Milli Qurtuluş Günü və Qarabağ həqiqətləri

Ümummilli lider statusunu dərin zəkası ilə qazanan və müasir dövlətçilik siyasətimizin doktrinasının müəllifi olan Heydər Əliyevin nə qədər uzaqgörən olduğu 15 İyun Milli Qurtuluş Günümüzün qızıl hərflərlə yazılan ən şanlı tarixi deməkdir

1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin ömrünün cəmi 23 ay olmasının əsas səbəblərindən biri də, bəzi xarici ölkələrin siyasi, hərbi və maddi dəstəyi ilə ermənilərə məxsus 200 min nəfəri özündə birləşdirən silahlı quldur dəstələrin Azərbaycanın Qarabağ, Naxçıvan, İrəvan, Gəncəbasar, Borçalı, Şirvan, Muğan, hətta Cənubi Azərbaycanın Urmu, Xoy, Mərənd, Sulduz, Səlmas, Culfa və digər bölgələrində xalqımıza qarşı soyqırım siyasəti ilə üz-üzə qalması idi. Həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin yeganə strateji müttəfiqi olan Osmanlı dövləti digər imperiyalar kimi çöküş dövrünü yaşayır və yeni Türkiyə Cümhuriyyətinin yaradılması üçün Qurtuluş Savaşını verirdi. Beynəlxalq miqyasda isə, böyük dövlətlərin nəzarətində olan Millətlər Şurası (indiki BMT) Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini tanımaq üçün “tələskənliyə” yol vermək istəmirdi.

Ekspansionist siyasətin hədəflərinin astar üzü

1813-cü il “Gülüstan” və 1828-ci il “Türkmənçay” müqavilələrinin ardından Çar Rusiyası
Cənubi Qafqazda dayaqlarını gücləndirmək üçün, “xristian əhalisi”nin sayının sürətlə artırılması siyasətini gücləndirməyə çalışdı. Bu məqsədlə rus, alman, erməni və digər xristian xalqlarının məskunlaşdırılması istiqamətində addımlar atdı. 1829-cu ildə 40 min, Ədirnə sülh müqaviləsinin nəticəsində 90 min erməni dərhal Qarabağ, Naxçıvan, İrəvan və digər bölgələrdə yerləşdirildi. Tanınmış amerikalı alim Con Makartinin də qeyd etdiyi kimi, 1828-1920-ci illər aralığında Çar Rusiyası Cənubi Qafqazda 560 min nəfər erməni əhalisini məskunlaşdırmışdı. Hətta Çar Rusiyası imperatoru I Nikolayın 21 mart 1828-ci ildə verdiyi fərmana görə Azərbaycanın Naxçıvan və İrəvan xanlıqları ləğv edilmiş və onların yerində "Erməni vilayəti" adlanan yeni inzibati qurum elan etmişdi. Ermənilər 1836-cı ildə Rusiyanın köməyi ilə Azərbaycandakı Alban Patriarxat kilsəsinin ləğv olunması və mülklərinin erməni kilsəsinə verilməsinə də nail oldular. Bir qədər sonra keçmiş Alban dövlətinin qərb əraziləri (Qarabağ) ermənilərin XIX əsrdə davam edən məskunlaşması nəticəsində dövlətçiliyini və dini müstəqilliyini itirdi və həmin yerlərin əhalisinin qriqoryanlaşdırılması, bununla belə də erməniləşdirilməsi prosesi başlandı.

Cənubi Qafqazda etnik tərkibin süni sürətdə dəyişdirilməsi

1832-ci ildə azərbaycanlılar Qarabağ əhalisinin 64,8 %, ermənilər isə 34,8% təşkil etdi. Bu siyasət məqsədyönlü şəkildə davam etdirilməyə başladı. XIX əsrin 80-ci illərində Şuşa qəzasında əhalinin milli tərkibində azərbaycanlılar 41,5% ermənilər isə 58,2% oldu. Rusiyada əhalinin 1897-ci il siyahıya alınmasına görə bu rəqəmlər 45 və 53%, 1917-ci ildə isə 40,2 və 52,3% olmuşdu. 1918-1920-ci illərdə Ermənistanın törətdiyi azərbaycanlı qırğınları Qarabağı da əhatə etmişdi. Sovet İttifaqı qurulan zaman yenə də Çar Rusiyasının ənənəsi davam etdirildi və Azərbaycanın ərazisində 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətini təşkil edərkən tarixi ədalətsizliyə yol verildi. Qarabağın dağlıq və aran hissəsi süni şəkildə bir-birindən ayrıldı, erməni əhalisinin konsolidasiyası üçün əlverişli şərait yaradıldı və beləliklə azərbaycanlıların demoqrafik mövgeyinə ciddi zərbə vuruldu. 1926, 1959, 1970, 1979-cu illərdə keçirilmiş siyahıya almalara görə DQMV-nin azərbaycanlı və erməni əhalisi müvafiq olaraq 10,1 və 89,1%; 13,8 və 84,4%; 18,1 və 80,5%; 23,0 və 75,9% olmuşdur. Dağlıq Qarabağ erməniləri 1978-ci ildə köçürülmələrinin 150 illiyini qeyd etmiş, bu münasibətlə Ağdərə rayonunu ərfazisində kəndində xüsusi abidə qoymuşdular.

