- Araşdırma
- 2 Oktyabr 11:39
- 7 459
İslam inqilabı ilə yenidən dirçələn fars şovinizmi
Pəhləvi səltənəti sona çatandan sonra türkcə kitab, dövri nəşrlər və qəzetlər yenidən işıq üzü görməyə başladılar. Bu müddət çox uzun sürməsə də, Pəhləvi dövründən fərqli olaraq, İran İslam Respublikası dövründə Türk dilli heç zaman rəsmən qadağan olunmayıb. Ancaq elə bu dövrdə də qısa bir müddətdən sonra türkcə qəzetlərə qadağalar qoyuldu və türkcə kitabların nəşri çətinləşdi. Yəni qanun nöqteyi-nəzərindən Türk dili qadağan olunmasa da, praktikada bir çox məhdudiyyətlərlə üzləşmək məcburiyyətində qaldı.
1997-ci ildə İranda Məhəmməd Hatəmi prezident seçildi. Onun ifadə azadlığına nisbi dəstəyi və prezidentliyinin ilk illərində yaranmış nisbətən açıq siyasi abu-havada kitab və qəzet nəşri inkişaf etdi. Güney Azərbaycan türkləri də bu durumdan faydalanmağa çalışdılar. İllər boyu dib-bucaqda qalan kitabların çap olunaraq oxucuların ixtiyarına verilməsi şansı yarandı. Qısa bir zaman içərisində bir çox kitab çap edildi. Bunların bir çoxu oxucuların marağını qazanaraq növbəti dəfə nəşr edildilər. O dövrdə bir çox universitetlərdə Güney azərbaycanlı tələbələr öz ana dillərində tələbə jurnalları yaymağa başladılar.
Bütün bu nəşrlərin və kitabların məzmunu müxtəlif olsa da, bir çox ortaq nöqtələrə malikdirlər: Azərbaycanda türklərin tarixi, ana dilinin əhəmiyyəti, Azərbaycan mədəniyyəti, türk şeiri və ədəbiyyatı. Bunların arasında Azərbaycanın tarixi və dili ilə bağlı nəşrlər üstünlük təşkil ediblər. Şübhə yoxdur ki, tarix və dil milli kimliyin formalaşmasının əsas elementləridir. Həmin dövrün mətbuatında dərc olunan bəzi məqalələrdə milli kimliyin formalaşmasında tarixin və dilin rolu açıq şəkildə vurğulanır, Güney Azərbaycan gəncləri öz tarix və dillərini öyrənməyə sövq edilirdi. Sonrakı dövrlərdə türk kitablarına və nəşrlərinə qoyulan məhdudiyyətlər yenidən güclənsə də, Güney Azərbaycan türkləri heç kimin dayandıra bilməyəcəyi və geri dönüşü olmayan bir yola başlamışdılar. Artıq Azərbaycan türkcəsində kitab və məqalə yazıb-oxumaq olduqca yayğınlaşmışdı.
Bu il noyabrın 7-də Təbrizdə 18-ci Beynəlxalq Kitab Sərgisi açılıb. İranın dərin iqtisadi problemlər yaşadığı bu günlərdə nəşriyyatların öz kitablarını birbaşa oxuculara təqdim etmələri kiçik də olsa, bir fürsət idi. Bu oxucular üçün də bir fürsət sayılırdı. Çünki İranda kitab bazarının gəlirsizliyi səbəbindən son illər bir çox mağazalar bağlanıb. Bu səbəbdən sərgi oxucuların kitab əldə etmək imkanlarını xeyli asanlaşdıracaqdı. Lakin bu il Təbriz Beynəlxalq Kitab Sərgisində bu imkanların heç birinin həyata keçirilməsi üçün şərait yaradılmadı. Əvvəlki illərdən fərqli olaraq, nəşriyyatlara sərgidə iştirak etməyə imkan və icazə verilmədi. Hər bir nəşriyyatın yalnız son 5 ildə çap olunmuş hər bir adda cəmi 5 cild kitabı Mədəniyyət İdarəsinə göndərmək ixtiyarı var idi. Kitablar isə yalnız həmin idarə tərəfindən qəbul edildiyi təqdirdə, sərgiyə göndəriləcəkdi. Onsuz da İranda kitabların çapdan əvvəl Mədəniyyət İdarəsinin razılığını alması şərtdir. Bu məsələnin xırdalıqlarına toxunmadan söyləyək ki, bu qaydanın əsas məqsədi Güney Azərbaycanda türkcə kitab nəşrini azaltmaq, nəşriyyatları maliyyə zərərlərinə uğratmaq və Türkcə kitab oxumaq istəyənlər üçün kitabların əlçatımlılığını azaltmaqdır. Lakin ən başda gedən məqsəd Azərbaycan türkcəsində yazılmış kitabları oxucuların gözləri önündən uzaqlaşdırmaq olub. Belə ki, adi oxucular bəzən hansısa kitabın çapından xəbərsiz olduqları üçün sərgilər kitabları göz önünə sərmək baxımından əla fürsətdir.
