Saakaşviliyə rəsmi vəzifə verilməsə belə onun siyasi proseslərdə əsas fiqurlardan biri olacağı gözləniləndir Saakaşviliyə rəsmi vəzifə verilməsə belə onun siyasi proseslərdə əsas fiqurlardan biri olacağı gözləniləndir

Dövlətdən dəstək alıb Saakaşvilini təbliğ edən "İNQİLABÇILAR"...

Saakaşviliyə rəsmi vəzifə verilməsə belə onun siyasi proseslərdə əsas fiqurlardan biri olacağı gözləniləndir

Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixael Saakaşvili yenidən Kiyevdə siyasi səhnələrə qayıdır. Prezident Vladimir Zelenski Saakaşviliyə ölkədəki islahatlara dəstək verməsi üçün vəzifə təklif edir. Məlumatlara görə, Mişa Nazirlər Kabinetində təmsil olunacaq. Lakin Gürcüstanın rəsmi etirazından sonra bunun baş tutmadığı deyilir. Saakaşviliyə rəsmi vəzifə verilməsə belə onun siyasi proseslərdə əsas fiqurlardan biri olacağı gözləniləndir.

Əslində bizim məsələmiz Ukraynada kimin kimə vəzifə verməsi, kimin hansı postda təmsil olunması da deyil. Məsələ Saakaşvilinin Ukraynada siyasi səhnəyə qayıtması ilə Azərbaycanda mişasevərlərin də fəallaşmasıdır.


Gürcüstanda “qızılgül inqilabı”ndan sonra Azərbaycanda müxalifət başına çələng hörərək, Saakaşvilini Çe-Gevara kimi qəbul etdi, hər fürsətdə qonşu ölkəni nümunə kimi göstərməyə başladılar. Siyasi maraqlar fonunda bu o qədər də təəccüblü və qeyri-adi bir şey deyildi. Bir zamanlar Qafqazın Çe-Gevarası kimi tanınan Saakaşvili prezident postunu təhvil verəndən sonra Ukraynada peyda oldu. Onun Odessada rəhbərliyə gətirilməsi, başqa ölkənin prezidenti olmuş bir şəxsin başqa ölkədə siyasətçi kimi çıxış etməsi və digər məsələlər geosiyasi proseslərdən qaynaqlanır. Bizim diqqətimizi çəkən isə Azərbaycanda özünü hakimiyyət tərəfdarı kimi təqdim edənlərin, dövlətdən maliyyə dəstəyi alanların Saakaşviliyə olan sevgisi və onu “inqilab nümunəsi” kimi təqdim etmək oyunlarıdır.

Söhbət müxalifətdən getmir, hakimiyyətə iddia edən istənilən müxalifətin belə bir addımı dediyimiz kimi qeyri-adi deyil. Söhbət gündüz iqtidarçı, gecə müxalifətdən daha qatı müxalifət olan, nə iqtidara, nə müxalifətə heç bir xeyri dəyməyən, öz cibləri naminə dövlət maraqlarını da qurban verənlərdir. Burada Saakaşvilinin Ukraynada geri dönüşü ilə Azərbaycanda Mişasevərlərin fəallaşması ilk baxışdan heç bir təhlükə törətməyə bilər. Nəticədə bu Ukraynanın daxili işidir, kimlərinsə Mişa sevdası da öz işləridir. Amma bəzi məqamlar istisnadır. Çünki prosesin arxasında təhlükə açıq hiss olunur.

Azərbaycanda Prezident İlham Əliyevi dəstəklədiyini hər fürsətdə “qışqıranlar” niyə başqa ölkədə vaxtilə prezident olan, sonra başqa dövlətdə siyasətçi kimi çıxış edən birini Azərbaycan cəmiyyətinə nümunə kimi göstərir?! Onlar bununla hansı oyunu oynayır və kimdir onlar?!

Hələlik konkret adlarını açıqlamasaq da, (kim olduqları bizə bəllidir) bu kimi şəxslər istər ölkə daxilində, istərsə də diaspor təşkilatlarında var və bu gün Azərbaycan dövlətinin, birbaşa Prezident İlham Əliyevin qayğısı ilə əhatə olunublar. Onlar dövlətimizdən maddi-mənəvi yardım alanların başında gəlirlər.

Misal üçün, biri Saakaşvilinin Ukraynaya qayıdışının bu ölkədə sosial-iqtisadi inkişafına xeyir verəcəyini yazaraq, onu mədh edir, digərləri isə bu mədhiyələri tirajlayırlar.

Burada iki məqam təhlükəlidir.

Birincisi, Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirilməsidir. Saakaşvilinin Ukraynaya qayıdışı və hökumətdə təmsil olunmaq ehtimalı ilə bağlı Gürcüstan prezidenti Salome Zurabişvili rəsmi bəyanat yaydı. Bəyanatda deyilir ki, “Dövlət başçısı kimi yaxşı anlayıram ki, digər ölkənin daxili işlərinə və kadr siyasətinə müdaxilə yolverilməzdir, amma həm də dövlət vəzifəsini təkcə Gürcüstan Məhkəmə Hakimiyyəti tərəfindən yox, eləcə də Avropa İnsan Haqları Məhkəməsi tərəfindən təsdiqlənmiş cinayət fəaliyyətləri olan şəxsə verilməsi qəbuledilməz və anlaşılmazdır. Onun ağır korrupsion cinayətlərdə ittiham olunmasından danışmağa belə dəyməz. Bir nəfər nə qədər vacib olmalıdır ki, onun ucbatından dövlətlər arasındakı uzunmüddətli münasibətləri təhdid altında qoyasan və cəmiyyətlərimizi təhqir edəsən. Mən bunu təsəvvür edə bilmirəm”.


Bu bəyanat Gürcüstan hökumətinin Saakaşvili məsələsində nə qədər həssas olduğunu göstərir. Bu o deməkdir ki, rəsmi Tbilisi Saakaşviliyə bu və ya digər formada dəstəyə də həssasdır. Azərbaycanda özünü hakimiyyəti müdafiə edən, eləcə də diaspor təşkilatlarında dövlətdən dəstək alanların Mişa sevdasının Gürcüstanda Azərbaycan hakimiyyətinin dəstəyi kimi başa düşülə və “Azərbaycan hakimiyyəti qeyri-rəsmi şəkildə Saakaşviliyə dəstək verir” iddiasıın gündəmə gəlməsinə səbəb ola bilər. Bunu anlamaq o qədər də çətin deyil.

İkincisi, başqa ölkənin siyasətçisinin Azərbaycan cəmiyyətinə nümunə kimi təqdim edilməsi cəhdi olduqca təhlükəlidir. Bu təqdimatı özünü Prezidentin tərəfdarı kimi göstərənlərin, dövlətdən bu və ya digər formada dəstək alanların etməsi təhlükənin miqyasını daha da böyüdür. Həmçinin, “Saakaşvilinin təbliğatı Azərbaycan cəmiyyətində etiraz manipulyasiyası olaraq istifadə edilir” kimi sualların da yaranmasına səbəb olur.


Hadisələrin inkişafı bu sualların da cavabının tapılmasına imkan verəcək. Amma özünü Prezidentin tərəfdarı kimi göstərib, dövlətdən yardım alaraq həm də Saakaşvilinin təbliğatını aparmaq heç də səmimi hərəkət deyil...

Vasif Həsənli
"Demokrat.az" xəbər portalının baş redaktoru