Bu firmalar ölən insanları dondurub saxlayırlar ki... – ARAŞDIRMA

14 yaşında ölən britaniyalı qız nə vaxt diriləcək?

2015-ci ildə 14 yaşlı bir qızın məktubu bütün Britaniyanı sarsıtdı və Ali Məhkəməni qərarını dəyişməyə məcbur etdi. Gəlin əvvəlcə məktubun mətni ilə tanış olaq:

“Məni bu qeyri-adi addımı atmağa vadar edən səbəbləri sizə açıqlamaq istəyirəm. Cəmi 14 yaşım var və mən ölmək istəmirəm. Ancaq ölməyimə az qaldığını bilirəm. Zənnimcə, kriokonservasiya hətta yüzillər keçəndən sonra belə oyanmağa şans verir. Mən torpağın altında dəfn edilmək yox, uzun-uzun yaşamaq istəyirəm. Düşünürəm ki, insanlar gələcəkdə məndəki xərçəng xəstəliyini müalicə etməyin yolunu tapacaq və məni oyada biləcəklər. Bu şansı əldə etmək istəyirəm. Bu, mənim arzumdur”.

Məktubun məzmunundan aydındır ki, Ceyn şərti adlı qızcığaz xərçəng xəstəsi olub. Ona bu diaqnoz 2015-ci ildə qoyulmuşdu. Yaşamaq şansı yox idi. Xərçəngin sağalmaz və nadir formasının daşıyıcısı idi. Həkimlər bir ildən az ömrü qaldığını deyirdilər. Körpə fidan həyatdan kam almamış solacaqdı; nə “Son zəng”də rəqs edə biləcək, nə universitetə qəbul olunacaq, nə gəlinlik paltarında mehrabda dayana biləcəkdi...

...Ömrü yarıda kəsiləcəkdi.

Ceyn də bu gerçəyi anlayırdı. Ancaq ağlamaq-sızlamaq yerinə, soyuqqanlı davranır, ailəsinə analoji varinat təklif edir. Öləndən dərhal sonra dondurulmaq və xəstəliyin əlacı tapılana qədər saxlanılmaq. Bunun üçün cəmi 46 min dollar gərəkdi.

Anası bu “təsəlli”yə razılaşırdı, uşaq vaxtı ailəni tərk edib getmiş ata isə qəti narazı idi. Uşağına 8 ildə bircə dəfə baş çəkməyən ata “untanmaz-utanmaz” deyirdi ki, təsəvvür edin 200 il sonra oyananda, yanında heç bir yaxını-qohumu olmayacaq, o zaman 14 yaşlı qızımın qayğısına kim qalacaq?

Üstəlik, ata da xərçəngdən əziyyət çəkirdi.

Atasının bu inadkarlığına cavab olaraq, Ceyn məhkəməyə müraciət edir: öləndən sonra bədəni üzərində sərəncam hüququ yalnız anasına verilsin.

Məhkəmənin tələbi isə bu olur: Ceynin bədəninin dondurulması üçün hər iki valideynin razılığı gərəkdir.

Vaxt daralırdı. Ceynin saylı günləri qalırdı. Nəsə etməli idi.

O, hakim Piter Ceksona yuxarıdakı məktubu ünvanlayır.

Məktubu oxuyub sarsılan hakim 6 oktybar tarixində qızcığazın iddiasını təmin edir.

Vəkili Ceynə bu şad xəbəri xəstəxanada yetişdirir. On gün sonra, oktybarın 17-də qızcığaz gözlərini müvəqqəti (özünün ehtimalı ilə) olaraq bu dünyaya yumur. Ki nə vaxtsa xəstəliyinin çarəsi tapılanda dirilib, yarım qalmış həyatını yaşayacaq.

Bu yazılanlar sizə bir roman və ya filmin süjeti kimi görünə bilər. Ancaq əmin olun ki, Ceyn dünyada bu addımı atan ilk insan deyil. Ondan əvvəl də bu yola baş vuranlar olub, belə görünür ki, yenə olacaq.

Bəs, bunun adı nədir?

Ceynin başına gələnlərə elmdə krionika, krikonservasiya, kriomühafizə deyilir.

