Hazırda test olaraq qaz verilməsini uğurla icra etdiyimizi deyə bilərik Hazırda test olaraq qaz verilməsini uğurla icra etdiyimizi deyə bilərik

Saltuk Düzyol: "Türkiyə və Azərbaycan tarix yazdı"

Hazırda test olaraq qaz verilməsini uğurla icra etdiyimizi deyə bilərik

"Enerjinin İpək yolu" adlandırılan TANAP əsrin layihəsidir və Azərbaycan, Türkiyə tarix yazdı".

Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında TANAP-ın baş drektoru Saltuk Düzyol deyib.

O, bildirib ki, layihə vaxtında başa çatıb: "Bu gün bizim üçün qürur günüdür. Azərbaycan və Türkiyənin uzun müddətli strateji tərəfdaşlığının ən gözəl nümunəsi olan son dərəcə uğurlu bir layihənin nəticəsini görürük. Ən əhəmiyyətlisi odur ki, layihə vaxtında tamamlandı.

Nəhəng enerji layihəsinə başladığımız vaxt yola 11,7 milyard dollarlıq təxmini yatırım büdcəsi ilə çıxılmışdı və bu rəqəm 6,5 milyard dollara qədər endirildi. Layihə planlaşdırılmış vaxtda, dəqiqliklə icra olundu. Azərbaycan layihə sayəsində enerji sahəsində bu günə qədər nümayiş etdirdiyi uğurlu iş birliyinin sübutunu ortaya qoydu".

O, qeyd edib ki, layihə həm Azərbaycan, Türkiyə, həm də Avropa üçün çox böyük əhəmiyyət daşıyır: "Bununla da Azərbaycan və Türkiyənin strateji mövqeyi çox gücləndi. TANAP-ın Avropa Birliyi ilə əlaqələrin gücləndirilməsi, siyasi mövqeyinin daha da möhkəmləndirilməsi üçün Azərbaycana çox böyük faydalar verəcəyini düşünürəm. Təbii ki, bizim bu layihəni təkbaşına bitirməyimiz bu gün üçün yetərli deyil və bunun üçün Trans Adriatik boru xəttinin tamamlanması lazımdır. Belə olduqda həqiqi mənada qaz axışı başlayacaq. Hazırda test olaraq qaz verilməsini uğurla icra etdiyimizi deyə bilərik".

Saltuk Düzyol qeyd edib ki, TANAP-ın reallaşacağına inanmayanlar və bunu xəyal kimi görənlər də olub. Bütün bunlara baxmayaraq hər iki qardaş ölkə bir daha sübut etdi ki, birlikdə çox böyük layihələrə imza ata bilər: "Belə meqa layihələr tamamlanmadan yarımcıq qalır. Tarixdə buna nümunələr çoxdur. Düşünürəm ki, bu layihələrin reallaşmasının özəyində Azərbaycan və Türkiyə prezidentlərinin iradəsi və qərarlığı dayanır. Onların sayəsində Azərbaycanda və Türkiyədə layihəyə çox böyük dəstək verildi. Xüsusilə Türkiyənin dörd bir yanında yol xəritələri olan TANAP-a türk xalqı da dəstək verdi. Bu dəstəyi həmçinin Azərbaycanın hər bir fərdindən gördük. Bir sözlə, Türkiyə və Azərbaycan tarix yazdı".

AzNews.az