Bu il Təbriz Beynəlxalq Kitab Sərgisində türk kitabları üçün yaradılan məhdudiyyətlər yenidir. Lakin yuxarıda da açıqladığımız kimi Türk kitablarına qarşı məhdudiyyətlərin qoyulması ümumilikdə yeni deyil. Yuxarıda dediyimiz kimi, İranda hər bir kitab işıq üzü görməmişdən qabaq Mədəniyyət İdarəsinə göndərilir, orada senzuraya məruz qalır. Bir çox kitab bu mərhələni keçə bilmədiyi üçün işıq üzü görə bilmir. Bunlar azmış kimi, kitab senzurasının qaydaları da ildən-ilə sərtləşdirilir. Belə ki, Mədəniyyət İdarəsinin razılığı əsasında çap olunmuş kitablar ikinci nəşr üçün bir daha icazə ala bilmirlər!
Son illərdə Azərbaycan türkcəsində yazılmış kitablara qarşı həyata keçirilən senzura qaydaları o qədər ağırlaşdırılıb ki, həm yazarların, həm də nəşriyyatların etiraz səsinin ucalmasına səbəb olub. Məsələn, Azərbaycan türkcəsində olan sözlər “Bakı dilidir” adı ilə kitablardan sildirilir! Yaxud başqa dillərdən alınmış olan sözlərin Azərbaycan türkcəsinin səs qaydalarına uyğun tərzdə yazılmasına izn verilmir və onların fars dilində olduğu kimi yazılmasını təklif edirlər! Bir halda ki hər dilin özünə məxsus qaydaları var və türkcə sözləri fars dili qaydalarına uyğun olaraq yazdığımızda həm dilimizin qaydaları pozulur, həm də onları oxumaq çətinləşir. Əslində, bu işləri görənlərin də məqsədi budur: Azərbaycan türkcəsində kitab yazıb oxumağı çətinləşdirmək.
Dünyanın çox yerində olduğu kimi, İranda da yeni çap olunmuş kitabları tanıtdırmaq üçün müəyyən tədbirlər keçirilir. Lakin Azərbaycan türkcəsində yazılmış kitabların təqdimatı ilə bağlı tədbirlərin keçirilməsi əvvəllər olduğu kimi, indi də çətinliklə baş tutur, daha doğrusu demək olar ki, heç baş tutmur. Hətta adi şeir kitabının belə tanıtımı üçün planlaşdırılan tədbirlərin qabağı alınır. Belə bir durumda çap olmuş kitabları oxuculara tanıtdırmaq imkansız olur.
Sadə bir araşdırma ilə başa düşürük ki, son illər Azərbaycan türkcəsində yazılmış, yaxud yayımlanmış kitab və nəşrlərin qarşısındakı maneə və məhdudiyyətlər günü-gündən artmaqdadır. Təkcə İranda deyil, dünyada internetin müvəffəqiyyəti ilə bağlı kitaba olan marağın nəzərəçarpacaq dərəcədə azalması bu vəziyyəti daha da mürəkkəbləşdirir. Ancaq Güney Azərbaycanın şair və yazıçıları bütün qadağalara baxmayaraq, ana dilini kitablarda, nəşrlərdə yaşatmağa çalışırlar. Onlar bu yolun çətinliyini və əllərində olan imkanların yetərsizliyini çox yaxşı bilirlər. Lakin Ana dilini yaşatmağı, Azərbaycan mədəniyyətini qorumağı və Azərbaycan türkcəsini gəlişdirməyi özlərinə bir milli-mənəvi vəzifə bilən Güney Azərbaycan yazar və şairləri bu yolda əllərindən gələni etməyə qərarlıdırlar!
Yazı Ortaq Dəyərlər İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Xaricdə yaşayan azərbaycanlıların haqlarının müdafiəsi” layihəsi çərçivəsində dərc olunur
Pərvanə