“Krionika” yunanca “soyuq, şaxta” deməkdir. İnsan və ya başqa canlı varlıqların öləndən sonra dondurularaq saxlanılmasına və gələcəkdə ehtiyac yaranarsa, dirildilməsinə deyilir. Bu metod əsasən, sağalmaz xəstəliyi olan insanlar tərəfindən seçilir ki, gələcəkdə xəstəliklərinə çarə tapıldığı təqdirdə sağala bilsinlər. Adətən yalnız baş və ya beyin kiokonservasiya olunur.

İlk baxışdan sizə fantastik görünür? Düşünürüzünüz ki, belə şeylər ancaq filmlərdə ola bilər?

Xeyr. Səbrinizi basın. Gəlin əvvəlcə krionikanı tarixinə səyahət edək, daha sonra öz dövrümüzə qayıdarıq.

Hələ ki, müasir kriokonservasiya metodları birtərəflidir: dondurulan insan və ya heyvanları ayıltmaq mümkün deyil. Buna görə əməliyyat yalnız beynin ölümü hüquqi cəhətdən təsdilənəndən sonra aparılır. Bununla belə, laboratoriyalarda heyvanların üzərində aparılan bəzi təcrübələr müsbət nəticələr verib. 1955-ci ildə Ceymz Lovlok sıfır dərəcədə dondurulmuş siçanları canlandıra bilib.

Dünyada ilk kriokonservasiya olunan insan psixologiya üzrə professor Ceyms Bedforddur. 73 yaşlı professorun bədəni özünün razılığı ilə 12 yanvar 1967-ci ildə, öləndən bir neçə saat sonra kriokonservasiya olunub. 1991-ci ildə bədənə yeni kapsula qoyulub və bu zaman aparılan analizlər heç bir neqativ dəyişikiyin olmadığını göstərib. Professorun bədəni hazırda Alcor firmasında mühafizə edilir.

Yer gəlmişkən, Alcor (Alcor Life Extension Foundation) qeyri-kommersiya təşkilatı dünyada kriokonservasiyanı həyata keçirən ilk firmadır. Öləndən sonra dondurulmuş insan bədənləri aşağı temperaturda, maye azotda mühafizə olunur. 2011-ci ilin statistikasına görə, Alcor firmasında mühafizə olunan 106 pasientdən 73-nün yalnız beyni saxlanılır.

Alcor bu işə öncüllük etsə də, artıq dünyada bir neçə kriofirma fəaliyyət göstərir. Onların içində ABŞ şirkətləri ilə yanaşı, Rusiyada yerləşən “KrioRus” da yer alır.

12 yanvar 2017-ci il üçün dünyada kriomühafizə statistikası bu cürdür:

Alkor (ABŞ) – 149 insan.
Kionika İstitutu (ABŞ) – 145 insan və 129 heyvan.
KrioRus (Rusiya) – 52 insan və 20 heyvan.
Trans Time (ABŞ) – 3 insan.

Ümumilikdə götürəndə hazırda dünyada 370-dən çox insan kriomühafizə olunur.

2016-cı ildə dünyanın müxtəlif yerlərindən 69 alim açıq məktub yazaraq krionikanı dəstəklədiyini bildirib.

Krionikaya qarşı çıxanlar, onu yalançı elm adlandıranlar da az deyil. Digər tərəfdən də bu sahəyə tibb elminin laqeydliyi, daha çox kommersiya təşkilatlarının diqqət yetirməsi ona olan etimadı bir qədər azaldır.

Bütün hallarda insanın yaşamaq arzusu bitmir. O, xəstəlikdən sağalmaq, həyatı doya-doya yaşamaq istəyir. Kim bilir, bəlkə nə zamansa tibb elmi 14 yaşında dondurulmuş Ceynin xəstəliyinə çarə tapacaq və onun dodaqlarına bir “Şahzadə öpüşü” qondurub yenidən dirildəcək? Bizim “Ağbəniz” də yenidən həyata davam edib, arzuladığı gəlinliyi geyinəcək? Adam istəyir desin, yaşayarıq görərik. Amma bunu görmək üçün deyəsən dondurulmaq gərək.

Mirmehdi

© AzNews.az