Tarixi təkrar etmək cəhdləri iflasa uğradı

1991-ci ildə keçmiş Sovet İttifaqının dağılması sayəsində Azərbaycan yenidən dövlət müstəqilliyinə qovuşdu. Ermənilər bu dəfə də əlində silah Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərini işğal siyasətini gündəmə gətirdilər. 1991-1993-cü illərdə səriştəsiz rəhbərliyin günahları ucbatından Ermənistan bir yandan Cənubi Qafqazda revanşizmə dayanıqlı olan iddialarını gücləndirmək üçün üstün mövqelər qazandılar, digər yandan isə, xaricdəki erməni lobbisinin genişmiqyaslı təbliğatları sayəsində dünya birliyini öz tərəflərinə çəkə bildilər. Azərbaycan xalqı ermənilərin bu işğalçı siyasətinə qarşı sadəcə öz tarixi torpaqları uğrunda mübarizəyə deyil, həm də beynəlxalq birliyin informasiya blokadasına qarşı vuruşmalı idi. Təbii olaraq, bütün bu çətinlikləri aradan qaldırmaq və xalqı öz arxasınca apararaq dövlətimizin milli iradəsini önə çəkə biləcək liderə ehtiyac var idi. Bu, zəngin həyat və dövlətçilik təcrübəsi olan, əhalinin intellektual zümrəsini bu yolda səfərbər edə biləcək şəxsiyyət Heydər Əliyev idi.
1993-cü ilin başlanğıcından etibarən Azərbaycan bir dövlət olaraq süni şəkildə xaosa sürüklənmişdi. Mövcud hakimiyyəti təmsil edən komandanın daxilindəki çəkişmələr, sosial-iqtisadi durumun ağırlaşması, Cənub bölgəsində etnik separatizm meyillərinin tüğyan etməsi, kriminal qruplaşmalardan ibarət Gəncəbasar bölgəsində dövlət çevrilişi üçün atılan addımlar, bəzi siyasi partiyaların və dini müxalifət qrupların dövlətçiliyə qarşı atdığı addımlar ölkəmizi ucsuz-bucaqsız böhranlara sürükləmişdi. Digər yandan isə, Qarabağ müharibəsində döyüşən könüllü alayların arasında yaşanılan pərakəndəlik döyüş bölgəsində dəhşətsaçan uğursuzliqlara səbəb olmuşdu. Görkəmli dövlət xadimi, beynəlxalq siyasi şəraitin bütün çalarlarını dərindən bilən, Azərbaycanın bir dövlət kimi yenidən özündə təpər taparaq bütün bunları durdurması üçün Heydər Əliyev məhz belə bir dönəmdə xalqın iradəsi ilə hakimiyyətə gəldi. Faktiki olaraq Heydər Əliyevin apardığı dərin siyasətin nəticəsində 1993-cü ilin 15 iyundan başlayaraq 1995-ci il 17 mart tarixinə kimi ölkənin daxilində sabitliyi təmin edildi. Qarabağ probleminin həlli istiqamətində bu dəfə beynəlxalq birliyi Azərbaycanın tərəfdaşına çevirmək üçün strateji hədəflərin bütün çalarlarını tənzimlədi. Beləliklə də Ermənistanın ekspansionist siyasətinin qarşısı alındı.

Son 200 ilin ən böyük uğuru

Görkəmli dövlət xadimi Heydər Əliyevin apardığı uğurlu daxili siyasətin hədəflərindən biri də, hansısa dövlətin Azərbaycanın ərazilərinin işğalı strategiyasının qarşısını almaq oldu. Bunun üçün ölkənin bütün alimlərini səfərbər edərək Azərbaycanın tarixi əraziləri və onun qanuni sakinlərinin kimin olması istiqamətində çoxsaylı elmi əsərlərin yazılması və çoxsaylı dərsliklərin ortaya çıxarılması, beynəlxalq səviyyədə elmi konfransların keçirilməsi, dünya elmi ictimaiyyətinin bu prosesə cəlb etməsi sayəsində Qarabağ həqiqətlərinə işıq saldı. BMT, Avropa Şurası, Avropa Birliyi, MDB, İKT, YUNESCO və digər beynəlxalq təşkilatların kürsüsündən Azərbaycan dövlətinin və xalqının dönməz idarəsini irəli sürdü. Bu beynəlxalq qurumlarda Azərbaycanın ərazi bütövlüyünü dönə-dönə təkrar etdi. Ustad memar kimi “ƏBƏDİ AZƏRBAYCAN DÖVLƏTİ” adlı nəhəng bir layihənin müəllifi olaraq yorulmadan çıxış edirdi. Azərbaycan prezidenti Heydər Əliyevin adı hətta dövlətimizin adı ilə sinonim kimi səsləndirilirdi. Bu dahi şəxsiyyətin adı harada çəkilirdisə, dərhal Azərbaycan yada düşürdü. Harada Azərbaycanın adı hallandırılırdısa, o zaman Heydər Əliyev anılırdı.
Azərbaycanın daxilində siyasi və ictimai baxımdan sabitliyi təmin etməklə yanaşı, dövlət başçısı kimi Heydər Əliyev daxili və beynəlxalq miqyasda iqtisadi siyasəti uğurla həyata keçirməyə başladı. Bir daha sübut etdi ki, güclü dövlət olmaq üçün ölkədə daxili sabitlik və düzgün iqtisadi strategiya ən vacib faktorlardan biridir.

