Erməni-gürcü qarşıdurmasının gizli səbəbləri

Robert Köçəryanla Serj Sərkisyan və onların yedəyində gedən hərbi xuntaçılar özlərinə yeni tərəfdarlar toplamaq üçün bu dəfə gözlərini Gürcüstanın Ahısqa vilayətində yaşayan ermənilərə dikmişlər

Gürcüstandakı erməni icması daim “Böyük Ermənistan” xülyasını təbliğ edən “Daşnaksütyun Partiyası”nın təsiri altında olmuşdur. Xüsusilə kənd yerlərində yaşayan erməni əhalisi və kilsələr faktiki olaraq daşnakların nəzarətindədir. Paytaxt Tiflisdə də bəzən erməni icması kilsənin təsiri altında daşnakların ideyalarına dəstək verir. Bu il iyun ayının 6-da Gürcüstanın Axısqa (Samtsxe Cevaxetiya) vilayətinin mərkəzi Axalkələkidə Gürcüstan polisi və yerli erməni icması arasındakı qarşıdurmanın səbəbi məhz bu faktorla bağlıdır. Belə ki, gürcü polisi ilə Axalkələkidə yerli ermənilər arasında insident baş verib. Patrul polisi yol hərəkəti qaydalarını pozan erməni sürücünü saxlayıb. Sürücü ilə bağlı inzibati cərimə yazılarkən, bir neçə erməni sakini patrul polisi əməkdaşlarına müqavimət göstəriblər. Daxili İşlər Nazirliyi insidentlə bağlı məlumat yayıb. Bildirilir ki, baş vermiş qarşıdurma zamanı kənd sakinləri patrul polis əməkdaşlarını təhqir ediblər və sonra fiziki müqavimət göstəriblər. Nəticədə iki nəfər polisə qarşı müqavimət və xırda xuliqanlığa görə saxlanılıb.

Ermənilərin tək hədəfi: “Ahısqada gürcü məmurlar çalışa bilməz”

1918-ci ildə Gürcüstan dövlət müstəqilliyini elan edəndə ermənilər əldə silah Ahısqa vilayəti ərazisində “Erməni Cavaxk Respublikası” yaratmaq üçün, dövlətə qarşı mübarizə aparmışdı. Gürcüstanın dövlət başçısı Noy Jordaniyanın əmri ilə gürcü və azərbaycanlı könüllüləri etnik separatizmin qarşısını almaq üçün hərəkətə keçdilər. Keçmiş Sovet İttifaqı yaranana qədər ermənilər Gürcüstanın ərazi bütövlüyünə qarşı silahlı dirənişlərini göstərdilər. 1991-ci ildə Gürcüstan yenidən dövlət müstəqilliyini əldə edən zaman ermənilər qondarma “Abxaziya”, “Cənubi Osetiya” separatizminin yanında yer aldılar. Bütün bunlar azmış kimi, Ahısqa vilayətində “Erməni Cavaxk Respublikası” adına bir daha mübarizəyə qalxdılar. Bu olayın əsil səbəbi ermənilərin bölgədə “bufer zona” böhranını yaratmaqla Cənubi Qafqaz dövlətlərinin Dünya Birliyi ilə iqtisadi və ticarət baxımından inteqrasiyasının qarşısını almaq idi. Gürcüstan dövlətinə qarşı etnik separatizmin bir neçə planlarını da işə salmışdılar:

1. Erməni dilinə rəsmi dövlət statusunun verilməsi,

2. Bölgəni ancaq erməni mənşəli məmurların idarə etməsi,

3. Bölgənin azad iqtisadi zonaya çevrilməsi,

4. Axalkələkidən Acarstana birbaşa nəqliyyat dəhlizinin yaradılması və sair tələblərdən ibarət idi.

Bu tələblər Gürcüstan Konstitusiyasına və dövlətin unitarlığına qarşı saplanmış bıçaq təsiri daşıdığı üçün, rəsmi Tiflis erməni icmasına “YOX” deməyə məcbur qalmışdı.

