlükəsizlik Şurası qarşısında öhdəlikləri var idi. Ancaq BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi Qarabağın qeyd-şərtsiz azad edilməsi, Azərbaycanın ərazisi kimi tanınması öhdəliyini yerinə yetirməmişdi. Dünən BMT-nin qarşısında çıxış eləyən əsas ölkə olan Ermənistan BMT-nin təhlükəsizlik Şurasının qaydalarını pozan, qətnamələrini icra etməyən, bir sözlə, onların gözündə keçmişdə mənfi imici olan bir ölkə idi. Bu məsələnin qaldırılması, sözsüz ki, saxta, lobbi təbliğatının nəticəsi idi. Çünki Azərbaycan bütün dünyanın gözü önündə, hətta dünən hörmətli Hikmət Hacıyevin qeyd etdiyi kimi yolları çəkir, münasibətləri qurur, kommunikasiya xətlərini bərpa edir. Lakin Ermənistan bu kommunikasiya xətlərindən istifadə etməyi rədd edir, onlara təklif olunan yük maşınları üçün humanitar yardım üçün keçidi tənzimləyən yoldan istifadə etmək istəmirlər. Bunu bütün dünya dünən əyani surətdə bir daha gördü. Lakin ermənilərin keçmişlərində, həm də ki, gələcəklərində mənfi rol oynayan əsas element erməni lobbisidir. Erməni lobbisi müxtəlif ölkələrdə var. Xüsusilə burada Fransanın canfəşanlığını və onun təsir dairəsində olan bir neçə ölkəni qeyd etmək lazımdır. Məsələ ondan ibarətdir ki, biz Ermənistan və Fransanın mövqelərinin üst-üstə düşəcəyini, hətta bəzən idarəetmədə Fransanın ermənilərdən daha çox erməni olmasını görürük. Biz bunu zaman- zaman görürük və dünən bir daha göstərdi ki, bu yalnız Ermənistanın yanlış informasiya siyasətinin süqutu deyildi. Bunu eyni zamanda Fransanın süqutu kimi də qiymətləndirə bilərik. Azərbaycan diplomatiyası müharibə dövründə də, indi də informasiyanın səhih ötürülməsi, doğru-dürüst xarici siyasətin qurulması, həm iqtisadi, həm siyasi, həm də geosiyasi müstəvidə tərəfdaşların qazanılması müstəvisində uğur əldə edir.

- Azərbaycan diplomatiyası nələr qazandı?

- Azərbaycan diplomatiyası həm 44 günlük Vətən müharibəsi dövründə, həm post müharibə dövründə uğurunun pik nöqtələrini yaşayır. Hesab edirəm ki, bu müharibədən öncə də bu cür olub. Dünən təkcə biz yox, həm də bütün dünya Azərbaycan diplomatiyasının necə müdrik olduğunu, beynəlxalq hüquq normalarına əsaslandığını, prinsiplərdən kənara çıxmadığını əyani surətdə gördü. Azərbaycan özünün öhdəlik götürdüyü bütün konvensiyalara əməl edir və heç bir humanitar böhran yaşanmır. Ümumiyyətlə, konfliktlərin tənzimlənməsində Azərbaycan daim tərəfdaş olaraq, davamlı qaydalara, qanunlara riayət edən və beynəlxalq hüquq prinsiplərinə əsaslanan bir tərəfdaşdır.

- Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin çıxışını necə qiymətləndirirsiniz?

- Yaşar Əliyevin çıxışı faktlara əsaslanan bir çıxış idi. Əlbəttə ki, biz onu çox müsbət qiymətləndiririk. Real şəraiti əhatəli analiz edirdi. Göstərilən faktların hər biri bir daha sübut etdi ki, Ermənistanın müzakirəyə çıxartmaq istədiyi saxta informasiyadır. Burada heç bir humanitar böhrandan söhbət gedə bilməz. Hesab edirəm ki, Yaşar Əliyevin çıxışı bir daha dünyaya Azərbaycanın bölgədə sülhün və təhlükəsizliyin tək qarantı olan bir ölkə olduğunu göstərdi. Burada həm də bizim daimi tərəfdaşımız olan Türkiyənin mövqeyini vurğulamaq lazımdır.

- Ağdam-Xankəndi yolunun açılması üçün çox yaxşı zəmin yarandı. Bu barədə danışmağınızı istəyərdik.

- Bu çıxışlarda biz gördük ki, Ağdam-Xankəndi yolu alternativ bir təklif kimi səsləndi. Xüsusilə Böyük Britaniya və digər ölkələrin çıxışların da bu humanitar yardımın siyasi məsələyə çevrilməməli olduğu vurğulanırdı. Bu həm də mesaj idi. Bildilirdi ki, sizə əgər alternativ yol təklif olunursa, bundan siyasi alət kimi istifadə etməməlisiniz.

Azərbaycanın suveren ərazisindən humanitar yardımlar keçirsə, buna bağlı qərarı da təbii ki, Azərbaycan Respublikası verməlidir. Orada Ermənistan XİN başçısının çıxışında çox maraqlı bir məqam var idi. Vaqif Xaçaturyanın həbsi ilə bağlı danışarkən nə qədər yanlış məlumatın ötürüldüyünü adam özü də ifadə etdi. Bu bir daha Azərbaycan tərəfinin Laçın keçid məntəqəsinin qurulmasında nə qədər haqlı olduğunu göstərdi. Deməli, Xankəndində kifayət qədər birinci Qarabağ müharibəsində Azərbaycana qarşı terrorist, terror fəaliyyəti ilə dinc əhalinin öldürülməsində rolu olan insanlar var. Düşünürəm ki, Ermənistan bir daha siyasi məğlubiyyətindən dərs çıxartmalıdır. Anlamalıdır ki, bu məsələnin yeganə həlli Azərbaycanla sülh sazişinin imzalanmasından keçir. Rəsmi İrəvan qəbul etməlidir ki, artıq regionda söz sahibi Azərbaycandır. Əgər bunu qəbul etməsə, itirən yalnız Ermənistan olacaq.

Ayan Rzayeva

QEYD: Məqalə ictimai və dövlət maraqlarının qorunması sahəsi üzrə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.