Milli Qurtuluşdan dünya həmrəyliyinə

15 iyun 1993-cü il tarixi Azərbaycanın xaosdan və pərakəndəlikdən, bir dövlət olaraq iflasa uğramasından qurtulmaq, tamamilə yeni bir dövlət modelini irəli sürmək üçün tarixi zərurətin missiyasını öz üzərinə götürmüş siyasi liderə nə qədər çox böyük ehtiyac olduğunu isbat edən bir həqiqətin simgəsidir. Bu simgənin şəriksiz tək bir lideri var, o da görkəmli dövlət və ictimai xadim Heydər Əliyevin dühasıdır. Azərbaycanı dövlət olaraq mövcud xaosdan qurtarmaqla, xilaskar kimi Heydər Əliyev öz üzərinə düşən tarixi missiyanı məhdud bir coğrafi məkana daşımadı. Bunun üçün dünyanın dörd bucağında yaşayan soydaşlarımızı səfərbər etdi. Ümummilli səfərbərlik siyasətinin nəticəsində ilk dəfə Azərbaycanın dövlət başçısı həm də 50 milyonluq dünya azərbaycanlılarının milli lideri kimi qəbul edildi. Dünyanın istənilən nöqtəsində yaşayan soydaşlarımızı səfərbər edərək milli diaspor siyasətinə ilk dəfə təkan verildi. 50 milyonluq soydaşımızın qəlbində və ruhunda bir Azərbaycan sevgisinin yaranması, onların hər birinin dövlətimizin haqq səsini dünyaya duydurması ideyasının müəllifi də məhz Heydər Əliyev oldu. “Dünya Azərbaycanlılarının I Qurultayı” da məhz bu məqsədlə çağırılmışdı. Heydər Əliyev uzun illərin təcrübəsindən çıxış edərək “Mən xoşbəxtəm ki, Azərbaycanlıyam!!!” ideyasını qurultay iştirakçılarının və bütün dünya azərbaycanlılarının vahid ideyasına çevirməyi bacardı.
Bu gün hər bir azərbaycanlı harada yaşamasından asılı olmayaraq, keçmişdə olduğu kimi dövlətimizin ərazilərinin işğalına qarşı sərt təpkilər göstərirlər. Çar Rusiyası və ya Sovet İttifaqı dönəmində xalqımızın tarixi torpaqlarında istənilən siyasətlər asanlıqla həyata keçirilirdi. Yerli bəylər, ağalar, xanlar və ya əhali etiraz etdikdə bu aksiyalar qan içində boğdurulurdu. Sovet İttifaqı dönəmində isə “vahid qardaşlıq ailəsi” adı altında ermənilər üçün ekspansionist siyasi hədəflər gerçəkləşdirilirdi. Bütün bu dərin siyasi hədəflərə ilk dəfə olaraq, 15 İyun Milli Qurtuluş Günü tarixindən sonra nöqtə qoyuldu. Yəni, Azərbaycan dövləti və xalqı dərin zəkası olan milli liderini, Heydər Əliyevi önə çıxararaq onun simasında bütün bunların qarşısını əbədiyyən ala bildi.
Bu uğurlu düstur indi də davam etdirilir. Çünki, ümummilli lider statusunu dərin zəkası ilə qazanan və müasir dövlətçilik siyasətimizin doktrinasının müəllifi olan Heydər Əliyevin nə qədər uzaqgörən olduğu 15 İyun Milli Qurtuluş Günümüzün qızıl hərflərlə yazılan ən şanlı tarixi deməkdir. Bu ənənəyə sadiq qalan dövlətimiz artıq ötən dönəmlərdə olduğu kimi 23 ay deyil, düz 28 ildir dövlət müstəqilliyimizin yaşaması və inkişaf yolunu tutması həqiqətlərini ortaya qoymuşdur. Bizlər bunun üçün 15 İyun Milli Qurtuluş Gününə və dövlətimizin ədəbi olaraq müstəqil olmasına görə Heydər Əliyevin zəkasına borcluyuq.

Ə. Yusifoğlu