2002-ci ilə kimi vilayətin Ninotsmind, Adıgün, Axalkələki, Aspindza, Borjomi və Axaltsxi rayonlarında erməni əhalisinin sayı 250 min nəfərə yaxın idi. Rusiya Müdafiə Nazirliyinə məxsus Axalkələkidəki hərbi bazanın ölkədən çıxarılması əslində Cənubi Qafqazda 200 illik siyasi iradənin aradan qaldırılması demək idi. Ermənilər hərbi bazanın çıxarılmasına qarşı uzun müddət sərt təpkilər nümayiş etdirirdilər. Ona görə ki, məhz bu hərbi baza yaradılanda ermənilər Yaxın Şərq ölkələrindən “Cənubi Qafqazda xristian əhalisinin sayının artırılması və məskunlaşdırılması layihısi”nin bir parçası sayılırdılar. Çar və Sovet Rusiyası zamanlarında Ahısqa vilayətində ermənilərə xüsusi imtiyazlar verilmişdi. Müstəqil Gürcüstan hökuməti isə “imtiyazlı zümrə” və “xalq” siyasətini aradan qaldıraraq demokratik dövlət modelinə üz tutur. Gerizəkalı erməni icması isə, hələ də “imtiyaz” arzusundadır.

“Dotasiya” adı altında yaşayan dilənçilər

Ahısqa vilayətində bu gün toplam 100 min nəfərə yaxın erməni yaşayır. Son 17 il ərzində 150 mindən çox erməni Rusiya, Ukrayna, Belarus, Polşa, ABŞ, Kanada və digər ölkələrə miqrasiya ediblər. Ermənistan və qondarma “Dağlıq Qarabağ” rejiminə 1991-2018-ci illərdə erməni diaspor təşkilatları tərəfindən toplanılan ianələr son bir ildə durdurulub. Yaranmış fürsətdən istifadə etmək üçün, Axısqa vilayətinin erməni icması dünya erməni diasporunu “sosial-iqtisadi və mədəni” problemlərə cəlb etmək üçün, bir sıra insidentlərə baş vurmağı hədəf seçiblər. Hətta bu məqsədlə bəzi projeləri gündəmə gətiriblər. Bu ilin fevral-aprel aylarında ABŞ-ın Kaliforniya ştatında keçirilən ənənəvi “telemarafon”, yəni səfalət içində yaşayan erməni icmalarına dəstək üçün ianələrin toplanılması tədbirləri zamanı “Birlik meydanı” adlı layihə üstünlük qazanmışdır. Həmin projeyə görə Axaltsxi rayonunun sosial inkişafı və “idman-mədəniyyət mərkəzi”nin yaradılması üçün xeyli miqdarda vəsait toplanıldı. Marafon təbliğatı “GeopoliticalTV” (ABŞ), “Noyan Tapan” agentliyi (İrəvan) və digər sosial media quruluşları tərəfindən translasiya olundu. Zahiri baxımdan bu humanizmin arxasında nələrin durduğunu isə, “Kavkaz-Plyus” İnformasiya Agentliyinin araşdırmaçıları ifşa ediblər. Agentliyin xüsusi əməkdaşlarının incələmələrinə görə, Ahısqa vilayətində ermənilərin kompakt şəkildə yaşadıqları ərazidə “idman kompleksləri”ndə Gürcüstanda və Azərbaycanda erməni separatizminin silahlı qanadı üçün xüsusi kadrlar hazırlanacaq. Agentlik onu da qeyd edir ki, faktiki olaraq, bu gün Ahısqa vilayətində ermənilər özlərini burada qurulacaq “Erməni Cavaxk Respublikası”nın qanuni sakinləri kimi davranışlar nümayiş etdirirlər. Onlar hətta bölgəyə gələn gürcü polislərinə mütəmadi olaraq daşlamaq taktikası ilə hərəkət edirlər. Vaxtilə, yəni 1980-ci illərdə Dağlıq Qarabağda olduğu kimi.
Vilayətin Kumudro kəndində yerləşən və nadir memarlıq kompleksinə malik olan gürcü kilsəsini ziyarət etmək istəyənlər burada yaşayan ermənilər tərəfindən təhqir olunurlar. Belə bir hadisə bu yaxınlarda Korxi kəndində baş veribdir. Vilayətdə yaşayan ermənilər iddia edirlər ki, guya Gürcüstan Ahısqa vilayətini Türkiyəyə təslim etməyə hazırlaşır. Belə olduğu təqdirdə türklər erməniləri soyqırıma məruz qoya bilərlər. Ona görə də ermənilər gürcülərə və türklərə qarşı silahlanmalıdırlar.
Bəs əslində Ahısqa vilayətində nələr baş verir? “Bakı-Tiflis-Kars” dəmir yolu, “Bakı-Tiflis-Ərzurum” qaz kəməri və “Bakı-Tiflis-Ceyhan” neft boru xətti sayəsində Gürcüstanın əldə etdiyi dividentlər sayəsində ermənilər “dotasiya” almaq hədəflərini sərgiləyirlər. Dağlıq Qarabağda Azərbaycan dövlətinə qarşı döyüşdə ölmüş Mixail Avaqyanın Axalkələkidə büstünün qoyulması bu aksiyanın bir parçasıdır. Ermənistanı və erməni diasporunu cəlb etməklə bölgədə əlavə pullar qazanılması hədəf olaraq görülür. Çünki bölgəyə pullar axdıqca etnik separatizm meyilləri də güclənir.

“Kviris Paltira” qəzetindəki həqiqətlər

Ötən ilin oktyabr ayında Tiflisdə dərc olunan nüfuzlu “Kviris Palitra” qəzetində ermənilər tərəfindən Gürcüstan hökumətinə qarşı bir sıra süni problemlərin yaradılması ilə bağlı təhlillər dərc edilmişdi. Qəzetin araşdırmasında Ahısqa vilayətində gürcülərə aid olan kilsələrin “erməniləşdirilməsi” siyasətinin yürüdülməsi önə çıxarılmışdı. Buna görə də Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlılarının vilayətin Qumburdo kəndində yerləşən tarixi gürcü kilsəsini mühafizə etmək üçün oraya ezam edilmişdi. Qəzet qeyd edirdi ki, ermənilər manipulyasiya siyasətini yürütməklə əslində Gürcüstanda siyasi böhranlar yaratmaq istəyirlər. Gürcüstan “Mədəni İrsin Mühafizəsi İdarəsi” rəisinin Nikoloz Antadze yaranmış insidentlə bağlı belə demişdi: “Qumburdo kəndindəki kilsə gürcü tarix və memarlıq irsinin şanlı nişanəsidir. Biz abidənin bərpası üçün gərəkən işləri həyata keçirdiyimiz zaman, əllərində daş və silahlı ermənilər üstümüzə hücum çəkdilər. Ona görə də polisə müraciət etdik. Halbuki, bu abidə 964-cü ildə abxaz çarı Leon və memar Sakotsar tərəfindən inşa edilmişdir. Yəni bu abidənin ermənilərlə heç bir ilgisi yoxdur”.

Gürcüstan “erməni separatizmi” tarixini araşdıran görkəmli alim Georgi Kalandiya isə bu olayla bağlı belə demişdir: “Axalkələki ətrafında baş verən olayların ardında üçüncü güc dayanır. Yəni burada yaşayan erməni əhalisini etnik separatizmə sürükləyən vardır. İlk öncə həmin qüvvələr ifşa edilməlidir”.
O da bəllidir ki, Ermənistanda ötən ilin aprel ayında hakimiyyətdən devrilən hərbi xunta rejiminin tərəfdarlarının sayı sürətlə azalmaqdadır. Robert Köçəryanla Serj Sərkisyan və onların yedəyində gedən hərbi xuntaçılar özlərinə yeni tərəfdarlar toplamaq üçün bu dəfə gözlərini Gürcüstanın Ahısqa vilayətində yaşayan ermənilərə dikmişlər. İrəvanda 20 il ərzində iqtidarda olduqları zaman 1 milyon 300 min nəfər vətəndaş Ermənistanı tərk etmək məcburiyyətində qalıblar. Cənubi Qafqaz siyasətində Tehrandakı bəzi ifrat mühafizəkar çevrələrin tək ümid yeri “Daşnaksütyun Partiyası”dır. Bu partiya 2018-ci il aprel seçkiləri nəticəsində ölkə parlamentində təmsil olunmaq imkanlarını itirdiyi üçün bu gün mərkəzi qərargahını Tehrana köçürüb. Beləliklə, Cənubi Qafqaz siyasəti adına itirilmiş mövqelərini yenidən ələ keçirmək üçün sosial baza axtarışına çıxıblar. Ahısqa vilayəti onlar üçün münbit məkan sayılır. Vaxtilə Dağlıq Qarabağda könüllü olaraq döyüşənləri tapmaq və ya onların ailələrini ələ almaq üçün regionda separatizmi alovlandırmaqla tərəfdarlarının sayını artırmağa ümid edirlər. Digər yandan isə, Cənubi Qafqaz üzərindən daha böyük iqtisadi layihələrin işə düşməsinə əngəl olmaq üçün də bu addımları ataraq iri şirkətlərin burada iştirakına mane olmağa çalışılır.

Ənvər Yusifoğlu